Yaxın Şərq: Yeni geosiyasi proqnozlar işığında

Son zamanlar Qərbin analitik və ekspertləri müsəlman ölkələri ilə bağlı tez-tez proqnostik fikirlər irəli sürürlər. Onların analizi göstərir ki, burada konkret ideyalardan çox müəyyən məqsədlər vardır. Bir sıra dairələr Yaxın Şərqdən tutmuş Çinə qədər olan məkanda yeni ixtilaflar və qarşıdurmalar yaradıb, bunun arxasında öz maraqlarını təmin etməyin həvəsinə düşüblər. O cümlədən müsəlman cəmiyyətlərində sünni-şiə münaqişəsini dərinləşdirib İslam aləmini cəhənnəmə çevirməyə cəhdlərin göstərilməsi müşahidə edilir. Maraqlıdır ki, bu prosesdə İran, Türkiyə, Səudiyyə Ərəbistanı və Misir kimi müsəlman dövlətləri arasında ziddiyyətlərin yaradılması aspekti xüsusi yer tutur. Həmin məqamlar üzərində geniş dayanmaq lazım gəlir.

 

Məzhəb savaşı: amerikalı ekspertin və ermənilərin ümid yeri

 

Qərb analitik dairələri müsəlman dövlətləri ilə bağlı mütəmadi təhlillər aparır və proqnozlar verirlər. Onlar iki aspektdə maraq kəsb edir. Birincisi, Qərbdə müsəlman dövlətləri haqqında hansı mövqe mövcuddur? İkincisi, İslam ölkələrinin gələcəyini Qərbdə necə görürlər? Çünki analiz və proqnozlar adətən müəlliflərin həm də öz istəklərini ifadə edir. Bu səbəbdən ABŞ və Avropa ölkələrinin analitik-ekspertlərinin düşüncələri diqqəti çəkir.

Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun eksperti Ceffri Uatt müsəlman dövlətləri arasındakı münasibətlərlə bağlı bəzi tezislər irəli sürüb. O, əsas olaraq İran-Türkiyə-Səudiyyə Ərəbistanı "üçbucağı"nda gərgin mübarizənin gedəcəyini proqnozlaşdırır. Onun fikirlərinə görə, bunun fonunda bütövlükdə Yaxın Şərqdə geosiyasi mənzərənin dinamikası yeni məzmun çalarları kəsb edəcək. Ekspert İran faktorunun geosiyasi çəkisini məhz həmin kontekstdə müəyyənləşdirməyə çalışır.

O, ilk olaraq Səudiyyə Ərəbistanı və Fars körfəzi ölkələrinin öz geosiyasi mövqelərini itirə biləcəkləri tezisini irəli sürür. Səbəb isə neftin qiymətinin aşağı həddə qala biləcəyi proqnozları ilə bağlıdır. Ceffri  Uattın fikrincə, həmin ölkələr müasir sənaye infrastrukturu yarada bilməyiblər və müasir tarixi mərhələdə özünün sənaye infrastrukturunu, diversifikasiya olunmuş iqtisadi sistemini yarada bilməyən dövlətin nüfuzu yüksək ola bilməz.

Hesab edirik ki, məsələnin bu tərəfində ekspert haqlıdır. Lakin hər şey sürətlə dəyişir və Səudiyyə Ərəbistanı kimi ölkə də özünün sənaye infrastrukturunu formalaşdıra bilər. Digər tərəfdən, OPEK və ona daxil olmayan enerji ehtiyatlarına malik dövlətlər neftin qiyməti məsələsi ilə bağlı artıq razılığa gəlirlər. Bu, davamlı olsa, neftin qiymətinin aşağı ola biləcəyi ilə bağlı proqnozlara düzəliş etmək lazım gələcək. O halda İran-Səudiyyə Ərəbistanı münasibətlərinin fərqli mənzərəsi meydana gələ bilər.

Üstəlik, C.Uatt hesab edir ki, hazırda transmilli radikal təşkilatlar İranı hərbi və siyasi münaqişələr şəbəkəsinə cəlb etmək planlarını qururlar. Məqsədləri isə, İranı zəiflətmək və onun inkişafına əngəl olmaqdan ibarətdir. Hazırda bəzi dairələr İranı Əfqanıstandakı dini təşkilatlarla toqquşdurmağa çalışırlar. Ancaq Əfqanıstan məsələsi Pakistanla sıx bağlıdır. Pakistanın isə Səudiyyə Ərəbistanı ilə yaxın əlaqələri mövcuddur. Deməli, ekspert hesab edir ki, sünni-şiə qarşıdurmasının əsas gərginlik mərkəzi Pakistan-İran xəttində özünü göstərə bilər. Nəhayət, İran-Pakistan və İran-Əfqanıstan münasibətlərinin böhrana düşməsi Hindistan və Çini də proseslərə qata bilər. Bu isə, C.Uattın fikrincə, qlobal miqyasda münaqişənin yaranması deməkdir.

Əvvəlcə, onu vurğulayaq ki, biz bilərəkdən bu fikirləri erməni ekspertin təqdimatında necədirsə, o məzmunda verdik (bax: Игорь Мурадян. Американские эксперты об Иране – Джеффри Уатт / "Lragir.am", 8 dekabr 2016). Çünki həm amerikalı ekspertin müsəlman ölkələri ilə bağlı tezislərində, həm də erməni ekspertin təqdimat formasında ziddiyyət və qərəzlilik açıq-aydın hiss olunur. Hər ikisini birləşdirən məqsəd müsəlman ölkələri arasında ixtilaf yaratmaq, onu qabartmaq və bunun fonunda Amerikanın əsl niyyətlərini ört-basdır etməkdir.

Guya Yaxın Şərqdə İran-Səudiyyə Ərəbistanı-Türkiyə xəttindəki münasibətlərə Qərbin kənardan təsiri yoxdur, "sözdə demokratların" həmin bölgə ilə əlaqəli geosiyasi planları da mövcud deyil. Guya hər şey adıçəkilən ölkələrin öz aralarındakı ixtilaflarla bağlıdır və Qərb də buna qarışmayacaq. Bu, sadəlövhlər üçün uydurulmuş bir nağıldır. Lakin onun təhlükəli tərəfləri də deyildir. Bu aspektdə ən qorxulu fikir sünni-şiə bölgüsünü siyasətə daha sıx bağlamaqdan ibarətdir. Diqqət edin, amerikalı ekspert və onun erməni "sözçüsü" Yaxın Şərqdən başlayaraq Çin və Hindistana qədər geniş bir ərazidə İslamdakı dini məzhəb münasibətlərinin qlobal münaqişə yaradacağını oxuculara çatdırmaq istəyirlər.

 

Gizli planlar: İslam aləmini parçalamaq niyyəti

 

Bu, əslində, elə Qərbin gizli servislərinin planlarının fraqmentar olaraq təqdimatından başqa bir şeyə bənzəmir. Ayrı-ayrı ekspertlərin dili ilə onu təqdim edirlər. Biz bir qədər sonra başqa ABŞ eksperti – Devid Şenkerin də fikirlərini verəcəyik və mənzərə bir qədər tamamlanmış olacaq. İndi onu vurğulayaq ki, bir sıra dairələrin əsas məqsədlərindən biri İranla Türkiyəni üz-üzə gətirməkdən ibarətdir. Bu prosesdə Səudiyyə Ərəbistanına da müəyyən rol ayrılıb.

Devid Şenkerin fikirləri erməni yazarın təqdimatında bununla bağlı müəyyən təsəvvürlər formalaşdıra bilir (bax: Игорь Мурадян. Американские эксперты об Иране – Дэвид Шенкер / "Lragir.am", 10 dekabr 2016). Onun da rəyinə görə, Yaxın Şərqdə mübarizə yeni başlayır. Belə çıxır ki, Qərbin əsas işi bu prosesi yaratmaqdan ibarət olub, çünki bir neçə il əvvəl "ərəb baharı" adlandırdıqları hadisəni törətdilər və ismini regionun demokratikləşməsi qoydular. İndi necə oldu ki, "əsl mübarizə yeni başladı"? D.Şenker hesab edir ki, onun əsas əlamətlərindən biri Fars körfəzində böhranın meydana gəlməsi ola bilər. Qətər Türkiyəni İranla qarşıdurmaya çəkməyə can atır. Birləşmiş Ərəb Əmirlikləri ilə Türkiyənin nüfuz qazanması regionun radikal İslam təşkilatlarının Fars körfəzində təsirlərinin genişlənməsinə aparıb çıxara bilər.

Doğrusu, anlamaq çətindir, hansı səbəblərə görə Türkiyənin nüfuzunun artması regionda radikal qrupların təsirinin genişlənməsi ilə nəticələnə bilər? Axı, "əl-Qaidə" və İŞİD-i Qərb, "Həmas"ı ərəb ölkələri, Suriyada tüğyan edən müxtəlif radikal qrupları da müxtəlif ölkələr yaradıblar. Bu faktlar kənarda qala-qala, Türkiyə məsələsini ortaya atmaqda məqsəd nədir? Təbii, cavab məlumdur – bu, reallıq deyil, Qərbdəki müəyyən dairələrin və ermənilərin görmək istədikləri mənzərədir. Bu cənab da belə deyir ki, zaman-zaman sünni-şiə qarşıdurması güclənəcək və İranın regiondakı mövqeyi zəifləyəcək. Müəyyən müddətdən sonra İran Yaxın Şərqdə təcridolma yolunu tuta bilər.

Bundan sonrası da maraqlıdır. Ekspert hesab edir ki, hazırda ərəb dünyasının sünni və şiə kəsimlərə bölünməsi prosesi gedir. Bu şərtlərdə Türkiyə sünni hissənin lideri ola bilər. Çünki Səudiyyə Ərəbistanı bu rolu oynamaq iqtidarında deyil. Lakin Misir Türkiyəyə rəqib ola bilər. ABŞ isə Misirə dəstək verəcək. Onun ardınca ərəb dövlətləri də Qahirəyə üstünlük verə bilərlər. Onların əvəzində radikal İslam təşkilatları Türkiyəni müdafiə edəcək. İran isə bu prosesə qarışmayaraq sünni-şiə savaşının sonunu gözləyəcək. Bunun fonunda ABŞ-İran münasibətləri inkişaf edə bilər (bax: əvvəlki mənbəyə).

Doğrusu, bu cümlələrə "proqnoz" deməyə adamın dili gəlmir, onlar yalnız istehza yarada bilərlər. Çünki amerikalı ekspertin ifadə etdiklərinin reallıqla heç bir əlaqəsi yoxdur. O, əvvəlcədən xüsusi məqsədlə müəyyən edilmiş hədəfləri sıra ilə aktuallaşdırmağa xidmət edir. İran sünni-şiə ixtilafından kənarda qalıb, Vaşinqtonla əməkdaşlıq edəcək? Bu absurda kim inana bilər? Regiondakı radikal qrupların Türkiyə tərəfə keçəcəyi ilə bağlı sərsəm iddia isə xüsusi məqsəd güdür – indidən Türkiyəni radikal dini qruplara dəstək verən ölkə kimi təqdim edib, sonra bəhanə ilə vurmaq! Bunun da əsas səbəbi ondan ibarətdir ki, Qərb Türkiyənin regionun ən potensiallı və sürətli inkişaf edən dövləti olduğunu çox yaxşı bilir. Yuxarıdakı fikirlərdən də açıq hiss edilir ki, onların əsas məqsədi Türkiyə-İran, Türkiyə-Misir, Türkiyə-Səudiyyə Ərəbistanı ziddiyyətlərini yaradıb, "parçala, hökm sür" siyasətini davam etdirməkdir. Təbii ki, bundan ən çox sevinənlər ermənilər ola bilər.

Ancaq bir şeyi unudurlar. Müsəlman dövlətləri, ilk növbədə isə Türkiyə, sürətlə dəyişir. İndi Yaxın Şərqdə kimin dost, kimin düşmən olduğunu yerli əhali yaxşı bilir. Bu səbəbdən bəzi üzdəniraq ekspertlərin proqnozları bir nəticə verməyəcək. Ankara, Tehran, Ər-Riyad, Qahirənin ağlı və səbri doğru olanı müəyyən etməyə çatar!

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında