Lapşinin ekstradisiyası Azərbaycan diplomatiyasının növbəti uğurudur

Nəhayət, Azərbaycanın dövlət sərhədlərini pozmaqda, onun ərazi bütövlüyünə qarşı yönəldilən açıq çağırışlar etməkdə təqsirləndirilən üç ölkənin vətəndaşı Aleksandr Lapşin Minsk şəhərində saxlanılaraq fevral ayının 7-də Bakıya ekstradisiya olunmuşdur. Onun ekstradisiyası Azərbaycan dövlətinin  milli maraqların qorunmasına istiqamətləndirilən fəaliyyətinin bariz nümunəsi olmaqla, həm də Prezident İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin növbəti təzahürüdür.

Xatırladaq ki, bu gün rəsmi Yerevanın az qala “milli qəhrəman” səviyyəsinə qaldırdığı A.Lapşin 2011-ci, 2012-ci illərdə Ermənistan ərazisindən keçməklə və Yerevanın məlum dairələrinin təşkilatçılığı ilə Dağlıq Qarabağa və işğal altında olan digər Azərbaycan ərazilərinə qeyri-qanuni səfərlər etmiş, “Dövlət sərhədi haqqında” və “Pasportlar haqqında” Azərbaycan Respublikası qanunlarını kobud surətdə pozmuşdur. Bundan başqa, sosial şəbəkədə Azərbaycan dövlətini aşağılayan və cinayətkar rejimin işğalçılıq fəaliyyətini dəstəkləyən materiallarla çıxış etmişdir. Nəticədə, onun barəsində cinayət işi qaldırılmış, beynəlxalq axtarışa verilmişdir.  Bütün bunlara baxmayaraq, A.Lapşin 2016-cı il aprel döyüşləri nəticəsində Ermənistan silahlı qüvvələrinin məğlubiyyətindən sonra sosial şəbəkədə Azərbaycan Respublikasına dair qərəzli materiallar yayaraq onun ərazi bütövlüyünə qarşı təxribat xarakterli çağırışlar səsləndirməyi davam etdirmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi  işğal altında olan ərazilərə qanunsuz səfərləri ilə əlaqədar onun adını “arzuolunmaz şəxslər” siyahısına daxil etsə də, A.Lapşin məsuliyyətini dərk etməmiş, əksinə özünün yazdığı kimi, “Azərbaycanın qadağan rejimini” məqsədli şəkildə pozacağını, Dağlıq Qarabağa yeni səfərlər edəcəyini vəd etmişdir. Nəticəsi göz qabağındadır. Azərbaycanın və Belarusun müvafiq strukturları A.Lapşinin “arzusunu ürəyində qoymadılar”. Minskdən qalxan təyyarə onu yenidən Azərbaycana, amma bu dəfə qondarma “Dağlıq Qarabağ Respublikasına” deyil, Bakıya gətirmişdi.  

Azərbaycanın haqlı tələbinə əsasən, Belarus Respublikasının müvafiq orqanlarının həyata keçirdikləri bu tədbir dünya praktikasında, dövlətlərarası qarşılıqlı hüquqi əməkdaşlıq çərçivəsində adi hüquqi prosedurlardan biri olsa da, Ermənistan, eləcə də onun havadarları “Lapşinin işini” şişirtməklə onu siyasiləşdirməyə və bununla da rəsmi Bakıya təzyiqlər etməyə çalışırlar. Təbiidir ki, bu hadisə Ermənistanda siyasi böhranı, ölkə rəhbərliyinə etimadsızlığı xeyli dərinləşdirmişdir. Eyni zamanda, rəsmi Yerevan onu da etiraf etmişdir ki, Azərbaycanın A.Lapşinin ekstradisiyasına nail olması onlara ünvanlanan ciddi mesajdır. Bundan başqa, həm Azərbaycan, həm də Belarus dövlətləri öz prinsipial mövqelərini bir daha nümayiş etdirərək ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığın, etimadın yüksələn xətlə inkişaf etdiyini göstərmişlər.  Lakin reallıqda Ermənistanı narahat edən digər məsələlər də vardır. Məsələn, “Lapşinin işi” Yerevanın nə MDB, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində siyasi çəkiyə, mövqe və nüfuza malik olmadığını bir daha təsdiqləmişdir. Digər tərəfdən, rəsmi Yerevan onu da yaxşı bilir ki, Aleksandr Lapşinin Bakıda istintaq orqanlarına verəcəyi səmimi ifadələrdə onun Ermənistanda kimlər və çox güman ki, hansı strukturlar tərəfindən Azərbaycan əleyhinə fəaliyyətə cəlb edilməsi etiraf olunacaqdır.                

A.Lapşinin Bakıya ekstradisiyasının hüquqi müstəvidə dəyərləndirilməsinə gəldikdə isə hələ 1990-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsinə əsasən, dünya birliyinə daxil olan dövlətlərin cinayət hüququ üzrə qarşılıqlı əməkdaşlığına dair sənədin müddəalarına, 2002-ci ildə Kişinyov şəhərində qəbul edilmiş MDB-yə üzv dövlətlərin “Hüquqi yardım və mülki, ailə və cinayət işlərində hüquqi münasibətlərə dair” Konvensiyasının 66-cı maddəsinin tələblərinə tamamilə cavab verir. Həmin maddədə açıq şəkildə bildirilir ki, tərəflər mövcud Konvensiyada nəzərdə tutulmuş şərtləri əsas tutmaqla, öz ərazilərində gizlənmiş cinayətkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və ya hökmün icrasını onların bir-birinə təhvil verilməsini öhdələrinə götürmüşlər. Bundan başqa, 1994-cü ildə də MDB-yə daxil olan bütün dövlətlər, o cümlədən “Lapşinin işində” adları keçən Rusiya, Azərbaycan, Belarus və Ermənistan axtarışda olan şəxslərin saxlanılması və ekstradisiyasına dair birgə müqavilə imzalamışlar.

Belə olan təqdirdə, A.Lapşinin ekstradisiyasına dair Azərbaycanın haqlı tələbi həmin birgə sənədlərin müddəalarına tamamilə uyğundur. Belarus dövləti isə öz növbəsində, üzərinə götürdüyü beynəlxalq öhdəliklərə əməl etmişdir. Hətta, Prezident Aleksandr Lukaşenko bir müddət əvvəl açıq şəkildə bildirmişdir ki, “Lapşinin Azərbaycana verilməməsi üçün heç bir bəhanə yoxdur”. Üstəlik, Belarus Baş Prokurorluğunun yaydığı məlumata əsasən, nə Rusiya Federasiyası, nə də İsrail dövləti Aleksandr Lapşinin “vətəndaşı olduğu” ölkəyə qaytarılması barədə müraciət etməmişlər. Onu da xatırladaq ki, Lapşinin Azərbaycana təslim edilməsini dövlətlərarası münasibətlər müstəvisinə çıxarmağa çalışan Moskvanın bəzi siyasi dairələri  Bakının müraciətlərinə baxmayaraq, 2014-cü ilin iyul ayından qanunsuz olaraq Ermənistanda girovluqda saxlanılan Rusiya vətəndaşı Dilqəm Əsgərovun nə azad olunması, nə də onun Rusiya Federasiyasına ekstradisiya edilməsi barədə nədənsə indiyədək məsələ qaldırmamışlar.     

“Lapşinin işində” bir məqama da toxunmaq istərdim. Hazırda həm Ermənistanda, həm də Rusiyada bloggerin həbsini və Azərbaycana təhvil verilməsini “mətbuat azadlığına” qarşı qəsd kimi də təqdim etməyə çalışırlar. Rusiyanın tanınmış jurnalisti və mətbuat nəzəriyyəçisi Vladimir Poznerin bloggerlər haqqında fikirləri bu məsələyə də aydınlıq gətirir. O müsahibələrində dəfələrlə vurğulamışdır ki, bütün hüquqi, mənəvi əlamətlərə görə bloggerin “jurnalist”, “mətbuat işçisi” adlandırılması böyük yanlışlıqlır. O, yaydığı materialların məzmununa, faktların dəqiqliyinə, böhtan və qərəz dolu məlumata görə nə oxucusunun, nə vətəndaşı olduğu dövlətin qarşısında heç bir məsuliyyət daşımır və kütləvi informasiya vasitələrinə dair qanunlara qətiyyən məhəl qoymur.

Fərhad Məmmədov,
Prezident Yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında