Azərbaycanın sərhədlərini qanunsuz olaraq keçənlər, ölkəmizin ərazi bütövlüyünə qarşı çağırış edənlər Aleksandr Lapşinin taleyini yaşayacaqlar

Fevralın ilk ongünlüyündə şahidi olduğumuz iki hadisə müasir tariximizin unudulmaz səhifələri kimi yaddaşlara  yazıldı. Azərbaycan dövlətinin qüdrətini və Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətini növbəti dəfə bütün dünyaya sübut edən həmin hadisələrin hər ikisi bilavasitə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı idi.

Birinci hadisə ötən il dekabrın 29-da Azərbaycan Respublikasının dövlət sərhədini pozmağa cəhd göstərən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə qəhrəmancasına şəhid olmuş Çingiz Salman oğlu Qurbanovun  nəşinin namərd qonşularımızın əlindən alınması idi. Azərbaycan  Prezidentinin tapşırığına əsasən, aidiyyəti dövlət qurumları tərəfindən beynəlxalq təşkilatlarla aparılmış müntəzəm danışıqlar  nəticəsində  fevralın 5-də qarşı tərəfdən alınmış qəhrəman əsgərimizin cəsədi Bakıdan – Müdafiə  Nazirliyinin  təşkil etdiyi yolasalma mərasimindən¸doğulub böyüdüyü Qusar rayonuna aparılarkən yaranan mənzərə heç vaxt heç kəsin yadından çıxmayacaq. Çünki şəhid əsgərimizi aparan  maşın karvanı  mənzil başına çatana qədər  yol kənarındakı bütün yaşayış məntəqələrinin on minlərlə sakininin ehtiramlı təzimi və   minlərlə Azərbaycan bayrağının təntənəli düzülüşü ilə müşayiət edildi. Əsl qəhrəmanlara layiq yolasalma idi.

Azğın və quduz düşmənin əlindən alınan qəhrəman şəhidimizin cəsədi doğmalarının yanında, ana torpağa tapşırılmasının ertəsi günü  isə ölkə əhalisinin, xüsusən, bütün kütləvi informasiya vasitələrinin böyük məmnunluqla qarşıladığı rəsmi dövlət sənədi barədə məlumat yayıldı. Fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə əsgər Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzaladı. Bu,  qürur gətirən məqamdır.

Siyasət və diplomatiyamızın fevralın ilk ongünlüyündə qazandığı ikinci nailiyyət  üçün də uzun müddət idi ki, çalışırdıq. Üç ölkənin vətəndaşı olan bir Azərbaycan düşməni öz havadarlarının köməyi ilə ədalət mühakiməsindən yayınmaq, həm də antiazərbaycan fəaliyyətini davam etdirmək üçün kimlərinsə ətəyi altında gizlənir, Azərbaycan qanunlarından qaçmaq istəyirdi. Onun özü də, himayədarları da başa düşə bilmirdilər ki, respublikamız  artıq ötən əsrin 90-cı illərinin Azərbaycanı deyil və bizim əsəblərimizlə oynamaq heç kəsə üzağlığı gətirməyəcək. Dövlət başçımızın uğurlu siyasi-diplomatik fəaliyyəti nəticəsində Azərbaycanın həqiqi və sədaqətli dostlarının çoxalması artıq bədxahlarımızın bizdən qaçıb-gizlənməsini birmənalı şəkildə əngəlləyir. Belarus dövlətinin və şəxsən Prezident Aleksandr Lukaşenkonun sərgilədiyi dost sədaqəti bir daha nümayiş etdirdi ki, Azərbaycanın dostları bizim dövlət müstəqilliyimizin əbədiləşməsini  istəməyən qüvvələrə qarşı mübarizədə daim yanımızdadırlar.

Fevralın 7-də, günün son dəqiqələrində ölkənin kütləvi informasiya vasitələri xəbər verdilər ki, Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bu yerlərə qanunsuz səfərlər edən, burada qeyri-qanuni fəaliyyət göstərən rejimin “müstəqilliyi”ni dəstəkləməklə ölkəmizin  beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan blogger Aleksandr Lapşin  Belarus Respublikasından  Bakıya  ekstradisiya edilib.

Rəsmi materiallarda Aleksandr Lapşinin nədə ittiham edildiyi də dəqiq və aydın şəkildə göstərilmişdir:  “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, qanunsuz rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün  yaratdığı “http//puerrtto.livejournal.com.” internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib”.

Təbii ki, bədxahlarımızın pulu və hərtərəfli dəstəyi ilə antiazərbaycan  fəaliyyəti ilə məşğul olan lapşinkimilər mütləq öz cəzasına çatacaq və lazım olan yerdə oturacaqlar. Bunu son zamanlar baş verən proseslər də sübut edir. Ancaq  hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz  keçmə əməllərinin tərkib əlamətləri olan Lapşinin həbs edilməsi beynəlxalq aləmə  bir çox həqiqətləri başa saldı. Həmin həqiqətlərdən biri də odur ki, cinayətkarın vətəni də olmur, milliyəti də. 

… 1976-cı ildə Sverdlovskda (indiki Yekaterinburq) doğulmuş, atası rus, anası yəhudi olan Aleksandr  13 yaşında ailəsi ilə birgə İsrailə mühacirət edib. Əsas ixtisası proqramlaşma və biznesin idarə olunmasıdır. Sofiya aeroportunun təhlükəsizlik xidmətində işləyib. 2003-2008-ci illərdə Moskvada yaşayıb. 2006-cı ildə İsrailə turist kimi səfər edərkən, Suriyada olduğuna görə şübhəli şəxs kimi həbs olunub.  2008-ci ildə İsrailə qayıdıb, son zamanlar  Livanla sərhəddəki  xüsusi məskunlaşma şəhərciyində  yaşayıb. Ailə qurmayıb. Doğulduğu ölkənin – Rusiyanın və İsrailin vətəndaşlığından əlavə,   Ukrayna vətəndaşlığını da alıb, baxmayaraq ki, heç vaxt orada yaşamayıb. Bundan əlavə, 90-cı illərin sonlarında Lapşin ABŞ-ın qrin-kartını alıb. 2011-ci ildə isə Gürcüstan vətəndaşlığı üçün müraciət edib  və müraciəti indiyə qədər nəticəsiz qalır. Yəni bu adamın qısaca tarixçəsinə nəzər salan istənilən kəs onun hansı yuvanın quşu olduğunu anlayır.

 İnternetdə “Puerto” ləqəbi ilə fəaliyyət göstərən Aleksandr Lapşin rus-yəhudi bloggeridir, 10 mindən çox abunəçisi var. 100-dən çox ölkədə olub. Azərbaycana münasibəti isə göz qabağındadır. Kütləvi informasiya vasitələri yazırlar ki, Lapşinin həbsinə qədər onun gündəlik xərci   100 ABŞ dollarına yaxın olub. Bəs bu qədər pul haradan gəlirdi?  Təbii ki,  casusluq etdiyi qüvvələrdən. Onu Azərbaycan ərazilərinə göndərən və antiazərbaycan fəaliyyətinə istiqamətləndirənlər nə qədər çoxbilmiş olsalar da, Lapşin də aciz bala deyildi və həmin qüvvələrdən istədiyi qədər pul alırdı.  Təsadüfi deyildi ki, onun bütün müdafiəçiləri  əsasən ermənilərdir.

O, 2011-ci ildə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən ərazilərinə qanunsuz səfər etdiyinə görə ölkəmizin müvafiq qurumları tərəfindən  “persona non-qrata” elan edilmişdir.  Buna baxmayaraq, o, Ukrayna pasportu ilə Tiflis-Bakı qatarına oturur və iyunun 15-də Bakıda peyda olur. Belə bir şərhi də var ki, “Məni, adi adamı dünya şöhrətli şəxslərlə bir sırada tutdular. Çünki Azərbaycan “Formula-1”-ə o qədər pul qoyub ki, sərhəddə hansısa qalmaqal biabırçılıq olardı". Düzdür, onsuz da o, “Formula-1”-ə qalmayaraq, Tehrana uçmuşdu. Sonra Dağlıq Qarabağa gedən Lapşin oradakı ermənilərə Azərbaycan sərhədlərini pozmaq yollarını öyrədirmiş.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bütün bunları əsas gətirərək Aleksandr Lapşini beynəlxalq axtarışa vermişdi. Həmin axtarışın nəticələri isə artıq ölkə ictimaiyyətinə  və Lapşinin himayədarlarına məlumdur: “Fevralın 7-də saat 23-də Aleksandr Lapşini Belarusdan Azərbaycana gətirən təyyarə Heydər Əliyev adına Beynəlxalq Aeroporta enmişdir”.  Kütləvi informasiya vasitələrindən biri Azərbaycan sərhədlərini qanunsuz şəkildə pozmağı ilə  fəxr edən Lapşinin Bakıya ekstradisiyası barədə yaydığı xəbərə məhz onun özünə layiq olan ironiya ilə başlıq vermişdi: “Lapşin Bakıya qolu qandallı “gəldi”. Əslində isə o, gəlməmişdi, gətirilmişdi.

Bizə onu demək qalır  ki, Azərbaycan xalqı Zori Balayan başda olmaqla, bütün düşmənlərimizin Bakıya gətirilməsini görmək arzusundadır. Amma Lapşin kimi, qolu qandallı. Cocuq Mərcanlı həqiqətlərinə şahidlik edən soydaşlarımız inanırlar ki, biz bunun da  şahidi olacağıq.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında