Azərbaycanda Probasiya xidmətinin yaradılması hüquq islahatlarının ali mərhələsinə keçidin göstəricisidir

Bu addım dövlət idarəçilik sisteminin müasirləşdirilməsini və cəzaların humanistləşdirilməsini təmin edəcək

 

 

 

 

 

 

 

 

 

 

 

 


Dövlət idarəçilik sisteminin müasirləşdirilməsi və məhkəmə-hüquq islahatları sahəsində həyata keçirilən tədbirlər penitensiar xidmətin və bütövlükdə cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zəruri edir. Cəzaların icrası sahəsində həyata keçirilən islahatlara baxmayaraq, son zamanlar aparılmış təhlillər göstərir ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir.

“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi,
cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan
alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə
” Azərbaycan Respublikası Prezidentinin sərəncamından

 10 fevral, 2017-ci il


Hələ 2011-ci ilin payızından etibarən  ölkə mətbuatında belə xəbərlərə rast gəlirdik: “Azərbaycanda Probasiya haqqında Qanun hazırlanır”, “Ölkəmizdə Probasiya xidməti yaradıla bilər”,  “Probasiya  haqqında Qanun Azərbaycan hüquq məkanını inkişaf etmiş dövlətlərin hüquq məkanı səviyyəsinə qaldıracaq” və sair. Əlbəttə, həmin xəbər başlıqları Milli Məclisdəki hüquqşünas deputatlar, QHT sədrləri və digər mütəxəssislər tərəfindən səsləndirilmiş fikirlər əsasında formalaşırdı. Amma bu  məzmunlu söhbətlərin  son nəticəsi təbii ki, ən ali səviyyədə qəbul edilmiş qərara əsaslanacaqdı. Belə də oldu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir neçə gün əvvəl -- fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncam imzaladı.

Sənədə əsasən Ədliyyə Nazirliyinə penitensiar müəssisələrin modernləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin yaxşılaşdırılması nəzərdə tutulub. Həmçinin Ədliyyə Nazirliyinə tapşırılıb ki, Probasiya xidmətinin təşkili ilə əlaqədar təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etsin. Xatırladaq ki, beynəlxalq təcrübəyə  əsasən probasiya elə cəza növüdür ki, məhkum xüsusi orqanların nəzarəti altında məhkəmə tərəfindən  müəyyən edilən sınaq müddətində saxlanılır. Yəni, məhkəmə şəxsiyyəti, şəraiti və s.  nəzərə alaraq məhkumun azadlıqdan məhrum edilmədən islah oluna biləcəyini mümkün hesab edir və onu həbsdən buraxır. Yəni probasiya istintaq altında olanın və dustağın davranışını izləyən alternativ cəza sistemidir.

Dövlət başçısının həmin sərəncamı kütləvi informasiya vasitələrində yayıldıqdan sonra  müxtəlif qurumları təmsil edən hüquqşünaslar, xüsusən, Ədliyyə Nazirliyinin mütəxəssisləri bu barədə fikir söyləyərkən, ilk növbədə beynəlxalq təcrübəni yada saldılar. Bildirildi ki, ölkəmizdə bu institutun yaradılması prosesinin bir neçə il davam etməsinin əsas səbəbi  beynəlxalq aləmdə mövcud olan analoji qurumların hamısının təcrübəsinin öyrənilməsi idi. Çünki həm ulu öndər Heydər Əliyev, həm də Prezident ­İlham Əliyev dəfələrlə  deyiblər ki, biz dünya təcrübəsində mövcud olan hər hansı bir institutun yaradılması zamanı öncül ölkələrin həmin sahədəki təcrübəsini öyrənməli, öz xalqımızın mənafeyinə, dövlətimizin maraqlarına uyğun olan variantları seçməliyik.

Azərbaycan Respublikası ­Prezidenti Administrasiyasının hüquq- mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov dövlət başçımızın  imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamla əlaqədar verdiyi müsahibədə bu addımın  insanlar üçün nə qədər əhəmiyyət kəsb etdiyini dilə gətirib: “Azadlığın cəmiyyətin ən ümdə və zəruri şərti olduğunu dəfələrlə vurğulayan cənab Prezident verdiyi tapşırıqlar, qəbul etdiyi hüquqi aktlar, mütəmadi imzalanan əfv sərəncamları ilə cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətinə xüsusi önəm verdiyini, şəxsi cəmiyyətdən təcrid etmədən islah etmənin daha səmərəli olduğunu göstərib. Bu sahədə görülən işlərə və həyata keçirilən islahatlara baxmayaraq, aparılmış araşdırmalar və analitik təhlillər göstərib ki, ibtidai istintaq və məhkəmə orqanları cinayət təqibinin gedişində zərurət olmadan şəxslərin həbs edilməsinə yol verirlər. Azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir. Cəzaların icra edilməsinə məsul olan orqanlar tərəfindən cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə ictimai işlərin icrasına formal ­yanaşılır”.

Dövlət rəsmisinin fikrincə, bu sərəncam cinayət-hüquq siyasətinin liberallaşdırılması, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə  cəzasının tətbiqinin məhdudlaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üçün kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini təmin edəcək. Qeyd edilən hər bir istiqamətdə növbəti islahatlar dalğasının həyata keçirilməsinə təkan verəcək. Bizim fikrimizcə isə, bu sərəncam ölkədə insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına  növbəti zəmin yaradacaq.

Bildirilir ki, Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya institutu əksər Qərb dövlətlərinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir. Mütəxəssis xatırladır ki, xarici ölkələrdə mövcud Probasiya xidmətlərinin funksiyaları və səlahiyyət dairəsi müəyyən cəhətlərinə görə fərqlənsə də, onları birləşdirən ümumi xarakterik xüsusiyyətlər var. Bu xidmətlər şərti məhkumetmə zamanı məhkumun hökmlə müəyyən edilmiş şərtlərə riayət etməsinə nəzarət edən, habelə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını təmin edən qurumlardır. Azərbaycanda yaradılacaq Probasiya xidmətinin əsas vəzifələri  isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalara məhkum edilmiş və ya şərti məhkum edilmiş şəxslərlə işin təşkilini keyfiyyətcə yeni səviyyəyə qaldırmaq, bu fəaliyyətə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin etmək olacaq.

İnkişaf etmiş ölkələrin kütləvi informasiya vasitələrinin yaydığı məlumatlardan, ədəbi əsərlərdən, bədii filmlərdən  hamıya məlumdur ki, şübhəli, amma cinayət törətdiyi sübuta yetirilməmiş şəxslər, yaxud ictimai təhlükə mənbəyi olmayan cinayət törətmiş şəxslər  polis tərəfindən saxlanılır və müəyyən proseslərdən sonra buraxılır. Həmin “müəyyən proseslər” isə elektron nəzarət deyilən yeni təcrübədir. Prezident Administrasiyasının rəsmisi  bu məsələyə münasibət bildirərkən deyib: “Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir. Bu vasitələr çox vaxt qolbaq və ya saat formasında hazırlanır, xüsusi çiplərlə təchiz edilir və rabitə şəbəkələrinə qoşulur. Elektron nəzarət vasitələrinin zədələnməsi, icazəsiz çıxarılması və ya onlara müdaxilə edilməsi cəhdləri olduqda bu barədə dərhal monitorinq mərkəzinə siqnal ötürülür və həmin şəxslərin qanunazidd davranışının qarşısının alınması üçün müvafiq tədbirlər görülür”.

Bu  zaman xüsusilə qeyd etməli olduğumuz başqa bir məqam da var. Belə ki, yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan dövləti istənilən beynəlxalq təcrübənin tətbiqi prosesində öz insanının mənafelərini, deməli, həm də onun hüquq və azadlıqlarını  əsas götürür. Yəni, kiminsə elektron nəzarət altına götürülməsi onun şəxsiyyətinin təhqir olunması, alçaldılması ilə müşayiət oluna bilməz. Odur ki, Fuad Ələsgərov əlavə edir: “Sözsüz ki, elektron nəzarət vasitələrinin tətbiqi halları, qaydaları və şərtləri, həmçinin onların tətbiqinə məhdudiyyətlər detallı şəkildə işlənib hazırlanmalıdır. Məhz bu məqsədlə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Baş Prokurorluğu tərəfindən müvafiq normativ aktların layihələri hazırlanacaq”.

Ölkəmizdə cəza siyasətinin humanistləşdirilməsi istiqamətində həyata keçirilən bu tədbirlər barədə qələmə aldığmız sətirlərin sonunda qeyd edək ki, bizdə  cəza siyasətinin humanistləşdirilməsi məqsədilə iki istiqamət müəyyən olunub. Birincisi, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. İkincisi, qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Dövlət rəsmisi bildirir ki, bu məqsədlə cinayətlərin, xüsusilə iqtisadi fəaliyyət sahəsində cinayətlərin dekriminallaşdırılması, cinayətlərin sanksiyalarına azadlıqdan məhrumetməyə alternativ cəzaların əlavə olunması və alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Bundan başqa, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması tövsiyə edilib.

Əminik ki, dövlət başçımızın imzaladığı bu sərəncamdan irəli gələn vəzifələrin icrası qeyd etdiyimiz hər iki istiqamətin yüksək səviyyədə reallaşdırılmasına zəmin yaradacaq.

İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında