Ermənistan insanlığa qarşı cinayətlər törətmiş təcavüzkar dövlətdir

26 Fevral Xocalı Soyqırımı Günüdür

 

 

 

 

 

 

 

 

 


Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan  Xocalı soyqırımını törətməkdə erməni  şovinistləri və ideoloqları uzağagedən məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağı və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Lakin mənfur düşmən öz niyyətlərinə çata bilmədi. Doğrudur, faciə bütün Azərbaycan xalqını sarsıtmış, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurmuşdur. Lakin xocalılar hətta amansız soyqırımı günündə  də özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.

Heydər ƏLİYEV
Ümummilli lider



Xocalı faciəsi iki yüz ilə yaxın bir müddətdə erməni şovinist millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq  həyata keçirilən etnik təmizləmə və soyqırımı  siyasətinin davamı və ən qanlı səhifəsidir. Bir sıra dövlətlərin hakim dairələri tərəfindən himayə olunan bu mənfur siyasət çar Rusiyası və sovet hakimiyyəti dövründə ardıcıl davam etdirilmiş, SSRİ-nin süqutundan sonra xalqımızın doğma torpaqlarından qovulması, qaçqın və məcburi köçkünə  çevrilməsi kütləvi qırğınlarla müşayiət olunmuşdur. Təcavüzkar erməni millətçilərinin  və sərsəm “Böyük Ermənistan”  ideoloqlarının etnik təmizləmə  və soyqırımı siyasətinin nəticələrini bütövlükdə iki milyon azərbaycanlı müxtəlif  ­vaxtlarda öz üzərində hiss etmişdir.

Heydər ƏLİYEV
Ümummilli lider



1992-ci il fevralın ­­26-da qədim Azərbaycan şəhəri Xocalı erməni hərbi birləşmələri tərəfindən vəhşicəsinə dağıdıldı, onun müdafiəçilərinə  və sakinlərinə amansız divan tutuldu. Yüzlərlə dinc sakin görünməmiş işgəncələrlə öldürüldü,  uşaqlar, qadınlar, qocalar, bütöv ailələr məhv edildi...  XX əsrin sonunda dünyanın gözü qarşısında baş vermiş belə kütləvi qırğın hadisəsi öz amansızlığına və qəddarlığına görə təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və  insanlığa qarşı törədilmiş cinayət idi.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
 Prezidenti


Son illər regional liderliyini təmin edən Azərbaycan təkcə sosial-iqtisadi sahədə deyil, xarici siyasət sferasında da mühüm uğurlara imza atmışdır. Yeni dünya nizamının gerçəkliklərinə cavab verən daxili və xarici siyasət yeridən, milli maraqlarını qətiyyətlə müdafiə edən, Avropanın enerji təhlükəsizliyində əsas söz sahibinə çevrilən Azərbaycan diplomatik fəaliyyət sferasında artıq müdafiə deyil, hücum taktikasından çıxış edir. Azərbaycan yürütdüyü uğurlu diplomatiya sayəsində bədnam erməni lobbisinin məkr və iftira üzərində qurulmuş qərəzli təbliğat siyasətini darmadağın edir.

Dövlətimizin başçısı cənab İlham Əliyev hələ 2015-ci ildə AMEA-da alimlər qarşısındakı dərin məzmunlu nitqində elm xadimlərini, ümumilikdə cəmiyyətin ayrı-ayrı fəal zümrələrini informasiya savaşında fəal olmağa çağıraraq demişdir: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcudluğu bizə diktə edir ki, bu sahəyə daha da böyük diqqət göstərək. Çünki bu bölgənin tarixi ermənilər tərəfindən daim saxtalaşdırılır, daim təhrif olunur”.

Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayiət olunaraq, azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq,  Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən-dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.

1988-1993-cü illərdə Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatına 22 milyard ABŞ dollarından çox ziyan vurulmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilən Xocalı soyqırımı isə dünya tarixində bənzəri olmayan vəhşiliyin daha bir əyani nümunəsi olmuşdur. Erməni faşizminin mənfur xislətini tamamilə ifşa edən bu kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla, təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlıq əleyhinə törədilmiş qəddar cinayətdir.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının 25 illiyi ilə bağlı imzaladığı 24 yanvar 2017-ci il sərəncamında qeyd olunduğu kimi, "...1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarını pozaraq, Xocalı üzərinə ağır hərbi texnika yeritmiş, yerlə-yeksan etdikləri şəhərin dinc əhalisinə misli görünməmiş qəddarlıqla divan tutmuşlar. Həmin hərbi-siyasi təcavüz zamanı 613 həmvətənimiz, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca həlak olmuş, 487 dinc sakin ağır yaralanmış, 1275 nəfər isə girov götürülmüşdür. Xocalı faciəsini törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulmuş, 50 mindən çox insan yaralanmış və əlil olmuş, torpaqlarımızın 20 faizi işğala məruz qalmışdır".

Sərəncamda, həmçinin vurğulanır ki, BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Avropa Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, eləcə də digər beynəlxalq qurumların qərarlarına baxmayaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normalarına uyğun, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini bu günədək tapmamışdır.

Tarixi mənbələrdə qeyd olunduğu kimi, Xocalı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin inzibati sərhədləri daxilində, Ağdam-Şuşa-Xankəndi - Əskəran yolunun üzərində və regionun yeganə hava limanının yaxınlığında yerləşən Azərbaycan şəhəri idi. Onun əhalisi yeddi mindən çox idi. Regionun yeganə mülki hava limanı burada yerləşdiyindən şəhərin nəqliyyat-kommunikasiya baxımdan xüsusi əhəmiyyəti var idi. Məhz buna görə Dağlıq Qarabağ münaqişəsi başlamazdan öncə şəhər qaçqınların pənah apardığı yerə çevrilmişdi. Orta Asiyada baş verən etnik çaxnaşmalardan qaçan Ahıska türkləri və Ermənistandan deportasiya olunan azərbaycanlı qaçqınlar Xocalıda məskunlaşmışdı.

Xocalı həm də Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirən yaşayış məskəni idi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı ­zorakılıq aktıdır.

Xocalının işğalına dair istintaq materialları göstərir ki, hücumda mayor Seyran Muşeqoviç Oqanyanın komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, Valeri Çitçyanın qərargah rəisi olduğu 1-ci batalyonun döyüşçüləri və alayda xidmət edən 50-dən artıq erməni zabit və gizir iştirak etmişdir. Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb canını qurtarmaq istəyərkən, əvvəlcədən düzəldilmiş pusqularda çalınçarpaz atəşlə qətlə yetirilmişdir. Rusiyanın “Memorial” hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, meyitlərin bir çoxunun təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş, 10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktlarını da qeydə almışdır.

BMT-nin “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” 9 dekabr 1948-ci il tarixli Konvensiyasında isə soyqırımı cinayətinin mahiyyəti tam olaraq əksini tapmışdır. 12 yanvar 1951-ci ildə qüvvəyə minmiş bu konvensiyada ilk dəfə olaraq beynəlxalq hüquqda insan qruplarının milli, etnik, irqi, dini fərqlərinə görə kütləvi məhv edilməsinə yönələn cinayətlər soyqırımı adlandırılmışdur. Eyni zamanda, bu konvensiyaya qoşulan dövlətlərin üzərinə bu cinayətin qarşısının alınması və bu cinayəti törədənlərin cəzalandırılması vəzifəsi qoyulmuşdur.

Konvensiyanın 2-ci maddəsinə görə, soyqırımı hər hansı milli, etnik, irqi və dini qrupun qismən və ya bütövlükdə məhv edilməsi məqsədilə törədilən aşağıdakı hərəkətlərdən biridir: a) bu cür qrup üzvlərinin öldürülməsi; b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi; c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraitinin yaradılması; d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi; e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqasına verilməsi.

Konvensiyanın 3-cü maddəsinə görə, soyqırımı; soyqırımı törətməyə yönəlmiş gizli sövdələşmə; soyqırımı törətməyə birbaşa iştirak və açıq təhrik; soyqırımı törətməyə yönəlmiş qəsd; soyqırımında iştirak cəzalandırılan əməllər sırasındadır. Bu kriteriyalar baxımından Xocalı qətliamının soyqırımı kimi tövsif olunmasına ciddi hüquqi əsaslar mövcuddur. Ümumən, Azərbaycan hakimiyyəti bu məsələdə həm də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının IV maddəsini, ­Ruanda üzrə Beynəlxalq Tribunalın Nizamnaməsinin I maddəsini, Beynəlxalq Cinayət Məhkəməsinin statusunu, həmçinin “Xocalı Soyqırımı Günü haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarını, Azərbaycan Respublikası
Prezidentinin «Azərbaycanlıların soyqırımı haqqında» 26 mart 1998-ci il fərmanını və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103-cü və 104-cü maddələrini əldə əsas tutur. Azərbaycanlılara qarşı tarixən tətbiq olunan soyqırımı, deportasiya, işgəncələr və qeyri-insani rəftar, eyni zamanda, Avropa İnsan Hüquqları Konvensiyasının, İşgəncələrə qarşı BMT və Avropa Şurası konvensiyalarının və digər aktların kobud şəkildə pozulması deməkdir.

Azərbaycan 1996-cı il  mayın 31-də BMT-nin 9 dekabr 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyasını ratifikasiya etmiş, milli qanunvericiliyini bu sənədə uyğunlaşdırmaq istiqamətində tədbirlər görmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin VII bölmənin fəsillərə bölünməsində bu konvensiyanın tələbləri nəzərə alınmış, 16-cı fəsil “Sülh və insanlıq əleyhinə cinayətlər”, 17-ci fəsil “Müharibə cinayətləri” adlandırılmışdır. Konvensiyadan irəli gələn öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə “Soyqırım”, (maddə 103), “Soyqırımın törədilməsinə təhrik etmə” (maddə 104) maddələri daxil edilmişdir.

Xatırlatmaq lazımdır ki, məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də  “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etmişdir. Həmin vaxtdan Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində hər il dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Əlbəttə, bu istiqamətdə indiyədək görülmüş işlər daha da genişləndirilməli, kütləvi informasiya vasitələri, qeyri-hökumət təşkilatları  bu işə ciddi dəstək verməlidirlər. Bunun üçün virtual məkanın – internetin hüdudsuz imkanlarından geniş istifadə olunmalı, eyni zamanda, səfirliklər, diaspor təşkilatları birgə işləməli, faciə ilə bağlı həqiqətlərin yerləşdikləri ölkələrin ictimaiyyətinə çatdırılması üçün fəallıq göstərməlidirlər. Türk və Azərbaycan diasporlarının bu istiqamətdə birgə fəaliyyətini də yeni dövrün siyasi reallıqları tələb edir.

Hazırda çoxsaylı faktlar, canlı şahid ifadələri, foto və videomateriallar Azərbaycanın bütün dünyada Xocalı soyqırımı ilə bağlı geniş təbliğat aparmaq imkanlarını genişləndirir. Bu baxımdan Heydər Əliyev Fondunun xidmətlərini xüsusi qeyd etmək lazım gəlir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqrımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr edilən “Qarabağın tarixi haqqında məlumat”, “Qarabağ münaqişəsinin başlanması”, “Xocalı soyqırımı”, “Azərbaycana qarşı erməni təcavüzünün nəticələri”, “Erməni terror təşkilatlarının Azərbaycana qarşı fəaliyyəti” kitabçalarının elektron variantları Xocalı soyqırımının ildönümü ərəfəsində təşkilatın təşəbbüsü ilə xarici ölkələrin diplomatik korpuslarına, beynəlxalq təşkilatlara, kütləvi informasiya vasitələrinə, tanınmış ictimai-siyasi xadimlərə paylanılır. Zəngin fakt və foto-sənədlərə istinadla aparılan bu təbliğat kampaniyası yüz minlərlə avropalıya Qarabağ həqiqətləri, Xocalı soyqırımı, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi təcavüzkar işğalçılıq siyasəti haqqında əsl həqiqətləri çatdırır.

İslam Konfransı Təşkilatının Gənclər Forumu ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına start verilməsi də fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır. İƏT Ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Uqandanın paytaxtı Kampalada keçirilmiş iclasında Gənclər Forumunun Sivilizasiyalar Alyansının baş koordinatoru Leyla xanım Əliyevanın “Xocalıya ədalət – Qarabağa azadlıq” adlı təşəbbüsünü təsdiq etmişdir. İƏT xarici işlər nazirlərinin 35-ci iclasında bununla əlaqədar xüsusi qətnamə qəbul edilmişdir. 57 ölkənin xarici işlər nazirləri tərəfindən qətnaməyə dəstək verilməsi nəticəsində bu qətnamənin yerinə yetirilməsi üçün zəruri siyasi və hüquqi zəmin yaradılmışdır.

Söhbət bu gün  konkret fakt və sübutlarla təsdiqlənmiş, sübuta xüsusi ehtiyacı olmayan soyqırımı faktının tanınmasından gedir. Şahid ifadələri, istintaq materialları və beynəlxalq hüquq normaları Xocalıda baş verənlərin soyqırımı olduğuna hansısa şübhə yeri qoymur. Unutmayaq ki, ötən əsrin əvvəllərindən fərqli olaraq, Xocalı faciəsi müasir dünyanın gözü qarşısında baş vermişdir. Dünyanın ən müxtəlif nüfuzlu kütləvi informasiya vasitələri hələ 1992-ci ildə faciə ilə bağlı geniş reportajlar vermişlər. Ən müxtəlif ölkələrdən gəlmiş jurnalistlər Xocalı dəhşətlərini öz gözləri ilə görmüş, sənədləşdirmişlər. Eyni zamanda, hazırladıqları reportajlarda faciədən sarsıldıqlarını gizlətməmişlər.  

Faciədən 25 il keçməsinə baxmayaraq, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına beynəlxalq miqyasda hüquqi qiymət verilməmiş, terrorçu, işğalçı əməllərə qarşı qəti tədbirlər görülməmişdir. Bununla belə, Azərbaycan dövlətinin apardığı məqsədyönlü diplomatiya və siyasi-hərbi fəaliyyət münaqişə ilə bağlı reallıqların dünyada daha doğlun və məqsədyönlü şəkildə qəbuluna imkan yaradır. 2016-cı ilin məlum aprel döyüşləri nəticəsində 2 min hektardan çox ərazinin işğalçılardan azad edilməsi, bir müddət əvvəl dövlətimizin başçısının sərəncamı əsasında Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq-Mərcanlı kəndinin əsaslı yenidənqurma və bərpasına başlanılması torpaqlarımızın  düşmən tapdağından xilas olacağı günün uzaqda olmadığını göstərir. 

Azərbaycan Prezidentinin Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı imzaladığı sərəncamda deyilir: "2016-cı ilin aprel ayında növbəti dəfə atəşkəs rejimini pozan Ermənistanın təxribatına cavab olaraq Azərbaycan Ordusu tərəfindən torpaqlarımızın bir qisminin işğalçılardan azad edilməsi ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz olduğunu bir daha sübuta yetirmiş, beynəlxalq ictimaiyyətə mövcud status-kvonun qəbuledilməzliyini nümayiş etdirərək işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması tələbini yenidən gündəmə gətirmişdir. Geniş vüsət almış "Xocalıya ədalət!" kampaniyası çərçivəsində gerçəkləşdirilən tədbirlərin nəticəsi olaraq dünyanın bir sıra ölkələrində bu soyqırımla bağlı müvafiq qərarlar qəbul edilsə də, belə ağır hərbi cinayət beynəlxalq miqyasda hələ ki öz hüquqi qiymətini almamışdır".

 Ermənistan prezidenti indi daha çox öz hakimiyyətinin hayında olduğu üçün qondarma "erməni soyqırımı" şouları təşkil etməklə, münaqişə ilə bağlı mövcud "status-kvo"nun saxlanılmasına səy göstərir. Lakin bu vəziyyətin özü işğalçı ölkəni iflic vəziyyətdən çıxmağa qoymur. İqtisadiyyata yönəldilməli olan xərclər işğalçı ordunun, separatçı rejimin saxlanılmasına sərf edilir. Ermənistanda sosial-iqtisadi vəziyyətin müsbətə doğru dəyişmədiyini, insanların aclıq və səfalət içində yaşadığını müxtəlif beynəlxalq təşkilatların hesabatları da təsdiqləyir. Hakim rejimin bütün səylərinə rəğmən, ölkədən köçüb gedənlərin sayı durmadan artır.

Danışıqları görüntü xatirinə davam etdirmək niyyətində olmadığını dəfələrlə bəyan etmiş Azərbaycan iqtidarı hələlik prosesləri təmkinlə izləyir və sülh prosesinin dalana dirənmədiyi qənaətindədir. Ermənistan yaranmış fürsəti düzgün dəyərləndirib konstruktivlik nümayiş etdirməyəcəyi təqdirdə, münaqişənin güc tətbiqi ilə həlli Azərbaycan üçün qaçılmaz varianta çevriləcəkdir. Ölkə rəhbərliyinin bu qətiyyətli mövqeyi həm də xalqın milli maraqlarını sonadək müdafiə etmək əzmindən qaynaqlanır.

İlham MƏMMƏDZADƏ,
AMEA Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə elmləri
doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında