Sumqayıt hadisələri: erməni təxribatının məkrli səhifələri

Respublikanın Əməkdar jurnalisti Eyruz Məmmədov 29 ildir ki, 1988-ci ilin fevral ayının 27-29-da Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğul olur. O, “28-dən 29-na keçən gecə”, “Erməni təxribatı”, “Sumqayıtda ermənilərin qanlı aksiyası”, “İyirmi ildən sonra”, “Sumqayıt hadisələrinin sirləri”, “Sumqayıt, 1988. Cinayət və cəza” (Sumqayıt Dövlət Universitetinin prorektoru, professor Ramazan Məmmədovla birlikdə) kitablarının, “Sumqayıtın əks-sədası” tammetrajlı, “Sumqayıtın əks-sədası-2” (5 seriyalı), “Sumqayıt”, “Sumqayıtın bir axşamı” sənədli filmlərin ssenari müəllifidir.
     Əsərləri türk, rus, alman, ingilis, ispan dillərinə tərcümə olunmuşdur. 1988-ci ilin fevral ayında Sumqayıtda baş verən hadisələrlə bağlı Eyruz Məmmədovun məqaləsini oxuculara təqdim edirik.

 

Hadisələrə müdaxilə etmək hərbçilərin marağında deyildi

 

Sumqayıt Azərbaycanın iri sənaye və mədəni şəhərlərindən biri sayılır. Onun iqtisadi potensialı ildən-ilə artmaqdadır. Əməksevər və zəhmətkeş insanların qabarlı əlləri ilə Xəzərin sahilində salınan bu gözəl və yaraşıqlı şəhərin zəngin tarixi, mədəni irsi, özünəməxsus adət-ənənələri vardır. Sumqayıt 68 il ərzində çətin, lakin şərəfli bir yol keçmişdir. Bu şəhər müxtəlif millətlərin birgə səyi nəticəsində yaradılmışdır. Burada belə bir suallar yaranır: Yaxşı, vaxtı ilə dostluq şəhəri adlanan, özündə 82 millətin və etnik qrupun nümayəndələrini birləşdirən, daşı daş üstə qoyub böyük və nəhəng bir şəhər salan, beynəlmiləl bir ailədə yaşayan insanlar 1988-ci ilin fevral ayının 28-dən 29-na kecən gecə bir qrup ekstremistin əli ilə Sumqayıtda qanlı aksiyanın törədilməsinə necə nail ola bildilər? Xalqlar dostluğuna xəyanət edən kim oldu? “Dağlıq Qarabağ” problemini ortaya kim atdı? İki milləti qarşı-qarşıya kim qoydu? Hadisələrə təkan verən, təlimatlandıran, maddi vəsait ayıran hansı qüvvələr idi?

Bu suallar ətrafında xarici dövlətlərdə müxtəlif fikirlər dolaşmaqdadır. Ermənipərəst kütləvi informasiya vasitələri öz uydurma cızmaqaraları ilə indi də oxucuları çaşdırır, Sumqayıtda ermənilərə qarşı “genosid”in olmasını sübut etmək istəyirlər. Zaman keçdikcə sular durulur, kimin haqlı, kimin haqsız olduğu sübut olunur. Ermənilər həmişə özünü “əzilən”, “döyülən”, “yalqız” xalq kimi göstərərək, kiminsə qucağında sığınacaq tapır və bununla da çirkin və iyrənc siyasətlərini həyata keçirməyə səy göstərirlər. Dünya ictimaiyyətini bir dəfə aldatmaq olar. İkinci dəfə ermənilərin böhtan xarakterli çıxışlarına, müraciətlərinə, bəyanatlarına şübhə ilə yanaşmağa başlayırlar. Üçüncü dəfə söylənilən yalan isə artıq heç kimi inandıra bilmir.

1988-ci ilin fevral hadisələrindən 29 il vaxt keçib. Erməni millətçilərinin Sumqayıt “genosid”i haqqında yaratdıqları mif artıq dağılıb. Xarici ölkələrdə, beynəlxalq qurumlarda, diplomatik korpuslarda, elmi mərkəzlərdə Sumqayıtla bağlı dolğun və hüquqi cəhətdən əsaslandırılmış dəlil-sübutlar ermənilərin məkrli siyasətini ifşa edir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci ildə 1988-ci ildə Sumqayıtda baş verən hadisələrlə bağlı sərəncam imzalamış və hadisələrin yenidən istintaqını aparmaq üçün hüquq-mühafizə orqanlarına tapşırıq vermişdir. Etiraf etmək lazımdır ki, Milli Təhlükəsizlik Nazirliyi, Respublika Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi bu işdə gərgin əmək sərf etmiş, indiyə kimi ictimaiyyətə məlum olmayan faktları aşkarlamışlar. Materiallarla dərindən tanış olanda sifarişçilərin, təşkilatçıların və icraçıların kimliyi müəyyənləşmişdir.

Sumqayıt hadisələrindən danışarkən Dağlıq Qarabağ probleminə toxunmaq vacibdir. “Böyük Ermənistan” xülyasında olan ermənilər 1985-ci ildə Sov. İKP Mərkəzi Komitəsinin Baş katibi seçilən M.Qorbaçovun ətrafında sıx birləşdilər. G.Şahnazarov siyasi, A.Ağanbekyan iqtisadi, S.Sitaryan planlaşdırma məsələləri üzrə köməkçiləri oldu. Elan olunan “yenidənqurma” siyasətindən tarixi bir şans kimi istifadə etmək niyyətinə düşdülər.

Dağlıq Qarabağla bağlı ilk rüşeym 1986-cı ilin yazında Afina şəhərində “Türk ekspessionizmi” adı altında keçirilən konfransda səsləndi. Həmin konfransda A.Ağanbekyan iştirak edirdi. Dağlıq Qarabağ probleminin həmin vaxt gündəmə gətirilməsi qeyri-mümkün sayıldı. Belə ki,  Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini,  Sov. İKP MK Siyasi Bürosunun üzvü idi. O, buna qətiyyən  yol verməzdi. Heydər Əliyevi tutduğu vəzifələrdən uzaqlaşdırmayana qədər Dağlıq Qarabağ məsələsi yüksək səviyyədə qaldırıla bilməzdi.

HAŞİYƏ: 1988-ci ildə Sumqayıt şəhər daxili işlər şöbəsinin partiya komitəsinin katibi işləmiş H.Xancanovun Azərbaycan Respublikası Baş Prokurorluğuna verdiyi izahatdan: “Daxili işlər şöbəsinin o vaxtkı rəisi vəzifəsini icra edən X.Cəfərov vəziyyətə nəzarət etmək üçün şəhərə göndərilmiş və Tağıyev qəsəbəsində yerləşdirilmiş hərbi qoşunların Sumqayıta yeridilməsinə göstəriş verməsini general Krayevdən xahiş etdi. O isə cavabında “Beş-on xuliqanın da öhdəsindən gələ bilmirsiniz?” – deyə acıqlandı və bizə kömək etməkdən imtina etdi....

Məni SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin polkovniki Zubtsev familiyalı bir müstəntiq sorğu-suala tuturdu. Ona cinayətlərin törədilməsində erməni ekstremistlərinin əli olduğunu deyirdim və misallar gətirirdim... Onunla hadisələrin ən çox cərəyan etdiyi 3-cü mikrorayona gəldik. Zərər çəkmiş binaları göstərdim və bildirdim ki, əgər azərbaycanlıların erməniləri qırmaq, öldürmək niyyətləri var idisə, niyə onlar aşağı mərtəbədə yaşayan ermənilərin mənzillərinə yox, yuxarı mərtəbələrdə yaşayanların evlərinə girib, soyğunçuluq edib, insanları qətlə yetiriblər? Bütün bunlar planlı şəkildə həyata keçirilmişdi. Zərər çəkənlər Qarabağda fəaliyyət göstərən “Krunk” Cəmiyyətinə maddi yardımdan imtina edənlər idi. Zubtsev hadisələri araşdıracağını və rəhbərliyə məlumat verəcəyini dedi. Biz geri qayıtdıq. Yolda mənə dedi: “Sizə inanıram və dedikləriniz də bunu sübut edir. Bəs siz kimə arxayınsınız? Heydər Əliyevə? Artıq o, yoxdur!”

1987-ci ilin oktyabr ayında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev tutduğu vəzifələrdən istefa verdi. Bir aydan sonra akademik A.Ağanbekyan Parisə uçdu və orada erməni elitası qarşısında çıxış edərək Dağlıq Qarabağın Azərbaycanın tərkibindən alınıb Ermənistana qatılması fikrini irəli sürdü. Bu haqda “Humanite” qəzetində də geniş məqalə dərc olundu. Maraqlı fakt ondan ibarətdir ki, Ağanbekyanın Fransaya səfəri bir daha onu sübut edir ki, erməni alimləri, siyasətçiləri müstəqil addım atmaqdan həmişə çəkiniblər.

M.Qorbaçovun elan etdiyi “yenidənqurma” siyasətinin baş memarı sayılan, Sov.İKP Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü Aleksandr Yakovlev “Sumqayıtın əks-sədası” sənədli filminin müəlliflərinə verdiyi müsahibədə demişdir ki, “Ağanbekyan öz təşəbbüsü ilə Parisə getməmişdir. O, Qorbaçovun yanında olmuş, məsləhətlər almışdır”. Göründüyü kimi,  Qorbaçovun dəstəyi ilə artıq Dağlıq Qarabağ problemi gündəmə gətirildi.

Xankəndidə mitinqlər keçirilməyə başlandı. Vəziyyət getdikcə gərginləşdi. Stepanakertdə ekstremist qüvvələr əhalini radikal addımlar atmağa səsləyir, “Azərbaycanlılara ölüm!”, “Müsəlmanları qırmalı!”, “Türklərə ölüm!”– deyə qışqırırdılar. Onları sakitləşdirən qüvvələr isə yox idi.

 

Böhtançılar və onların havadarlarının ifşası

 

Bir sıra erməni yazıçıları, şairləri, politoloqları, tarixçiləri yalan və iftira yazıları ilə Azərbaycan xalqına böhtan atmağa başladılar. Ulubabyan, Aramyan, Ambartsumyan, habelə Xanzadyan, Balayan, Kaputikyan, Əlixanyan-Bonner,  Huykin, Staravoytova, Çernuçenko, Afanasyev Moskvada nəşr olunan kütləvi informasiya vasitələrində çıxış edərək, Azərbaycana və onun sülhpərvər xalqına qarşı hədyanlar yağdırırdılar. Onlara belə geniş şərait yaradan Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi, Siyasi Büronun üzvü A.Yakovlev idi. Ölkədə kütləvi informasiya vasitələri onun əlində cəmləşmişdi. Qorbaçov bu səlahiyyətləri ona həvalə edəndə Yakovlev ölkədə ən nüfuzlu qəzet və jurnalların redaktorlarını dəyişdi, daha millətçi və radikal kadrlar mediaya rəhbərlik etməyə başladılar. Dövlət arxivlərinin açılması və orada olan məxfi materiallardan istifadə olunması onlara tapşırıldı. “Moskovskiye novosti” qəzeti, “Oqonyok”, “Rodina”, “Sovremennik” jurnalları öz antiazərbaycan mövqeyindən çıxış etməyə başladılar.

SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sabiq sədri V.Kruçkov 1993-cü ildə “Sovetskaya Rossiya” qəzetində “Posol bedı” məqaləsində yazırdı: “Aleksandr Yakovlev uzun müddət Kanadada SSRİ-nin səfiri işləmişdir. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi onu ələ almış və SSRİ-nin dağılması istiqamətində ondan istifadə etmişdir. Moskvaya rəhbərliyə gətiriləndən sonra A.Yakovlev etnik qrupların arasında konfliktlərin qızışdırılmasında mətbuatdan geniş istifadə edirdi. Onu da demək lazımdır ki, Dağlıq Qarabağla bağlı bütün məsələlərdə o, Ermənistanın tərəfini saxlayırdı”.

1993-cü illərin əvvəllərində SSRİ  baş prokurorunun müavini, Rusiya Federasiyası Dövlət Dumasının sabiq deputatı V.İlyuxin “Pravda” qəzetində yazırdı: “Mən adlarını çəkdiyim insanların arasında Aleksandr Yakovlevin adını çəkmədim. Bunu da qəsdən etmədim. Bu insan uzun müddət Amerikanın kəşfiyyat orqanlarına işləmişdir və onun əlaqələri çox böyük idi. Bəzi diplomatların sözlərinə görə, Amerikanın və İngiltərənin dövlət strukturları Yakovlevi SSRİ-nin dağılmasında Qorbaçov siyasətinin qarantı sayırdılar”.

Bunu erməni siyasətçiləri özləri də etiraf edirdilər. K.Myalo “Россия и последние войны ХХ века” kitabında “Qolos Armenii” qəzetinə istinad edərək yazırdı: “Yaddan çıxartmaq lazım deyil ki, məhz Mərkəzi Komitənin katibi, Siyasi Büronun üzvü Aleksandr Yakovlevin və ətrafında olan məsləkdaşlarının Dağlıq Qarabağın bizim xeyrimizə stimullaşdırılmasında böyük əməkləri olmuşdur”.

Ölkədə Dağlıq Qarabağla bağlı təbliğat gündən-günə artırdı. İki millət arasında gərginlik artmağa başladı. Əsgəranda iki azərbaycanlı gənc qətlə yetirildi. Azərbaycan xalqı ayağa qalxdı, torpaqların toxunulmazlığını elan etdi, ermənilərə, onları dəstəkləyən qüvvələrə rədd cavabı verdi.

Ermənistan Respublikasının rəhbərliyi, millətçi qüvvələr, daşnak partiyasının fəalları, kəşfiyyat orqanları Azərbaycan-Ermənistan münasibətlərini gərginləşdirməklə separatizmə geniş meydan ayırdılar. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları və xaricdə yaşayan erməni lobbisi Dağlıq Qarabağ probleminin düyünə düşdüyünü görüb Sumqayıtda qanlı aksiya törətdilər. Qətllər, qarətlər başlandı. Evlər yandırıldı, zorakılıq halları baş alıb getdi.

1988-ci il mart ayının 1-də Sumqayıtda komendant saatı elan olundu. İğtişaşların qarşısı alındıqdan sonra SSRİ baş prokurorunun müavini A.Katusevin qərarına əsasən, SSRİ Baş Prokurorluğu tərəfindən cinayət hadisələri icraata götürüldü. SSRİ baş prokuroru yanında mühüm işlər üzrə müstəntiq V.Qalkinin rəhbərliyi ilə 231 nəfərdən ibarət istintaq-əməliyyat qrupu yaradıldı. Bu işi aparan istintaq qrupu Sovet İttifaqının  müxtəlif bölgələrindən ezam olunmuş hüquqşünaslardan, kriminalistlərdən, psixoloqlardan, səhiyyə işçilərindən ibarət idi. İstintaq-əməliyyat qrupunun tərkibinə Azərbaycanın hüquq- mühafizə orqanlarından cəmi 43 nəfər cəlb edilmişdi.

İstintaqın gedişində müəyyən edilmişdir ki, 1988-ci ilin fevral ayının 27-29-da Azərbaycan Respublikasının Sumqayıt şəhərində “xuliqanlıq” edən şəxslər tərəfindən kütləvi iğtişaşlar törədilmişdir. Bu iğtişaşlar nəticəsində 32 nəfər adam həlak olmuş, 400 nəfərdən çox insan müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 1050 nəfər şübhəli şəxs qismində tutulmuş, onlardan bir hissəsi inzibati, bir hissəsi isə cinayət məsuliyyətinə cəlb edilmişdir. 97 nəfər barəsində 55 cinayət işinə baxılması üçün məhkəmələrə göndərilmişdir. Hadisələrlə bağlı saxlanılananlar arasında müxtəlif millətlərdən olan adamlar–azərbaycanlılar, ermənilər, ruslar, yəhudilər, ukraynalılar və başqaları vardı. Sumqayıtda “xuliqanlıq” edənlərin arasında erməni millətçiləri tərəfindən satın alınmış ekstremist qruplar, cinayətkarlar, terrorçular, təxribatçılar, narkomanlar var idi.

İstintaq materiallarında göstərilir ki, 444 adam məhkəmə qarşısında cavab vermiş, onlardan 400 nəfəri 10-15 sutka təcridxanalarda saxlanılmışdır. Bir neçəsi uzunmüddətli həbs cəzasına, Əhməd Əhmədov isə ölüm hökmü cəzasına məhkum olunmuşdur. Əhmədovun məsələsinə Moskvada baxılmış və onu hadisələrdə “təşkilatçı” kimi qələmə vermişlər. Bu haqda bir az ətraflı dayanmaq istərdim. 1988-ci ili mart ayının 12-də SSRİ Baş Prokurorluğunun bir qrup nümayəndəsi Əhmədovgilin evinə basqın etmiş, onu vanna otağından yarıçılpaq vəziyyətdə sürükləyib həyətdəki maşına mindirmişlər.

 

Məhkəmə sədrinə təzyiq edən kimlər idi?

 

1988-ci ilin oktyabr ayının 18-də SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun və İsmayılovun məhkəmə prosesinə başladı. Məhkəmə prosesi başlayan gün “Ostankino” (indiki ORT – müəllif) telekanalının “Vremya” xəbərlər proqramında bütün dünyaya xəbər verildi ki, Sumqayıtda baş verən hadisələrdə “başkəsən” üç nəfərin məhkəmə işinə başlanılır. Ertəsi gün Moskvada nəşr olunan kütləvi informasiya vasitələri də bu barədə ictimaiyyətə məlumat çatdırdılar. Məhkəmə prosesində SSRİ Ali Məhkəməsinin üzvü R.Brize sədrlik edirdi. İttihamnamələri vərəqlədikcə, şahidlər dindirildikcə məlum olurdu ki, müttəhimlərin hər üçü istintaq orqanlarının təqsirləndirdikləri dərəcədə günahkar deyillər. Onlar, sadəcə olaraq, həmin hadisələrdə və talanlarda iştirak ediblər, ağır cinayət hadisəsi törətməyiblər. Materiallar istintaqa qaytarıldıqdan sonra bu SSRİ rəhbərliyini və məhkəmə prosesində maraqlı olan qüvvələri razı salmadı. Məhkəməyə təzyiqlər gücləndi. Həmin dövrdə SSRİ Ali Məhkəməsinin sədri V.Terebilovun “Novoye vremya” jurnalında müsahibəsi çap olundu. Terebilov məhkəmə proseslərinə yuxarıdan, xüsusilə Sov. İKP MK aparatından təzyiqlər olduğundan şikayətlənirdi. Və tələb edirdi ki, məhkəmə müstəqil olmalıdır. Terebilov daha sonra qeyd edirdi ki, hazırda SSRİ Ali Məhkəməsi Əhmədovun, Cəfərovun, İsmayılovun məhkəmə prosesinə baxır. Məhz yuxarıların təzyiqi nəticəsində məhkəmə heyəti obyektivliyini, humanizmini bir tərəfə qoyub, Əhmədovun timsalında, nəyin bahasına olursa-olsun, “təşkilatçı” obrazı yaratmaq niyyətinə düşdü.

“Moskovskiye novosti” qəzeti 1988-ci il noyabr ayının 20-də yazırdı “Vəkillər belə hesab edirlər ki, işin istintaqı tam aparılmayıb. Cinayətlərin təşkilatçıları üzə çıxarılmayıb, baş verməsinin səbəbləri aşkar edilməyib”. Buna baxmayaraq 1988-ci il noyabr ayının 18-də SSRİ Ali Məhkəməsinin kollegiyası belə bir qərar çıxardı: “Cəfərovun və İsmayılovun cinayət materialları yenidən yoxlanılmaq üçün istintaqa qaytarılsın, Əhmədov isə ən ağır cəzaya layiq görülsün”.

Əhmədovla bağlı fikrimi bildirmək istəyirəm. Yetkinləşməmiş bir gənci böyük sənaye şəhəri olan Sumqayıtda iğtişaşların təşkilatçısı kimi qələmə vermək nə qədər ədalətli idi? Axı, tarixdən məlumdur ki, hər hansı bir iğtişaşı yaratmaq üçün əvvəlcədən böyük bir təşkilat yaradılır və ora professionallar toplanılır. Bu işə günlərlə, həftələrlə, aylarla vaxt sərf olunur, maddi və ideoloji imkanlar hazırlanır. Belə olan halda texniki peşə məktəbini yenicə bitirmiş bir gənc Sumqayıtda baş verən hadisələrin “təşkilatçısı” necə ola bilərdi. Bunu Terebilovdan Mərkəzi Komitə tələb edirdi və istədiklərinə də nail oldular. Onu da qeyd etmək istəyirəm ki, Sumqayıt hadisələrinin əsl təşkilatçılarının və icraçılarının adlarını və kimliyini aşağıda qeyd edəcəyəm. İndi isə Sumqayıtda baş verən hadisələrlə bağlı bir sıra politoloqların, siyasətçilərin, tarixçilərin fikirlərini bilmək pis olmazdı.

“Azerbaydjanskaya revolyusiya” (“Azərbaycan inqilabı”) kitabının müəllifləri D.Furman və A.Abasov Sumqayıtda törədilmiş 1988-ci il fevral hadisələrinin çox mürəkkəb səbəbləri olduğunu xüsusilə qeyd edərək yazırlar: “Sumqayıt çağdaş Azərbaycan tarixində dəhşətli hadisələr silsiləsinin ilki olmuşdur ki, ondan da baş çıxartmaq əslində mümkün deyil. Çünki qeyri-formal mafioz əlaqələrin və korrupsiyanın kök saldığı cəmiyyətdə siyasət əksər hallarda real olaraq gizli qüvvələr, gizli sazişlər və təxribatlar yolu ilə həyata keçirilir və daha çox gizli qüvvələr, gizli sazişlər və fitnələr yolu ilə də şərh olunur”.

Tanınmış yazıçı Eduard Topol “Azadlıq” radiosuna müsahibəsində deyirdi: “Bu təxribatdır. Buna əminəm. Öz jurnalistik tərcümeyi-halıma Sumqayıtdan başlamışam. Ölkənin hər yerindən buraya hər cür insanlar axışıb gəlmişlər. Mən qəzetdə işləyirdim. Bu gün erməni haqqında yazırdım, sabah azərbaycanlı haqqında... Eşidəndə ki, hər şey Sumqayıtdan başlandı, talanlar, qırğınlar – dəhşət, qarabasma məni götürdü. Mən Sumqayıtda işləyəndə dağ turizmi və alpinizmlə məşğul olurdum. Yadımdadır, sovet hakimiyyətinin 50 illiyi idi, ya hansısa başqa bir bayram idi, biz piyada Dağlıq Qarabağa yola düşdük. Bütün Qarabağı gəzdik. Hər dəfə meşəni keçib kəndə yaxınlaşanda, sakinlər görürdülər ki, bir dəstə adam gəlir... Kəndə çatar-çatmaz, kənd qadınları – fərqi yox idi, bu azərbaycanlıların kəndi idi, yaxud ermənilərin – bizi əllərində çaxır dolu bardaqlarda və çörəklə qarşılayır, bizə həm Azərbaycan dilində, həm də ermənicə xoş gəldin deyirdilər. Heç bir düşmənçilik yox idi. Mən bunu təsdiq edirəm”.

“Naş sovremennik” jurnalının müxbiri Kseniya Myalo Sumqayıtda baş verən hadisələrlə bağlı yazırdı: “Durğunluq” adlanan dövrün xarakterik göstəricisi olan ağırçəkili sakitlikdən, sükunətdən bir göz qırpımında kəskin dinamikaya, çevik hərəkətlərə keçmək üçün çox güclü təsirə malik olan vasitələr tətbiq etmək lazım gəlirdi və belə vasitələr tapıldı. Bu, ilk növbədə, bandit aksiyalarının keçirilməsi üçün şüurlu surətdə cinayətkarların, ələlxüsus, ən qatı canilərin geniş şəkildə cəlb olunmasıdır. Onların əsas vəzifəsi ilk qanı tökməkdir, həm də elə üsullarla ki, insanları, əhalinin əksər hissəsini vahimədən donub qalmağa məcbur etsinlər. Belə də oldu. Sumqayıtda, Fərqanədə, Oşda...”.

Svante Kornell (ABŞ) Con Xopkins adına Orta Asiya və Qafqaz Universitetinin baş direktoru: “Qoşunlar konfliktə qarışmırdılar. Onlar hadisələrə kənardan laqeydcəsinə baxırdılar. Yeri gəldikdə isə iki etnik qrupu qızışdırır və ədavət salırdılar”.

Aleksey Zverev, rus politoloqu: “SSRİ Dövlət Təhlükəsizlik Komitəsi Sumqayıtda hadisələr zamanı iğtişaşların baş verəcəyindən və qətllərin törədiləcəyindən xəbərdar idi”.

1988-ci ilin fevral hadisələrindən sonra ermənilərin bir çoxu iki milləti qarşı-qarşıya qoymaqda ilk növbədə millətçi qüvvələri, şovinistləri, hakimiyyətə can atanları qınamağa başladılar. Həmin günlərdə Sumqayıtda baş vermiş hadisələrə obyektiv qiymət verən ermənilər az deyildi. Onlar öz münasibətlərini “Kommunist Sumqaita” qəzetinə göndərdikləri məktublarda bildirirdilər. Aşuq Atayanın məktubunu ixtisarla oxucuların diqqətinə çatdırmaq istəyirəm:

“Bizi beynəlmiləl ruhda tərbiyə etmişdilər. Sonralar məlum oldu ki, SSRİ-də beynəlmiləl tərbiyə formal xarakter daşıyır. Bütün ideyalar, şüarlar çürümüş özüllər üzərində qurulmuşdu. Əslində, beynəlmiləl tərbiyə ardıcıl, dostluğa, qardaşlığa söykənən və heç bir vaxt xəyanətə xidmət etməyən ideyalar üzərində qurulmalı idi. Lakin bunlara əməl olunurdumu? Əlbəttə ki, yox! Azərbaycan-Ermənistan münasibətlərində hər şey əksinə oldu. Elə qüvvələr vardı ki, milli zəmində ədavət salır, qonşuluqda yaşayan millətləri biri-birinə qarşı qızışdırır, gərginliyi artırırlar. Belə insanlar heç bir vaxt vətənlərini sevə bilməzlər. İnanmaq olmur ki, 15 il Dağlıq Qarabağ Muxtar Vilayətinin Partiya Komitəsinin birinci katibi vəzifəsində işləmiş Gevorkov milli məsələ ilə məşğul olmasın. Əgər olsa idi, Qarabağda mitinqlər keçirilməzdi.

Sumqayıtda hadisələr baş verdi. Çox qəribədir, həmin an bütün dünya bu hadisələrdən danışmağa başladı. Bu, qabaqcadan planlaşdırılmış bir təxribat idi. Məhkəmə prosesi gedir. Cinayətkarlar cəzalarına çatıblar. Soruşmaq lazımdır: “Görəsən, niyə məhz icraçılar həbs olunub? Niyə sifarişçilər və təşkilatçılar azadlıqda gəzir?”

Mənim 70 yaşım var. Bakıda anadan olmuşam. Müharibə iştirakçısıyam. Sumqayıtda 1 saylı tikinti trestinin 9 nömrəli təmir-tikinti idarəsində çalışmışam. Heç bir vaxt sıxıntı keçirməmişəm, hüquqlarıma toxunan olmayıb”.

 

DTK və Ermənistanın xüsusi xidmət orqanları  əməliyyatı “nalyotçik” kodu altında keçirdilər

 

Sumqayıtda təxribat törədənlər SSRİ Dövlət Təhlükəsizlik Komitəsi, Ermənistanın xüsusi xidmət orqanları və Daşnaksütyun partiyasının ekstremist qrupları idi. Hadisələrin törədilməsində Eduard Qriqoryanı təşkilatçı kimi qələmə vermək düzgün deyil. Bu haqda bəzi kütləvi informasiya vasitələrində geniş məlumatlar verilirdi. Bunun da səbəbi vardı. Qriqoryanı təşkilatçı kimi qələmə verənlər, əslində, əsas təşkilatçıların kim olduğunu pərdələyirlər. Hüquq-mühafizə orqanlarının materialları, şahid ifadələri və apardığım jurnalist araşdırmaları onu göstəririr ki, E.Qriqoryan Sumqayıtda baş verən hadisələrdə icraçı olmuşdur. Qriqoryana Stepanakertdə yaşayan və fəaliyyət göstərən separatçı qüvvələr, “Krunk” Cəmiyyətinin fəalları yaxından kömək göstərmişlər. Hər hansı bir iğtişaşı yaratmaq bir-iki günün işi deyildir. Bu, əvvəlcədən düşünülmüş və hazırlanmış bir ssenari idi. Ermənistanın kəşfiyyat orqanları SSRİ-nin “KQB”si ilə birlikdə Sumqayıt hadisələrinə xüsusi kod adı altında əməliyyat aparmağı planlaşdırmışdılar. Əməliyyat “NALYOTÇİK” (“Basqınçı”) adı altında keçirilməli idi. Onu da qeyd etmək lazımdır ki, 1988-ci il fevral ayının ortalarında Sumqayıta SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin 30 nəfər əməkdaşı gəlmişdi. Yerli təhlükəsizlik orqanlarının verdiyi məlumata görə, Sumqayıtda iğtişaşlar gözlənilir və ekstremist qruplar şəhərə daxil olmaqdadır. Bu haqda Moskvadan gələn nümayəndələrə məlumat veriləndə onlar heç bir tədbir görmədilər, hadisələrə müdaxilə etməyi yerli təhlükəsizlik orqanlarının işçilərinə qadağan etdilər. Aydın olurdu ki, Sumqayıtda kütləvi aksiyalar keçiriləcək və onları Moskvadan gələn “KQB” əməkdaşları təşkil edəcəklər.

İstintaqa təqdim edilmiş arxiv materiallarından belə sənədlərə rast gəlmək mümkündür. Əməliyyat işinin saralmış səhifələrində rus dilində tərtib olunmuş siyahıdan aydın olur ki, Sumqayıtda iğtişaş törədənlərə və yetkinləşməmiş gənclərə 40 nəfərə yaxın erməni ekstremist rəhbərlik etmişdir.

“NALYOTÇİK” adlı əməliyyat işinin materiallarında daha bir diqqətəlayiq sənəd vardır. Bakı erməni kilsəsinin başçısı ilə Erməni Qriqoryan kilsəsinin katalikosu Vazgenin söhbəti olmuşdur. Materiallardan aydın olur ki, Eçmiədzin kilsəsinin rəhbəri Bakı ermənilərinin ümummilli ideyaya münasibətlərini “qeyri-kafi” qiymətləndirmiş, onları passivlikdə günahlandırmışdır. Qeyd olunmuşdur ki, əgər lazım gələrsə, onların erməni ümummilli ideyası uğrunda qurban verilməsini zəruri hesab edəcəklər.

E.Qriqoryan Sumqayıtda törədilən cinayət hadisələrində şəhərə ezam olunmuş erməni ekstremist qrupunun tərkibində fəaliyyət göstərirdi. Həmin qrupun bir neçə üzvü ilə oxucuları tanış etmək istərdim.

1. Levon Saturyan, Dağlıq Qarabağ Muxtar Vilayəti Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı. Antiazərbaycan təbliğatı ilə məşğul idi.

2. Albert Qriqoryan. Gənclərə narkotik paylayırdı

3. Eduard Mosesov, “Kommunist” qəzetinin (Yerevan) müxbiri. Hadisələrin video çəkilişləri ilə məşğul olurdu.

4. Georgi Ağacanyan. “Kommunist” qəzetinin (Yerevan) müxbiri. Hadisələrin foto çəkilişləri ilə məşğil idi.

5. Suren Sərkisyan. Qarətlə məşğul olurdu. Gəncləri iğtişaşlara səsləyirdi…

Bu siyahını artırmaq da olar. Lakin bununla kifayətlənirik. Bir fakta isə toxunmaq vacibdir. Sumqayıtda baş verən hadisələrdə Qriqoryana ekstremist qrupu ilə yanaşı, Ermənistanın xidmət orqanlarının əməkdaşlarından Sərkisyan və Osipyan yaxından kömək etmişlər. Onlar SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin göstərişlərini Sumqayıtda yerinə yetirilməsində fəallıq göstərirdilər. Şəhərdə baş verən hadisələrdən sonra adlarını çəkdiyimiz ekstremist qrupun bir neçə üzvü Özbəkistana, Qırğızıstana qaçmış və orada etnik qruplar arasında iğtişaşlar yaratmışlar. Bu haqda bir az sonra.

Hüquq-mühafizə orqanlarının materiallarından aydın olur ki, E.Qriqoryan 1988-ci ilin əvvəllərində Stepanakertdə, Ermənistan Respublikasının hazırkı prezidenti Serj Sərkisyanla, “Krunk” Cəmiyyətinin fəallarından tikinti materialları kombinatının direktoru Manuçarovla, avtobazanın direktoru Dədəmyanla görüşü olmuşdur. Görəsən, qatı millətçi, əli azərbaycanlı qanına bulaşmış S.Sərkisyanın tüfeyli həyat sürən E.Qriqoryanla Stepanakertdə nə işi ola bilərdi? Məsələ aydındır. Şərhə ehtiyac yoxdur. Onu da qeyd etmək lazımdır ki. Sumqayıtda baş verən hadisələrdə SSRİ-də cinayət törədərək Ümumittifaq axtarışında olan Petrosyan və Poqosyan Sumqayıta necə gəlmiş və hadisələr başa çatdıqdan sonra necə yox olmuşlar? Belə bir sual doğur: Necə ola bilər ki, Sumqayıt hadisələrində 40 nəfər ekstremist qrupu fəaliyyət göstərir, lakin heç biri hüquq-mühafizə orqanları tərəfindən saxlanılmır və barələrində cinayət işi açılmır? Belə düşünənlər səhv edirlər. Hadisələrdən sonra ekstremist qrupun bir neçə üzvü həbs edilmişdir. İstintaqı azərbaycanlı müstəntiqlər aparırdı. Həmin vaxt bu barədə SSRİ daxili işlər naziri Vlasova teleqram vurulur. Nazir təcili olaraq Rusiyanın ayrı-ayrı regionlarında çalışan bir neçə erməni millətindən olan müstəntiqləri Sumqayıta ezam edir. Onlar Sumqayıta gələndən sonra cinayətkarlar haqqında istintaq işi Azərbaycan müstəntiqlərindən alınıb Vlasovun göndərdiyi müstəntiqlərə tapşırılır. Bir həftədən sonra həmin cinayətkarlar həbsdən azad olunub, azadlığa buraxılırlar.

H.Hacıəliyev, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şöbəsinin sabiq əməkdaşı: “1988-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Filipp Bobkova deyəndə ki, iğtişaşların qarşısını almaq üçün Sumqayıtda kifayət qədər hərbi qüvvə vardır. Bobkov bizə belə cavab vermişdir ki, bunu mən edə bilmərəm. Moskvadan əmr olmadan hadisələrə müdaxilə etmək olmaz”.

Y.Qolosilkin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin sabiq əməkdaşı: “Sumqayıtda kameraların quraşdırılması haqqında məlumat əldə etdik. Bu haqda SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə məlumat verdik. Əfsuslar olsun ki, bizim məlumatımızı cavabsız qoydular. SSRİ Dövlət Təhlükəsizlik Komitəsi sədrinin birinci müavini Filipp Bobkov Bakıya gəldi və Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində müşavirə keçirdi. Axırda tribunaya qalxıb çıxış etdim. Çıxışımda qeyd etdim ki, Sumqayıt hadisələri əvvəlcədən düşünülmüş şəkildə, xüsusi kəşfiyyat orqanları tərəfindən hazırlanmış bir aksiya idi. Hadisələrin gedişi, xarakteri, hazırlığı bunu sübut edirdi.

Çıxışımdan sonra Bobkov məni yanına çağırdı və sübutların doğru olduğunu təsdiq etməyi məndən tələb etdi. Ona dedim ki, bizdə olan informasiyaları SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə göndərmişik. Ancaq heç bir cavab verilməyib. Görüşdən sonra mənə Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğul olmağı qadağan etdilər”.

A.Məmmədov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Komitəsinin Sumqayıt şəhər şöbəsi sədrinin sabiq müavini: “Sumqayıt hadisələrinin ssenarisi əvvəlcədən tutulmuşdu. SSRİ Dövlət Təhlükəsizlik Komitəsindən polkovnik Poponinin rəhbərliyi altında, 30 nəfərdən ibarət bir heyət Sumqayıta gəldi. Həmin heyət ermənilərlə söhbətlərində onları azərbaycanlılara qarşı qızışdırırdılar. Qoşunların gözləmə mövqeyi də hamının təəccübünə səbəb olmuşdu. Məsələ isə aydın idi. Sumqayıtda təxribat törədilməli idi, bu təxribat da törədildi”.

(ardı var)

 

Eyruz MƏMMƏDOV,
Azərbaycan Respublikasının Əməkdar jurnalisti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında