Azərbaycanın bütün dünyada böyük nüfuz sahibi olması 53-cü Münxen Təhlükəsizlik Konfransında bir daha təsdiq olundu

 

 

 

 

 

 

 

 

 

 

 


Fikrimcə, Türkiyə və Rusiya prezidentləri baş verənləri qiymətləndirərək çox düzgün və müdrik bir qərar qəbul etdilər. Çünki bu proses daha çox uzana bilərdi. Əgər proses daha çox uzansaydı, onun əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan nəticələri ola bilərdi. Çünki hərarət çox yüksək idi. Mənim Prezident Ərdoğan ilə söhbətim oldu. Mənim Prezident Putinlə söhbətim oldu. Bilirəm ki, Prezident Nazarbayev çox böyük müvəffəqiyyətlə bu vasitəçilik prosesində fəal iştirak edirdi. Əlbəttə, bu məlumat ictimaiyyətə açıqlanmaq üçün nəzərdə tutulmayıb. Lakin mən şəxsən onlar üçün barışığa getməyin necə çətin olduğunu bilirəm.

Azərbaycan Prezidenti İlham ƏLİYEVİN
  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
Avrasiyada əməkdaşlıq və problemlər  məsələlərinə həsr olunan 
panel-müzakirədəki çıxışından

   18 fevral 2017-ci il



Azərbaycan bu münaqişənin həllində olduqca mühüm rol oynadı. Prezident Əliyevin rəhbərlik etdiyi bu ölkənin coğrafi və ya etnik baxımdan Türkiyəyə və Rusiyaya yaxınlığı Rusiya və Türkiyə prezidentlərinin bir araya gətirilməsində kifayət qədər vacib amil oldu. Nəticə isə tam aydın oldu. Bölgədəki bütöv vəziyyət, xüsusən də Suriyadakı vəziyyət, həmin olduqca mühüm vaxtda müvafiq liderlərin birgə vasitəçilik səylərinin nəticəsində kəskin şəkildə dəyişdi.

Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayevin
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
Avrasiyada əməkdaşlıq və problemlər  məsələlərinə həsr olunan
panel-müzakirədəki çıxışından

      18 fevral 2017-ci il


 

Son illər Münxen Təhlükəsizlik Konfransının istənilən toplantısı  Azərbaycan üçün əlamətdar və yaddaqalan olur. Artıq bu beynəlxalq tədbirin elə bir iclası  olmur ki, yığıncaq başa çatandan sonra Azərbaycan sözü  bir neçə ay mətbuatın gündəliyində qalmasın. Çünki dövlət başçımızın orada nümayiş etdirdiyi qətiyyət hamı tərəfindən yüksək qiymətləndirilir və geniş müzakirələrə səbəb olur. Prezident İlham Əliyevin Avropa İttifaqının, ATƏT-in, Avropa Şurasının, NATO-nun, MDB-nin rəsmi nümayəndələrinin də əyləşdiyi Münxen Təhlükəsizlik Konfransının tribunasından ayrı-ayrı vaxtlarda  səsləndirdiyi bəzi fikirləri yada salaq. 

Dövlət başçımız demişdi ki, dünya ictimaiyyəti , xüsusən, beynəlxalq təşkilatlar ölkələrə münasibətdə ikili standartlardan əl çəkə bilməsələr,  dünyadakı heç bir problem öz həllini tapmayacaq. Çox ciddi ittiham idi. Yaxud, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinin illərdən bəri uzandığını növbəti dəfə dünya ictimaiyyətinin nəzərinə çatdıran Azərbaycan Prezidenti məhz Münxendə tələb etmişdi ki, Azərbaycanın ərazi bütövlüyünün  də digər ölkələrin ərazi bütövlüyü kimi eyni dəyərə malik olduğu anlaşılsın. Bundan başqa, Türkiyə Cümhuriyyətinin ünvanına hərzə-hədyanlar yağdıran Ermənistan nümayəndəsini tribunaya qalxdığına peşman edən Azərbaycan Prezidenti “Burada Türkiyə yoxdur, mən isə varam!”– deyə dünya erməniliyinə sarsıdıcı şillə çəkmişdi.

Məhz bu tendensiyaya istinad edən azərbaycanlılar  dövlət başçımızın Münxen səfəri ərəfəsində növbəti bir kəsərli çıxışın olacağına tam əmin idilər. Konfransın müxtəlif tədbirləri boyunca  məlum olurdu ki,  beynəlxalq  ictimaiyyət Azərbaycan Prezidentini dünyanın aparıcı liderlərindən,  dövlətimizi isə inanılan, etimad göstərilən ünvanlardan biri kimi qəbul edir. Təbii ki, istənilən beynəlxalq, yerli və hətta, məhəlli toplantının moderatoru, aparıcısı istəyir ki, onun spikerlik etdiyi yığıncaq daha açıq fikirlər, zəngin faktlar və  hamı üçün maraqlı olan arqumentlərlə yadda qalsın. Bu baxımdan  fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən Avrasiyada əməkdaşlıq və problemlər  məsələlərinə həsr olunmuş panel-müzakirənin moderatoru, Avrasiya Qrupunun sədri və təsisçisi Yan Bremmerin istəkləri də tamamilə başadüşülən idi.

Cənab Bremmer çalışırdı ki, müzakirələrdə gündəlikdəki məsələ ilə bağlı açıq, qətiyyətli və əsaslandırılmış fikirlər səsləndirilsin. Moderator bunun üçün  nə etməyin lazım olduğunu da yaxşı bilirdi. O, gündəlikdəki məsələnin mahiyyətini izah etdikdən sonra ilk sözü Azərbaycan Prezidentinə verməklə hansı jesti etdiyini özü də yaxşı bilirdi, auditoriyadakılar da. Amma moderatorun müzakirələr zamanı Azərbaycan Prezidentinə sual verərkən səsləndirdiyi bir ifadəni zaldakıların çoxu gözləmirdi:  “Sualım Prezident Əliyevədir. Aylardır ki, bu sualı Sizə vermək istəyirəm. Siz ən qeyri-mümkün ola biləcək geosiyasi vəziyyətdən çıxdınız. Söhbət Türkiyənin rus təyyarəsini vurması və ruslarla türklərin bir-birinin yaxasından yapışmasından gedir. Sonra isə demək olar ki, bir gecədə bu münasibətlər çox sıx oldu. Azərbaycan Prezidenti olaraq, bu təcrübəni yaşamaq necə idi? Buradakı hər bir kəslə rəsmi Bakının mövqeyindən irəli gələrək bu proses haqqında fikirlərinizi paylaşa bilərsinizmi? Çünki hesab edirəm ki, hər kəs bunu bilmək istəyir”.

Yəqin ki, hörmətli oxucunun nəzərindən yayınmadı.  Avrasiya materikinin siyasi problemləri ilə məşğul olan qrupun təsisçisi və sədri, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq təşkilatın  ən vacib panel-müzakirəsinin moderatoru belə, deyir. Yəni, necə oldu ki, Rusiya ilə Türkiyə arasındakı problemin çözülməsinə nail oldunuz? Cənab Bremmerin həmin sualını eşidəndə bir neçə ay əvvəl Azərbaycan mətbuatında getmiş  “Putinlə Ərdoğanın barışmasında İlham Əliyevlə Nursultan Nazarbayevin xüsusi rolu olub”– sərlövhəli xəbərə dodaq büzənlərə bu, tutarlı cavab oldu.

Əlbəttə,  Prezident İlham Əliyevin də dediyi kimi, Moskva ilə Ankara arasındakı gərginliyin azaldılması, sonra isə münasibətlərin yaxşılaşdırılması prosesində reallaşdırılan cəhdlər barədə olan məlumat ictimaiyyətə açıqlanmaq üçün nəzərdə tutulmayıb.  Ancaq moderatorun həmin sualı cavablandırılmalı idi . Ona görə də dövlət başçımız dedi: “Bizim ölkəmizin daxilində sabitlik var və biz ətrafımızda da sabitlik istəyirik. Çünki biz ada deyilik. Xoşumuza gəlib-gəlməməsindən asılı olmayaraq, sərhədlərimiz xaricində baş verənlər bizə də təsir edə bilər: müsbət və ya mənfi şəkildə. Buna görə biz qonşularımıza bu böhrandan çıxış yolunu tapmağa kömək etmək üçün bütün səylərimizdən istifadə etdik, lakin bunu çox ehtiyatla etdik. Azərbaycanın Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşmasına kömək etmiş ölkələr arasında olması da açıqlanmışdır. İstənilən halda, ölkə ilə nə dərəcədə sıx münasibətlərimizin mövcudluğundan asılı olmayaraq, biz həmişə əsas prinsipləri rəhbər tuturuq. Bu prinsiplər beynəlxalq hüquqdur. Beynəlxalq hüquqa əməl olunmalıdır”.

“Eyni zamanda, biz riskləri azaltmaq üçün hansı işlərin görülə biləcəyini nəzərdən keçirdik” – deyən Azərbaycan Prezidenti  xatırlatdı ki,  Rusiya ilə Türkiyə arasında gərginlik çox ciddi geosiyasi bir risk idi və regionumuz üçün birbaşa risk idi. Bu iki ölkə bizim əsas iqtisadi tərəfdaşımız və qonşumuzdur. Əgər, onlara bu çətinliklərin öhdəsindən gəlməyə kömək etmişiksə, düşünürəm ki, biz buna görə təqdir olunmalıyıq.

Ekspertlərin fikrincə, dövlət başçımızın Münxendəki çıxışlarının və çoxsaylı suallara verdiyi cavabların hamısı dəyərli olsa da, Rusiya və ABŞ  silahlı qüvvələrinə rəhbərlik edən generalların ən mühüm müzakirələr üçün Bakını seçməsinin səbəbləri barədə dedikləri daha aktual və beynəlxalq mətbuat üçün hədsiz dərəcədə maraqlı idi: “Sizə bu yaxınların misalını çəkə bilərəm. Sadəcə, iki gün bundan əvvəl Bakıda ABŞ ordusunun baş qərargah rəisi cənab Danford və Rusiya ordusunun baş qərargah rəisi cənab Gerasimovun görüşü olub. Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq buna razı olub-olmamağımız soruşuldu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan və onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır. Bu, bizim regional sabitliyə verdiyimiz töhfədir. Burada artıq qeyd olunmuşdur ki, sabitlik istənilən növ inkişaf üçün ən vacib amildir. Sabitliyiniz olmasa, sərmayələri, həyat şəraitinin yaxşılaşdırılmasını və əməkdaşlığı unudun”.

Qazaxıstan Senatının sədri Kasım-Jomart Tokayevin –  “Məsələ burasındadır ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində iki əsas prinsip – dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etmək hüququ – bir-birinə ziddir. Beləliklə, bu, Birləşmiş Millətlər Təşkilatının nizamnaməsindən gələn böyük ikimənalılıqdır və ayrı-ayrı hallara gəldikdə, çaşqınlıqlar yaradır. Kosovo xüsusi hal kimi hesab edildi. Xalqların öz müqəddəratını təyin etmək hüququ Kosovo kimi, necə deyərlər, “xüsusi hal”da tətbiq edildi. Sonra başqa hallar üzə çıxdı və biz hamımız dövlətlərin ərazi bütövlüyü haqqında danışmağa başladıq. Hesab edirəm ki, biz Birləşmiş Millətlər Təşkilatının həmin iki əsas prinsipinə gəldikdə, prioritetin seçilməsində çox aydın olmalıyıq” – fikirləri birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün  bərpasını vacib sayan arqument idi. 

Ona görə də Azərbaycan Prezidenti həmin məsələyə öz münasibətini bildirdi:  “ Əlbəttə ki, biz ikili standartları hər həftə, hər gün görürük. Sanki qaydalar, normalar və qətnamələr kiçik ölkələr üçün yazılıb. Onlar qanuna əməl etməlidirlər. Onlar qətnamələri icra etməlidirlər. Böyük, super dövlətlər öz milli maraqlarına əsasən beynəlxalq hüququ şərh etməkdə azaddırlar. Öz maraqlarına uyğun olaraq, gah ərazi bütövlüyünü, gah da öz müqəddəratını təyinetmə hüququnu dəstəkləyirlər. Bu da beynəlxalq təsisatların, Birləşmiş Millətlər Təşkilatının deqradasiyasına gətirib çıxarır. Əgər BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü özləri 1990-cı illərin əvvəlində Ermənistan qoşunlarının çıxarılmasını tələb edən qətnamələri qəbul edibsə, sonra da bu qətnamələri icra etmək üçün təcavüzkara təzyiq göstərmirsə, biz onların davranışını necə başa düşə bilərik? Bu davranış yalnız onların maraqlarına xidmət edir və beynəlxalq hüquqa əsaslanmır. Burada biz XXI əsrin ən vacib məsələsinə gəlib çıxırıq. Bizdə beynəlxalq təşkilatların potensialının gücləndirilməsinə aparan mexanizmlər var, yoxsa yoxdur? Hesab edirəm ki, bu da bir müzakirə mövzusu olmalıdır. Əgər hamımız beynəlxalq öhdəliklərdən azadıqsa, onda kiçik ölkələrə bu və ya digər qərarların yerinə yetirilməsini məcbur edən hücumlar edilməməlidir. Qərar hamı üçündür və hər bir kəsə eyni qaydada yanaşılmalıdır”.

Təbii ki,  53-cü Münxen  Təhlükəsizlik Konfransının gündəliyi, orada səsləndirilən faktlar, arqumentlər barədə hələ uzun müddət yazılacaq və danışılacaq.  Bizim fikrimizcə isə tədbirin ən yaddaqalan məqamı Prezident İlham Əliyevin  çoxqütblü dünya barədə sualı cavablandırmasından sonra baş verdi. Moderator Yan Bremmer dövlət başçımızın cavabından məmnunluq ifadə etmək üçün zala xitabən dedi: “Fikrimcə, “Böyük Oyunu” ən yaxşı şərh edən azərbaycanlılar ola bilər.”

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında