“Sarkisyan dördgünlük müharibə zamanı düşdüyü şokdan hələ də çıxa bilmir”

Bu fikir erməni jurnalist Yegiazar Hayntabsiyə məxsusdur

Son vaxtlar Ermənistanda vəziyyət yenidən gərginləşib. Hakimiyyət nümayəndələri  təlaş içərisindədir. Mitinq iştirakçılarının sayının getdikcə artması da təsdiqləyir ki, ölkədə  iqtidarla  xalq arasındakı qarşıdurma  səngimək bilmir.  Ötən ilin aprel döyüşlərində Ermənistan ordusunun ağır məğlubiyyəti və 20 ildən artıq işğal altında saxladıqları Azərbaycan ərazisindəki bəzi yüksəkliklərdən  böyük itkilər verərək qaçması daxili münaqişələri daha da gücləndirib.

Artıq Ermənistanda hər kəs, hətta tanınmış ictimai-siyasi xadimlər, partiya sədrləri və yerli kütləvi informasiya vasitələri də ötən ilin aprel ayında baş vermiş dördgünlük müharibədə ordunun zəifliyindən, hərbi sahədəki intizamsızlıqdan danışır, ayrılan vəsaitin orduya sərf olunmadığını, dövlət məmurları tərəfindən mənimsənildiyini bəyan edirlər. Bunu hazırda silahlı qüvvələrin köhnə, heç nəyə yaramayan silah-sursatla təmin olunması da təsdiqləyir. Qeyd olunur ki, aprel döyüşlərindən sonra ölkə prezidenti Serj Sarkisyanın pafoslu çıxışları, erməni əsgər və zabitlərinin, guya qəhrəmanlıq göstərmələri barədə sərsəm fikirləri, əslində, məğlubiyyəti pərdələməyə  köklənib. O, bu yolla hakimiyyəti hələ bir müddət də əlində saxlamaq istəyir. Əsl həqiqət isə işğalçı dövlətdə əhalinin aclıq və səfalət içərisində çapalamasıdır. Bu da əhalinin Ermənistanı kütləvi surətdə tərk etməsinə səbəb olub.

Aprel döyüşlərindəki məğlubiyyətdə Ermənistan ordusunun böyük itki  verməsindən  sonra əhalinin hakimiyyətə olan inamı artıq itib. Bundan sonra  xarici ölkələrə köçənlərin sayı çoxalıb. Nə qədər qəribə  olsa da, onların arasında  yaşamaq üçün Azərbaycana üz tutanlar da  var. Artıq yerli əhaliyə də məlumdur ki, ötən ilin aprelində baş vermiş dördgünlük müharibədə  ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, 320 erməni döyüşçüsü öldürülmüş və 500-dən artıq döyüşçü yaralanmışdır. Bu məğlubiyyət Serj Sarkisyanın başçılıq etdiyi hakimiyyəti hələ də düşdüyü şokdan ayılda bilmir. Tanınmış erməni  jurnalisti Yegiazar Hayntabsi də yazır ki, Sarkisyan dördgünlük müharibə zamanı düşdüyü şokdan hələ də çıxa bilmir. Ermənistanın aparıcı qəzetlərindən olan “Aravot”da dərc olunan məqalədə də bildirilir ki, Dağlıq Qarabağdakı hərbi əməliyyatlar ölkəmizin və xüsusilə də ordumuzun mövqelərinin zəifliyini göstərdi.

Ermənistan parlamentindəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan ölkədəki son vəziyyətə münasibət bildirərkən deyib ki, əhali çıxış yolunu Ermənistanı tərk etməkdə görür: “2 aprel hadisələri ilin ən ağrılı səhifəsi oldu. Təəssüf ki, hakimiyyət bundan heç bir dərs götürmədi. Əhalinin ölkəni kütləvi şəkildə tərk etməsinin əsas səbəblərindən biri də məhz bu məğlubiyyət oldu. Ötən il Ermənistanı 60 min nəfər tərk edib. Bu rəqəm əvvəlki ilin göstəricilərindən çoxdur. 2016-cı ildə 60 min insanın ölkəni tərk etməsi Ermənistan üçün ən böyük itkidir. Aprel döyüşlərində erməni xalqı hakimiyyətin şərəfinin, ləyaqətinin və məsuliyyətinin nə olduğunu gördü”.

Ermənistan prezidenti nə qədər inad etsə də, ordunu tərifləsə də, aprel döyüşlərindəki  məğlubiyyətini qismən də olsa, etiraf etmək məcburiyyətində qalıb.  Serj Sarkisyanın Vyana görüşündən qayıdarkən təyyarədə erməni jurnalistlərin suallarına cavab verərkən,  “800 hektar ərazi itirmişik”–deməsi məğlubiyyətin etirafıdır. Ardınca isə, “o ərazilər nə strateji, nə taktiki baxımdan əhəmiyyət kəsb etmirdi” fikrini səsləndirməsi isə erməniləri sakitləşdirmək məqsədi daşıyırdı. Əgər bu ərazilər Sarkisyanın dediyi kimi, “nə strateji, nə də taktiki baxımdan əhəmiyyət kəsb etmirdisə”, bəs onda bu qədər itkini verməkdə məqsəd nə idi?

Həm Ermənistanda yaşayan ictimai-siyasi xadimlər, həm də xarici ölkələrdə fəaliyyət göstərən erməni diasporunun rəhbərləri Serj Sarkisyan hakimiyyətini kəskin tənqid edir, Qarabağda aparılan müharibənin əleyhinə olduqlarını söyləyir və bu döyüşlərdən yalnız hakimiyyətdə olan bir sıra məmurların qazandıqlarını bildirirlər. Ona görə də bu müharibənin dayandırılmasının və münaqişənin beynəlxalq hüquq normalarının tələbləri əsasında, ölkələrin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarı olduqlarını bildirirlər. Ukrayna Erməniləri Milli Konqresinin sədri Aşot Ovanesyanın fikri bu baxımdan diqqəti daha çox cəlb edir: "Mənim rəhbərlik etdiyim konqresin mövqeyi bundan ibarətdir ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şərti ilə, sülh əsasında son qoyulmalıdır. Bizim hazırda vətəndaşı olduğumuz Ukraynanın da ərazi bütövlüyünə təcavüz olub, biz həmişə bu məsələ ilə paralel Azərbaycanın da ərazi bütövlüyünün bərpası məsələsini qaldırırıq. Azərbaycanın işğal olunmuş rayonları geri qaytarılmalıdır. Biz bunu dəfələrlə Ermənistan rəsmiləri ilə, deputat qrupları ilə görüşlərimizdə tələb etmişik. Bu münaqişədən erməni xalqı çox əziyyət çəkir, müharibə bitərsə, sərhədlər açılarsa, Ermənistan bundan iqtisadi cəhətdən çox fayda götürəcək. Bu, tək mənim yox, əksər ermənilərin fikridir”.

Kütləvi informasiya vasitələri xəbər verirlər ki,  Serj Sarkisyanın xaraba qoyduğu Ermənistanı dirçəltmək  təklifləri çox olsa da, ortada heç bir nəticə yoxdur. Keçmiş müdafiə naziri Seyran Ohanyan da artıq Sarkisyanı devirmək məqsədilə siyasi arenaya atıldığını və bu il keçiriləcək parlament seçkilərində iştirak edəcəyini bildirib.  Qeyd edilir ki,  Serj Sarkisyanın siyasi fəaliyyətini teatr şousu adlandıran Ohanyan “Vəhdət”, “Üçüncü respublika”, “Ermənistan demokrat partiyası” və “Milli özünütəyin” partiyalarının yaratdığı bloka rəhbərlik edəcək. Bu barədə özünün Facebook səhifəsində siyasi həmfikirlərinə müracət edən Xocalı qatili yazıb: “Hədəfim, siyasi arenada teatr şousu göstərmək deyil, milli qüvvələrin konsolidasiyası və xalqın təhlükəsizliyinin yollarının axtarılmasıdır.” Amma  Ermənistanda  Ohanyanın siyasətdə ciddi  fəaliyyət  göstərəcəyinə inananların sayı azdır. Erməni siyasi ekspertlərinin fikrincə,  buna əsas səbəb keçmiş müdafiə nazirinin tənqid etdiyi sistemdə təmsil olunduğu zaman törətdiyi əməllərdir. 

Erməni yazıçısı və publisisti Arakel Arakelyanın fikirləri də maraq doğurur. Onu Ermənistanda xalqına bəzən xoş olmayan həqiqətləri çatdıran bir insan kimi də tanıyırlar. O, bu müharibədən yararlanan məmurların Ermənistanı taladıqlarını bildirib: “Bunu düşünmək belə axmaqlıqdır ki, müharibələr, yaxud millətlərarası münaqişələr xalqa nəsə verə bilər. Müharibələr yalnız alır, yeyir və məhv edir. Hamı çoxdan anlamalı idi ki, Qarabağ müharibəsi böyük faciədir – həm ermənilər, həm də azərbaycanlılar üçün. Anlamaq lazımdır ki, 25 il ərzində Ermənistan vətəndaşlarını aldadıblar, onlara təlqin ediblər ki, qalib gəliblər, bu müharibədə qələbə ermənilər tərəfdədir. Əslində isə, bu müharibədə qalib Azərbaycandır, Ermənistan deyil. Çünki məhz bu müharibənin nəticəsi olaraq, bizdə cinayətkarlar peyda olub ki, xalqımızı və ölkəmizi talayırlar”.

Göründüyü kimi, cəbhə bölgəsində dördgünlük müharibədən sonra situasiya köklü şəkildə dəyişib. Bu dəyişikliklər  Ermənistanın xeyrinə olmadığından rəsmi İrəvan düşdüyü ağır vəziyyətdən çıxış yolları arayır. “Çıxış yolunu” isə xalqa yalan vədlər verməkdə tapmışlar. Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasını nəzərdə tutan sərəncamı Serj Sarkisyanın və onun komandasının bütün yalanlarını alt-üst etdi. Çünki bununla ərazi bütövlüyümüzün bərpasına doğru yeni yolun başlanğıcı qoyuldu.

Dövlət başçısının məlum sərəncamı həm yerli ictimaiyyətə, həm beynəlxalq aləmə, həm də işğalçı dövlətə mesajdır. Eyni zamanda, yeni “aprel müharibəsi” mesajıdır. Yəni, Azərbaycan Ordusu işğal altında olan ərazilərini hər an azad etməyə qadirdir. Artıq dünya birliyinə də məlumdur ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini dinc yolla həll etməyə tərəfdardır. Bir şərtlə ki, Ermənistan münaqişə ilə bağlı ATƏT-in və BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsini olduğu kimi, qeyd-şərtsiz yerinə yetirsin, işğal etdiyi əraziləri azad edərək geri çəkilsin.Yalnız ərazilər azad olunandan sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi  referendumun keçirilməsi ilə bağlı müzakirələr başlana bilər.

Artıq Cocuq Mərcanlıda yaşamış sakinlərin doğma ocaqlarına qayıdışına hazırlıq görülür. Bu, erməniləri ciddi təşvişə salıb. Çünki işğal altında olan torpaqların azad edilməsinə start verilib və həmin yerlərdə yaşayan soydaşlarımızın təhlükəsizliyinin təmin olunması üçün güclü ordumuz var. Bu, Prezident İlham Əliyevin imzaladığı sərəncamda da öz əksini tapıb: “Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında