Diplomatların Cocuq Mərcanlıya səfəri Dağlıq Qarabağ probleminin həllinə beynəlxalq dəstəkdir

Azərbaycan xalqının böyük səbirsizliklə gözlədiyi gün, nəhayət, yetişdi. Uzun illərdir ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan əraziləri artıq rəşadətli ordumuz tərəfindən azad olunur və tarixən həmin ərazilərdə yaşamış soydaşlarımız doğma ata-baba yurdlarına qayıtmağa hazırlaşır. Böyük qayıdışa  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən başlanılır. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin hər zaman səsləndirdiyi “Biz işğal olunmuş torpaqlarımıza qayıdacağıq və Azərbaycanın bir qarış torpağı belə işğal altında qalmayacaq”,
– qətiyyətli fikri artıq reallaşır.

Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdu. Lakin Azərbaycanın mərd, igid, vətənpərvər oğulları bu kəndi işğal altında çox qalmağa qoymadılar. 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndimizlə birgə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. İşğalçı Ermənistan ordusu böyük itkilər verərək, bu kənddən də qovuldu.

İyirmi iki il sonra –2016-cı ilin aprelində Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verməklə, tariximizə daha bir şanlı qələbə  səhifəsi yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində 20 ildən artıq düşmən əsarətində olan 2 min hektar  torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu.  Artıq bu srtateji yüksəklik Azərbaycan Ordusunun nəzarətindədir. Bu da  Cocuq Mərcanlı sakinlərinin təhlükəsizliyini gücləndirib. Dövlətimizin başçısının Lələtəpə yüksəkliyinə gəlməsi, torpaqlarımızın müdafiəsində dayanan əsgər və zabitlərimizlə görüşməsi onlarda böyük ruh yüksəkliyi yaratdı. Azərbaycan əsgər və zabiti bir daha əmin oldu ki, onun arxasında dünya birliyində söz sahibinə çevrilən müstəqil Azərbaycan dövləti, onun beynəlxalq aləmdə böyük nüfuz qazanmış Prezidenti, Ali Baş Komandan İlham Əliyev dayanıb.

Uzun illər idi ki,  bu kənddə düşməndən qorxub - çəkinmədən cəmi bir ailə yaşayırdı. Ancaq ölkə Prezidentinin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” və “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamları doğma yurdlarından didərgin salınmış bütün soydaşlarımıza, o cümlədən Azərbaycan xalqına ümidverici addım oldu. İndi hər birimizdə işğal altında olan ərazilərimizin gec-tez azad olunacağına və tarixən həmin ərazilərdə məskunlaşmış həmvətənlərimizin isti ocaqlarına qayıdacağına böyük əminlik yaranıb. Artıq biz o yerlərə qayıtmağa başlayırıq. Dövlətimizin başçısının sərəncamlarından sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün hazırlıq işlərinə başlanılıb. 

Bu kəndə gedən yolun yenidən qurulması da ölkə Prezidentinin diqqət mərkəzində saxladığı zəruri sahələrdən olub. Dövlət başçısının bu məqsədlə imzaladığı sərəncama əsasən ümumi uzunluğu 9 kilometr olan avtomobil yolunun tikintisi məqsədi ilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu  üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə “Respublikanın kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması” üçün nəzərdə tutulmuş vəsaitin 4,3 milyon manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Azərbaycan Prezidentinin bu sərəncamları Ermənistanda ciddi təşviş yaradıb. İşğalçı dövlət artıq Azərbaycan Silahlı Qüvvələrinin gücünə bələd oldu. Ötən ilin aprel döyüşlərindən sonra  dünya birliyinə də məlum oldu ki, Azərbaycan Ordusu işğal altında olan ərazilərini azad etməyə qadirdir və gec-tez buna nail olacaq. Beynəlxalq birliyə o da məlumdur ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdə bütün tarixi mədəni abidələri məhv etmiş, qəbiristanlıqlar, evlər vəhşicəsinə dağıdılmış, yaşıllıqlar məhv edilmişdir. Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri və beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinin rəhbərləri bugünlərdə Cocuq Mərcanlıya səfərləri zamanı bir daha erməni vəhşiliyinin şahidi olmuşlar. Dövlətimizin başçısının tapşırığına əsasən reallaşan bu səfərdə  60-a yaxın diplomat Cocuq Mərcanlıda həyata keçirilən yenidənqurma və abadlıq işləri ilə yaxından tanış olmuş, o cümlədən erməni vandalizminin törətdiyi dağıntıları öz gözləri ilə görmüşlər.

Xarici ölkə diplomatlarına məlum olmuşdur ki, Cocuq Mərcanlı cəmi bir neçə ay düşmən əsarətində saxlanılıb. Bu müddət ərzində ermənilərin Azərbaycan ərazisində törətdikləri vəhşiliklər insanlıqdan tamamilə uzaqdır. Bu vandal aktı bir daha təsdiqləmişdir ki, Ermənistan silahlı qüvvələri işğal altında saxladıqları bütün ərazilərimizi yerlə-yeksan ediblər. Diplomatlar, həmçinin hazırda Cocuq Mərcanlıda erməni silahlı qüvvələri tərəfindən minalanmış ərazilərdə ANAMA tərəfindən aparılan təmizləmə əməliyyatı ilə də  məlumatlandırılmışlar. Məlum olub ki, artıq 13 gündür kənddə minatəmizləmə əməliyyatı aparılır. Əməliyyat 300 hektar ərazidə həyata keçirilir. Bu günədək 71 min kvadratmetr ərazi təmizlənmiş, 17 ev yoxlanılmışdır. Əməliyyat zamanı beş ədəd partlamamış hərbi sursat aşkar edilib.

Kənddə bərpa işlərinin aparılması ilə yaxından tanış olan diplomatlara tarixən bu kənddə yaşayan, indi isə məcburi köçkün halına salınmış sakinlərin tezliklə doğma yurdlarına qayıtmaq arzusu bəlli olmuşdur. Onlara məlumat verilmişdir ki, işğaldan əvvəl kənddə 290 ailə yaşayıb. Təbii artım hesabına kəndin ailəsinin sayı indi 400-ə çatıb və onlar respublikanın müxtəlif regionlarında məskunlaşıblar. Artıq 250 ailə öz ərizəsi ilə kəndə qayıtmaqla bağlı müraciət edib. Onların rahat yaşamaları üçün bütün infrastruktur yaradılacaq. Prezident İlham Əliyevin  tapşırığına əsasən kənddə uşaq bağçası, məktəb, tibb, mədəniyyət obyektləri inşa ediləcək. Təbii ki, su, qaz xətləri də çəkiləcək.

Diplomatlar hər şeylə yerində tanış olmalarından məmnunluqlarını bildirmişlər. Bunu jurnalistlərə verdikləri açıqlama zamanı da etiraf etmişlər. Bolqarıstanın Azərbaycandakı səfiri Maya Xristovanın dediklərindən: “Cocuq Mərcanlı kəndinə səfər bizim üçün çox maraqlı oldu. Burada yaşayan ailəni görəndə Azərbaycan xalqının öz torpağını necə sevməsinin şahidi olduq. Bu, vətənpərvərlik ruhudur və biz bunu hiss etdik. Tezliklə bu kəndə daha çox insanın köçməsini və burada çoxlu məktəb, uşaq bağçası tikilməsini arzulayıram”.

Cocuq Mərcanlıda səfərdə olan Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Fransanın Azərbaycandakı səfiri Orelia Buşez də səfəri çox əhəmiyyətli hesab etmişlər, hər şeyi öz gözləri ilə gördüklərinə görə yaradılan şərait üçün minnətdarlıqlarını bildirmişlər. Həmçinin qeyd etmişlər ki, əraziləri  və doğma ocaqlarından didərgin salınmış insanları bu vəziyyətdə görəndə münaqişənin tezliklə həll olunmasının vacibliyi özünü açıq şəkildə göstərir.

Xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndələri və beynəlxalq təşkilatların Bakıdakı nümayəndələrinin rəhbərlərinin Cocuq Mərcanlıya səfərindən və erməni vandalizmi ilə yaxından tanış olmalarından, düşməndən azad edilmiş ərazilərdə bərpa işlərinin aparılmasından, habelə tarixən bu kənddə yaşayan sakinlərin yenidən doğma yurdlarına qayıtmalarından məmnunluq ifadə etmələri Qarabağa qayıdışımıza beynəlxalq dəstəkdir. Bu, beynəlxalq birliyin Azərbaycanın mövqeyini müdafiə etməsinin tərəfdarı olduğunu bir daha təsdiqlədi. Artıq dünyanın tanınmış ekspertləri də Ermənistanı işğalçı dövlət kimi tanıdıqlarını açıq şəkildə etiraf edirlər.

Bu yaxınlarda  Beynəlxalq Analitik İnformasiya portalı olan “Eurasia Diary”yə məxsusi müsahibə verən beynəlxalq münasibətlər üzrə tanınmış amerikalı ekspert Peter Tasenin dedikləri də bunu təsdiqləyir. Amerikalı ekspert deyib ki, Ermənistan Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ bölgəsindən və yeddi ətraf rayonundan işğalçı ordusunu çıxarmalı və beynəlxalq hüququn prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmət etməlidir. Yerevan mövcud status-kvonu saxlamaqdan əl çəkməli və Bakı ilə danışıqlara başlamalıdır: “Sarkisyan hökuməti ölkəsindəki korrupsiyaya və bir sıra cinayətlərə qarşı mübarizəyə diqqət ayırmalı və ən əsası, erməni xalqının uzun müddət üzləşdiyi daxili problemlərə kölgə salan Dağlıq Qarabağ münaqişəsindən vasitə kimi istifadə etməməlidir”.

Göründüyü kimi, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin davam etdirdiyi uğurlu xarici siyasət ölkəmizin dünya birliyindəki reytinqini getdikcə artırır, Azərbaycanı dünyada sülhsevər, Ermənistanı isə işğalçı dövlət kimi tanıdır. Bunu 60-a yaxın diplomatik nümayəndənin Cocuq Mərcanlıya səfəri də təsdiqlədi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında