Xalq üçün tiryək neçəyədir, cənab jurnalistlər?

"WikiLeaks" - sağlam düşüncəyə rəğmən hamının hamıya qarşı müharibəsi
Rusiyanın populyar "Nezavisimaya qazeta" nəşrinin 2010-cu il 22 dekabr tarixli nömrəsində tanınmış jurnalist Oleq Sıqanovun "Xalq üçün tiryək neçəyədir, cənab jurnalistlər? "WikiLeaks" - sağlam düşüncəyə rəğmən hamının hamıya qarşı müharibəsi" məqaləsi dərc edilmişdir. AzərTAc məqaləni təqdim edir.
Biz qloballaşma haqqında tez-tez və çox danışırıq. Lakin fikirləşmirik ki, bu anlayış informasiyadan çox geniş istifadə etmək imkanı ilə yanaşı, həm də müasir cəmiyyətdə informasiyanın prinsipcə yeni rol oynamasını nəzərdə tutur. Müasir insanın yaşadığı mühiti çox vaxt belə də adlandırırlar - informasiya cəmiyyəti. Hətta bəzən "kapitalizm" termini əvəzinə "informasionalizm" terminindən istifadə etmək barədə təkliflər də irəli sürülür.
Yeni bir məkan - informasiya azadlığı məkanı yaradılması informasionalizmin mühüm xüsusiyyətidir. Bu azadlıq İnternetdən geniş istifadə edilməsinə və "Dünya hörümçək toru" vasitəsilə informasiyanın sərbəst mübadilə edilməsi imkanlarına əsaslanır. Lakin məhz bu məqam bəşəriyyət üçün böyük təhlükə mənbəyidir, çünki informasionalizmin qlobal silahı nadürüst, ambisiyalı və ya sadəcə olaraq psixi cəhətdən tamdəyərli olmayan insanların əlinə keçə bilər (və çox vaxt belələrinin əlinə keçir). Belə insanlar üçün söz azadlığı təkcə demokratiya və insan hüquqlarına riayət etməyin əsası deyil, həm də və bundan daha artıq dərəcədə - mənəvi əxlaqsızlığın sərbəstliyi və "dərəbəylik", özünün həyata keçməmiş ambisiyalarını gerçəkləşdirib sevinmək imkanı, növbəti sensasiyalı şayiə yaymaqla öz cızma-qaraları ətrafında qeyri-sağlam ajiotaja təhrik etməkdir.
Mətbuat, xüsusən qərb ölkələrində, dördüncü hakimiyyət rolundan artıq bezmişdir və indi o, ənənəyə görə hakimiyyətin ilk üç qolunun tutduğu ərazini ələ keçirmək iddiasındadır. Dünyanın bir sıra dövlətlərində siyasi isteblişmenti ayağa qaldırmış "WikiLeaks" saytında üfunət iyi verən materiallar dərc edilməsi buna əyani misaldır. İkiqütblü sistemlərin mövcud olduğu dövrdə ideoloji xarakter daşıyan informasiya mübarizəsindən fərqli olaraq "WikiLeaks" saytı ilə bağlı əhvalat artıq hamının hamıya qarşı aşkar informasiya müharibəsidir. Bu müharibədə şübhəli vasitələr tətbiq edilir, üstəlik əhaliyə daha güclü təsir göstərmək məqsədilə dezinformasiya priyomlarından istifadə edilir. Dezinformasiya vasitələri kimi həm birbaşa yalandan, həm də "yarımhəqiqət", şayiələr yayılması, məlumatların gizlədilməsi, məlumatda həqiqətə uyğun olmayan vurğular, qeyri-adekvat şərhlər və digər üsullardan istifadə edilir.
Müxtəlif siyasi qüvvələr "WikiLeaks" saytında dərc edilən materiallara müxtəlif şəkildə münasibət bildirirlər: müxalifət sanki öz kamına çatmasına sevinir. Əslində bu, tamamilə təbiidir, çünki bəzi siyasətçilərin fikrincə, elə bir ciddi hadisə baş verməmişdir və bu cür yazılara münasibət bildirməyə dəyməz. Lakin namuslu sadə vətəndaşların əksəriyyəti bunu mənəvi ikrah hissi ilə qarşılayır.
Əgər "WikiLeaks" saytının yazılarını demokratiyanın və söz azadlığının qələbəsi hesab etmək olarsa, şəxsən mən bunu Pirrin qələbəsi hesab edirəm. Bununla əlaqədar, italiyalı yazıçı və filosof Umberto Ekonun "Liberation" qəzetində dərc olunmuş məqaləsində deyilir: "Bu, bir tərəfdən uydurma qalmaqaldır. Onu yalnız dövlətlər, vətəndaşlar və mətbuat arasındakı münasibətlərdə hökm sürən riyakarlıq fonunda qalmaqal adlandırmaq olar. Digər tərəfdən, bu məsələ beynəlxalq səviyyədə dərin dəyişikliklərin əlamətidir və gələcək reqressin proobrazına çevrilməkdədir".
İtalyan yazıçısının fikrincə, əsasən qəzetlərdən kəsmələr və müxtəlif şayiələr əsasında tərtib edilmiş casus informasiyasının açıq dərc edilməsi faktı riyakarların "vəzifə borcu"na ziddir və Amerika diplomatiyasının iç üzünü çox xoşagəlməz şəkildə nümayiş etdirir. U.Eko yazır: "İkincisi, hər bir xakerin dünyanın ən güclü dövlətinin ən məxfi sirlərini də ələ keçirə bilməsi ideyasının özü Dövlət Departamentinin nüfuzuna güclü zərbə vurur. Buna görə də həmin qalmaqal onun qurbanlarından daha çox, "cinayətkarlar"ın özünə ziyan vurur".
Ümumiyyətlə, mənə belə gəlir ki, "WikiLeaks" və onun kanalizasiyaya axıdılmağa layiq yazılarından sonra dünya xeyli dəyişmişdir. Amerika yazıçısı Rey Bredberinin məşhur hekayəsində təsvir edilən vəziyyət müşahidə olunur: insan uzaq keçmişə düşür və təsadüfən bir kəpənəyi tapdalayaraq təbiətin tarazlığını pozur. Həmin insan müasir dövrə qayıdandan sonra isə onu tanıya bilmir, çünki bəşəri və əxlaqi mədəniyyətin səviyyəsi xeyli azalmışdır.
Bu gün bizim müşahidə etdiyimiz vəziyyət də buna oxşayır: artıq, Assancın işi uğrunda mübarizə aparmağa və hamının hamıya qarşı mübarizəsinə qoşulmağa hazır olduqlarını bildirən saytlar peyda olmuşdur. Kifayət qədər nüfuzlu qəzetlər birdən-birə bu və ya digər ölkənin birinci şəxsləri haqqında açıq-aşkar şübhəli informasiya, bəzən isə aşkar böhtan dərc etməyə başlamışlar. Onlar əsla fikirləşmirlər ki, bu "sarı" xəbərlər beynəlxalq münasibətlərdə gərginlik yaranmasına və nəticə etibarilə onların öz ölkəsinin milli maraqlarına ziyan vurmağa təhrik edə bilər. Quş qripi və ya donuz qripi kimi sürətlə yayılan mənəviyyatsızlıq epidemiyası cəmi bir neçə gün ərzində dördüncü hakimiyyəti bürümüşdür. İndi hakimiyyətin həmin qolu getdikcə daha artıq dərəcədə Yer üzündə birinci, ən qədim peşəni xatırladır.
Bu hadisə Azərbaycan kimi kiçik ölkədən də yan keçməmişdir. Almaniyada çıxan "Şpigel" jurnalının onlayn versiyasında dərc edilmiş məqalələrin birində Azərbaycanı "dünyanın qurtaracağında yerləşən banan respublikası" adlandırmışlar. Qəribədir: indiyə qədər belə hesab edilirdi ki, "banan respublikası" anlayışı daha qüdrətli dövlətlərin iradəsiz satellitləri olan və onların siyasət farvateri hüdudlarında hərəkət edən, onların xammal və siyasi əlavəsinə çevrilən dövlətlərə aiddir. Uşaq da bilir ki, Qərb mətbuatında Azərbaycan rəhbərliyinin "döyülməsinin" səbəbi tamam başqadır: bu onunla bağlıdır ki, Prezident İlham Əliyev həqiqətən müstəqil xarici siyasət yeridir və ölkənin daxili işlərinə heç kəsin qarışmasına imkan vermir. O, qonşu İranla münasibətlərin pisləşməsinin əleyhinədir, azərbaycanlıların 30 milyondan çox etnik qardaşının yaşadığı bu ölkəyə münasibətdə hərbi aksiyaların əleyhinədir. O, transmilli qaz və boru kəmərləri, avtomobil və dəmir yolları layihələrini kimlərinsə göstərişi ilə deyil, öz ölkəsinin milli maraqlarına uyğun olaraq həyata keçirir...
Alman nəşri qızışaraq yazır: "Digər xəzəryanı dövlətlər kimi, Azərbaycan da elə tərəfdaşdır ki, ona görə xəcalət çəkmək lazımdır. Korrupsiyaya qurşanmış hakimiyyət təsisatları neft bumunun və milyardlarla mənfəətin öhdəsindən gələ bilmir, ildə orta hesabla 15 faiz təşkil edən iqtisadi artım isə hüquq və qayda barədə danışmaq istəyənləri məhv edir. Azad mətbuat boğulur, dissidentləri dəyənəklə döyürlər".
"Azad" mətbuatın boğulması və "dissidentlərin dəyənəklə döyülməsi" barədə sonuncu cümlə məni daha çox mütəəssir etdi. Azərbaycanda çıxan bir neçə yüz (500-dən çox) qəzetin əksəriyyəti müxalifət nəşrləridir və bu qəzetlərdə dərc edilən yazıların 99 faizində dövlət başçısının və onun komandasının ən kəskin tənqidinə həsr edilmiş yazılar dərc olunur. Dəyənəklərlə döyülən dissidentlərə gəldikdə isə, burada yalnız icazəsiz mitinqlərdən söhbət gedə bilər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da asayiş orqanları həmin mitinqlərin qarşısını sərt şəkildə alır (oxşar vəziyyəti Parisdə, Londonda, Moskvada və dünyanın digər paytaxt şəhərlərində mitinqlər və iğtişaşlar zamanı müşahidə edə bilərik).
Azərbaycan iqtidarının guya neft bumunun və milyardlarla mənfəətin doğurduğu nəticələrin öhdəsindən gələ bilməməsi barədə yazılanlara gəldikdə isə, cənab jurnalistlər, burada siz acıq-aşkar, ürəyinizdən keçənləri həqiqət kimi qələmə verməyə çalışırsınız. İqtisadi böhranın nəticələrinin öhdəsindən heç cür gələ bilməyən sizin Qərb ölkələridir. Buna görə də sizi qıcıqlandıran odur ki, hansısa "banan" Azərbaycan bu nəticələrin öhdəsindən uğurla gəlir və sizdən sədəqə istəmir. Əksinə, Azərbaycan özü kredit və borc verə bilər. Milyardlarla mənfəət məsələsinə gəldikdə isə bu məbləğin bir qismi iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və dəstəklənməsinə, ərzaq təhlükəsizliyi probleminin həllinə, bir milyon qaçqın və məcburi köçkünün güzəranını yaxşılaşdırmağa, yeni məktəblər, xəstəxanalar tikintisinə və digər tədbirlərə sərf edilir. Buna görə də son 5 ildə ümumi daxili məhsulun həcmi 3 dəfə artmış bu respublika neft bumunun nəticələrinin öhdəsindən çox uğurla gəlir. Cənab Qərb jurnalistləri, deyəsən sizi narahat edən elə bunlardır. Bəs necə: Azərbaycan kimi yağlı tikə sizin əlinizdən çıxır. Siz onunla istədiyiniz kimi rəftar edə, ona öz iradənizi diktə edə, özünüzün konyunktur maraqlarınızı burada irəlilədə bilmirsiniz.
Yerdə nə qalır? Paxıllıq və həsəd. Bu paxıllıq dünyada uğurlu liderliyin ən gözəgəlimli nümunələrindən biri sayılan Əliyevlər ailəsi - Prezident İlham Heydər oğlu Əliyev və onun xanımı Mehriban Əliyeva cütlüyü haqqında çirkin yazılar silsiləsində əksini tapır.
Qəribədir, Amerika diplomatlarının məlumatlarından görünür ki, onların cəfəng dedi-qodularında birinci xanıma və onun zahiri görünüşünə xüsusi diqqət yetirilir. Gözəllik həqiqətən dəhşətli qüvvədir. Klassiklərdən biri vaxtilə demişdir ki, gözəllik dünyanı xilas etməyə qadirdir. Bilmirəm, deyə bilmərəm... Hələlik, zənnimcə, gözəlliyin özünü xilas etmək lazımdır.
XVII əsrdə kilsə xadimləri Paris Notrdam kilsəsi yaxınlığındakı meydanda gənc qaraçı qızı cadugərlikdə ittiham edib, tonqalda yandırmışdılar. Halbuki onun yeganə günahı gözəlliyi idi. XX əsrdə Londonda Diana adlı gözəl şahzədə yaşayırdı. Paparatsi jurnalistlər tacdar cütlüyün şəxsi həyatına müdaxilə edənə qədər vəziyyət o qədər də pis deyildi. Onlar Diananın hər bir addımını izləyir, onun məktublarını araşdırır, yatağında qurdalanırdılar. Faciəli aqibət çox yaxşı məlumdur. XXI əsrdə çoxsaylı müsabiqələrdən birində qalib gəlmiş gözəllik kraliçasının paxıl rəqibləri onu həmişəlik eybəcər hala salmaq üçün bu gözəlin üzünə sulfat turşusu atmışdılar. Gözəllik dəhşətli qüvvədir. Lakin paxıllıq hissi daha dəhşətlidir, çünki öldürür: fərqi yoxdur - mənəvi, yaxud fiziki...
Biz gözəl qadınların karyerada uğursuz, yaxud şəxsi həyatda bədbəxt olmaları barədə çoxsaylı nümunələr bilirik. Bu baxımdan Mehriban Əliyeva nadir istisnadır, çünki xoşbəxtlikdən o, üç məziyyətin hamısını (zahiri görünüş, intellekt, yüksək mənəviyyat) özündə cəmləşdirmişdir və həmvətənlərinin təkcə gözlərini deyil, həm də qəlbini oxşayan yüksək səviyyəli birinci xanım ictimai həyatın ön səhnəsinə çıxmışdır, çünki xeyirxahlıq etmək onun üçün dərk edilmiş zərurət və hətta mənəvi tələbatdır.
Qərb tabloidləri onun guya "açıq-saçıq" geyinmək tərzindən də yazırlar. İcazə verin, bununla razılaşmayaq. Mehriban Əliyevanın rəsmi görüşlərdə, protokol tədbirlərində, respublikanın rayonlarına çoxsaylı səfərlərində insanlarla davranış və ünsiyyət tərzi, zahiri görünüşünün sadəliyi, mehribanlığı və təbiiliyi protokol baxımından həmişə son dərəcə mükəmməldir: hər şey diqqəti özünə daha az cəlb etməyə xidmət edir. Onun günahı deyil ki, bu, heç də həmişə mümkün olmur. Çünki o, həqiqətən çox gözəldir, mifik plastik əməliyyatlar nəticəsində deyil, təbii gözəldir.
Yaxşı, sizcə, indi bəs o, nə etməlidir? Monastıra getməlidir? Çadraya bürünməlidir? Sovet dövrünün birinci xanımları kimi yöndəmsiz olmalıdır (o vaxt da Qərb mətbuatı buna görə onları rişxəndlə tənqid edirdi). Gözqamaşdırıcı işığı bir qədər zəiflətmək üçün həqiqətən plastik əməliyyat etməlidir? Ey əxlaq keşikçiləri və yubkaların uzunluğunun qeyrətini çəkənlər, siz ona nə məsləhət görürsünüz? Bəlkə siz ona həqiqətən təklif edirsiniz ki, camaat arasına Eldar Ryazanovun "İşdə məhəbbət macərası" filminin qəhrəmanı kimi cansıxıcı işgüzar kostyumlarda çıxsın?
Biz başabəla cızmaqaraçılara məsləhət görərdik ki, burunlarını özgələrinin işlərinə soxmasınlar. Bəlkə də öz dolablarınızda nə qədər skelet vardır, gedin onları araşdırın.
...Mehriban Əliyeva öz ailəsini sevən və onun qədrini bilən həyat yoldaşı ilə canbir qəlbdə yaşayır. Özgəsinin xoşbəxtliyi insanları nə üçün bu qədər qıcıqlandırır? Ədəbsizcəsinə açar deşiyindən baxan insanın ibtidai təbiətini, doğrudanmı, heç bir Avropa sivilizasiyası dəyişə bilməmişdir?
İndi isə Heydər Əliyev Fondu və onun çoxsaylı, o cümlədən bəzi Qərb nəşrlərinin bu qədər qeyri-sağlam maraq göstərdiyi, xarici ölkələrdə həyata keçirilən xeyriyyə aksiyaları barədə.
Azərbaycanın birinci xanımından nümunə götürərək xeyriyyəçiliklə məşğul olmaq dəbə düşmüşdür. Bir çox iri iş adamları birinci xanıma xeyirxah işlərində - məktəb binaları inşa etməkdə, uşaq evlərini yenidən qurmaqda, ciddi xəstəliklərdən əziyyət çəkən uşaqları xilas etməkdə ona kömək etməyi özlərinə şərəf sayırlar. Həm atılmış, xəstə, köməksiz, həm də əksinə, istedadlı, uğurlu, enerjili minlərlə uşaq üçün Mehriban Əliyeva həqiqətən şəfqətli Ana obrazına çevrilmişdir. Bu, birinci xanıma ümumxalq məhəbbətinin çoxsaylı səbəblərindən biridir. Mehriban Əliyeva haqqında məqalələrdən birində deyilir: "Azərbaycan öz birinci xanımını sevir və ona inanır. Müvəffəqiyyətin sirri çox sadədir. O, heç kəsə öyüd-nəsihət vermir, moizə oxumur. O, xüsusən, geniş nitqlərlə nadir hallarda çıxış edir. Bu onun şakəri deyildir. Onun şakəri başqadır: xeyirxahlıq etməyin zəruriliyi barədə danışmaqdansa, onu etməyi üstün tutur. Hər dəqiqə, hər saat".
Sonda Əliyevlər ailəsinin və Əliyev komandasının üzvlərinin maliyyə vəsaitləri haqqında. Sizcə, prezidentlər və baş nazirlərin əksəriyyəti yoxsul insanlardır? Yoxsa, Amerika konqresmenləri öz ambisiyalarını vergi ödəyicilərinin pulları ilə həyata keçirmirlər? Uzaq "banan" respublikasının birinci xanımının həyatı ilə bu qədər maraqlanan italyan jurnalistlərinə isə öz baş nazirlərinin qalmaqallı şəxsi həyatına daha diqqətlə baxmağı, fürsət düşmüşkən, Berluskoninin nə dərəcədə zəngin olduğunu və bu sərvətin hansı üsullarla qazanıldığını yada salmağı məsləhət görərdim. Başqa prezidentlərin, sabiq prezidentlərin, məsələn, ABŞ-da sanballı aktivlərə və daşınmaz əmlaka sahib olan ata və oğul Buşların gəlirlərini də yada salmaq olar. Lakin əgər BMT və Avropa İttifaqı Komissiyası kimi nüfuzlu təsisatları vaxtaşırı sarsıdan korrupsiya qalmaqallarından danışsaq, çox xoşagəlməz mənzərə yaranar. Odur ki, cənab Qərb jurnalistləri, özünüzü aydan arı, sudan duru göstərməyə çalışmayın.
Sonda bir məsələni də yada salmaq istərdim. Mərhum Azərbaycan Prezidenti Heydər Əliyev mətbuatla ünsiyyətdə olmağı çox sevir, ona maddi kömək göstərir, mətbuatı məmurların məhkəmə iddialarından qoruyurdu. Azərbaycanda senzuranı o ləğv etmişdir. Prezident yalnız yalanı, böhtanı və uydurma məlumatları qəbul etmirdi. O, hər dəfə jurnalistlərlə söhbətlərində onlara dönə-dönə tövsiyə edərək, "Həqiqəti yazın, həqiqəti yazın", - deyirdi. Zənnimcə, dördüncü hakimiyyətin bütün nümayəndələri bu müdrik məsləhətə əməl etməlidirlər. Böyük rus yazıçısı Lev Tolstoyun çox düzgün olaraq qeyd etdiyi kimi, "İnsanın doğruçuluq dərəcəsi onun mənəvi kamillik dərəcəsinin göstəricisidir".

{nl}

Oleq SIQANOV
 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında