Aleksandr Lapşinin ekstradisiya edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının daha bir sübutudur

Barəsində cinayət işi qaldırılan blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi müstəqil, milli maraqlara uyğun, məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsidir. Bununla xalqımız bir daha əmin oldu ki, dövlətimizin başçısı Azərbaycanın milli maraqlarını hər şeydən uca tutan, qarşısına qoyduğu bütün məqsədlərə nail olmağı bacaran, beynəlxalq aləmdə səmərəli, düzgün siyasət yürüdən, dünyada böyük hörmət və nüfuza malik siyasi liderdir.

Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk gündən prinsipial, ardıcıl, düşünülmüş siyasət həyata keçirir, beynəlxalq arenada respublikamızın mənafeyini cəsarətlə və qətiyyətlə müdafiə edir, öz qərarlarında xalqın hərtərəfli dəstəyinə arxalanır, qarşıya qoyulan vəzifələrin gerçəkləşdirilməsi istiqamətində ciddi iradə və əzmkarlıq nümayiş etdirir.

Aleksandr Lapşinin Azərbaycana təhvil verilməsi də dövlət başçısının yürütdüyü uzaqgörən siyasətin məntiqi nəticəsi, eyni zamanda,   Azərbaycanla Belarus arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlaq nümunəsidir.

Xatırladaq ki, ayrı-ayrı ölkələrin, siyasi dairələrin bütün təzyiq və təhdidlərinə baxmayaraq, Belarus Prezidenti Aleksandr Lukaşenko tərəfindən Azərbaycanın müraciəti nəzərə alınaraq, qəti və obyektiv qərar qəbul olunub, blogger A.Lapşinin Azərbaycana ekstradisiyası üçün ciddi siyasi iradə nümayiş etdirilib. 

Prezident Aleksandr Lukaşenko güclü siyasi lider olduğunu, xalqının maraqları naminə tam müstəqil siyasət yürütdüyünü, beynəlxalq qanunvericiliyə hörmət etdiyini, heç bir xarici qüvvə qarşısında əyilmədiyini bir daha bütün dünyaya göstərdi. Bu, həm də iki dövlət başçısı arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus Prezidentinin Azərbaycana səmimi münasibəti və ehtiramının  əyani təzahürüdür.

Yeri gəlmişkən, fevralın 8-də dövlətimizin başçısı İlham Əliyev Belarus   Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edərək, iki ölkə arasında münasibətlərin uğurlu inkişafından danışıb, siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev telefon söhbətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə barəsində cinayət işi açılan Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası ilə bağlı ədalətli mövqe və qətiyyətli addım nümayiş etdirildiyinə görə Belarus tərəfinə və şəxsən dövlət başçısı Aleksandr Lukaşenkoya minnətdarlığını bildirib, bu addımı qanunun aliliyi və beynəlxalq konvensiyalara əməl olunması, Azərbaycan-Belarus dostluq və strateji tərəfdaşlıq münasibətlərinin təzahürü kimi dəyərləndirib.

Onu da qeyd edək ki, Aleksandr Lapşinin ekstradisiyası Ermənistanın növbəti sarsıdıcı məğlubiyyəti, bu ölkədəki cinayətkar rejimin, onun həyata keçirdiyi işğalçılıq siyasətinin iflasıdır. Bir daha aydın göründü ki, heç bir dünya ölkəsi Ermənistan hakimiyyətinin Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma “DQR”-i qəbul etdirmək  cəhdlərinə dəstək vermir. Azərbaycanın həm siyasi, həm də hərbi sahədə ardıcıl qələbələri Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyəti qarşısında ifşa edir və onun iflasını sürətləndirir.

Aleksandr Lapşinin ekstradisiyası, eyni zamanda, beynəlxalq və Azərbaycan qanunvericiliyini kobud şəkildə pozmaqla qondarma “DQR”-in təbliğatını aparan şəxslərə mesaj oldu, onları hansı aqibətlə üzləşəcəkləri barədə bir daha dərindən düşünməyə və düzgün nəticə çıxarmağa vadar edir. Bu da Ermənistan və erməni lobbisinin beynəlxalq miqyasda qondarma “DQR”-i təbliğ etmək siyasətini iflasa uğradan ciddi zərbədir.

A. Lapşin Azərbaycan Respublikasının qanunlarını pozaraq, cinayət əməli törədib və separatçı ermənilər üçün təbliğat xarakterli fəaliyyət göstərib. O, 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında ölkəmizin işğal olunmuş ərazilərinə səfər edib, özünün Puerrtto.livejournal.com portalında Dağlıq Qarabağı müstəqil dövlət kimi qələmə verib, eyni zamanda, 6 aprel və 29 iyun 2016-cı il müraciətlərində işğal olunan ərazilərdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə respublikamızın ərazi bütövlüyünün parçalanmasına yönələn çağırışlar edib. Ümumiyyətlə, A.Lapşinin fəaliyyətini söz azadlığı və sərbəst jurnalist fəaliyyəti ilə əlaqələndirmək cəhdləri heç bir hüquqi əsasa malik deyil.

Xatırladaq ki, yuxarıda deyilənlərə əsaslanılaraq, A.Lapşin barəsində respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Təəssüf ki, bu məsələ ilə bağlı, daha dəqiq desək, adıçəkilən blogger barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işinin açılması və onun Azərbaycana ekstradisiyasını siyasiləşdirilməyə, ona siyasi çalar verməyə cəhdlər göstərilir. Halbuki sırf hüquqi xarakter daşıyan bu məsələyə hüquqi müstəvidə baxılması ədalətli mövqedir. 

Bir daha xatırladaq ki, vətəndaşlığını daşıdığı ölkələrin xarici işlər nazirliklərinin xəbərdarlığına baxmayaraq, A.Lapşin Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən ərazilərinə Azərbaycan hökumətinin icazəsi olmadan qanunsuz səfərlər edib və Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün parçalanmasına çağırışlar edib. Adının arzuolunmaz şəxslər siyahısında olduğunu bilərək o, 2016-cı ilin iyununda başqa ölkənin pasportu ilə yenidən Azərbaycan ərazisinə daxil olub. Bu əməlləri qəsdlə və qərəzli şəkildə etdiyini açıq şəkildə bildirib.

Aleksandr Lapşinin respublikamıza ekstradisiyası, həm də Azərbaycanın Ermənistan üzərində növbəti diplomatik və hüquqi qələbəyə imza atması deməkdir. İndi bununla bağlı işğalçı dövlətdə böyük təşviş yaşanılır. Ermənistanda   açıq bəyan edilir ki, Azərbaycanın təzyiqləri, diplomatik gedişləri qarşısında Serj Sarkisyan iqtidarı sadəcə duruş gətirə bilmir və bu səbəbdən rəsmi Yerevanın məğlubiyyətlərinin sayı durmadan artır.

Sirr deyil ki, indiyədək Ermənistan əcnəbi vətəndaşları müxtəlif qeyri-qanuni yollar və aldatma ilə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərə sövq edib və sonradan həmin şəxsləri özünün siyasi təbliğatının alətinə çevirməyə çalışıb. Hazırda işğalçı dövlət A.Lapşinlə bağlı da belə bir oyun oynayır, hər vəchlə məsələni siyasiləşdirməyə çalışır. Ancaq ermənilər bilməli və dərk etməlidirlər ki, beynəlxalq hüquq var. Bütün prosedurlar beynəlxalq hüquqla tənzimlənir. Təbii ki, Belarus da beynəlxalq hüquq normalarını yerinə yetirib. Şübhəsiz ki, bu hadisə əcnəbi vətəndaşları dünyanın hər hansı işğal olunmuş zonasına getməzdən öncə düşündürəcək. Belə hallar Azərbaycanın işğal olunmuş ərazilərinə də gəlmək istəyən xarici vətəndaşları çəkindirəcək.

Bu gün  Lapşin məsələsinə görə erməni diasporu ilə Ermənistan hakimiyyəti arasında ciddi qarşıdurma yaranıb. Birinci tərəf  Ermənistan hakimiyyətini günahlandıraraq bildirir ki, diaspor hər vəchlə Dağlıq Qarabağa səfər təşkil edir, Ermənistan hakimiyyəti isə oraya gedənləri müdafiəsiz buraxır. Aleksandr Lapşinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanda məhkəmə qarşısına çıxarılması normal haldır. Beynəlxalq hüquq normaları işləmədikcə isə belə tendensiyaların sayı artacaq. Bu da dünyanın təhlükəsizliyi üçün zərərlidir.

Azərbaycanın işğal altındakı ərazilərinə gedən hər hansı əcnəbini başa düşmək, anlamaq mümkün deyil. Bu, sadəcə müstəqil dövləti saymamaq, onun suverenliyinə hörmətsizlikdir. Lapşin də eləcə. Əgər adı çəkilən blogger işğal altındakı ərazilərimizə Azərbaycandan icazəsiz səfər edirsə, deməli, o, Azərbaycan dövlətinə və xalqına qarşı çıxır...

Hazırda Ermənistanda Lapşinlə bağlı vəziyyət xeyli gərginləşib. Erməni politoloq Stepan Safaryan bildirib ki, Ermənistan Belarusdakı səfirini təcili şəkildə geri qaytarmalıdır. O, həmçinin parlament rəhbərliyini Ermənistanın AŞ PA-dakı nümayəndə heyətinin üzvlərinə töhmət verməyə çağırıb. Safaryan hesab edir ki, AŞ PA-da erməni nümayəndə heyəti Azərbaycan və Belarusun Lapşinlə bağlı fəaliyyətlərinin qarşısını ala bilməyib.

“Armenianreport” saytı isə Lapşinin təhvil verilməsini  Ermənistanın diplomatik uğursuzluğunun daha bir göstəricisi kimi qiymətləndirib: “Bakının tələbi ilə o, Belarusda həbs olundu, sonra Azərbaycan Prezidentinə üzrxahlıq məktubu yazdı. Məktubda Lapşin məsuliyyətsiz hərəkətlərinə görə üzr istəyirdi. Ermənistan isə bu məsələdə heç nə edə bilmədi və susdu. Lapşinin Bakıya verilməsi Azərbaycanın daha bir qələbəsi oldu. Bizim xarici işlər naziri Edvard Nalbandyan buna görə heç məzəmmət də edilmir. Çünki o, Sarkisyanın yaxın silahdaşıdır və erməni siyasətinin toxunulmaz şəxslərindəndir. Əsas Ermənistan maraqlarının müdafiəsi yox, onun Sarkisyan rejiminə sədaqətidir”.

“İrs” partiyasının təmsilçisi  David Sanasaryanın fikrincə isə Lapşindən sonra heç kəs Dağlıq Qarabağa baş çəkməyəcək: “Belarus  Lapşini Azərbaycana verdi. Bu, onu göstərir ki, bizim diplomatik təsirimiz Belarus Prezidentini dayandıra bilmədi. Əgər bütün bunlardan sonra Ermənistan tərəfi sərt reaksiya verməyəcəksə, bu, onu göstərəcək ki, Azərbaycan bizi 10:0 hesabla parça-parça böldü, sındırdı. Xaricilər daha Qarabağa gəlməyəcəklər”.

Ermənilər bildirirlər ki, Lapşinin ekstradisiya edilməsi  həm də Azərbaycanın bir dövlət kimi yüksək nüfuzunun göstəricisidir. Bu, eyni zamanda Ermənistana növbəti ciddi xəbərdarlıqdır və ermənilər dərk etməlidirlər ki, işğal siyasəti davam etdikcə Azərbaycandan hələ çox zərbə alacaqlar.

Yuxarıda deyilənlərdən belə qənaət hasil olur ki, Azərbaycan milli maraqlarını daim əzmlə qoruyur. Ölkəmiz dövlət müstəqilliyinə, dövlət maraqlarına qarşı çıxan, bununla da milli qanunvericiliyi, beynəlxalq hüquq normalarını pozan şəxslərə qarşı birmənalı mövqeyini ortaya qoyur. Belə mövqe isə cinayət törətmiş hər bir şəxsin qanun qarşısında cavab verməsinə imkan yaradır. Bu, eyni zamanda, Azərbaycan xarici siyasətinin uğuru kimi dəyərləndirilməlidir. Başqa sözlə, Lapşinin ekstradisiya edilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasının, öz gücünü göstərməsinin daha bir sübutudur. 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında