Dünyanın aparıcı dövlətləri mühüm siyasi müzakirələr üçün Bakını seçdilər

Bu, Azərbaycanın həyata keçirdiyi müstəqil və balanslı siyasətin böyük uğurundan xəbər verir

 

 

 

 

 

 

 

 

 

 


Ümid edirəm ki, Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlər bundan sonra da uğurla inkişaf edəcəkdir. Ölkələrimiz arasında əlaqələrin 25 illik tarixi var. Bu müddət ərzində dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxmışdır. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampa təbrik məktubundan.

    Bakı, 9 noyabr, 2016-cı il



Sizi yenidən Azərbaycanda salamlamağa şadam. Vladimir Vladimiroviç, son üç ildə bu, Sizin Azərbaycana üçüncü səfərinizdir. Bu, özlüyündə ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Mən də tez-tez Rusiyada oluram. Bu yaxınlarda, iyun ayında Peterburqda görüşmüşdük. Tez-tez baş tutan görüşlər, əlbəttə, bizim münasibətlərimizin inkişafına yeni təkan verir. Artıq çoxdan strateji tərəfdaşlıq səviyyəsinə çatmış bu münasibətlər bizim həyatımızın, demək olar ki, bütün sahələrini əhatə edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşündəki nitqindən.

   Bakı, 8 avqust, 2016-cı il


Son zamanlar regionda və dünyada gedən istənilən ictimai-siyasi proses özünəməxsus yeniliklərlə yadda qalır. Bizim üçün sevindirici haldır ki, həmin proseslərin əksəriyyətində ya Azərbaycanın iştirakı təmin edilir, ya bizim maraqlarımız  nəzərə alınır, ya da sadəcə tədbir Azərbaycanda keçirilir.  Bu baxımdan fevralın 16-da  Bakıda – Heydər Əliyev Mərkəzində ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya müdafiə nazirinin birinci müavini, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi  Valeri Gerasimov arasında keçirilmiş görüş  xüsusilə əhəmiyyət kəsb edirdi. Nə üçün?

Birinci ona  görə ki, təşkilatçılar bu görüşün Azərbaycan paytaxtında təşkil edilməsi ilə “Bakı  beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilir”--tezisini birmənalı şəkildə təsdiqləmiş oldular. Görüşün əhəmiyyətli adlandırılmasının ikinci  səbəbi isə odur  ki, dünya miqyaslı istənilən beynəlxalq problemin birdəfəlik həll edilməsi üçün müzakirə ünvanı kimi  həmişə Avropa ölkələrinin əsas şəhərləri seçilib. Təbii ki, İkinci dünya müharibəsindən can qurtarmaq məqsədilə  görüşən  dövlət başçılarının 1943-cü ildə Tehranı seçməsi istisna olmaqla. Ona görə də beynəlxalq aləmdə əsas problem olan Yaxın Şərq düyününün açılması, xüsusən, Suriyadakı vəziyyətin hamıya sərfəli məcraya yönəldilməsi məqsədilə görüşən güc sahiblərinin məhz  Bakını seçməsi bizim üçün, sözün həqiqi mənasında, əhəmiyyətli və qürurvericidir.

Bu görüş barədə xəbər yayılan kimi ekspertlər ortaya sual atdılar: “Belə mühüm görüşün təşkili üçün dünyada kifayət qədər məkan olduğu təqdirdə, nəyə görə məhz Azərbaycan seçilib?” Dövlətimizin xarici siyasət kursundan və Prezident İlham Əliyevin dünya miqyasındakı nüfuzundan xəbəri olan hər kəs üçün həmin sualın çox aydın cavabı var idi: “Bu, Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil və balanslı siyasətin dünyanın güc mərkəzləri və böyük ölkələri tərəfindən hörmətlə qarşılanması və qəbul edilməsinin əyani təsdiqidir. Belə ki, Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxın münasibətlər qurmuş, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlıq əlaqələrini daim inkişaf etdirmiş ölkədir”.

Dünyada heç kəsə sirr deyil ki, Azərbaycan Prezidenti İlham Əliyevin həm ABŞ Prezidenti Donald Trampla, həm də Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı hörmətə və etimada əsaslanan yüksək səviyyəli əlaqələri vardır. Hər iki lider Prezident İlham Əliyevi etibarlı tərəfdaş, dünya səviyyəli siyasi lider kimi qəbul edir, onunla əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirirlər. Təsadüfi deyil ki, həm Donald Tramp, həm   də Vladimir Putin Prezident İlham Əliyev haqqında yüksək rəy bildirmiş və onun fəaliyyətini təqdir etmişlər. Bundan başqa, Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalardan demişdir ki, bizim dostlar və tərəfdaşlarla müzakirə zamanı dediyimiz sözlər də hansısa müqavilə və ya protokola atdığımız imzamız qədər  etibarlı və mötəbərdir. Yəni Azərbaycan rəhbərliyi həmişə dediyi sözün reallığa çevrilməsini təmin etmişdir. Həmin reallıqlar heç kəsin diqqətindən yayınmır və  nəticəsi də göz qabağındadır.

Yüksək səviyyəli ABŞ –Rusiya müzakirələrinin aparılması üçün Bakının seçilməsinin başqa səbəbləri də vardır. Məsələn, bir neçə il qabaq Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş və bu qurumda iki illik fəaliyyəti dövründə öz missiyasını və vəzifələrini uğurla yerinə yetirmişdir. Təbii ki, ölkəmizin həmin quruma üzv seçilməsi o qədər də sadə proses deyildi. BMT üzvü olan 155 ölkənin Azərbaycanın lehinə səs verməsi bizə göstərilən böyük etimad idi. Yəni Moskva da, Vaşinqton da özləri üçün mühüm əhəmiyyət kəsb edən müzakirələri məhz dünyanın 155 ölkəsinin etibar etdiyi, layiq bildiyi ünvanda təşkil etməyə üstünlük veriblər.

Heç kəsin yadından çıxmayıb ki, bütün azərbaycanlıların ümummilli lideri Heydər Əliyev həm ABŞ, həm də Rusiya Federasiyası ilə hərtərəfli əməkdaşlığı daim diqqətdə saxlayır və bu münasibətlərə xüsusi önəm verirdi. Təsadüfi deyildi ki,  11 Sentyabr terror hadisəsindən dərhal sonra Vaşinqtona zəng edib beynəlxalq antiterror koalisiyaya qoşulduğunu deyən ilk prezidentlərdən biri məhz Heydər Əliyev olmuşdu.  Bu gün dünyanın hər yerində , hamı bilir ki, Azərbaycan planetdəki  sülhyaratma prosesində fəal iştirak edir, səmərəli təklif və təşəbbüslər irəli sürür, öz praktiki fəaliyyəti ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə dəyərli töhfələr verir.

Bundan başqa, ölkəmizin zəngin təbii ehtiyatlara malik olması da rəsmi Bakının beynəlxalq aləmdəki nüfuzunun formalaşmasında xüsusi rol oynayır. Hamı görür ki,  Azərbaycanın enerji siyasəti həm də bütün bölgənin inkişafına və rifahına xidmət edir. Azərbaycan regionun və Avropanan enerji təhlükəsizliyinin təmin edilməsində əsas dövlətlərdən biridir.  Bu istiqamətli siyasətimiz həm Moskvada, həm də Vaşinqtonda yüksək səviyyədə dəstəklənir. Bundan başqa, ölkəmiz mühüm nəqliyyat-kommunikasiya dəhlizlərinin yaradılması prosesinin əsas təşəbbüskarı və aparıcı iştirakçılarından biridir. Azərbaycanın həyata keçirdiyi siyasət regionda və daha böyük coğrafiyada iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi və bütün ölkələrin bu inkişafdan faydalanmasına yönəlib.

Ekspertlərin fikrincə, Azərbaycan regional münaqişələrin, qarşıdurmaların, gərginliyin aradan qaldırılmasında fəal rol oynayır, barışdırıcı missiya həyata keçirir. Azərbaycan Rusiya ilə Türkiyə arasında gərginliyin aradan qaldırılmasında fəal rol oynayıb. Ötən il dövlət başçımızın təşəbbüsü ilə reallaşdırılan bir çox görüş və müzakirələr dünyanın, demək olar ki, bütün nöqtələrində dəstəklənmişdi. Rəsmi Bakı  həm NATO, həm də KTMT-nin regionda maraqlarının uzlaşmasına hərtərəfli dəstək verir. Bundan başqa, biz daim  regionda yeni əməkdaşlıq formatlarının əsas təşəbbüskarı kimi çıxış edir və bütün səylərimizi regionun inkişafı və rifahına yönəldirik. Azərbaycan-Rusiya -İran, Azərbaycan-Türkiyə-Gürcüstan və digər əməkdaşlıq formatları məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə reallığa çevrilib.

Dünyanın əsas güc sahibləri olan ABŞ və Rusiyanın hərbi rəhbərliyinin mühüm müzakirələr üçün Bakını seçməsi ilə bağlı qeydlərimizi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu iki ölkə ilə dostluq, tərəfdaşlıq münasibətlərimizin səviyyəsini göstərən fikirləri ilə  tamamlamaq istəyirik. Dövlət başçımız ötən il oktyabrın 19-da  “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi  müsahibədə demişdi: “Avqust ayında Prezident Putinin Bakıya sonuncu səfəri bunu bir daha təsdiq etdi – biz elə bir mövzu tapmadıq ki, orada nəyəsə düzəliş etməyə ehtiyac olsun. Xeyr, istər nə mənim tərəfimdən, istərsə də Rusiya tərəfindən belə mövzu yox idi”.

Dövlət başçımız Bakıda keçirilən beynəlxalq tədbirdə iştirak  etməkdən ötrü  ölkəmizə gəlmiş xarici jurnalistlər üçün keçirilən mətbuat konfransında demişdi: “Bizim Birləşmiş Ştatlarla münasibətimiz olduqca yüksək səviyyədədir. Biz müttəfiqik və müxtəlif məsələlər ətrafında sıx əməkdaşlıq edirik. Enerji sektorunda da çox möhkəm əlaqələrimiz var. Birləşmiş Ştatlar bizim enerji inkişafımızı və xüsusən də, Bakı-Tbilisi-Ceyhan boru kəmərinin çəkilməsini hər zaman lazımınca dəstəkləyib və dəstəkləyir”.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında