ABŞ-da qondarma "erməni soyqırımı"nın yenidən gündəmə gətirilməsi Türkiyədə ciddi etirazla qarşılanıb

Baş nazir Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə əlaqədar Prezident Barak Obamaya məktub ünvanlayıb
ABŞ Konqresinin Nümayəndələr Palatasında qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsinin gündəmə gətirilməsi istiqamətində göstərilən cəhdlər Türkiyə rəhbərliyi tərəfindən kəskin etirazla qarşılanıb. Məsələ ilə bağlı hər iki ölkənin əlaqədar qurumları arasında intensiv danışıqlar aparılıb. Qondarma soyqırımı ətrafında gedən proseslərin daha təhlükəli məcraya yön aldığı bir vaxtda isə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Amerikanın Prezidenti Barak Obamaya məktub ünvanlayıb.
Məktubda Baş nazir qətiyyətlə bildirib ki, qondarma "erməni soyqırımı" ilə bağlı qanun layihəsi Konqresin Nümayəndələr Palatasında müzakirəyə çaxarılaraq qəbul olunarsa, ABŞ - Türkiyə münasibətlərində bərpası mümkün olmayan çox pis nəticələr doğura bilər: "Bunu bilməyinizi və buna görə öz nüfuzunuzdan istifadə edərək Konqresin Nümayəndələr Palatasında bu prosesin qarşısını almağınızı istəyirik. Hər kəs məsuliyyətli olmalıdır. Tarixçilərə aid olan bir məsələni müntəzəm olaraq gündəmə gətirərək Türkiyə - Amerika əlaqələrini təhlükə qarşısında qoymaq heç bir tərəf üçün faydalı deyildir. Bu, çox səhv bir addımdır. ABŞ rəhbərliyinin və hər şeyi düzgün qiymətləndirən Konqres üzvlərinin müttəfiqlik prinsiplərini üstün tutaraq öz nüfuzundan istifadə edəcəklərinə inanırıq."
Türkiyədə inanırlar ki, Baş nazirin konkret məqamları ifadə edən bu məktubu müsbət nəticə verəcək. Ancaq bununla bərabər ölkənin diplomatik korpusu da çevik siyasət həyata keçirərək lazımi addımlar atıb. Yayılan məlumatlara görə, Türkiyə Xarici Siyasət İdarəsinin səlahiyyətlisi Ferudin Sinirlioğlu diplomatik kanallar vasitəsilə Vaşinqtona bildirib ki, qondarma "erməni soyqırımı" barədə qətnamə layihəsi Nümayəndələr Palatasının müzakirəsinə çıxarıldığı anda qardaş ölkə öz səfirini Amerikadan geri çağıracaq. Xarici işlər naziri Əhməd Davudoğlu mətbuata verdiyi açıqlamada isə bəyan edib ki, layihə qəbul olunarsa, rəsmi Ankara dərhal ciddi reaksiya verəcək, cavab tədbirləri həyata keçirəcək. Cavab tədbirlərinin nədən ibarət olduğunu açıqlamayan Davudoğlu deyib ki, plan barədə yalnız Türkiyənin siyasi rəhbərliyində təmsil olunan bir neçə nəfər məlumatlıdır: "Ümid edirəm ki, 21 dekabr ABŞ Konqresinin Nümayəndələr Palatasında strateji düşünən beynin və ədalətin qalib gəldiyi gün olacaq. Türkiyə arzuolunmayan proseslərin baş verməsini istəmir. Əgər belə bir proses baş verərsə, biz milli mənafeyimizin qorunması naminə çox ciddi etiraz edəcəyik. Dərhal əvvəldən hazırladığımız tədbirlər planını həyata keçirəcəyik. Sayın Cümhurbaşqanımız və Baş nazirimizin də rəhbərliyi ilə elə bir kəskin qərarlar qəbul olunacaq ki, bu, heç kəsin ağlına belə gələ bilməz. Bunları indi açıqlaya bilmərəm, amma açıqlanınca ölkəmizin etirazının hansı səviyyədə olacağını bütün dünya görəcək."
Davudoğlu hazırda Türkiyə ilə Amerika arasında nümunəvi əlaqələrin olduğunu da vurğulayıb. O qeyd edib ki, təkcə 2010-cu il ərzində iki ölkənin yüksək səviyyəli rəsmiləri arasında 36 mühüm görüş keçirilib və həmin görüşlərdə regionu və dünyanı maraqlandıran ciddi əhəmiyyətə malik məsələlər müzakirə olunub: "Bunlar arasında NATO-nun missiyası da daxil olmaqla Əfqanıstan, İraq, Cənubi Qafqaz, Yaxın Şərq və digər mühüm məsələlər var. Qlobal bir güc olan ABŞ-la təsirli və çevik xarici siyasət həyata keçirən Türkiyənin yaratdığı birgə əməkdaşlıq dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasında böyük rol oynayır. Bu qədər önəmli bir missiyanı əsassız tarixi iddialara qurban vermək qəbuledilməzdir."
İnformasiya agentliklərinin yaydığı məlumatlara əsasən, ABŞ-dakı Azərbaycan və türk diaporları da qondarma erməni soyqırımı qətnamə layihəsinin müzakirəyə çıxarılmaması üçün Prezident Barak Obamaya, həmçinin Senat və Nümayəndələr Palatasına məktub ünvanlayıb. Azərbaycan - Amerika Şurasının Obamaya ünvanladığı məktubda xatırladılıb ki, Amerikadakı ermənilər fırıldaq işlədərək ABŞ tibbi sığorta sistemini 163 milyon dollar ziyana salıblar. Onlar Ermənistan hökuməti ilə əlaqələri olan ABŞ və Ermənistan vətəndaşlarından ibarət cinayətkar qruplardır. Bundan əlavə, Ermənistanın 2008-ci ildə İrana silah göndərməsi faktı da artıq ortaya çıxıb. ABŞ-ın Ermənistandakı səfirliyindən verilən məlumatlara görə, Ermənistan prezidenti Serj Sarkisyanın razılığı ilə İrana göndərilən silahlar İraqdakı şiə yaraqlılarına ötürülüb. Azərbaycan - Amerika Şurasının müraciətində deyilir: "Biz Amerikada yaşayan bütün türklərə qoşularaq ABŞ-dakı ermənilərin aksiyalarını kəskin şəkildə pisləyirik və hesab edirik ki, Konqresdə mübahisəli tarixlə bağlı qanunun qəbuluna cəhd etmək əvəzinə bu qruplar öz ölkələrindəki ciddi problemlərlə məşğul olsalar daha yaxşı olar."
Görünən odur ki, qondarma soyqırımı məsələsinin gündəmə gəlməsi ABŞ Administrasiyasında da narahtlıq doğurub. Amerika Dövlət Departamenti növbəti dəfə bəyan edib ki, onlar bu cür sənədlərin qəbul olunmasının qarşısını almaq üçün Konqreslə birgə fəaliyyət göstərir. Amerika Prezidenti Barak Obama Türkiyənin nüfuzlu "Hürriyyət" qəzetinə verdiyi açıqlamada isə Ankaranın dünyada və regionda artan rolundan danışaraq Türkiyə - Amerika əlaqələrinin möhkəm təməllərə söykəndiyini bildirib.
Hər halda Prezident Obamanın bu arqumentlərini Konqresin Nümayəndələr Palatasında baş verəcək proseslər ya "təkzib", ya da təsdiq edəcək.

{nl}

Rauf ƏLİYEV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında