Cəza siyasətinin humanistləşdirilməsi istiqamətində atılmış uğurlu addım

Penitensiar  sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamı son 12 ildə penitensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı aparılan islahatların növbəti mərhələsinə start verir.

Digər tərəfdən, bu sərəncamla nəzərdə tutulan yeniliklər bütünlüklə ölkədə aparılan islahatlar kontekstində də nəzərdən keçirilməlidir.  Azərbaycanda siyasi, iqtisadi islahatlar həmahəng şəkildə aparılır. Digər sahələrdəki dəyişikliklər də bu islahatları tamamlayır və inkişaf üçün yeni imkan və stimullar yaradır.

Bu baxımdan  penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini nəzərdə tutan sərəncam məhz zamanın ruhuna uyğundur. Azərbaycan bütün sahələrə yeniliklər, dinamizm və qabaqcıl standartlar gətirən islahatlar mərhələsindən keçir və cəza siyasətinin liberallaşdırılmasına da bu prizmadan yanaşılmalıdır.

Penitensiar xidmətin fəaliyyəti və bütövlükdə cəzaların icrası sahəsində yeni islahatlar, bir tərəfdən hazırda ictimai münasibətlərdə və cəmiyyət həyatının bütün sahələrində baş verən sürətli dəyişikliklərlə şərtlənirsə, digər tərəfdən mövcud problemlərin səmərli həllinə olan ehtiyac bunu zəruri edirdi.

Bu baxımdan cənab Prezidentin bu təşəbbüsü həm müasir dövrün tələblərinini nəzərə alır və innovasiyalar üçün  imkan yaradır, həm də mövcud problemlərin səmərəli həlli üçün yeni yanaşmalardan və qabaqcıl dünya təcrübəsindən yararlanmağı təqdim edir. Cənab Prezidentin bu addımı zamanında atılıb və penitensiar sahədə, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı indiyədək əldə edilmiş təcrübədən effektiv yararlanmaq imkanı verir. Sərəncamın məzmununa nəzər salsaq, diqqətlə təhlil etsək, görərik ki, burada həm cəmiyyətin, həm fərdin, həm də dövlətin maraqları nəzərə  alınıb.

Uzun illərdir ki, cəzaçəkmə müəssisələrində monitorinqlər aparan, penitensiar sistemin fəaliyyəti ilə yaxından tanış olan  bir şəxs kimi qeyd edə bilərəm ki, sərəncamda mövcud  problemlər çox aydın şəkildə göstərilib.

Məlumat üçün bildirək ki, 2016-cı il 8 mart tarixində Avropa Şurası Avropa ölkələrindəki həbsxanaların vəziyyəti ilə bağlı hesabatını açıqlamışdı. Hesabatda qeyd olunur ki,  Rusiyadan sonrakı yerləri əhalinin hər 100 min nəfərinə düşən məhbusların sayına görə, 305 nəfərlə Litva, 240 nəfərlə Latviya, 238 nəfərlə Azərbaycan, 227,9 nəfərlə Gürcüstan, 225 nəfərlə Estoniya, 204  nəfərlə Ukrayna  tutur.

Türkiyədə hər 100 min nəfərə düşən məhbus sayı 197,5,  Moldovada 201,3, Polşada 203,5 nəfərdir.

Avropa Şurasına üzv ölkələrdə hər 100 min nəfərə düşən məhbus sayı 124 nəfər təşkil edir.

Göründüyü kimi, Azərbaycan Prezidenti və müvafiq strukturlar zamanında bu problemə çevik reaksiya verdilər.

Sərəncamda nəzərdə tutulan tədbirlər və Probasiya xidmətinin yaradılması bu problemi əhəmiyyətli dərəcədə həll etməyə imkan yaradacaq.

Digər tərəfdən, alternativ cəzaların tətbiqi ilk növbədə fərdin, vətəndaşın maraqlarını əsas tutmağa imkan verəcək. Bir qayda olaraq, bütün cəmiyyət və dövlət cəza siyasətində kollektiv maraqların əsas tutulmasına çalışır və cəza siyasəti buna uyğun həyata keçirilir. Amma alternativ cəzaların geniş tətbiqi məhz fərdin hüquqlarının qorunması baxımından əhəmiyyətlidir. Obrazlı şəkildə desək alternativ cəzaların tətbiqi vətəndaş üçün daha humanist  islah yolu təqdim edir. Sərəncamda daha çox bu məsələyə diqqət yetirilməsi çox mühümdür. Dövlət başçısı aydın mesaj verdi ki,  alternativ islah yolları hazırda dövlət üçün də prioritet olmalıdır. Yəni dövlət cəza siyasətində əvvəlki təcrübə ilə müqayisədə azadlığın sərhədlərini daha da genişləndirir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qeyd etdiyi kimi, “imzalanan sərəncam möhtərəm Prezident İlham Əliyev cənablarının humanist siyasətinin növbəti təzahürü olmaqla, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Bu sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsidir”.

Ədliyyə Nazirliyi, Penitensiar Xidmət hər zaman cəzaların icrası sahəsində mütərəqqi yeniliklərə açıq olub. İndiyədək bu sahədə çoxşaxəli islahatlar həyata keçirilmiş, səmərəli ictimai nəzarət sistemi tətbiq olunub. Həm qanunvericiliyin təkmilləşdirilməsi, həm də institusional sahədə yeniliklər tətbiq edilib.  Bu sərəncam isə indiyə qədər görülən işlərin davam etdirilməsi, yeni islahatlar üçün çox yaxşı imkanlar verir və vəzifələr müəyyənləşdirir.  Fuad Ələsgərov müsahibəsində bunu çox dəqiq şəkildə ifadə edib: “Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün “yol xəritəsi” olacaqdır”.

Məhbus sayının artması, eyni zamanda, iqtisadi problem kimi də nəzərdən keçirilməlidir. Azərbaycanda hər il təxminən 80 milyon manatdan çox maliyyə vəsaiti yalnız məhbusların saxlanması xərclərinə sərf edilir. Bura Penitensiar Xidmətin institusional xərcləri aid deyil. Bu məbləğə yalnız məhbusların qidalanması, geyimi, məişət şəraiti üçün və s. çəkilən xərclər daxildir.

Avropa həbsxanalarında hər məhbus  üçün gündəlik ayrılan məbləğ orta hesabla   99,1 avrodan 96,7 avroya qədər azalıb. 2012-ci ilin məlumatına görə, Rusiyada gündəlik hər məhkum üçün 2,2 avro, Belarusda isə 2011-ci ildə 1,48 avro, Qırğızıstanda 2014-cü ildə 1,55 avro xərclənib. Qazaxıstanda isə bu məbləğ 5 avrodan çoxdur.

Yəni alternativ cəza sisteminin səmərəli işləməsi iqtisadi baxımdan da faydalıdır.

Digər mühüm məsələ Penitensiar Xidmətin fəaliyyətində nəzərdə tutulan islahatlardır. Bu zaman da yeni yanaşma tətbiq olunur.  İslahatlar Penitensiar Xidmətə öz fəaliyyətini müsair tələblərə uyğun şəkildə qurmağa imkan verəcək.Sərəncamda,  xüsusilə alternativ cəzaların   çəkilməsi ilə bağlı səmərli nəzarət sisteminin yaradılmasının vacibliyi vurğulanıb. Cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması ilə bağlı tədbirlərin görülməsinin planlaşdırılması da çox mühümdür.

Eyni zamanda, alternativ cəzaların tətbiq edilməsi halları genişləndikcə, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzalara məhkum edilən şəxslərin böyük kontingenti yaranacaq. Bu sistemin idarə olunması,  islah sisteminin səmərəli işləməsi üçün də sərəncama müvafiq olaraq tədbirlər görüləcək. Şübhəsiz ki, Probasiya xidməti məhz bi sistemi idarə edəcək, mənətəqə tipli CÇM-lər yeni formatda fəaliyyət göstərməli olacaq, məhkumların əməyə daha çox cəlb edilməsinin genişlənməsinə ehtiyac yaranacaq.  Bütün bunlar üçün də muasir həll variantları təklif edilir. Xüsusən bizneslə əməkdaşlıq imkanları yaranacaq.  İKT-nin tətbiqi isə insan hüquq və azadlıqlarını pozmadan, ləyaqətli rəftar standartları çərçivəsində nəzarəti həyata keçirməyə imkan verəcəkdir.

Probasiya xidmətinin yaranması sosial inteqrasiya tədbirlərinin daha effektiv görülməsi, insan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi, adaptasiyası tədbirlərini həyata keçirməyə imkan verəcək. Bunun fəlsəfəsində cəmiyyət və dövlətin çətin həyat şəraitinə düşən, bundan irəli gələrək səhv buraxan insanların daha humanist yolla islahına nail olmaq yer alır. Yəni cəmiyyət və dövlət belə səhvlərin aradan qaldırılması üçün daha humanist yanaşma nümayiş etdirir. Probasiya tədbirləri ilk növbədə profilaktika deməkdir. Yəni səhv edən vətəndaşlar alternativ cəzaların köməyi ilə islah edilir. Bunun üçün dəmir barmaqlıqlar arxasında oturmağa ehtiyac qalmır.

Probasiya    tədbirləri insanı cəmiyyətdən təcrid etmədən onun islahına imkan yaradır. Ekspert  araşdırmalarına görə azadlıqdan məhrumetmə qətimkan tədbiri seçilmədən islah tədbirləri dövlətə 5 dəfə ucuz başa gəlir. Eyni zamanda, bu tədbirlər cəza verilən şəxslər üçün cəmiyyətin xeyrinə işləmək və fayda vermək şansı da yaradır.

Probasiya xidmətinin yaradılması cəzanı cəmiyyət və cəza təyin edilmiş şəxsin özü üçün yenidən tərbiyəyə çevirməyə imkan yaradır.

Şübhəsiz ki, bütün bu addımlar  məhz  toplumun maraqlarına xidmət edir,  cəmiyyətdə humanist dəyərlərin möhkəmlənməsini şərtləndirir. Humanist dəyərlər isə tərəqqinin, inkişafın, ən başlıcası sosial ədalətin  təməlini təşkil edir. 

Sözügedən sərəncamın əsas qayəsini də ümumi şəkildə məhz belə ifadə edə bilərik: Probasiya mürəkkəb sosial-hüquqi institutdur və onun səmərli işləməsi üçün kompleks yanaşma tələb olunur. Prezident sərəncamı məhz kompleks tədbirlər nəzərdə tutur və bu sənədin üstünlüklərindən biri də məhz budur.

İlk növbədə normativ hüquqi baza yəqin ki, yenidən nəzərdən keçirilməlidir. Məhkəmə sistemi cəzaların təyin edilməsi praktikasında doğrudan da çox ciddi dəyişiklik etməlidir.  Prezident sərəncamında məhkəmələrə tövsiyə hissəsində bu məsələlələr çox aydın və detallı şəkildə əksini tapıb. Hakimlərimizdən çox böyük peşəkarlıq, həm də deyərdim ki, cəsarət və humanizmin birgə istifadəsi tələb olunacaq. Məhkəmə sistemi, hakimlərimiz  elə etməlidirlər ki, Prezident sərəncamında nəzərdə tutulan hədəflərə tam çata bilək. Eyni zamanda, məhkəmə araşdırması da daha ciddi aparılacaq və hakimlərimizin məsuliyyətinin artacağını da söyləyə bilərik.

Digər tərəfdən, Probasiya xidmətinin tətbiqi, hər şeydən əvvəl, ixtisaslaşmış kadrlar hazırlanmasını zəruri edir. Çünki probasiya sistemi daha çox fərdi islahı və hər bir məhkuma fərdi yanaşmanı əsas tutur. Probasiya sistemi elə işləməldir ki, cəza və mükafatlandırma tədbirlərində tarazlıq gözlənilsin. Eyni zamanda, subyektiv yanaşma hallarının qarşısı alınsın. Statistika və uçotun aparılması, məlumatların toplanmasının effektiv sistemi də tələb olunmalıdır ki, tədbirlərin necə səmərə verməsini görmək mümkün olsun.

İctimai nəzarətin də əhəmiyyəti çox yüksələcək. Belə ki, bu yeni sistemin necə işləməsi və mümkün nöqsanların aradan qaldırılması üçün ictimai nəzarət çox mühüm alət kimi çıxış edəcək.

Əliməmməd NURİYEV,
“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti,
Ədliyyə Nazirliyi  yanında Penitensiar Xidmətə Nəzarət üzrə İctimai Komitənin üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında