Prezident İlham ƏLİYEV: Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də nüfuzlu “Əl-Cəzirə” televiziyasına müsahibə vermişdir. Dövlət başçısı həmin müsahibədə Dağlıq Qarabağ münaqişəsi barəsində rəsmi Bakının prinsipial mövqeyini bir daha açıqlamış, ölkəmizin Avrasiya materikində enerji-nəqliyyat sahələrində oynadığı mühüm rola toxunmuş, Azərbaycanın iqtisadi inkişafı və parlaq gələcəyi haqqında fikirlərini bölüşmüş, habelə bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının İslam aləmi üçün əhəmiyyətindən danışmışdır.

Geniş izləyici auditoriyasına  malik “Əl-Cəzirə” televiziyasına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev keçmiş SSRİ məkanının ən köhnə və təhlükəli münaqişəsi olan Dağlıq Qarabağ probleminin Cənubi Qafqaz regionuna mənfi təsiri barədə danışmış və münaqişənin  həllinə yönələn regional səylər haqqında ətraflı məlumat vermiş, eyni zamanda, Qarabağ probleminin həlli ilə bağlı rəsmi Bakının mövqeyini açıqlamışdır.

Qarabağın Azərbaycanın qədim və tarixi ərazisi olduğunu  diqqətə çatdıran ölkə başçısı əlavə etmişdir ki, həmin torpaqlarda əsrlər, minilliklər boyu azərbaycanlılar yaşayıb-yaratmışlar. Azərbaycan lideri ermənilərin Qarabağ torpaqlarında peyda olmalarının tarixçəsi barədə də məlumat vermişdir: “XIX əsrin əvvəllərində Rusiya-İran müharibəsi nəticəsində Azərbaycanın şimal hissəsi Rusiya imperiyasının tərkibinə daxil oldu. Ermənilər isə İrandan və Şərqi Anadoludan Azərbaycan torpaqlarına, hazırda Dağlıq Qarabağ adlanan əraziyə köçürüldülər. XX əsrin əvvəllərində bolşevik inqilabı nəticəsində Azərbaycan Sovet İttifaqının bir hissəsi oldu və sonra isə sovet hökuməti tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması barədə qərar qəbul edildi”. XIX əsrdəki köçürülmədən sonra Dağlıq Qarabağ vilayətinin əhalisinin 70 faizini ermənilərin, 30 faizinin isə azərbaycanlıların təşkil etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev xüsusi olaraq vurğulamışdır ki, bu proseslərdən sonra Azərbaycanın qədim və ayrılmaz hissəsi muxtariyyət statusu almış və Sovetlər İttifaqının dağılması ərəfəsində erməni separatçıları Ermənistanın dəstəyi ilə Dağlıq Qarabağda separatçı hərəkata başlamışlar. Ölkə başçısı erməni separatçılarının dinc azərbaycanlı əhaliyə qarşı törətdikləri vəhşiliklər barədə də məlumat verməklə yanaşı, erməni silahlı qüvvələrinin Dağlıq Qarabağdan başqa, muxtar vilayətə bitişik yeddi rayonu da işğal etdiklərini vurğulamışdır.

Ermənistanın təcavüzü nəticəsində 1 milyondan çox azərbaycanlının öz torpaqlarında qaçqın və məcburi köçkünə çevrildiyini xatırladan Prezident İlham Əliyev beynəlxalq təşkilatların bir çox qərar və qətnamə qəbul etdiyini bildirmiş, xüsusilə də BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etməsini də nəzərə çatdırmışdır: “Əfsuslar olsun ki, bu qətnamələri qəbul edənlərin özləri öz qərarlarına hörmət etmirlər. Çünki 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalmaqdadır, onlar icra olunmur.”

 Prezident İlham Əliyev əlavə etmişdir ki, rəsmi Bakı qətnamələrin yerinə yetirilməməsini Azərbaycana qarşı ikili standartlar siyasəti kimi qiymətləndirir. Azərbaycanın belə qiymətləndirməsini o, bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qərarlarının bir neçə gün ərzində icra olunması ilə izah etmişdir. Sülh danışıqlarının başlanmasından 20 ildən çox vaxt keçdiyini deyən Prezident İlham Əliyev Ermənistanın bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymadığını açıqlamış, oxşar qərarların İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, Qoşulmama Hərəkatı tərəfindən də qəbul edildiyini bildirmişdir. Ölkə başçısı bütün bu qərar və qətnamələrin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını tələb etdiyini də müsahibəsində vurğulamışdır.

Prezident İlham Əliyev müsahibəsində münaqişənin həlli yoluna dair baxışlarını bir daha açıqlamışdır. Rəsmi Bakının baxışlarının beynəlxalq hüquqa əsaslandığını bildirən ölkə başçısı əlavə etmişdir ki, əvvəla Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır, azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır: “Bundan sonra regionda sülh bərqərar olacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq”.

Dünyada heç bir ölkənin, o cümlədən azərbaycanlılara qarşı soyqırımı törətmiş Ermənistanın da Dağlıq Qarabağı müstəqil ölkə kimi tanımadığını vurğulayan ölkə başçısı demişdir ki, ermənilər Azərbaycanın bütün tarixi abidələrini, muzeylərini, məscidlərini dağıtmışlar. Prezident İlham Əliyev ermənilərin İslam-türk mədəniyyət abidələrinə qarşı barbarlığının təkcə Azərbaycanın tarixi irsinə qarşı deyil, eyni zamanda, İslam dəyərlərinə, İslam tarixi irsinə qarşı hücum olduğunu da auditoriyanın diqqətinə çatdırmışdır. Buna görə də bəzən Ermənistanın bəzi müsəlman ölkələri ilə münasibətlərini möhkəmləndirməyə və ya normallaşdırmağa yönəlmiş cəhdlərinin Azərbaycan ictimaiyyətində çox təəccüb doğurduğunu vurğulayan ölkə başçısı açıqlamışdır ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan İslam Əməkdaşlıq Təşkilatının qətnamələri Ermənistan ilə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır.

Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın son 10 il ərzində neft və qaz sahəsində əldə etdiyi uğurlar, iqtisadi inkişaf və neft qiymətlərinin kəskin ucuzlaşması şəraitində həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar barədə də ətraflı məlumat vermişdir. Ölkə başçısı xüsusi olaraq vurğulamışdır ki, Azərbaycan iqtisadi siyasətində neft məqsəd kimi yox, ölkəni inkişaf etdirmək üçün mühüm bir vasitədir: “Buna görə də, neftin qiyməti çox yüksək olan dövrdə biz neft satışından əldə etdiyimiz gəlirlərdən infrastruktura sərmayə yatırmaq üçün istifadə etdik. Ötən on ildən artıq müddət ərzində, demək olar ki, Azərbaycanın bütün infrastrukturu modernləşdirilib. Yeni yollar çəkilib, 6 beynəlxalq hava limanı tikilib. Xəzərdə ən böyük dəniz limanı inşa olunur, 26 elektrik stansiyası, 3000 məktəb, 600-dən çox xəstəxana istifadəyə verilib, kənd təsərrüfatına yüz milyonlarla dollar məbləğində investisiya yatırılıb.” Dövlət  başçısı Azərbaycana yatırılan həm xarici, həm də yerli investisiyaların ümumi məbləğinin təqribən 200 milyard dollar təşkil etdiyini bildirmişdir.

Prezident İlham Əliyev hazırkı vəziyyətdə Azərbaycanın şaxələndirməyə daha çox diqqət yetirdiyini də  bildirmişdir. Onun sözlərinə görə, hər şeydən əvvəl, hökumət Azərbaycanın qlobal nəqliyyat qovşağına çevrilməsi üçün coğrafi mövqeyindən yararlanır. Azərbaycanın qonşu regionlar–Şərq-Qərb və Şimal-Cənub arasında dəmir yolu əlaqəsini yaratdığını və Azərbaycan artıq mühüm tranzit ölkəsinə çevirmişdir. Dövlət başçısı  əlavə etmişdir ki, hökumət kənd təsərrüfatına da böyük həcmdə sərmayə yatırır və qarşıdakı illərdə kənd təsərrüfatı məhsullarının ixracını ən azı iki dəfə artırmaq niyyətindədir. O, Azərbaycanın yüksək tenologiyalar sahəsindəki uğurlu fəaliyyəti barədə də məlumat vermişdir. Ötən dövr ərzində Azərbaycanın yüksək texnologiyalar sahəsinə də investisiyalar yatırdığını və bu gün ölkəmizin kosmik kluba üzv olduğunu xatırladan Prezident İlham Əliyev kosmik sənaye yaradıldığını və müasir texnologiyaların neft və qazdan asılılığımızı azaltmağa imkan yaradacağını açıqlamışdır. Dövlət başçısı təhsil sahəsində də böyük işlər görüldüyünü və Azərbaycanda, demək olar ki, 100 faiz savadlılıq və ölkənin iqtisadi inkişafına böyük dərəcədə töhfə verə bilən və artıq töhfə verən çox savadlı əhalinin olduğunu da bildirmişdir.

Prezident İlham Əliyev Azərbaycanın Avrasiyada strateji mövqeyindən yararlanaraq, enerji mənbələrinin Asiyadan Avropaya daşınmasında açar rolu oynaması, “Cənub” qaz dəhlizi, TANAP və digər layihələri barədə də mühüm açıqlamalar vermişdir. Azərbaycanın uğurlu enerji siyasəti həyata keçirdiyini vurğulayan dövlət başçısı demişdir ki, ölkəmizin  şaxələndirilmiş neft və qaz boru kəmərləri şəbəkəsi var: “Bizi Qara dənizlə birləşdirən iki neft boru kəmərimiz və Aralıq dənizi ilə birləşdirən bir boru kəmərimiz var. Bu, neft təchizatımızın şaxələndirilməsi deməkdir və o deməkdir ki, neft ehtiyatları qarşıdan gələn bir neçə onilliklər ərzində Azərbaycana xidmət edəcək.”

Bu gün Azərbaycanın Avropanın ən nəhəng infrastruktur layihələrindən biri hesab olunan “Cənub Qaz Dəhlizi” layihəsini icra etdiyini xatırladan Prezident İlham Əliyev bu barədə də ətraflı məlumat vermişdir. Ümumi investisiyaların həcminin təxminən 40 milyard dollar və bəlkə də bundan da çox məbləğ səviyyəsində qiymətləndirildiyini vurğulayan ölkə başçısı əlavə etmişdir ki, bu layihə ölkəmizə Xəzər dənizinin Azərbaycana aid sektorundakı bütün qaz yataqlarımızın işlənilməsinə, eyni zamanda, boru kəmərinin marşrutu boyunca yerləşən ölkələri və Avropa istehlakçılarını qazla təchiz etmək imkanı yaradacaq.

Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat siyasəti barədə də geniş məlumat vermişdir. Son illər Azərbaycanın nəqliyyat-logistika sahəsində mühüm irəliləyişlərə nail olduğunu diqqətə çatdıran ölkə başçısı bildirmişdir ki, həyata keçirilən siyasət nəticəsində Azərbaycan artıq vacib regional qovşağa çevrilmişdir: “Çindən gələn ilk konteyner qatarı artıq Azərbaycan ərazisindən Avropaya keçib. Ümid edirik ki, bu il biz Asiyadan Avropaya birbaşa nəqliyyat şəbəkəsinin açılışını edəcəyik. Bu da məsafəni iki dəfə, 30-35 gündən 14 günə – məhz iki həftəyə qədər azaldacaq”. Azərbaycan, eyni zamanda, qonşuları ilə “Cənub-Şimal” dəhlizi üzərində də işləyir və bu layihə Azərbaycana Pakistan, Hindistan, Şimali Avropa üçün böyük tranzit ölkəsinə çevrilmək imkanını verəcək. Həyata keçirilən uğurla siyasət nəticəsində bir neçə ildən sonra Azərbaycanın tranzit daşımaları üçün ən mühüm nəqliyyat təyinat məntəqələrindən birinə çevriləcəyini bildirən Prezident İlham Əliyev ölkəmizin tranzit fəaliyyətindən çoxlu qazanc əldə edəcəyinə əminliyini açıqlamış və tranzit fəaliyyətinin ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafına da müsbət təsir göstərəcəyini  demişdir. Ölkə başçısı müsahibəsində xüsusi olaraq bildirmişdir ki, nəqliyyat-logistik əlaqələrinin möhkəmləndirilməsi regiondakı bütün ölkələri bir-birinə bağlayır. Bunun da yaxşı hal olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev əlavə etmişdir ki, ölkələrarası əlaqələrin güclənməsi sabitlik amillərindən biridir və Azərbaycanın enerji və nəqliyyat təhlükəsizliyi ilə bağlı siyasəti həqiqətən də regional sabitlik işinə böyük töhfədir.

Prezident İlham Əliyev 2017-ci ildə Azərbaycanda keçiriləcək İslam Həmrəyliyi Oyunları barədə suala cavabında bildirmişdir ki, Azərbaycan İslam sivilizasiyasının bir parçasıdır və biz bununla fəxr edirik. “Biz tarixi, dini abidələrimizlə fəxr edirik. Sizə deyə bilərəm ki, Sovet İttifaqı dövründə Azərbaycanda yalnız 20-dən az məscid var idi, çünki ateizm dövründə məscidlərimizin böyük əksəriyyəti dağıdılmışdı. İndi isə 2000-dən artıq məscid var. Onlar müstəqillik dövründə tikilib”,-deyən ölkə başçısı bildirib ki, məqsədimiz ilk növbədə, müsəlman dünyasında birliyi gücləndirməkdir.  Bu gün müsəlman dünyasının əvvəl heç zaman olmadığı qədər daha çox birliyə ehtiyacı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirmişdir ki, müsəlman dünyasında bu birlik çatışmır: “Düşünürəm ki, Azərbaycan bu istiqamətdə mühüm rol oynayır. IV İslam Həmrəyliyi Oyunlarının təşkil olunması da bunu göstərir, çünki bu, təkcə idman deyil, bu, təkcə idmançıların bayramı olmayacaq, bu, müsəlman dünyasının gənclərini birləşdirəcək, onlar Bakıya gələcəklər, ölkəmizi görəcəklər, əlaqələr quracaqlar və bu əlaqələr bütün müsəlman gənclərinə ölkələr arasındakı əlaqələri gücləndirməyə kömək edəcək”.

Azərbaycan Prezidenti islamofobiya meyillərinin artmasından, İslamın bəzi beynəlxalq media orqanları tərəfindən, necə deyərlər, terror dini kimi təqdim olunmasından çox narahat olduğumuzu açıqlamışdır. Terrordan ən çox müsəlmanların ziyan çəkdiklərini nəzərə çatdıran ölkə başçısı əlavə etmişdir ki, İslamın qədim sivilizasiyası, dəyərləri, dünyaya töhfələri var və bütün bunları nümayiş etdirməliyik.

Müsəlman ölkələrinin güclü olduğunu deyən Prezident İlham Əliyev demişdir ki, ərəb ölkələrilə, xüsusilə də Qətər ilə əməkdaşlığımızın mühüm amili xalqlar arasındakı əlaqələrdir: “Mən ərəb qardaşlarımıza sülh, sabitlik, tərəqqi, uğurlar arzulayıram. Ərəb dünyasında quruculuğun müasir inkişafının gözəl nümunələri var və bizim üçün qardaş ölkə olan Qətər bu nümunələrdən biridir”.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında