Prezident İlham Əliyevin Brüssel səfəri Azərbaycan – Avropa İttifaqı əməkdaşlığının yeni səhifəsini açdı

 

 

 

 

 

 

 

 

 

 


Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik. Mən bir daha qeyd etdim ki, torpaqlarımız uzun illərdir işğal altındadır. Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib. Bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul olunan və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Brüssel, 6 fevral, 2017-ci il



Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim “Cənub” qaz dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq, hər iki tərəf üçün əsas prioritetdir.

Donald TUSK
Avropa İttifaqı Şurasının prezidenti

Brüssel, 6  fevral, 2017-ci il


Yeni əsrin istənilən ili gənc müstəqil Azərbaycan Respublikası üçün beynəlxalq aləmdə mühüm uğur kimi qəbul edilən hansısa əlamətdar hadisə ilə başlanır. 2017-ci il də  belə oldu. Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 5-6-da reallaşdırdığı Brüssel səfəri həm rəsmi Bakı, həm Belçika Krallığı, həm də Avropa İttifaqı üçün mühüm əhəmiyyət kəsb edən görüşlər, danışıqlar və müzakirələrlə yadda qaldı. Ən başlıcası, bu səfər bir neçə il əvvəl antiazərbaycan qüvvələrin fitvası və dəstəyi ilə  dövlətimiz əleyhinə  aparılan bəzi kampaniyaların  tamamilə gündəlikdən çıxarılmasını təmin etdi.

Xatırladaq ki, Avropa İttifaqının əsas qurumlarından olan   Avropa Parlamenti tərəfindən Azərbaycan əleyhinə əsassız və qərəzli qətnamələrin qəbul edilməsi Azərbaycan  Milli Məclisinin Avronest Parlament Assambleyasından çıxması, həmçinin Avropa Parlamenti ilə ikitərəfli dialoqunun dayandırılması haqda qərar qəbul etməsi ilə nəticələnmişdi. Rəsmi Bakı bu ədalətsiz münasibətə qarşı ciddi etirazlarını bildirərək, özünəməxsus qətiyyət nümayiş etdirmişdi. Ona görə də, Avropa Parlamentinin müraciətinə əsasən Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın parlamentlərarası ölçüsünün tam bərpasına razılıq vermiş, 2016-cı ilin sentyabrında Aİ – Azərbaycan Parlamentlərarası Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti Azərbaycana rəsmi səfər etmişdi. Dövlət başçımızın Brüssel səfəri isə beynəlxalq aləmdəki dostlarımıza da, bədxahlarımıza da Azərbaycan – Avropa İttifaqı münasibətlərinin mövcud səviyyəsi haqqında çox dəyərli bir mesaj oldu.

Azərbaycan  Prezidentinin Brüssel səfəri  müasir diplomatiyanın ən incə məqamlarını özündə əks etdirən 7 mühüm tədbirlə yadda qalsa da, ekspert və politoloqlar daha çox dövlət başçımızın Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə görüşünün üstündə dayanırlar. Çünki həmin görüş və aparılan müzakirələr tərəflərin hər ikisi üçün maraqlı və əhəmiyyətli idi. Həmin əhəmiyyətin nədən ibarət olduğunu  tərəflərin mətbuat üçün verdiyi bəyanatlarda aydın şəkildə gördük. 

Öz bəyanatına “Görüş həqiqətən də məhsuldar və yaxşı keçdi. Düşünürəm ki, dostlar arasında bu, normal haldır” – ifadəsi ilə başlayan Donald Tusk təkcə Avropada deyil, dünyanın istənilən nöqtəsində olan bədxahlarımızın  yuxusuna haram qatacaq fikirlər  səsləndirdi : “Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Biz əməkdaşlığımızın gücləndirilməsinin Azərbaycan iqtisadiyyatının müasirləşdirilməsinə və şaxələndirilməsinə necə kömək edəcəyini müzakirə etdik. Azərbaycan üçün, həmçinin Dünya Ticarət Təşkilatı ilə bağlı danışıqlarda irəliləyişə nail olmaq rəqabətədavamlı biznes mühitinə yol açacaq və bu da iqtisadi inteqrasiyanı irəliyə aparacaq”.

“Azərbaycan mədəniyyətlər arasında körpü rolunu oynayır. Hazırda qonşuluğumuzda üzləşdiyimiz çağırışları nəzərə alsaq, bu, olduqca təqdirəlayiqdir” – deyən cənab Tusk  ölkəmizin yeganə problemi olan Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da çox ədalətli və konkret mövqe ortaya qoydu: “Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini müzakirə etdik. Status-kvo bu cür davamlı qala bilməz”. Ekspertlərin fikrincə, cənab Tuskun bəyanatının ən çox maraq yaradan hissəsi  Avropa İttifaqı--Azərbaycan  sazişinin hazırlanması barədə danışarkən öz sevincini gizlədə bilməməsi idi: “Mən sevinc hissi ilə bəyan edirəm ki, sabah yeni Avropa İttifaqı--Azərbaycan sazişi ilə bağlı danışıqlara start veriləcək. Mən danışıqları aparanlara böyük uğurlar arzulayıram”.

Mətbuat üçün verdiyi  bəyanatda “Əlbəttə, enerji sahəsindəki əməkdaşlıq əlaqələrimizin vacib sahəsidir” tezisini daha qabarıq şəkildə təqdim edən Azərbaycan Prezidenti  İlham Əliyev ölkəmiz və Avropa İttifaqı üçün böyük önəm kəsb edən məqamları belə yada saldı: “Cənab prezidentin qeyd etdiyi kimi, Avropa bizim əsas investorumuzdur. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. İyirmi beş il əvvəl müstəqilliyimizi bərpa etdikdən sonra iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub. Eyni zamanda, Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz bir çox Avropa ölkələrini neftlə təchiz edirik və ümidvarıq ki, yaxın zamanlarda təbii qazımızı da çatdıracağıq”.

Təbii ki, Azərbaycan Prezi­dentinin  istənilən beynəlxalq təşkilatın tribunasından çıxış edərkən və ya hansısa siyasətçi ilə görüşü zamanı ən çox gündəliyə gətirdiyi məsələ məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından yaranan narahatlığımızdır. Avropa İttifaqı rəhbərləri ilə aparılan müzakirələrdən sonra mətbuata bəyanat verən dövlət başçımız həmin məsələni yenə də gündəliyə gətirdi: “Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələləri müzakirə etdik. Mən bir daha qeyd etdim ki, torpaqlarımız uzun illərdir işğal altındadır. Ermənistan Azərbaycanın ərazisinin təxminən 20 faizini işğal edib. Bütün humanitar normaları, beynəlxalq hüquq normalarını pozan Ermənistan BMT Təhlükəsizlik Şurasının 1990-cı illərin əvvəlində qəbul olunan və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsini icra etmir. Əfsuslar olsun ki, işğal 20 ildən çoxdur davam edir və bu işğala heç bir bəraət qazandırmaq olmaz. Mən cənab prezidentə çox minnətdaram ki, o, öz şərhlərində ölkəmizin ərazi bütövlüyünə bir daha dəstəyini vurğuladı”.

“Əməkdaşlığımızın digər vacib sahəsi mədəniyyətlərarası dialoqdur” – deyə ölkəmizin  Şərq-Qərb mədəniyyətlərinin daha da sıx qovuşmasına özünəməxsus töhfələr verdiyini söyləyən ­Prezident İlham Əliyev Avropanın və dünyanın bilməli olduğu məqamları  yada saldı: “ Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqa böyük sərmayələr yatırır. Biz Avropa Şurasına, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkəyik. Biz sivilizasiyalar arasında təbii, coğrafi və mədəni körpüyük. Azərbaycanın insan kapitalına, dinlərarası dialoqa qoyduğu sərmayə bu gün yaxşı nəticələr verir”.

 Azərbaycan  Prezidentinin  Brüsseldə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç,  Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerini,  Belçika Kralı Filip, Avropa Şurası Parlament Assambleyasının sabiq prezidenti, Niderland-Azərbaycan Dostluq Qrupunun sədri Rene Van der Linden ilə görüşləri bizim üçün siyasi-diplomatik  və ticari-iqtisadi baxımdan nə qədər əhəmiyyət kəsb edirdisə,  dövlət başçımızın  və xanımı Mehriban Əliyevanın  Belçika Krallığının Vaterlo şəhərində görkəmli Azərbaycan şairi Xurşudbanu Natəvanın abidəsini ziyarət etməsinin də o qədər mənəvi - psixoloji əhəmiyyəti var idi. Xatırladaq ki, ötən il fevralın 18-də açılışı olan bu abidənin ucaldılması Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi sayəsində mümkün olub. Şəhərin mərkəzi parkında ucaldılmış abidə Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi ilə heykəltəraş İmran Mehdiyev tərəfindən hazırlanıb. Abidənin özülündə Xurşudbanu Natəvanın Qarabağ şahzadəsi olması barədə məlumat var.

Dövlət başçımızın Brüssel səfərinin yekunları haqqında qələmə aldığımız sətirləri Azərbaycan –Avropa İttifaqı əməkdaşlığının tarixçəsi barədə yığcam bir xatırlatma ilə  yekunlaşdıraq.  Xarici İşlər Nazirliyinin elektron resurslarında qeyd edilir ki, Azərbaycan Avropa İttifaqı  münasibətləri 1991-ci ildə yaranmışdır. 1996-cı ildə imzalanmış  Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədəniyyət sahəsində əməkdaşlığı əhatə etmişdir. Həmin dövrdən etibarən Avropa İttifaqının  Azərbaycana yardımlarının miqyası və həcmi tədricən artmağa başlamışdır. 1998-ci ildə Avropa İttifaqı  Azərbaycana xüsusi elçisini təyin etmişdir. 2000-ci ildə Azərbaycanın Avropa İttifaqı  yanında Nümayəndəliyi təsis edilmiş, 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin  olunmuşdur.  2014-cü il iyulun 8-dən  Herbert Salber bu vəzifədə işləyir.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilmişdir. 2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair protokol imzalanmışdır. Protokol Azərbaycan Respublikası Prezidentinin 30 sentyabr 2014-cü il tarixli fərmanı ilə təsdiq edilmişdir. Həmin sənəd  6 iyul 2016-cı il tarixində Avropa Parlamenti tərəfindən ratifikasiya olunaraq qüvvəyə minmişdir.   Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı il tarixində keçirilmiş iclasında Avropa İttifaqı və üzv ölkələri adından Azərbaycan Respublikası ilə hərtərəfli saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Avropa İttifaqının  xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat vermişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini dəstəkləyir və bu quruma üzv olan  ölkələr qondarma Dağlıq Qarabağ Respublikasını tanımırlar.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında