Bir şəhərin üçüncü soyqırımı

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan hökuməti erməni şovinist millətçilərinin azərbaycanlılara qarşı törətdiyi cinayətlər, o cümlədən ­Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanınması üçün məqsədyönlü  və ardıcıl fəaliyyət göstərir. Biz həm də erməni millətçilərindən fərqli olaraq, bu məsələdən  hər hansı siyasi,  maliyyə, ərazi və başqa  dividendlər qazanmaq məqsədi güdmürük. Məqsədimiz tarixi ədalətin bərpasına nail olmaq,  cinayətkarları ifşa etmək və onları dünya ictimaiyyətinin mühakiməsinə verməkdir. Ona görə də erməni şovinist millətçilərinin regionda həyata keçirdikləri etnik separatizmin, başqa xalqlara qarşı nifrət və terror ideologiyasının dünya üçün təhlükəsi açılıb göstərilməlidir. Bu, qəhrəman Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Azərbaycanın qədim yurd yeri, insan məskəni olan Xocalı XX əsrdə üç dəfə ermənilər tərəfindən soyqırımına məruz qalıb. 1905-1907-ci, 1918-1920-ci, 1988-1992-ci illər buna şahidlik edir. 1989-cu ildə ermənilərin “qrad” qurğularından atdığı mərmi Xocalıdakı evimizin bir tərəfini dağıdan zaman 90 yaşında infarkt keçirən atam hər üç soyqırımının şahidi, sonuncunun isə həm şahidi,  həm də şəhidi oldu.

Atamın söylədiklərinə görə, Xocalı əvvəlki iki soyqırımından sonra onun sağ qalmış sakinləri yenidən dədə-baba yurd yerlərinə qayıdıb, dağıdılmış, talan edilmiş evlərini bərpa edib öz torpaqlarını yer üzündən silinməyə  qoymayıblar. Özlərinin sirlərlə dolu olan qədim kurqan abidələrini, Daşbulağın yaxınlığındakı tarixi qəbiristanlığını, Çınqıllıqdakı sənduqə qəbirlərə malik digər qəbiristanlıqlarını yaşada biliblər. Birinci soyqırımından əvvəl Xocalı indiki yerində yox, ondan bir qədər yüksəklikdə, XIX əsrdə Çar Rusiyası tərəfindən məqsədyönlü şəkildə İrandan Azərbaycan torpaqlarına köçürülmüş ermənilərə bağışlanan Daşbulaq kəndinin yaxınlığında, Allahverdi bəylə Qəhrəman bəyin Tut bağlarının yanında yerləşib. Sonrakı soyqırımında – 1918-ci ildə xocalılıların yurd yerləri tamamilə dağıntılara məruz qalıb yaşayış üçün yararsız hala salındığına görə Xocalı bəylərindən olan Səfiyar bəyin təklifi və digər bəylərin razılığı ilə Qışlaq adlandırdıqları məkandan 2-3 kilometr aşağıda, Ağdam – Əsgəran Qalası - Şuşa Qalası avtomobil yolunun yaxınlığında binə salıblar.              

Xocalıda bu qədər qədim tarixi abidələrlə zəngin olan qəbiristanlıqlar erməniləri rahat buraxmır, tarixin izini itirmək üçün onları və ermənilər tərəfindən yandırılmış evlərin divarlarının qalıqları bu vandalizmin qarşısını ala bilirdi. Bu, 1964-cü ilə qədər davam etdi. Xocalının Qışlaq kəndində açıq muzey eksponatları kimi qorunub saxlanılan qədim qəbiristanlıq və uçuq divarlar ermənilər tərəfindən bir gecənin içində dağıdılıb şumlandı. O vaxt Xocalı əhalisinin şikayətlərinə heç bir qurum cavab vermədi. Ermənilər Xocalının üçüncü soyqırımını 1964-1967-ci illər arasında həyata keçirmək istəyirdilər. 1964-cü ildə onları bu soyqırımına  səsləyən Silva Kapitukyanın “Karvan hələ yoldadır” kitabı, 1967-ci il iyulun 7-8-də isə günahsız azərbaycanlılardan olan Ərşad müəllimin və Şuşa həbsxanasının iki işçisinin Xankəndidə diri-diri yandırılmaları oldu. O vaxtlar ümummilli lider Dövlət Təhlükəsizliyi Komitəsində çalışırdı və o, həmin hadisəni törədənləri qanuni yolla həbs etdirərək həqiqətin üzə çıxmasına nail oldu. Məlum oldu ki,  oğlunun ölümündə günahlandırılan həqiqi günahkar Ərşad müəllim yox, elə həmin erməninin öz yaxın erməni dostu olub.

1969-cu il iyulun 14-də erməniləri öz varlığı ilə lərzəyə salan dahi Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra ermənilər uzun illər Dağlıq Qarabağın qondarma Ermənistan Respublikasına birləşdirilməsi haqqındakı “Miatsum” şüarını açıq şəkildə səsləndirə bilmədilər. Yalnız 1987-ci ilin payızında başda Şahnazaryan, Aqanbekyan və başqaları olmaqla, erməni lobbisinin təzyiqi ilə ulu öndər Heydər Əliyev Mixail Qorbaçov tərəfindən keçmiş SSRİ miqyasında tutduğu  yüksək dövlət vəzifəsindən kənarlaşdırıldıqdan dərhal sonra ermənilər bir göz qırpımında fəallaşdı və 1988-ci il fevralın 12-də məlum “Miatsum” mitinqlərinə başladılar. Bundan dörd il sonra - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qəsbkarları tarixdə üçüncü dəfə Xocalı soyqırımını törətdilər.              

Görkəmli şairimiz Hüseyn Cavid “Ya Rəb, bu nə dəhşət, nə fəlakət? İblisəmi uymuş bəşəriyyət?” sualını var gücü ilə bütün dövrlərin övladlarına səsləndirəndə bəşəriyyət iblisə uymuş erməni cəlladlarının Xocalı soyqırımını törədəcəklərini hələ xəyalına belə gətirməsə də, daşnak terrorçular buna ciddi hazırlaşır və Azərbaycana qarşı dəhşətli bir plan qururdular. Lakin XIX əsrin əvvəllərindən etibarən erməni işğalçıları və onların havadarları tərəfindən 1804-1828; 1905-1907; 1918-1920-ci illərdə Azərbaycan xalqının başına gətirilən torpaq parçalanmaları, dəhşətli qırğınlar, soyqırımlar, müsəlman ölkələrinə qarşı edilən amansız yürüşlər ona məlum idi. O zamanlarda da iblisləşmiş erməni terrorçular və onları azərbaycanlılara, bütövlükdə müsəlmanlara qarşı yönəldən hegemon dövlətlər törətdikləri cinayətlərin cəzasını almırdılar və indi də bu belədir. Bu cəzasızlığın kökləri, görünür, yerin dərin qatlarına qədər işləyib və onun suyunu, qidalı maddələrini, vitaminlərini, mikroelementlərini verən böyük dövlətlər öz işlərini həm gizli, həm də aşkar şəkildə görməkdə davam edirlər. ASALA, PKK kimi terror yuvalarının kökünü kəsmək üçün onları qidalandırıb həvəsləndirən dövlətlərə dünya dövlətləri tərəfindən “dur!” demək vaxtı çatıb. Necə ki, bu yaxınlarda Türkiyədə keçirilən görüşdə Almaniya Kansleri Angela Merkelə “İslam terrorçuları” ifadəsinə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “dur!” deməyi bacardı və bunun ətraflı izahını verə bildi. Avropada, ABŞ-da, digər ölkələrdə utanmadan “İslam terrorçusu” ifadəsindən gen-bol istifadə edirlər, ancaq bir dəfə də olsun “erməni terrorçusı” və ya “xristian terrorçusu” ifadəsini dillərinə gətirmirlər. Hətta ermənilər “çaşıb”öz xristianlarını məhv edəndə də onları öz adları ilə – “erməni terrorçuları” adı ilə çağırmırlar. Əgər vaxtında onları bu adla çağırsaydılar erməni işğalçıları, erməni terrorçu qrupları hərdən öz havadarlarını da terrora uğratmaz, onları da məhv etməzdilər.

XX əsrin 70-ci illərinin əvvəllərində erməni terrorçularından  (ASALA) 3 nəfər – Zatikyan, Baqdasaryan və Stepanyan Moskvada metronu partladanda orada həlak olan günahsız qurbanların həqiqi sayı yüksək dairələrdə qəsdən gizlədildi və bu təcavüzkar quldurların yeni cinayətlər törədəcəklərinə geniş meydan verildi. Onların adı, sayı və kimlikləri, daha doğrusu, erməni ASALA təşkilatına mənsubluqları dürüst  bilinsə də, həbs olunmuş həmin terrorçulara “gözün üstə qaşın var!”– deyən olmadı. Heç nə olmamış kimi onlar azadlığa buraxıldılar, öz mənfur əməllərini davam etdirdilər və sonda Xocalı soyqırımına rəvac verdilər.

Bəli, belə epizodlar çox müşahidə olunub və erməni terrorçuları əsas gücünü, qüvvəsini terrorçu dəstələrin maliyyələşdirilməsinə, ASALA terror dəstələrinin daha da azğınlaşmalarına zəmin yaradır. Vaxtında qarşısı alınmayan erməni terrorizmi böyüdü, inkişaf etdi və cəzasızlıqdan ruhlanaraq, heç “uf” da demədən Xocalı soyqırımını törətdi.

Dünya Xocalı soyqırımının xüsusi qəddarlıqla erməni quldurları tərəfindən törədildiyini görür və bilir, anlayır və dərk edir. Bunu təsdiqləyən kifayət qədər şahidlər və şəhidlər, videolar, şəkillər, dəlil və sübutlar olmasına, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmasına dair BMT Təhlükəsizlik Şurasının dörd mühüm qətnaməsinin mövcudluğuna baxmayaraq, quldur ordu ərazimizi hələ boşaltmayıb.     

Xocalı soyqırımını dünyanın hər yerinə çatdırmaq üçün hər il həm dövlət səviyyəsində, həm də qeyri-hökumət təşkilatları tərəfindən çoxsaylı tədbirlər həyata keçirilir. Milli Məclisin dünya parlamentlərinə müraciətlərində faciənin real mahiyyəti, onun soyqırımı kimi tanıdılmasını şərtləndirən amillər, konkret faktlar əsasında əksini tapır.            

Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya ədalət!” devizi altında dünya miqyasında həyata keçirdiyi layihənin nəticələri ölçüyəgəlməz xidmətlər sayəsində baş verir və bu möhtəşəm uğurlu fəaliyyət ardıcıllıqla davam etdirilir. Bu baxımdan qeyri-hökumət təşkilatlarından olan “Xocalı Soyqırımını Tanıtma İctimai Birliyi” Şamil Sabiroğlunun rəhbərliyi altında son illərdə xeyli faydalı işlər görüb. Bu birliyin fəaliyyəti Azərbaycan çərçivəsindən çıxaraq, sərhədlərimizdən xeyli uzaqlarda əsaslı işlər görür. Bu ilin fevral ayının 21-də həmin qurumun təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Terrorizmə yox deyək!” şüarı altında çəkilmiş filmin təqdimatı keçirildi.

Cari il fevral ayının 20-də Beynəlxalq Mətbuat Mərkəzində Xocalının yenilməz qızlarından olan böyük ziyalı Səriyyə Müslümqızının ideyası və ssenarisi əsasında lentə alınan Xocalının şəhid uşaqlarına həsr olunmuş filmə qəhəri boğmadan baxmaq mümkün deyil. İdeyasından görünür ki, film heç də yalnız insanları kədərləndirmək istiqamətinə yönəldilməyib. Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşovun da iştirak etdiyi təqdimat mərasimində qeyd olundu ki, bu filmdə beynəlxalq aləmə bir çağırış var. Bu çağırış körpə uşaqları terror aktları ilə məhv etməyin yalnız erməni terrorçularına, erməni işğalçılarına mənsubluğunu dünyaya bəyan etmək, terrorizmə qarşı dünya dövlətlərinin birgə mübarizə aparmasına, körpələrə əl qaldırmış erməni terrorçularının kökünün kəsilməsi yönümündə dünya xalqlarının əl-ələ verməsinə bir çağırış, ciddi ittihamdır.

Ermənistan canilərinin bütöv Azərbaycanda, o cümlədən Xocalıda törətdikləri dəhşətli soyqırımı aktlarının miqyas və tutum göstəricilərinin, bütün bəşəriyyətə qarşı çevrilmiş dəhşət indeksinin, dəhşət vahidinin böyüklüyü zaman keçdikcə daha dərindən dərk edilir. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, erməni vandallarının törətdikləri Xocalı soyqırımı tək Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı çevrilmiş bir soyqırımıdır.   

Bəzən insanlar Xocalı soyqırımını “qətliam” kimi qələmə verirlər ki, bu da ya qəsdən, yaxud da onun mənasının başadüşülməzliyindən irəli gəlir. Yaxşı olar ki, bu ifadənin fərqinə varsınlar və soyqırımı ilə qətliamı eyniləşdirməsinlər. Xocalıda baş verənlərin bir millətin məhvinə yönəlmiş əsl soyqırımı olduğunu həmin dövrdə Dağlıq Qarabağda olmuş və bu dəhşətli cinayəti öz gözləri ilə görmüş bir sıra ölkələrin aparıcı kütləvi informasiya vasitələri nümayəndələri də təsdiqləyiblər. Bu baxımdan faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazmışdır. Jurnalist “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan etmişdir. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olmuş, erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışmışdır.          

1996-cı il fevralın 24-də xocalılılarla görüşən ulu öndər Heydər Əliyev bu faciənin xalqımızın tarixində xüsusi yeri olduğunu qeyd etmişdir. Ümummilli liderin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı Soyqırımı Günü” haqqında xüsusi qərar qəbul etmişdir. Sənəddə hadisənin başvermə səbəbləri, günahkarlar təfsilatı ilə açıqlanmışdır.

Ümummilli liderimizin “Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında” 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilir.

Bütün bəşəriyyətə qarşı çevrilmiş ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi altında ardıcıl tədbirlər həyata keçirilir. Ölkə Prezidenti Ermənistanın təcavüzü nəticəsində xalqımızın üzləşdiyi faciələrin real faktlarla dünya ictimaiyyətinə çatdırılmasını Xarici İşlər Nazirliyinin, xaricdəki diplomatik korpusumuzun və diasporumuzun qarşısında mühüm vəzifələr kimi müəyyənləşdirmişdir.     

Dünyada qəbul edilmiş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi dəhşətli soyqırımlarını pisləyir, bunu insanlığa qarşı təcavüz hesab edirlər. Belə ağır cinayətlər cəzasız qalmamalıdır. Dünya ictimaiyyəti həqiqətin tərəfində olmalı, Ermənistanın təcavüzkar siyasətini ittiham etməli, onun işğalçı ordusunun Azərbaycan torpaqlarından çıxarılmasını qətiyyətlə, tərəddüdsüz tələb etməlidir. Dünya bunun üçün Əflatunun (Platonun) tələbəsi olmuş Aristotelin kəlamını da heç vaxt yaddan çıxarmamalıdır:  “Platon mənə əzizdir, lakin həqiqət ondan üstündür!”. Cinayətkar kiminsə dostudursa, o, həqiqəti heç nəyə satmamalıdır.

Xocalı soyqırımı zamanı kütləvi qırğından təsadüfən sağ çıxmış, indi ahıllaşmış azsaylı xocalılılarla, o vaxtlar hər iki valideynini və valideynlərindən birini itirmiş, hazırda yetkinlik yaşına çatmış Xocalı övladları ilə yaxın görüşlərimizdən hiss edirəm ki, onların psixologiyasında ciddi dönüş yaranıb. Əvvəlki ruh düşkünlüyü öz yerini əsaslandırılmış ruh yüksəkliyinə verib. Xocalılarla görüşlərimdə onların gözlərində, erməni qəsbkarlarının törətdikləri soyqırımını unutmamaq, dünya mediasına çatdırmaqla yanaşı, doğma torpaqlara qayıdacaqları inamın nur saçan qığılcımlarını görürəm. Xocalı soyqırımı zamanı valideynlərinin hər ikisini itirən  o vaxtkı körpələrin, indiki yetkin gənclərin dünyaya baxışları əvvəlki illərdən qat-qat fərqlidir. Xocalı soyqırımı zamanı onlar 25 körpə uşaq idilər. Hazırda bu uşaqlar təkcə fiziki cəhətdən deyil,  idrak cəhətdən də böyüyüb, kamilləşiblər. Onlar özlərini – “25-lər” adlandırırlar və özlərinin gənclik coşqunluqları ilə ermənilərə qarşı apardıqları ideoloji mübarizədə fəallıq göstərirlər ki, bu da, zənnimcə, çox nikbin əlamətlərin nəticəsidir. “25-lər”in mübariz çıxışlarını, Vətənə ürəkdən, candan bağlı olduqlarını görəndə xeyli təsəlli tapırsan. Təsəlli tapırıq  ki, Xocalı sakinləri arasında gələcəyə ümid və inam bəsləyən belə gənclik yetişir. Onlar hər çıxışlarında böyük iftixar hissi ilə deyirlər ki, gələcəyə olan bu inamı, bu ümidi onlara ölkə Prezidenti cənab İlham Əliyev aşılayıb. “25-lər”lə birlikdə bütün xocalılar cənab Prezidentin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, ölkəmizin birinci xanımı
Mehriban Əliyevanın onlara göstərdikləri diqqət və qayğıdan danışırlar. Xocalılılar qeyd edirlər ki, 2016-cı ilin aprel hadisələrində ölkəmizin Ali Baş Komandanının rəhbərliyi altında igid Silahlı Qüvvələrimizin göstərdiyi rəşadətdən sonra  torpaqlarımızın erməni tapdağından təmizlənəcəyinə inanırlar. İnamla deyirlər ki, biz də Prezidentimizin arxasında möhkəm dayanacağıq və onun dediyi kimi, Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaranmasına imkan verməyəcəyik. Hamı inanır ki, biz Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanan böyük qayıdışın astanasındayıq.

Bəzən bizdən – məcburi köçkün və didərginlərdən soruşurlar ki, “Əgər işğal altında olan torpaqlar alınsa, ora qayıdacaqsınızmı?”. Bu sual bir qədər ritorik məna kəsb etsə də, biz səmimiyyətlə deyirik:  “O günü səbirsizliklə gözləyirik və bunu hamı, o cümlədən ermənilər də öz gözləri ilə görəcək!”. Biz ulu öndər Heydər Əliyevin kəlamına qoşularaq deyirik ki, biz də həmişə fəxr etmişik, indi də fəxr edirik ki, azərbaycanlıyıq!. Azərbaycan xalqı öz Vətəninə, öz torpağına, öz rəhbərinə bağlı insanlardır və ümummilli liderin kəlamı bizim həyat amalımızdır.            

Bakıdakı 258 nömrəli məktəbin 6-cı sinfində oxuyan nəvəm Aybənizə bu günlərdə inşa yazı üçün bir neçə mövzu vermişdilər. O, “Qarabağın işğaldan azad olunacağı” barədə mövzunu seçib işləmişdi və fəxrlə “Babamın Vətəni Qarabağa, Xocalıya, Şuşaya, Xankəndinə və digər işğal altında olan torpaqlarımıza mütləq qayıdacağıq” ifadəsini yazmışdı. Nəvəmin mənim hisslərimi qürurlandıran yanaşmalarından biri də onun körpə əlləri ilə üzərində “ШУША” kəlməsi həkk olunan Şuşa qalası divarının şəklini çəkməsi olmuşdu. Həmin məktəbin 5-ci sinfində oxuyan digər nəvəm Leyla isə həmişə deyir ki, “Baba, mən sənin şəhərin Xocalıya, Qarabağa getmək istəyirəm!”.

Bu körpələrdə vətənpərvərlik duyğuları oyadan müəllimlərə də “Afərin!” deyirəm. Biz Qarabağa, doğma torpaqlarımıza qayıdacağıq. O gün şəhidlərimizin ruhunun şad olan gününə çevriləcək.

 

Mübariz ALLAHVERDİYEV,
ATU-nun insan anatomiyası kafedrasının professoru,
 Xocalı sakini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında