Diplomatiyamızın qələbəsi və Ermənistanın siyasətinin iflası

Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu ərazilərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən qondarma rejimin “müstəqilliyi”ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan blogger Aleksandr Lapşin böyük çətinliklərdən sonra ölkəmizə ekstradisiya edildi.

 Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Azərbaycana təhvil verilən A.Lapşin artıq Bakıdadır. Bu, bir tərəfdən Belarusda qanunun aliliyi prinsipinə hörmətin, digər tərəfdən isə Prezident İlham Əliyevlə Prezident Aleksandr Lukaşenko arasında sıx dostluq münasibətlərinin, qarşılıqlı səmərəli əməkdaşlığın, Belarus dövlət başçısının Azərbaycana isti münasibətinin və ehtiramının  əyani təzahürüdür. Əlbəttə, iki gün ərzində ölkənin bütün gündəmini dəyişən bu hadisənin baş verməsi Azərbaycan diplomatiyasının, parlaq qələbəsi kimi tariximizə yazıldı. Bu gün bütün dünya ictimaiyyətinin əsasən sosial şəbəkələrdən istifadə etdiyini və azərbaycanlıların da virtual resurslarda fəal olmasını nəzərə alaraq xəbərin ildırımsürəti ilə yayılması və müzakirə olunmasının şahidi olduq. Sosial şəbəkələrdən istifadə edən yüz minlərlə insan, o cümlədən düşmən dövlətin vətəndaşları polemikalara qoşularaq diplomatiyamızın hər iki qələbəsinə aid rəylər yazır və burada Azərbaycan dövlətinin gücünün alqışlanması və  etiraf olunması açıq-aydın  görünür. Təbii ki, Azərbaycan cəmiyyəti bununla fəxarət hissi keçirir, erməni cəmiyyətinin nümayəndələri isə Ermənistanın məğlubiyyətini etiraf edir və Sarkisyan rejimini, ölkənin xarici siyasətini yarıtmazlıqda suçlayırlar. 

Azərbaycan diplomatiyasından söz düşmüşkən qeyd edək ki, son illər dövlətimizin  beynəlxalq imicinin yüksəlməsi, xarici siyasət prioritetlərinin həyata keçirilməsi və çəkilən əziyyətlərin, göstərilən əzmkarlığın sonunda müsbət nəticələnməsi, əlbəttə ki, sevindirici haldır. Azərbaycan dövlətinin Cənubi Qafqazda ən çəkili dövlət olması və Yaxın və Ortaq Şərqdə bir sabitlik adası kimi dəyərləndirilməsi artıq dünya ekspertləri tərəfindən də təsdiqlənir. A. Lapşinin həbs edilərək Azərbaycana təhvil verilməsi həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətdə böyük rezonans doğurub. Qeyd edək ki, bu gün antiazərbaycan kampaniyası aparan təkcə A. Lapşin deyil. İnterpolun siyahısında onlarca belə şəxs var ki, məqsədyönlü şəkildə ölkəmizə qarşı çirkin təbliğat aparır, daxili sabitliyi pozmaq istəyir. Bu gün A. Lapşinin ekstradisiyasına nail olan dövlətin ən yaxın gələcəkdə həmin antimilli qüvvələri də nəzarətə götürəcəyi şübhə doğurmur.  Aleksandr Lapşinə gəldikdə isə, o, antimilli qüvvələrin başında dayanan fiqurlardan biri idi.  O, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq, ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

Əlbəttə ki, bütün bu fəaliyyəti cavabsız qala bilməzdi və ona Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanmış və barəsində dövlətlərarası axtarış elan edilmişdi.

 A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb. Onun həbsinə maneçilik törətmək istəyən erməni lobbisi isə bu dəfə arzusuna çatmadı. Bu hadisə Azərbaycanın əleyhinə kampaniya aparan qüvvələr və onların himayəçilərinə bir mesaj kimi yadda qaldı, erməni lobbisinə  bir “qulaqburması” oldu. Onlar birmənalı olaraq anladı ki, Azərbaycanın bugünkü diplomatik nailiyyətlərinin səbəbi onun sabit siyasətindədir.  Diplomatiya istedad tələb etdiyi kimi, həm də mərdlik tələb edir. Bir daha aydın göründü ki, heç bir dünya ölkəsi Dağlıq Qarabağdakı separatçı qurumu legitimləşdirmək, qondarma “DQR”-i qəbul etdirmək  cəhdlərinə dəstək vermir. 

Azərbaycanın etibarlı tərəfdaşlıq, əməkdaşlıq etdiyi dövlətlərlə dostluq və sağlam münasibətlər çərçivəsində siyasət aparması Ermənistan dövlətində isə bu keyfiyyətlərin olmaması bir daha çılpaqlığı ilə üzə çıxdı. Sülhə dayanıqlılıq prinsiplərinə əməl edilməməsi, qeyri-konstruktiv, siyasi perspektivi olmayan bəyanatlar verilməsi, regionda sabitliyə, inkişafa zərbə vuran hərbi və siyasi manevr cəhdləri Ermənistanı bir dövlət kimi uçuruma aparır.

Anar TURAN,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında