Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi beynəlxalq normalara uyğundur

Vətən sərhəddən başlanır. Buna görə də, sərhədlərin qorunmasını təmin etmək və sərhəd rejimini pozan şəxslərə qarşı adekvat tədbir görmək hər bir dövlətin qarşısında strateji əhəmiyyətli vəzifə kimi dayanır. Azərbaycan dövlətinin də beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədlərini qorumaq və ərazilərinə qanunsuz şəkildə soxulmuş şəxslərə qarşı hüquqi müstəvidə tədbirlər görmək və həmin şəxsləri qanunun icazə verdiyi formada məsuliyyətə cəlb etmək haqqı var. Aleksandr Lapşinin də Azərbaycana təhvil verilməsi və qanunlara uyğun olaraq, mühakimə ediləcəyi, konkret cinayət əməlində ittiham olunması ilə əlaqədardır. Ən əsası, Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası sərhədlərin toxunulmazlığı və ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda yaradılmış oyuncaq rejimə səfər planlaşdıran şəxslərə qarşı ciddi mesaj olmaqla yanaşı, bütün dünyaya Prezident İlham Əliyevin ölkəmizin milli maraqlarını hər şeydən uca tutduğunu, qarşısına qoyduğu məqsədlərə nail olmağı bacardığını, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürütdüyünü, dünyada böyük hörmət və nüfuza malik siyasi lider olduğunu nümayiş etdirdi.

Aleksandr Lapşin konkret olaraq hansı cinayət əməllərində ittiham olunur? Ukrayna, Rusiya və İsrail pasportlarını daşıyan blogger “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” qanunların tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olmuşdur.

 A.Lapşinin qanunazidd əməlləri bununla yekunlaşmır. O, qondarma rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində Dağlıq Qarabağı müstəqil dövlət kimi qeyd etmiş və 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləmişdir. Bəs, bu nə deməkdir? Hüquqi dillə desək, blogger Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməklə separatizmi dəstəkləmişdir. Separatizmə çağırışları fikir azadlığı kimi qiymətləndirmək olarmı? Əlbəttə ki, yox! A.Lapşinin törətdiyi əməllərdə konkret cinayət tərkibi vardır və onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılmış və barəsində dövlətlərarası axtarış elan edilmişdi.

İndi ayrı-ayrı təşkilatlar, jurnalistlər və müəyyən statusa malik əcnəbilər iddia edirlər ki, A.Lapşinin sərbəst yerdəyişmə hüququ var və s. və i. Hətta bəzi “hüquq müdafiəçiləri” də iddia edirlər ki, A.Lapşin “azad fikirlərinin qurbanına çevrilmişdir, onun həbsi və Azərbaycana təhvil verilməsi qanun pozuntusudur”. Halbuki rusiyalı, ukraynalı və israilli bloggerin əməllərində konkret cinayət tərkibi var. Belə ki, A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılmış və Minsk Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, daha sonra qərarla bağlı yuxarı instansiya məhkəməsində şikayətlərə baxılmış və qərar qüvvədə saxlanılmışdır. Yəni bloggerin məsələsinə hüquq normalarına müvafiq olaraq yanaşılmış və hüquqi qiymət verilmişdir. Mütəxəssislər qeyd etməyi vacib bilirlər ki, Azərbaycan “Ekstradisiya haqqında” və “Cinayət işləri üzrə hüquqi yardım haqqında” Avropa konvensiyalarına, Müstəqil Dövlətlər Birliyinin “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Konvensiyasına qoşulmuşdur və bir çox dövlətlərlə hüquqi yardım göstərilməsinə dair ikitərəfli müqavilələr imzalamışdır. Buna görə də, A.Lapşinin Azərbaycana ekstradisiyası ölkəmizin, o cümlədən Belarusun iştirakçısı olduğu “Mülki, ailə və cinayət işləri üzrə hüquq münasibətləri və hüquqi yardım haqqında” Konvensiyanın tələblərinə müvafiq olaraq həyata keçirilmiş və hər hansı hüquq pozuntusuna yol verilməmişdir. Mütəxəssislər vurğulayırlar ki, Azərbaycan Respublikasının milli qanunvericiliyində təsbit olunmuş mühüm vəzifələrdən biri məhz insan hüquq və azadlıqlarının ictimai həyatın bütün sahələrində, xüsusən də cinayət təqibi prosesində təmin və müdafiə olunmasından ibarətdir.

Ancaq Ermənistan təbliğatının, bəzi dairələrin, o cümlədən ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviçin “Tvitter” profili vasitəsilə Aleksandr Lapşinin işini media azadlığı və ya hərəkət azadlığı ilə əlaqələndirməyə çalışırlar. Lakin belə əlaqələndirməni tamamilə əsassız iddia hesab edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev qeyd edir ki, A.Lapşin barəsində cinayət işinin açılması və dövlətlərarası sənədlərə uyğun olaraq Azərbaycana ekstradisiyası qanunun aliliyinin təntənəsidir: “Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinin, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin pozulması hallarının qarşısının alınması istiqamətində mühüm addım və nümunədir. Bu, eyni zamanda, Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Azərbaycanın işğal olunmuş ərazilərinə əcnəbi vətəndaşların qanunsuz səfərlərini təşkil etmək və sonradan bu şəxsləri özünün çirkin təbliğat obyektinə çevirmək cəhdlərinin iflasıdır”.

Belarus Xarici İşlər Nazirliyinin mətbuat katibi Dmitri Mironçik də yerli jurnalistlərə açıqlamasında bildirmişdir ki, ekstradisiya sırf hüquqi müstəvidə yer alan bir məsələdir və Belarus dövləti hüquqi yardımın göstərilməsi üzrə beynəlxalq sazişin öhdəliklərini vicdanla yerinə yetirmişdir. Cənab Mironçik sazişlərin yerinə yetirilməsinin vacib olduğunu nəzərə çatdırmışdır.

Hikmət Hacıyev bildirmişdir ki, əcnəbi vətəndaşları cinayət tərkibli əməllərə sövq edən Ermənistanın indi A.Lapşinin işinə media və ya hərəkət azadlığı donu geyindirmək cəhdləri cəfəngiyyat və gülüncdür: “ATƏT-in media üzrə nümayəndəsi Dunya Miyatoviç isə mandatına zidd olaraq, konkret cinayət tərkibli əməlləri Ermənistanın mənfur təbliğatına uyaraq, “media azadlığı” kimi qələmə vermək və siyasiləşdirmək cəhdlərindən kənar durmağa çağırırıq. Dunya Miyatoviçin yadına onun özünün sədrliyi ilə 6-7 iyul 2016-cı il tarixində Tbilisidə keçirilmiş Qafqaz media konfransında Ermənistan nümayəndə heyətinin münaqişə ərazilərinə media təmsilçilərinin səfərləri ilə bağlı təxribatçı təklifinin rədd edilməsini salmaq istərdik”.

H.Hacıyev, həmçinin qeyd etmişdir ki, blogger adına iddia etmək heç kimə qanunu pozmaq və ya toxunulmazlıq hüququ vermək demək deyil. A.Lapşinə qarşı da açılmış cinayət işinin onun “blogger” adlandırılan fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Üç ölkənin vətəndaşlığını daşıyan bloggerin öz yazılarında erməni maraqlarına birbaşa xidmət etdiyini dəfələrlə büruzə versə də, bu gün Ermənistan və işğalçı dövlətin havadarları bütün bu həqiqətləri gizlətməyə can atırlar. Ancaq həqiqət ortadadır və Azərbaycan tərəfi, haqlı olaraq, qanunlarını pozmuş şəxsə qarşı hüquqi prosesə start vermişdir.

Aydındır ki, A.Lapşinin ekstradisiyası həm də beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla, qondarma “DQR”-in təbliğatını aparan şəxslərə mesajdır və onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə, düzgün nəticə çıxarmağa vadar edir. Bu da Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma “DQR”-i təbliğ etmək siyasətini iflasa uğradan ciddi zərbədir. Bloggerin Azərbaycan məhkəməsi qarşısına çıxarılmasından şoka düşən ermənilər də A.Lapşinin ölkəmizə təhvil verilməsini Serj Sarkisyan rejiminə vurulan şillə kimi qiymətləndirirlər. Belə ki, ötən gün müxalif Yolk (çıxış) seçki blokunun Belarusun Ermənistandakı səfirliyi qarşısında təşkil etdiyi etiraz aksiyasında “Vətəndaş müqaviləsi” Partiyasının lideri Nikol Paşinyan baş vermiş hadisəni Ermənistanın xarici işlər naziri Edvard Nalbandyana mesaj, onun üzünə vurulan şillə kimi qiymətləndirmişdir: “Bu, şəxsən Serj Sarkisyanın üzünə şillədir. Bu şillələrin birini Əliyev, o birini Lukaşenko çəkmişdir. Biz istəmirik ki, bu, həm də erməni xalqına şillə sayılsın”. Ermənistanın “İrs” partiyasının mətbuat katibi David Sanasaryan isə jurnalistlərə açıqlamasında bildirmişdir ki, Aleksandr Lukaşenkonun A.Lapşini Azərbaycana verməsi rəsmi İrəvanın heç bir diplomatik rıçaqının Belarus Prezidentinin qarşısını ala bilmədiyini sübut edir. Onun sözlərinə görə, xaricilər daha yeni “lapşinlərə” çevrilməmək üçün Qarabağa səfər etməyəcəklər.

Azərbaycan həmişə yaxın-uzaq ölkələrlə sıx və mehriban əlaqələr qurmağa çalışır və Belarus ilə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlər mövcuddur. Buna görə də, Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsini Azərbaycanla Belarus arasında formalaşmış dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsi kimi göstərmək olar. Bəli, müxtəlif ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko dost ölkə saydığı Azərbaycanın müraciətini nəzərə almış, A.Lapşinin Bakıya ekstradisiyası üçün ciddi siyasi iradə və mərdlik nümayiş etdirmişdir. İki ölkə arasında yaranmış dostluq münasibətlərinin ruhuna uyğun olaraq, belə addım atmaqla Aleksandr Lukaşenko güclü siyasi lider olduğunu, Belarus xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini bir daha bütün dünyaya nümayiş etdirmişdir. Mütəxəssislər bunu həm də Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus dövlət başçısının Azərbaycana isti münasibətinin və ehtiramının əyani təzahürü kimi qiymətləndirirlər. Fevralın 8-də Azərbaycan Prezidenti İlham Əliyev belarus həmkarı Aleksandr Lukaşenkoya etdiyi telefon zəngində də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayət işi açılmış Aleksandr Lapşinin Bakıya ekstradisiyası ilə bağlı ədalətli mövqe nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən Prezident Aleksandr Lukaşenkoya minnətdarlığını bildirmiş, bu addımı qanunun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirmişdir.

Bir sözlə, Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Bundan sonra Azərbaycan sərhədlərini pozan hər bir şəxs qanundan uzağa qaça bilməyəcəyini yaxşı dərk edəcək. Bu, azad söz pərdəsi altında gizlənərək, sərhədləri pozmaqla beynəlxalq qanunlara arxasını döndərənlərə yaxşı dərs olacaq. Azərbaycan ictimaiyyəti də bir daha əmin oldu ki, Prezident İlham Əliyev Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq arenada effektli və ləyaqətli siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik siyasi liderdir və beynəlxalq arenada ölkəmizin mənafelərini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın tam və hərtərəfli dəstəyinə arxalanır, onların reallaşdırılması üçün ciddi iradə və əzm nümayiş etdirir.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında