Münxen Təhlükəsizlik Konfransı Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmləndiyini təsdiqlədi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır. Biz gənc ölkəyik. Ötən il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmişik. Bu qısa müddət ərzində hesab edirəm ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir. Bunun ən yaxşı nümunəsi bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında nümayiş olunmuşdur. O zaman Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Beləliklə, bu, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin bizim fəaliyyətimizə verdiyi həqiqi qiymət, bizə göstərilən etimad və hörmət əlaməti idi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Münxen Təhlükəsizlik Konfransı çərçivəsində
Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə
həsr olunan panel-müzakirədəki çıxışından

18 fevral 2017-ci il


Dünya siyasətinin əsas problemlərinə həsr olunmuş 53-cü Münxen Təhlükəsizlik Konfransı öz işini başa çatdırdı. 50 ildən çoxdur mühüm məsələlərin müzakirə olunduğu bu konfrans artıq beynəlxalq platformaya çevrilib.  500-dən çox siyasi xadimin, 30-dan çox dövlət və hökumət başçısının, 80-dən çox müdafiə və xarici işlər nazirinin, elm xadimlərinin, iş adamlarının, təşkilatların nümayəndələrinin toplaşdığı sonuncu tədbirdə, əsasən,  Suriyadakı vəziyyət, Avropada miqrant böhranı, Transatlantik əməkdaşlığın gələcəyi, terrorla mübarizə və digər beynəlxalq məsələlərin müzakirə olunacağı planlaşdırılmışdı.

Siyasi şərhçilərin fikrincə, konfransda, həmçinin Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra Transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi də  nəzərdə tutulurdu.

Münxen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşingerin dəvəti ilə tədbirə qatılan Azərbaycan Prezidenti İlham Əliyevin keçirdiyi görüşlər, panel-müzakirələrdəki çıxışları və verilən sualları siyasi peşəkarlıqla cavablandırması ölkəmizin beynəlxalq aləmdə reytinqinin getdikcə yüksəldiyini bir daha təsdiqlədi. Konfrans çərçivəsində enerji məsələləri ilə bağlı keçirilən xüsusi  “dəyirmi masa”da Volfqanq İşingerin fikirləri də bundan xəbər verirdi. V.İşinger   Münxen Təhlükəsizlik Konfransını uzun müddətdir dəstəkləyən və özünə yaxın dost bildiyi Prezident İlham Əliyevi salamlayaraq demişdir: “Cənab Prezident, Siz bu konfransda dəfələrlə çıxış etmisiniz. Sizin ekspert biliyiniz təkcə enerji sahəsində vacib rol oynayan ölkənin rəhbəri kimi yox, ölkəyə on dörd il başçılıq edən bir şəxs kimi də bizim üçün vacibdir. Ölkəniz Avrasiya təhlükəsizliyinin və siyasətinin sərhədləri üzərində yerləşir. Ölkənizə səfər etdikdə mənə dəfələrlə vaxt ayırdığınıza görə Sizə necə minnətdar olduğumu burada toplaşan insanlara çatdıra bilmirəm”.

Azərbaycan Prezidentinin qonaqlara yüksək səviyyədə təqdim olunması, habelə “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da birinci çıxış üçün dövlətimizin başçısına söz verilməsi də böyük əhəmiyyət kəsb edir. Bu, ölkəmizə nüfuzlu beynəlxalq tədbirdə verilən yüksək dəyərin nəticəsidir. “Offshore Northern Seas” Fondunun prezidenti və baş icraçı direktoru Leif Yohan Sevland da bunu etiraf etdi: “Dəyirmi masa”da birinci çıxış edəcək və təqdim etməkdən qürur duyduğum natiq Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevdir. Cənab Prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə 2003-cü ildə seçilib, 2008-ci və 2013-cü illərdə isə bu vəzifəyə yenidən seçilib. Cənab Prezident, Sizin mənə güclü təsir bağışlayan tərcümeyi-halınızla tanış oldum. Prezident seçildikdən əvvəl Siz Azərbaycanda bir neçə yüksək səviyyəli sənaye və hökumət vəzifəsini tutmusunuz. Siz müstəqil Azərbaycanın neft strategiyasının geosiyasi aspektləri üzrə çoxsaylı tədqiqatların müəllifisiniz və siyasi elmlər üzrə doktor dərəcəsinə maliksiniz. Cənab İşinger Azərbaycanın neft və qaz istehsalı sahəsində əhəmiyyətli bir ölkə kimi vacibliyini, həm Şərq, həm də Qərb bazarları üçün strateji yerləşmənizi qeyd etdi. Biz Sizin enerji təhlükəsizliyi ilə bağlı fikirlərinizi eşitmək istəyirik”.

Azərbaycan Prezidentinin keçirdiyi görüşlər və bu zaman müzakirə olunan məsələlər  dünya birliyində ölkəmizə böyük hörmətlə yanaşılmasından xəbər verir. Dövlətimizin başçısı Münxendə İsrailin müdafiə naziri Aviqdor Liberman, Türkiyənin Baş naziri Binəli Yıldırım, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç, “MAN SE” şirkətinin baş icraçı direktoru Yoaxim Dirs, “Kaspersky Lab” şirkətinin sahibi və baş icraçı direktoru Yevgeni Kasperski, “Leonardo” şirkətinin baş icraçı direktoru və baş meneceri Mauro Moretti ilə görüşmüşdür. Həmçinin, Kiyev şəhərinin meri Vitali Kliçko, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşdə də ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyi söylənilmiş, ticarət əlaqələrinin, ixrac-idxal əməliyyatlarının genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, səmərəli fikir mübadiləsi aparılmışdır.

Azərbaycan Prezidentinin “Qiymətlərin sabitləşməsinə doğru? OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”dakı çıxışı böyük maraqla qarşılanmışdır. Dövlətimizin başçısı son illər ölkəmizin enerji siyasətində əhəmiyyətli rolundan və bu sahədə beynəlxalq miqyasda qiymətləndirilən uğurlardan söhbət açmışdır. Qeyd etmişdir ki, enerji təhlükəsizliyini ölkənin milli təhlükəsizliyindən ayırmaq olmaz. Bu baxımdan Azərbaycan region üçün enerji təhlükəsizliyini təmin etməklə öz vacib rolunu oynayır. İrimiqyaslı qaz təchizatı layihəsinin həyata keçirilməsinə gəldikdə isə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında da öz vacib rolunu oynayacaqdır: “Bu gün bizim bütün istiqamətlərdə 7 kəmərimiz–3 neft kəmərimiz və 4 qaz kəmərimiz var. Buna görə də bizim birinci hədəfimiz özümüzün enerji təhlükəsizliyimizi, öz maraqlarımızı təmin etmək və insanlarımızın yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün nəhəng neft ehtiyatlarımızı hasil etmək iqtidarında olmaq idi. Sonrakı mərhələdə kəmərlər tikildikdə bu layihə regional əməkdaşlıq layihəsinə çevrildi. Bu neft kəmərləri Azərbaycanı Qara dəniz və Aralıq dənizi ilə birləşdirir. Bu kəmərlər bizə enerji ehtiyatlarını nəql etməyə kömək edən ölkələrin də enerji təhlükəsizliyini təmin etməyə xidmət edir”.

Respublikamızın rəhbəri diqqətə çatdırmışdır ki, bəzi Avropa ölkələri neftin 30-40 faizini Azərbaycandan əldə edirlər və respublikamız etibarlı tranzit ölkə, digər ölkələrin etibar edə biləcəyi tərəfdaş ölkə kimi regionda özünə ad qazanıb.

Azərbaycan Prezidenti hazırda Avropada ən böyük infrastruktur layihəsi hesab olunan “Cənub” qaz dəhlizindən də söhbət açmışdır. Konfransı ştirakçılarına məlum olmuşdur ki, layihənin ümumi dəyəri 40 milyard dollardan çoxdur. Hazırkı mərhələdə bu layihədə 7 ölkənin iştirak etdiyini bildirən dövlətimizin başçısı gələcəkdə ən azından daha 2 ölkənin də bu layihəyə qoşulacağını bildirmişdir. Bu əhəmiyyətli layihənin bir neçə gün əvvəl Brüsseldə səfərdə olarkən də müzakirə mövzusu olduğunu vurğulayan Prezident İlham Əliyev demişdir ki, “Cənub” qaz dəhlizi artıq reallıqdır: “Bu, Azərbaycanı Avropa bazarları və Avropa bazarlarına aparan marşrut boyunca yerləşən ölkələrlə birləşdirən üç fərqli boru kəmərindən ibarət inteqrasiya olunmuş boru kəməri sistemidir. Bu layihə tamamilə yeni bir regional əməkdaşlıq formatını yaratdı. Söhbət Cənubi Qafqaz ölkələri olan Gürcüstan, Azərbaycan və Türkiyədən, sonra da Yunanıstan, Bolqarıstan və İtaliya kimi Avropa İttifaqı ölkələrindən, həmçinin namizəd ölkə kimi Albaniyadan gedir”.

Dövlətimizin başçısı bu kəmərin əhəmiyyətini qeyd etmiş və bildirmişdir ki, layihə tamamlandıqdan sonra Avropa üçün təbii qaz təchiz edən etibarlı və yeganə yeni qaz mənbəyi qismində Azərbaycanın rolu, əlbəttə ki, artacaq və Avropa təşkilatları ilə əlaqələrimiz güclənəcək.

Bütün beynəlxalq tədbirlərdə və görüşlərdə olduğu kimi, bu konfransda da Azərbaycanın ən ağrılı poblemi olan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçılıq siyasəti diqqətə çatdırılmışdır. Azərbaycan Prezidenti Münxendə BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşündə, həmçinin  Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədə çıxışı zamanı bu məsələni xüsusilə vurğulamışdır. Dövlətimizin başçısı hələ ki, danışıqlar prosesində ciddi irəliləyişin olmamasından təəssüfləndiyini bildirmiş, son zamanlar Ermənistan tərəfinin danışıqlarda az qala könülsüz iştirak etdiyini, münaqişənin həlli istiqamətində əldə olunan müəyyən razılaşmaları pozduğunu qeyd etmişdir. Ötən ilin aprelində təmas xəttində Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri tərəfindən törədilən təxribata cavab verdiyini və nəticədə torpaqlarımızın bir hissəsinin işğaldan azad olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı qondarma “Dağlıq Qarabağ respublikası”nın “konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı referendum”un qeyri-qanuni olduğunu, bir sıra təşkilatların da bu məsələyə etiraz etdiyini demişdir. Bildirmişdir ki, bütün bunların hamısı bir daha Ermənistan tərəfinin münaqişənin həllində maraqlı olmadığını sübut edir.

Respublikamızın rəhbəri bildirmişdir ki, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad edilməli, qaçqınlar və məcburi köçkünlər doğma yurdlarına qayıtmalı, bölgədə sülhməramlı qüvvələr yerləşdirilməlidir. Məhz bundan sonra Dağlıq Qarabağın statusuna dair referendumun keçirilməsi mümkündür. Prezident İlham Əliyev BMT-nin və baş katib Antonio Quterreşin mövcud vəziyyətə müdaxilə edib, prosesin sürətlənməsinə daha yaxından təkan verməsinin əhəmiyyətini vurğulamışdır.

Azərbaycan Prezidenti bu konfransda ABŞ və Rusiya baş qərargah rəislərinin Bakıda keçirilən görüşü barədə də sualı cavablandırdı. Bəli, niyə məhz Bakı? Məsələyə aydınlıq gətirən ölkə başçısı artıq Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını diqqətə çatdırmışdır: “Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq, bizim buna razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşumız Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır”.

Prezident İlham Əliyevin Münxen səfəri regional təhlükəsizlik və gələcəkdə ölkəmizə müsbət töhfələr verəcəyi baxımından Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb etmişdir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında