Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağda “referendum” keçirilməsi qeyri-legitimdir və onun nəticələri tanına bilməz

Beynəlxalq ictimaiyyət Ermənistana niyə təzyiq göstərmir?

Təcavüzkar Ermənistan müvəqqəti işğal altında olan Azərbaycan ərazilərində növbəti siyasi şouya hazırlaşır. Belə ki, üzdəniraq qonşumuz işğal altında saxladığı Dağlıq Qarabağ və ona bitişik ərazilərdə yaratdığı oyuncaq və qeyri-qanuni rejimdə “referendum” keçirməyi planlaşdırır. Rəsmi İrəvan münaqişənin tənzimlənməsinə konstruktiv yanaşmaq əvəzinə, belə qanunsuz “seçkilər” keçirməyə çalışır və münaqişənin həllinə yönəlmiş fəaliyyətə zərbə vurmaqla bərabər, həm də ərazilərin hüquqi sahibi olan Azərbaycanın “Referendum haqqında” Qanununun müddəalarını kobud şəkildə pozur. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi  ilə məşğul olan ATƏT-in Minsk qrupunun da məsələyə hələ də münasibət bildirməməsi işğalçı dövləti qanunsuz əməllərə sövq etməsinə şərait yaradır.

Rəsmi Bakı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinin və vəziyyəti hərbi əməliyyatlar dərəcəsinə çatdırmadan Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədinin bərpa edilməsinin tərəfdarı olduğunu həmişə bəyan edir. Belə bir prosesin reallaşması üçün Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən - bütövlükdə dövlətimizin ərazisinin 20 faizini təşkil edən Dağlıq Qarabağ regionundan və yeddi ətraf rayondan çıxarılmalıdır. Rəmi Bakı bəyan edir ki, 1991-ci il dekabrın 10-da Azərbaycanın Dağlıq Qarabağ regionunda qanunsuz və özbaşına keçirilmiş qondarma "referendum"un nəticələrinin tanınması qeyri-mümkündür, çünki keçmiş SSRİ qanunvericiliyini pozmaqla keçirilmiş referendumun heç bir hüquqi əsası olmamışdır. Ancaq ermənilər beynəlxalq qanunlara zidd olaraq qeyri-qanuni əməllərini həyata keçirməkdən əl çəkmirlər. 2015-ci ildə olduğu kimi, indi də, kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, 2017-ci il fevralın 20-də Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirməyi planlaşdırırlar. Xatırladaq ki, 2015-ci il sentyabrın 10-da Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejim “bələdiyyə seçkiləri” keçirmişdi. Lakin beynəlxalq təşkilatlar, o cümlədən böyük dövlətlər Azərbaycan Respublikasının Konstitusiyasını və beynəlxalq hüquq normalarını pozan 10 sentyabr seçkilərinin nəticələrini tanımaqdan imtina etmişdi.

Beynəlxalq ictimaiyyətin sərt mövqeyinə baxmayaraq, Ermənistan qondarma Dağlıq Qarabağ rejimində qanunsuz seçki keçirməyə hazırlaşır. Qondarma rejimdə “referendum” keçirməklə rəsmi İrəvan Azərbaycan Respublikasının “Referendum haqqında” Qanununun müddəalarını kobud şəkildə pozur. Belə ki, həmin qanuna əsasən, referendum təyin etmək hüququ Azərbaycan Respublikasının Milli Məclisinə və Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Lakin işğalçı Ermənistan sahib olmadığı ərazilərdə “seçkilər” keçirməyə hazırlaşmaqla beynəlxalq qanunlara hörmətsizliyini bir daha nümayiş etdirir. Rəsmi Bakı dəfələrlə bəyan etmişdir ki, Dağlıq Qarabağda referendum yalnız azərbaycanlı məcburi köçkünlərin regiona qaytarılmasından sonra keçirilə bilər. Lakin rəsmi İrəvan qeyri-konstruktiv mövqe tutmaqla, Dağlıq Qarabağ münaqişəsinin tezliklə tənzimlənməsində maraqlı olmadığını sübut edəcək addımlar atmaqdan çəkinmir və beynəlxalq ictimaiyyətin münaqişənin həllinə yönəlik fəaliyyətini pozmağa çalışır. Ermənistan işğalı qanuniləşdirmək üçün canfəşanlıq edir.             O, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına, dünya ictimaiyyətinə etinasızlıq göstərərək, işğal etdiyi Azərbaycan ərazilərini azad etmək barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının mövcud qətnamələrini icra etməkdən boyun qaçırır. 

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi işğal edilmiş ərazilərdə keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum”la bağlı bəyanatında bir daha bəyan etmişdir ki, bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir. Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır ki, qeyri-qanuni “referendum” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bəyanatda deyilir: “Bu qondarma “referendum”, həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir”. Həmin bəyanatda rəsmi Bakı beynəlxalq ictimaiyyəti qondarma qeyri-qanuni “referendum”u qəti şəkildə pisləməyə və erməniləri beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməyə, işğalçılıq və ilhaqçılıq siyasətinə son qoymağa, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməyə və beynəlxalq öhdəliklərə əməl etməsi üçün Ermənistana siyasi və diplomatik təzyiq göstərməyə çağırmışdır.

Təəssüf ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində də ikili standartlarla üzləşməkdə davam edir. Hər bir azərbaycanlını narahat edən məqamlardan biri budur ki, Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş, status-kvo vəziyyətinin maksimum qorunub saxlanmasına istiqamətlənmiş bu təxribatçı addımını beynəlxalq təşkilatlar, beynəlxalq ictimaiyyət sükutla qarşılayır, heç bir iradə və qətiyyət nümayiş etdirmirlər. Axı nəyə görə beynəlxalq təşkilatlar və dünya siyasətinin axarına təsir etmək gücündə olan dövlətlər postsovet məkanında baş verən bir sıra proseslərə, məsələn, Abxaziyada, Cənubi Osetiyada referendum keçirilməsilə bağlı cəhdlərə qətiyyətlə reaksiya verirlər. Məsələ Dağlıq Qarabağ münaqişəsi üzərinə gələn zaman analoji yanaşmanı Ermənistanın separatçı hərəkətlərinə qarşı müşahidə etmirik. Xüsusilə də ATƏT-in Minsk qrupunun susqunluğu təəccüb doğurur. Axı, belə qanunsuz seçkilər münaqişənin həllinə ancaq mənfi təsir göstərir və Minsk qrupunun rəsmi İrəvanın “referendum” planına reaksiya göstərməməsi işğalçı dövlətin qeyri-konstruktiv mövqeyini gücləndirir.

Minsk qrupunun üzvü olan ABŞ-ın da ermənilərin son seçki planına göstərdiyi biganə münasibət təəccüb və təəssüf doğurur. Halbuki ABŞ-ın Gürcüstandakı səfirliyi Cənubi Osetiya regionunda planlaşdırılan referendumu legitim hesab etmədiyini açıqlamışdır. “Newsgeorgia.ge” saytının verdiyi məlumata əsasən, səfirliyin bəyanatında bildirilir ki, bu kimi təxribatçı addımlar etimadın itməsinə və Cenevrə danışıqlarının əhəmiyyətinin azalmasına gətirib çıxarır: “ABŞ Gürcüstan hökumətinin razılığı olmadan Gürcüstan ərazisində keçirilməsi planlaşdırılan bu referendumun nəticələrini tanımayacaq. Abxaziya və Cənubi Osetiya Gürcüstanın ayrılmaz hissəsidir. Biz bir daha Gürcüstanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəstəklədiyimizi bəyan edirik. ABŞ Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarındakı vəziyyətlə bağlı Cenevrə danışıqlarını dəstəkləyir. Bütün tərəfləri bu danışıqların əhəmiyyətini azaldacaq addımlardan çəkinməyə çağırırıq”. Maraqlıdır ki, rəsmi Vaşinqton belə mövqeyini strateji müttəfiqi sayılan Azərbaycana qarşı nümayiş etdirməyə tələsmir. Qeyd edək ki, Cənubi Osetiyadakı separatçı rejim aprelin 9-da “Cənubi Osetiya Respublikası” adının “Cənubi Osetiya Respublikası-Alaniya dövləti” adı ilə dəyişdirilməsi barədə referendum keçirilməsinə qərar vermişdir.

Təbii ki, beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağdakı qondarma rejimdə “referendum” keçirilməsinə ciddi reaksiya verməməsindən doğan mənfi proseslərin bütün məsuliyyəti Ermənistanın və bu işğalçı rejimi himayə edən ölkələrin, beynəlxalq təşkilatların üzərinə düşəcək. Əlbəttə, Azərbaycanın işğal olunmuş ərazilərində hər hansı seçkinin və ya referendumun keçirilməsini heç kim legitim hesab edə bilməz. Fevralın 20-nə təyin olunmuş qondarma rejimin “konstitusiyasında dəyişikliklərlə bağlı referendum” tarixi faktların növbəti saxtalaşdırılması cəhdidir və qondarma seçkilər yeni reallığı yaratmayacaq. Azərbaycan dövləti müvəqqəti işğal olunmuş ərazilərinin azad olunmasına maneə olacaq istənilən əməllərin qarşısını almağa hazırdır və xalqımızın güclü iradəsi və qətiyyəti sayəsində haqq-ədalət mübarizəsində qalib gələcəyik.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında