Bu dəfə də ermənilərin arzuları ürəklərində qaldı. Diplomatik mənbələrin bildirdiyinə görə, Nümayəndələr Palatasının sədri, ermənilərin sıx məskunlaşdığı Kaliforniyadan seçilmiş Nensi Pelosi Türkiyənin və ABŞ Administrasiyasının tələblərini nəzərə almağa məcbur olub. Beləliklə, "erməni soyqırımı" ilə bağlı qərar layihəsi növbəti dəfə ABŞ Konqresinin Nümayəndələr Palatasının plenar iclasının gündəliyinə salınmayıb. Bununla da gecə-gündüz demədən çalışan erməni lobbisi ikiqat zərbə alıb. Bu zərbələrdən birincisi, qərar layihəsinin gündəmə salınması cəhdinin boşa çıxması, ikincisi isə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul olunan qətnamənin artıq qüvvədən düşməsidir.
Bəli, səhv başa düşmədiniz, bu il Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərar layihəsi artıq Nümayəndələr Palatasının gündəminə gətirilə bilməz. Buna Amerikanın qanunvericiliyi imkan vermir. Məsələnin yeni ildə, yeni tərkibdə fəaliyyət göstərəcək Konqresin gündəminə gətirmək üçün bu il baş verən proseslər yenidən təkrarlanmalı, yəni "erməni soyqırımı" ilə bağlı qərar layihəsi yenidən Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qəbul edilməlidir. Bu da erməni lobbisinin növbəti dəfə külli miqdarda "xərcə düşməsi" və Amerikada yaşayan Kim Kardaşyan kimi əxlaqsız həyat sürən qadınları yenidən bu işə cəlb etmək üçün enerji sərf etməsi deməkdir.
Xatırladaq ki, "erməni soyqırımı" ilə bağlı qətnamə layihəsinin Nümayəndələr Palatasının müzakirəsinə çıxarılacağı barədə xəbər ötən həftənin cümə günü yayıldı. O vaxta qədər bu barədə heç bir məlumat yox idi. Erməni lobbisinin və ermənipərəst mövqeyi ilə tanınan Nümayəndələr Palatasının sədri Nensi Pelosinin tələsməyinə səbəb isə onun və digər tərəfdaşlarının səlahiyyət müddətinin başa çatması idi. Belə ki, 2011-ci ildə Pelosi yerini respublikaçı Con Beynerə verəcək. Buna görə də son olaraq bu çərşənbə günü "erməni soyqırımı" barədə 252 saylı qətnamə layihəsinin gündəmə gətiriləcəyi ehtimalı yüksək idi. Lakin bu, baş vermədi. Deyilənlərə görə, bunun qarşısı Barak Obama adminstrasiyası tərəfindən alınıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, deyilənlərin əksinə olaraq, erməni lobbisinin indiki ABŞ Administrasiyası üzərində o qədər də ciddi təsir imkanları yoxdur. Bunu faktlar da sübut edir. Hələ bu ilin fevral ayında erməni lobbisinin nümayəndələri qondarma "erməni soyqırımı"nın Konqresdə tanınmasına Amerika rəhbərliyinin münasibətini öyrənmək, Dağlıq Qarabağ münaqişəsi və Türkiyə - Ermənistan sərhədinin açılması məsələsi barədə öz fikirlərini rəsmi Vaşinqtona çatdırmaq üçün ABŞ-ın dövlət katibi Hillari Klintonla görüş keçirməliydilər. Təbii ki, görüşdə müzakirə olunacaq məsələlər barədə həm Ağ ev, həm də Dövlət Departamenti məlumatlandırılmışdı. Verilən məlumatlara görə, ABŞ Administrasiyası mühüm strateji tərəfdaşları olan Azərbaycan və Türkiyə ilə münasibətlərində soyuqluğun yaranmaması üçün bu görüşə yanaşmaq istəmirdi. Və belə də oldu. Amerikanın müxtəlif şəhərlərindən gələn erməni lobbisinin nümayəndələri görüşün baş tutacağı gün pəjmürdə vəziyyətdə geri qayıtdılar. Çünki həmin gün Dövlət Departamenti açıqlama yayaraq görüşün təxirə salındığını bildirmişdi. Səbəb kimi isə "Vaşinqtonda havaların kəskin soyuması, çoxlu qar yağması və nəticədə ağır vəziyyətin yaranması" göstərilirdi. Həmin günlərdə Türkiyənin diplomatik korpusunun nümayəndələri də bəzi siyasi danışıqlar aparmaq üçün Vaşinqtona gəlmişdilər. Maraqlıdır ki, Amerikanın paytaxtında xeyli qar yağmasına və rəsmi idarələrin fəaliyyətini müvəqqəti dayandırmasına baxmayaraq türk diplomatlarının Dövlət Departamentində keçirəcəyi görüşlərin heç biri təxirə salınmamışdı. Bu, Amerikanın Türkiyəyə baxışını açıq şəkildə ortaya qoyurdu.
Həmin günlərdə Avropada və Türkiyədə dərc olunan bir sıra qəzetlər də yazırdı ki, hava şəraitinin pisləşməsi ermənilərlə görüşün təxirə salınması üçün bəhanə olub. Onlar xüsusi vurğulayırdılar ki, ABŞ rəhbərliyi artıq ermənilərin sarsaq iddialarını və tələblərini eşitməkdən təngə gəlib. İndiki vəziyyətdə Obama administrasiyası Bakı və Ankara ilə münasibətlərin pozulmasını qətiyyən istəmir. Konqresdə "erməni soyqırımı" qətnaməsinin müzakirəyə çıxarılmaması da Ağ ev rəhbərinin qətiyyətli mövqe nümayiş etdirməsi ilə izah olunur. Səbəb isə çox sadədir. Rəsmi Vaşinqton xüsusilə Əfqanıstan məsələsiylə bağlı Azərbaycanın və Türkiyənin köməyinə, dəstəyinə böyük ehtiyac duyur. Hər iki ölkə mühüm geostrateji mövqedə yerləşir və ABŞ üçün əvəzolunmaz regional rola malikdirlər. Azərbaycan hazırda dünayanın böyük ehtiyac duyduğu karbohidrogen ehtiyyatları ilə zəngindir. Xəzər neftinin Avropaya nəqli məsələsində də Azərbaycan və Türkiyə açar rolunu oynayır. Bu mənada, Amerika hər iki ölkəyə özünün yaxın tərəfdaşı kimi baxır. Bunun müqabilində Rusiyanın forpostu olan, iqtisadi və siyasi baxımdan gündən-günə geriləyən, heç bir geostrateji əhəmiyyəti olmayan Ermənistanın imkanları çox sönük görünür. Təbii ki, bu dövlətə rəhbərlik edən cinayətkar ünsürlərlə birbaşa əlaqədə olan erməni lobbisininin də...
Dünyada ABŞ-ın kölgə Mərkəzi Kəşfiyyat İdarəsi kimi tanınan "Startfor" araşdırma mərkəzinin bu il yaydığı "Keçmişdən fərqli olaraq bu gün ABŞ Türkiyəyə möhtacdır" başlıqlı hesabat xarakterli analitik məqaləsində də bu həqiqətlər öz əksini tapıb. Məqalədə qeyd olunub ki, "soyuq müharibə" dönəmində Türkiyə Anadolu yarımadasının təhlükəsizliyini təmin etmək üçün dəstəyə ehtiyac duyurdu. Qərbi Avropa, Sovetlər Birliyi və İslam dünyasının mərkəzində yerləşən Türkiyə keçmiş SSRİ-nin Egey, Qara dəniz, Aralıq dənizi və Bəsrə körfəzinə nüfuzunun yayılmasının qarşısının alınması baxımından Birləşmiş Ştatlar və NATO üçün kilid ölkə statusuna malik olmuşdu. "Startfor"a görə bu gün nə Qərb, nə də Türkiyə üçün "Sovet təhlükəsi" yoxdur. Ancaq ABŞ üçün çox ciddi regional maraqlar var ki, onu Türkiyəsiz və digər müttəfiqlərin dəstəyi olmadan reallaşdırmaq mümkün deyil. Amerikanın İran və Rusiya kimi siyasi və hərbi qüdrəti artan ölkələrlə siyasi mübarizəsində rəsmi Ankaranın köməyinə ehtiyacı var. Ankaranın isə daha çox regional əməkdaşlığa ehtiyacı var. Çünki Türkiyə əvvəlki kimi zəif deyil. Özünün missiyası və məqsədləri var.
Maraqlıdır, ABŞ regiondakı siyasətini reallaşdırmaq üçün Türkiyəyə bu qədər ehtiyac duyursa, onda nəyə görə supergüc olan bir ölkə bəzən erməni lobbisinin cılız iddiaları səbəbiylə Ankara ilə gərgin anlar yaşayır. Bu sualı cavablandıran azərbaycanlı və türkiyəli ekspertlərin fikrincə, bəzi məqamlarda Vaşinqtonun Ankaradan hansısa istəkləri olur və bu istəklər heç də ermənilərlə bağlı olmur. Türkiyə bəzən müəyyən məsələlərdə tərəddüd edir və ABŞ-ın istədiyi cavabları vermir. Bu, Əfqanıstan, İran, Rusiya, İraq və başqa məsələlərlə də bağlı ola bilər, Məhz belə məqamlarda "erməni soyqırımı" gündəmə gəlir. Türkiyəyə müəyyən təzyiqlər göstərilir ki, bunun müqabilində qismən də olsa istəklərini əldə etsinlər. Yəni Vaşinqton üçün əhəmiyyətli olan yalan iddialarla ortaya atılmış ermənilər deyil, ABŞ-ın milli mənafeyidir. Ölkənin milli maraqlarının kəsişdiyi yer isə Azərbaycan və Türkiyədir.
{nl}
Rauf ƏLİYEV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.