Bəşəriyyət adlı qlobal məkanda XX əsrin sonlarından başlayan, dövrümüzdə isə daha da sürətlənən proseslər öz mürəkkəbliyi və keşməkeşliliyi baxımından nəinki insanları, zamanın özünü də heyrətdə qoyur. Sürətli inkişafın mütərəqqi cəhətlərinə xələl gətirmədən bildirmək istəyirik ki, bu inkişaf, eyni zamanda, Yer kürəsində hələ də etnik, milli, dini zəmində, dövlətlərarası münasibətlər kontekstində baş verən və getdikcə artan ziddiyyətlərlə, qanlı toqquşmalarla müşayiət olunur. “Ərəb dünyası”nda– Misirdə, Suriyada, İraqda, habelə Ukraynada, Avropa ölkələrində baş verənlər fəlsəfi-siyasi təhlillərin predmetinə çevrilməkdədir. Həmçinin günümüzün reallığı olan etnik-dini konfliktlər yalnız böyük və kiçik sosial birlikləri deyil, həm də ayrı-ayrı ölkələri, bütöv kontinentləri, onlarca xalqı və dövləti də əhatə edir. Hörmətli akademik Ramiz Mehdiyevin yazdığı kimi, "zorakılıq, təcavüzkarlıq, müharibələr və konfliktlər hegomonluğa cəhdlə yanaşı, insan faciəsi və qurbanları ilə müşayiət olunaraq bəşəri mövcudluğun adi həyatına çevrilmişdir".
Fikrimizcə, bütün bunlar siyasi, iqtisadi, milli, dini, şəxsi maraqların toqquşmasından qaynaqlanır. Bu toqquşmaların, hazırda dünyada baş verən münaqişələrin ideya-nəzəri əsasları isə Zbignev K.Bjezinskinin “Böyük şahmat taxtası”, yapon əsilli ABŞ filosofu, iqtisadçı eyni zamanda, siyasətçi F.Fukuyamanın "Tarixin sonu və sonuncu insan", Samuel Hantinqtonun 1993-cü ildə yazdıgı “Sivilizasiyaların toqquşması” və s. əsərlərində hazırlanmışdı.
Birləşmiş Millətlər Təşkilatının sabiq baş katibi Pan Gi Munun V Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarına ünvanlanmış, forumun işində iştirak edən BMT baş katibinin müavini Cihan Sultanoğlu tərəfindən oxunmuş müraciətindəki aşagıdakı faktlar günümüzün reallığıdır. Müraciətdə deyilir: “Bütün dünyada münaqişə və zorakılıq nəticəsində yurd-yuvasından didərgin düşmüş insanların sayı hazırda 65 milyona yaxınlaşır. Bu, İkinci dünya müharibəsindən sonra ən yüksək rəqəmdir. Bundan başqa, təbii fəlakətlər və iqlim dəyişikliyi nəticəsində hər il 25 milyon insan öz yurdundan didərgin düşür”.
Vaxtilə Mahatma Qandi zorakılığı (“ximsa”) insanda heyvani başlanğıc, qeyri-zorakılığı isə (“aximsa”) onun ilahi mahiyyətinin əlaməti hesab edirdi. Böyük mütəfəkkir bildirirdi: “Qeyri-zorakılıq yolu işıq saçan elə bir mayakdır ki, o, bəşəriyyəti qaranlıqda məhv olmağa qoymur.”
Ümumiyyətlə isə, münaqişələrin analitik təhlili və rasional həlli yollarının axtarılması xalqın mənlik şüurunun və siyasi mədəniyyətinin inkişafına pozitiv təsir göstərməklə yanaşı, cəmiyyətin sosial institutlarının yetkinliyinin və onun ictimai şüurunun səviyyəsinin əsas göstəricilərindəndir.
Fikrimizcə, müasir qloballaşma dövründə konfliktlərin konsensus yolu ilə həllinin ən optimal variantı dünyada tolerantlıq və multikulturalizm mühitinin bərqərar olmasıdır.
UNESCO-nun 50 illik yubileyində Beynəlxalq Tolerantlıq Gününün təsis edilməsində də əsas məqsəd müxtəlif dinlərin, millətlərin, etnik qrupların bir-biri ilə dözümlülük və mehriban qonşuluq şəraitində yaşamasına nail olmaqdır. Tolerantlıq xalqın tarixi inkişaf prosesi nəticəsində ənənələrində, mentalitetində qətrə-qətrə formalaşan və müxtəlif dinlərin, milli azlıqların dinclik, əmin-əmanlıq şəraitində birgəyaşayışını təmin edən ümumbəşəri dəyərdir.
Tolerantlığın fəlsəfi əsası irqindən, cinsindən və dinindən asılı olmayaraq, bütün insanların mənşəyinin həm mövcud təbii-elmi, həm də dini nəzəriyyələrdə eyni kökdən olmasındadır. Müqəddəs kitabımız “Qurani kərim”də göstərilir ki, “Dində məcburiyyət (zorakılıq) yoxdur” (“Bəqərə” surəsi, 256-cı ayə).
Allah belə buyurur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq..." ("Hucurat" surəsi, 13-cü ayə). Bu isə “bəşəriyyət doğma bir ailədir” məntiqi nəticəsini verir. Deməli, milli, dini, irqi, etnik və s. ayrı-seçkiliklər, “ikili standartlar” yalnız müxtəlif maraqlardan, o cümlədən syasi maraqlardan qaynaqlanır. Qeyd etdiklərimiz kontekstində Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin bəyan etdiyi kimi, bu gün dünyada multikulturalizm sahəsində İngiltərənin Baş naziri Devid Kemeronun müəllifi olduğu “multikulturalizm iflasa uğramışdır“ pessimist və dini, milli zəmində ziddiyyətlərə, toqquşmalara rəvac verən mövqeyə, Azərbaycan Prezidenti İlham Əliyevin dünya nizamını, onun rəngarəngliyini qoruyub saxlamağa və inkişafa, sülhə və əmin–amanlığa, tolerantlığın, multikulturalizmin bütün dünyada Azərbaycan nümunəsində bərqərar olmasına çağıran optimist mövqeyi dayanır.
Qlobal yanaşma kontekstindən Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin kəsişməsində, coğrafi baxımdan isə Avropa ilə Asiyanın arasında yerləşir. Məhz bu mövqe də ölkəmizin mədəni müxtəlifliyinə, xalqımızın tolerantlığına öz töhfəsini vermişdir. Əsrlər boyu Azərbaycanda heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma baş verməmiş, bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşamış, qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli-mədəni və dini münasibətlər mövcud olmuşdur. Tarixi inkişafımıza nəzər salsaq, bu gün Respublikamızda müxtəlif millətlərin və dini konfessiyaların dinc və mehriban şəraitdə yaşamasının dərin kökləri olduğu aydınlaşar.
Hələ eramızdan əvvəl VIII-VII əsrlərdə Zərdüştlik dinində Xeyirin Şər üzərində qalib gələcəyi birmənalı olaraq vurgulanır. Himnlərdə birliyə, mənəvi paklığa, ülviliyə çağırışlar edilir və "xeyirxah fikir, xeyirxah söz, və xeyirxah əməl" triadası Zərdüştlik etikasının əsas mahiyyəti kimi irəli sürülürdü. Himndə daha sonra deyilir : " Həqiqət ən yaxşı xeyirxahlıqdır".
Xristianlıq Azərbaycanımıza yeni eranın ilk əsrlərində, hələ İsa Məsihin həvariləri dövründə nüfuz etmişdir. 70-ci ildə Yerusəlimin (Qüdsün) süqutundan sonra Qafqaza xristianların köçürülməsi güclənir. Gələnlər yeni dindən, İsanın göstərdiyi möcüzələrdən bəhs edirdilər. Nəticədə bölgədə ilk xristian icmaları yaranmağa başlayır. Qafqaz Albaniyasında bu dövr xristianlığın yayılmasının “həvari dövrü” adlanır. Həvari Faddeyin şagirdlərindən olan Yelisey Yerusəlimin birinci patriarxı Yaqubun xeyir-duası ilə yeni dini təbliğ edə-edə Aqvan diyarına gəlib çıxmış və Kişdə yerli əhalinin köməyi ilə ilk kilsə tikdirmişdir. Bu kilsənin tikiliş tarixi ermənilərin tikdirdiyi birinci xristian kilsəsindən xeyli qədimdir.
Roma imperatoru Konstantin 313-cü ildə xristianlığa etiqad üzərindən qadağanı götürəndən sonra Albaniya hökmdarı Urnayr xristianlığı dövlət dini elan etmişdi. Bu vaxtdan etibarən Azərbaycanda xristianlığın yayılmasının qrekofil dövrü adlanan yeni mərhələ başlanır. Akademik Ziya Bünyadov göstərir ki, Urnayr, II Vaçe və III Vaçaqan ölkədə xristianlığı yaymaq üçün çox böyük fəallıq göstərmişlər.
Xristianlıqla bağlı araşdırmalar aparan tədqiqatçıların ümumi qənaətinə görə, Şəkidə yerləşən, “Şərq kilsələrinin anası” sayılan və günümüzə qədər qorunub saxlanılan Kiş kilsəsi Qafqazda ilk xristian məbədidir. Əslində, dövrümüzə qədər gəlib çatmış və böyük əksəriyyəti Qarabağ, Qəbələ-Şəki-Zaqatala bölgəsində yerləşən alban abidələri Azərbaycan türklərinin xristian mədəniyyətinə, ümumilikdə, bəşəriyyətin mədəni dəyərlər xəzinəsinə ən böyük töhfəsidir.
Təəssüf ki, Azərbaycana qarşı işğalçılıq siyasəti aparan təcavüzkar Ermənistan Azərbaycan xalqının tarixində böyük bir mərhələni təşkil edən Alban dövrünü, onun abidələrini saxtalaşdıraraq qriqoryanlaşdırmağa çalışmışdır. Ermənistan işğal etdiyi ərazilərdə saxtalaşdırdığı alban məbədlərini dünyaya erməni abidələri kimi təqdim edir. Halbuki, həm tikilişinə, həm memarlıq xüsusiyyətlərinə, həm də dini atributlarının formasına görə alban abidələri erməni kilsələrindən fərqlənir və erməni kilsəsi ilə müqayisədə alban kilsəsinin daha qədim olduğu təsdiqlənir.
Qarabağa köçürdüyü ermənilərin hiyləsinə uyan çar Rusiyası 1836-cı ildə alban kilsəsini ləğv edir, albanlara məxsus məbədlər, kilsəyə aid olan bütün avadanlıq və sənədlər erməni kilsəsinə verilir.
Lakin udilər belə çətin vəziyyətdə də misilsiz fədakarlıq göstərərək 160 ildən çox bir dövrdə öz dininə, adət-ənənələrinə, tarixi Vətəninə sadiq qalmış, erməniləşməmiş, əksinə 1836-cı ildə həyata keçirilən tarixi ədalətsizliyi həmişə aradan götürməyə çalışmışlar. Udi ziyalılarının təşəbbüsü ilə 2003-cü ildə Alban-Udi Xristian İcması yaradılmış və müvafiq qaydada dövlət qeydiyyatından keçmişdir. İcmanın qeydiyyatı Alban apostol avtokefal kilsəsinin dirçəldilməsi, ümumiyyətlə, tarixi ədalətsizliyin aradan qaldırılması yolunda ilk addımdır. Azərbaycan hökumətinin dəstəyi ilə Şəki rayonunun Kiş kəndində yerləşən və “Qafqaz kilsələrinin anası” hesab olunan apostol Yelisey kilsəsi bərpa edilmiş, 2006-cı ildə isə udilərin kompakt halda yaşadığı Qəbələ rayonunun Nic qəsəbəsindəki “Çotari” alban-udi kilsəsinin rəsmi açılışı olmuşdur. Təbii ki, Alban-Udi Xristian İcmasının dirçəldilməsi və alban abidələrinin bərpası tarixi ədalətsizliyin aradan qaldırılması, ölkəmizdəki tolerantlıq mühitinin qorunub saxlanılması baxımından təkcə Azərbaycan deyil, həm də bütün dünya tarixində mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan tarixinin xristianlıqla bağlı məqamları təkcə İslamdan öncəki dövrə aid deyil, əksinə, İslam Azərbaycanda aparıcı dinə çevrildikdən sonra da bu ərazilərdə xristianlar yaşamış və ümumi mədəniyyətimizin formalaşmasında yaxından iştirak etmişlər. Sonrakı dövrlərdə bu dinin müxtəlif qolları– pravoslavlıq, katoliklik, protestantlıq, eləcə də lüteranlıq ölkəmizdə hörmət və ehtiramla qarşılanmış, onların azad və suveren inkişafları təmin olunmuşdur. Azərbaycanın ikiyə bölünməsindən və Şimali Azərbaycanın Rusiya tərəfindən işğalından sonra bölgəmizdə fərqli dini mühitin formalaşması daha da sürətləndi. Belə ki, xristianlığın pravoslav və lüteran qoluna mənsub xeyli sayda insan kütləvi şəkildə torpağımıza köçürüldü ki, bu da əhalimizin istər din, istərsə də məzhəb baxımından tərkibini xeyli dəyişdi.
Qeyd etdiklərimiz kontekstində tolerantlığımızın tarixi köklərində yəhudilərə olan münasibətlərin də özünəməxsus yeri vardır. Onların Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə aiddir. Bu böyük tarixi dövr ərzində yəhudilərlə azərbaycanlılar arasında hər hansı bir ayrı-seckilik faktı olmamışdır.
Azərbaycanda üç yəhudi icması – dağ, əşkinazi və gürcü yəhudiləri icmaları mövcuddur. Bütövlükdə ölkədə yəhudilərin sayı təxminən 16 min nəfərdir. Bunlardan 11 mini dağ yəhudiləridir ki, təxminən 6 mini Bakıda, 4 mini Qubada, min nəfəri isə digər bölgələrdə yaşayır. Dağ yəhudiləri ölkədəki bütün yəhudi diasporu arasında çoxluq təşkil edir. Əşkinazi yəhudilər 4,3 min nəfərdir. Onların əksəriyyəti Bakıda və Sumqayıtda yaşayır. Gürcü yəhudiləri isə təxminən 700 nəfərdir. Onların ölkəmizə gəlişi, əsasən XIX əsrin sonlarına-sənaye bumu dövrünə təsadüf edir.
Hazırda Bakıda, Oğuzda və Qubada dağ yəhudilərinin bir neçə sinaqoqu fəaliyyət göstərir. Qubadakı Krasnaya Slobada qəsəbəsi bütün postsovet məkanında dağ yəhudilərinin kompakt yaşadıqları yeganə yerdir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra buradakı yəhudi icmaları daha da fəallaşmış, beynəlxalq yəhudi təşkilatları ilə əlaqələrini möhkəmlətmiş, öz dini məktəblərini, mədəniyyət mərkəzlərini, cəmiyyətlərini, klublarını və qəzetlərini yaratmışlar. 2003-cü il martın 9-da Bakıda Avropada ən böyük yəhudi sinaqoqu açılmışdır.
Ümumiyyətlə, yəhudilərə göstərilən münasibətə görə Azərbaycan yalnız İsraillə müqayisə oluna bilər. Bu fikir təkcə azərbaycanlıların və ölkədə yaşayan yəhudilərin yox, həm də başqa dövlətlərin, o cümlədən İsrail vətəndaşı olan yəhudilərin təsdiqlədikləri həqiqətdir.
1854-cü ildə alman memarları A.Eyxler və F.Lemkulun layihələri əsasında Yelenendorfda ( indiki Göygöl şəhəri), 1909-cu ildə Annenfelddə (Şəmkir şəhəri) lüteran kilsələrinin tikilməsi, 1899-cu ildə isə Bakı şəhərində inşa edilən lüteran kirxasının açılışı da hələ o dövrdə ölkəmizdəki tolerantlıq ab-havasının yüksək səviyyəsindən xəbər verir.
2010-cu ildə dövlət başçısının sərəncamına əsasən, aparılan təmir və bərpa işlərindən sonra Bakıda lüteran kilsəsi binasının – Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalının açılışında möhtərəm Prezidentimiz İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etmişlər.
XIX əsrin ikinci yarısında neft sənayesinin inkişafı nəticəsində Bakıda bir çox ölkələrdən müxtəlif inanclara məxsus insanların sayı sürətlə artdığından əhalinin dini tərkibi daha da zənginləşmişdir. Bunu həmin dövrdə Bakının dini xəritəsi də təsdiqləyir. 1913-cü ilin məlumatına görə, Bakıda 76 min 927 xristian, 9 min 592 yəhudi, 3 min 801 lüteran, 2 min 902 katolik, 4 min 496 sektant, 262 nəfər təriqətçi yaşayıb və həmin dövrdə Azərbaycanda məscidlər, pravoslav baş kilsələri, kiçik kilsələr, kirxa və sinaqoqlar, məbədlər və s. fəaliyyət göstərmişdir. Məhz bu dövrdə Azərbaycanda Roma-katolik, lüteran və bir sıra protestant icmaları formalaşmışdır. Bütün bunlar onu göstərir ki, tarixən çox konfessiyalı ölkə olan Azərbaycanda tolerantlıq prinsiplərinin qorunması üçün münbit şərait olmuş və təkcə ölkənin yerli əhalisi yox, hətta əcnəbilər də bu mühitdən lazımi səviyyədə bəhrələnmişlər.
Hazırda Azərbaycan Respublikası məkanında 80-dən çox azsaylı xalq yaşayır. Bu azsaylı xalqlar qafqazdilli, irandilli, türkdilli qruplara aid olub, ölkə əhalisinin etno-konfessional tərkibinə daxildirlər. Onların sırasında udiləri, ingiloyları, xınalıqlıları, qırızları, buduqları, tatları, talışları, rusları, ləzgiləri, yəhudiləri və digərlərini göstərmək olar.
Göründüyü kimi, xalqımızın tarixən keçdiyi konfessional təkamül ona polikonfessional mədəniyyət çalarları gətirmişdir. Ərazimizdəki zərdüştlük, xristian, islam abidələri qorunub saxlanılır. Əcdadlarımızın yaşadığı tarixi şərait multikultural ənənələrin yaranması üçün zəmin olmuş, konfessiyalara olan tolerantlıq mədəniyyətini formalaşdırmışdır.
1918-ci il mayın 28-də Azərbaycanın “İstiqlaliyyəti haqqında Aktı”nı qəbul edən Azərbaycan Xalq Cümhuriyyəti, ölkəmizin ərazisində yaşayan bütün insanlara hüquq bərabərliyi vermişdi. Xalqımızın tolerantlıq ənənələrinə sadiq qalaraq dövlətin qanunverici orqanı olan parlamenti formalaşdırarkən azsaylı xalqlara, əhalinin etnokonfessional tərkibinə heç bir ayrı-seçkilik qoyulmamışdı. Belə ki, parlamentdə nəzərdə tutulan 120 deputat yerindən 80-i müsəlmanlara, 21-i ermənilərə, 10-u Bakı Rus Milli Şurasına, 1-i Alman Milli Təşkilatına, 1-i Yəhudi Milli Şurasına, 1-i Gürcü Milli Şurasına, 1-i Polyak Milli Komitəsinə verilmişdi.
Sovet İttifaqının çökməsi ilə yenidən müstəqillik əldə edən respublikamız xalqımızın tarixi ənənələrinə sadiq qalaraq, azsaylı xalqların hüquq və azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi götürərək, "Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların qorunması, dil və mədəniyyətinin inkişafına dövlət yardımı haqqında" 1992-ci il 16 sentyabr tarixli fərmanla azsaylı xalqların mədəni inkişafına geniş imkanlar açmış, onların hüquqlarının qorunmasını dövlətin əsas vəzifəsi kimi götürmüşdür.
Tarixi zərurət və ümumxalq istəyi nəticəsində yenidən Azərbaycana rəhbərliyə qayıdan ümummilli liderimiz Heydər Əliyevin titanik fəaliyyəti nəticəsində respublikamızda din və etiqad azadlığı tam təmin edilmiş, milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişmiş, dini ayin və mərasimləri yerinə yetirmək üçün bütün dinlərə mənsub olan insanlara bərabər imkanlar yaradılmışdır. Ulu öndər milli-dini dəyərlərimizin qorunmasında və möhkəmləndirilməsində, tolerantlığın və multikulturalizmin dövlət siyasəti səviyyəsinə qaldırılmasında misilsiz nəzəri və əməli xidmətlər ğöstərmişdir.
Tolerantlığı və multikulturalizmi azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi götürən Heydər Əliyev, eyni zamanda, Azərbaycan ərazisində yaşayan milli azlıqların hüquq və azadlıqlarının, o cümlədən etnik-mədəni və dini dəyərlərinin qorunmasını demokratiyanın mühüm prinsipi olan insan hüquq və azadlıqları kontekstində görürdü.
Ulu öndər 16 noyabr 1999-cı ildə Azərbaycandakı dini konfessiyaların başçıları ilə görüşündə cəmiyyətdə tolerantlıq və multikultural dəyərlərin vəziyyətini şərh edərək demişdir: “ Azərbaycan Prezidenti olaraq, mən məmnunam ki, ...ölkəmiz ictimai-siyasi sabitliyi qoruyub saxlayır, müxtəlif millətlərdən, müxtəlif dinlərdən olan, müxtəlif adətlərə, müxtəlif mədəniyyətə mənsub olan insanlar arasında dostluq münasibətlərini təmin edir. Elə bunun özü tolerantlıqdır, baxmayaraq ki, tolerantlıq çox geniş anlayışdır, özündə çox mənaları birləşdirir. İndi burada başqa sahələr haqqında danışmaq istəmirəm. Tolerantlıq münaqişələrin, terrorizmin, ekstremizmin, separatizmin olmamasını tələb edir. Bunlar hamısı tolerantlıq anlayışına daxildir”.
Ölkəmizdə tolerantlıq ənənələrinin inkişaf etməsi, yeni keyfiyyət mərhələsinə yüksəlməsi, dinlərarası dialoq və əməkdaşlıq sahəsində nadir təcrübəsinin beynəlxalq səviyyədə tanınması səbəbindəndir ki, 2002-ci ildə Roma Papası II İohann Pavel ölkəmizə tarixi səfər etmişdi. Səfər təəssüratını yekunlaşdıran Papa Azərbaycandakı dini dözümlülük ənənələrini xüsusi vurğulayaraq qeyd etmişdi ki, bir çox xalqların və dinlərin mədəni dəyərlərini özündə cəmləşdirən Azərbaycanda xristianlarla digər dinlərin nümayəndələri sülh və əmin-amanlıq şəraitində, dinc yanaşı yaşayırlar ki, buna da yalnız “tolerantlıq və qarşılıqlı dözümlülük sayəsində” nail olmaq olar.
Ümummilli liderimizin layiqli davamçısı, möhtərəm Prezidentimiz İlham Əliyev tolerantlıq və multikulturalizm sahəsində Heydər Əliyev siyasətini nəinki davam etdirmiş, hətta onu dünyanın inkişaf etmiş dövlətləri üçün də nümunə olacaq bir səviyyəyə yüksəlmişdir. Məhz onun müdrik və praqmatik siyasətinin nəticəsidir ki, son illər Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqa dair bir sıra mühüm əhəmiyyətli tədbirlər keçirilmiş, beynəlxalq elmi konfranslar, geniş miqyaslı forumlar təşkil edilmişdir. Mötəbər beynəlxalq qurumların bu tədbirlərdə fəal iştirakı ölkəmizin mədəniyyətlərarası və dinlərarası dialoq prosesində oynadığı rolun mühümlüyündən xəbər verir. Məhz, 2008-ci ildə ölkəmizin təşəbbüsü ilə başlamış "Bakı prosesi" bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoqu, multikulturalizm və tolertantlığa aid məsələlərin zəngin çalarlarını özündə birləşdirir. 2011-ci, 2013-cü, eləcə də 2015-ci illərdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarında müzakirə olunan məsələlərin, qəbul edilən sənədlərin məzmununun çəkisi, Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxaraq ümumbəşəri səviyyəyə yüksəlmişdir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Vatikana rəsmi səfəri zamanı Katolik Kilsəsinin rəhbəri Papa Fransisklə yüksək səviyyəli görüş keçirilmişdi. Görüş zamanı Azərbaycanda nümunəvi bir tolerantlıq mühitinin formalaşdığı xüsusi olaraq vurğulanmış, ölkəmiz ilə Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilmiş, Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verməsindən və bu sahədəki perspektivlərdən bəhs edilmişdi.
Müsəlman ölkəsində fəaliyyət göstərən bir qurumun– Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Roma şəhərinin ətrafında yerləşən və xristian aləmi üçün ən mühüm abidələrdən hesab olunan San Marçelino, Pietro katakombalarını bərpa etməsi Azərbaycanda bərqərar olmuş tolerantlığın dünya üçün nümunə olmasının praktiki təzahürüdür. Fondun Vatikanda reallaşdırdığı layihələrdən biri də Vatikan Apostol Kitabxanasında olan bir çox qədim və tarixi, o cümlədən Azərbaycana (Vatikanın Apostol Kitabxanasında Azərbaycanın IX – XVIII əsrlər tarixinə aid 60 qədim əlyazma aşkar olunmuşdur) və regiona aid müxtəlif əlyazmaların bərpa olunmasıdır. Bu sənədlər xalqımızın tarixinin daha dərindən araşdırılması istiqamətində nadir maddi sübutlardır.
Çox böyük əhəmiyyətə malik bu işlər xristian aləminin incəsənəti və mənəvi dəyərlərinə qoyduğumuz hörmət və ölkəmizin dinlər və mədəniyyətlər arasında hansı tarixi rol oynamasının aydın göstəricisidir.
2016-cı il sentyabrın 29- 30-da keçirilən və 80-dən çox ölkədən 400-ə yaxın tanınmış elm, mədəniyyət xadiminin, Nobel mükafatı laureatlarının iştirak etdiyi V Bakı Beynəlxalq Humanitar Forumunda qeyd edilmişdir ki, ölkəmizdə keçirilmiş çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və digər aktual problemlər geniş müzakirə olunmuşdur. V Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsinin məqsədlərindən danışaraq Azərbaycanda tolerantlıq və multikulturalizmin inkişafını yüksək qiymətləndirmişdir: "..Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda bütün dinlərin, xalqların nümayəndələri bir ailə kimi yaşayır. Eyni zamanda, bu beynəlxalq siyasi və humanitar tədbirlər dünyaya da bir siqnal göndərir ki, dünyanın mütərəqqi nümayəndələri səylərini daha da sıx birləşdirməlidirlər. Çünki bu gün əfsuslar olsun ki, dünyada xoşagəlməz meyillər üstünlük təşkil edir. Qanlı toqquşmalar, müxtəlif bölgələrdə müharibələr gedir, dini, milli zəmində qan tökülür. Beynəlxalq humanitar əməkdaşlığın dərinləşməsi müəyyən dərəcədə bu mənfi meyillərin qarşısını ala və müsbət meyilləri gücləndirə bilər".
Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğma Azərbaycanımızın tolerant və multikultural mühitinin qorunub saxlanılması, inkişaf etdirilməsi və bir nümunə kimi dünyaya təqdim edilməsində çoxsahəli titanik fəaliyyət göstərir. BMT-nin Sivilizasiyalar Alyansının yeddinci qlobal forumunun ikinci plenar iclasında çıxış edən Mehriban xanım Əliyeva demişdir: “Çoxmillətli, çoxkonfessiyalı ölkə olan Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri bərabərhüquqlu vətəndaşlardır. Mütərəqqi dünyada demokratiyanın vacib sütunu kimi qəbul edilmiş dini və etnik tolerantlıq Azərbaycan cəmiyyətində normaya çevrilib”.
Ötən ilin oktyabrında dünyanın ən nüfuzlu din xadimlərindən biri, 1 milyard 300 milyondan artıq insanın mənəvi lideri, Müqəddəs Taxt-Tacın sahibi Papa Fransiskin ölkəmizə səfəri çox böyük dini və siyasi hadisə idi. Roma Papasının səfər zamanı möhtərəm Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə keçirdiyi görüşlər, etdiyi çıxışlar Azərbaycanın tolerant ölkə kimi nəinki dunyada daha da tanınmasına komək etdi, həmçinin bir müsəlman ölkəsi olaraq vahid Allaha müxtəlif dinlər formasında olan inancların ruhani-fəlsəfi anlaşma, qarşılıqlı hörmət, əməkdaşlıq və insanlığa xidmət kontekstində bir araya gətirilməsi üçün Vətənimizdə görülən titanik işlərin düşünən bəşəriyyət üçün nümunə olduğunu göstərdi.
Bakıdakı katolik kilsəsində dini mərasim keçirən, ictimaiyyətlə təmasda olan, ümummilli liderimizin adını daşıyan məsciddə İslam, provaslav və yəhudi dininin liderləri ilə görüşən Papa “tolerantlığın ünvanı”nın Azərbaycan olmasını dünyanın 70-dən artıq nüfuzlu kütləvi informasiya vasitələrinin qarşısında aşağıdakı fikirləri ilə bir daha təsdiq etdi: “Sizin ölkədə dini azadlıqlar tam təmin edilib...”; “Katolik icmasının müsəlman, provaslav və yəhudi icmaları ilə səmimi münasibətləri saxlamasından xüsusi olaraq məmnunam və arzu edirəm ki, dostluq və əməkdaşlıq telləri daha da artsın. Bu cür yaxşı münasibətlər sülh şəraitində yan-yana yaşama və dünyada sülh üçün xüsusi əhəmiyyət kəsb edir və göstərir ki, müxtəlif dini konfessiyaların mənsubları arasında səmimi əlaqələr, hörmət və hamının rifahı üçün əməkdaşlıq mümkündür.”
Ölkəmiz müxtəlif məzhəblərin, dinlərin mərhəmət və qarşılıqlı hörmət əsasında yaxınlaşmasında da dünyaya praktiki baxımdan nümunə göstərməkdədir. 2016-cı il yanvarın 15-də ümummilli liderin adını daşıyan məsciddə dünyada sünni-şiə məsələsinin süni şəkildə qabardıldığı bir zamanda məzhəbindən asılı olmayaraq, bütün Azərbaycan müsəlmanları bir araya gəlib, vəhdət namazı qılıb, Yaradana dualar etdilər. Bu isə dini zəmində münaqişələrin alovlandırıldığı müasir dövrdə xüsusilə aktual olmaqla yanası, Azərbaycanın bütün dünyaya nümunə ola biləcək növbəti addımı, çağırışı idi. Tolerantlıq zəminində görülən işlər, atılan addımlar, keçirilən beynəlxalq forumlar, edilən çağırışlar etiraf edilib- edilməməsindən asılı olmayaraq, öz bəhrəsini verməkdədir.
Belə ki, məhz vəhdət namazından sonra – 962 il bir araya gələ bilməyən Rusiya pravoslav və Roma katolik kilsələri rəhbərlərinin ilk görüşü 2016-cı il fevral ayının 12-də Havanada baş tutdu. Onlar 30 maddədən ibarət on səhifəlik deklarasiya imzaladılar. İki kilsənin rəhbərləri dünya ictimaiyyətini planetdə terror və zorakılığa son qoymaq üçün sıx birləşməyə çağırdılar və qeyd etdilər ki, Suriya və İraqda zorakılıq minlərlə insanın həyatını əlindən alıb, milyonlarla insanı evsiz-eşiksiz və vəsaitsiz qoyub.
Sonuncu dəfə VIII əsrdə baş tutan Ümumpravoslav Məclisi də məhz ötən il – 2016-cı ilin iyununda Krit adasında yenidən toplana bildi. Konstantinopol patriarxı Varfolomey məclisdən əvvəl bütün pravoslavlara müraciət edib onları Kritə dəvət etmiş, birliyə mane olan problemləri açıq müzakirəyə çağırmışdı.
Yuxarıda qeyd etdiklərimizdən göründüyü kimi, Azərbaycanın tolerantlıq mühiti, bu sahədə nəzəri və praktiki sahədə qazanılan nailiyyətlər bəşəriyyət üçün nümunə olmaqla yanaşı, dünya tolerantlıq münasibətlərinə yüksələn xətlə gedən müsbət impuls verməkdədir.
Əyyub KƏRİMOV,
Azərbaycan Texniki Universiteti ictimai fənlər kafedrasının dosenti,
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu Koordinasiya Şurasının üzvü
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.