Azərbaycan dövləti gənclərlə işin təşkilinə, bu sektorun inkişafına xüsusi qayğı göstərir

Bu gün dünyanın ən aparıcı beynəlxalq təşkilatı olan  BMT-nin İqtisadi və Sosial Şurasının (UN ECOSOC) Gənclər Forumu gənclərin mütərəqqi fəaliyyəti sülhə və inkişafa xidmət edən təşəbbüslərini dəstəkləyərək üzv dövlətləri bir araya gətirən ali foruma çevrilmişdir. Azərbaycan gənclərinin BMT-nin üzv dövlətləri arasında qabaqcıl yerlərdə qərar tutması, dövlətimizin gənclərə mütəmadi qayğısı nəticəsində daim inkişafda olması sevindirici haldır. Gənclər inkişafla bağlı çağırışlara adekvat reaksiya verərək yeniliklərin reallaşdırılmasının ön cərgələrində yer tuturlar və səmərəli tədbirlərin müəyyənləşdirilməsinin ən doğru müdafiəçiləri və tərəfdaşları kimi çıxış edirlər.

 Azərbaycan dövlətinin siyasi strategiyalarından biri də gənclərin işinin səmərəli təşkili və bu sektorun inkişafı ilə bağlıdır. Müstəqilliyimizin ilk illərində ölkəmizin düşdüyü ağır siyasi və sosial durum bu sahəyə qayğını xeyli zəiflətmişdi. Lakin ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə müharibədə atəşkəs elan olunduqdan və “Əsrin müqaviləsi” kimi nəhəng neft sazişi imzalanandan sonra ölkə siyasi sabitlik və inkişaf mərhələsinə qədəm qoydu. Şübhəsiz, güclü dövlət quruculuğu prosesində gənclərə xüsusi etimad göstərilməsi  zamanın tələbi idi və bu baxımdan gənclərə diqqət və qayğı, istedadlıların üzə çıxarılması, onların təşkilatlanması zəruri xarakter daşımağa başladı. Ümummilli liderimiz Heydər Əliyev öz siyasi fəaliyyətində daim gənclərə qayğı göstərmiş, onların  şəxsiyyət  kimi yetişməsinə xüsusi önəm vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq, gənclər siyasəti ilə bağlı bir cox fərman və sərəncamlar imzalayan ulu öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə yüksək qayğısını əsirgəməmişdir. Heydər Əliyev nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir. Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik".

Ümumiyyətlə, ölkəmizdə dövlət gənclər siyasətinin  formalaşdırılması  ümummilli  lider Heydər Əliyevin  adı  ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və  İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və  gənclər siyasəti sahəsində  digər  normativ  hüquqi  aktların qəbulu gənclərlə iş sahəsinin hüquqi əsaslarını və  icra mexanizmini müəyyən etmişdir. Ümummilli liderimiz Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı onların istər elm, mədəniyyət, istərsə də idman sahəsində getdikcə daha yüksək nailyyətlər əldə etməsinə zəmin yaratdı.

Azərbaycanda dövlət tərəfindən gənclərə önəm verilməsinin bariz nümunəsi olaraq 1997-ci ildə 2 fevral – Gənclər Gününün təsis olunmasını misal göstərmək olar. Bu,  Azərbaycanın hər bir gənc vətəndaşı üçün  mənəvi aspektdən yanaşsaq, qürur mənbəyidir. Buna  qədər isə ilk mötəbər addım, təbii ki, Azərbaycan gənclərinin cəmiyyətin inkişafında və öz problemlərinin həllində rolunu artırmaq, ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək, gənclər və dövlət qurumları, hökumət nümayəndələri ilə açıq ünsiyyəti asanlaşdırmaq məqsədilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumunun keçirilməsi idi. Həmin tarixdən etibarən ənənəvi olaraq hər il  fevralın 2-si Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün  müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkənin bütün şəhərlərində Gənclər evi, Gənclər Mərkəzləri tikilib istifadəyə verilib. Xüsusilə, gənclərin faydalanması üçün demək olar ki, hər bir rayonumuzda olimpiya idman kompleksləri tikilmişdir. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Ölkə başçısının gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun, dövlət idarəçiliyi sistemində iştirakının təmin edilməsi məqsədilə 2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" Sərəncamı da gənclərə dövlət qayğısının davamı idi.

BMT-nin İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyi gənclərin əldə etdikləri nailiyyətlər və qarşılaşdıqları mövcud çətinliklərlə bağlı Azərbaycan gənclərinin inkişaf prioritetlərini daim gündəmdə saxlamaq məqsədilə Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edir. 2014-cü ildə BMTİP Gənclər və İdman Nazirliyi ilə birlikdə Azərbaycanda 2015-ci ildən sonrakı dövrə dair Milli Məsləhətləşmələr keçirmişdir. Elə həmin il Azərbaycanda BMTİP, UNESCO, BMT Baş katibinin Gənclər üzrə Elçisi və Avropa Şurası da daxil olmaqla, bir çox maraqlı tərəflərin iştirak etdiyi Gənclər Siyasətləri üzrə ilk Qlobal Forum keçirilmişdir.

Azərbaycan dövləti də dünyanın bu  aparıcı təşkilatının beynəlxalq aləmdə sülhün, sabitliyin qorunması kimi böyük missiyasına öz töhfələrini verir. Bu işdə fəallıq göstərən yeni gəncliyin yetişdirilməsi istiqamətində BMT-nin dünyadakı tərəqqipərvər çağırışlarına önəm verir.

Bu gün Azərbaycan gənci başa düşür ki, onun arxasında Azərbaycan dövləti və onun rəhbəri dayanmışdır.  Bu gün Azərbaycan gənci görür ki, gənclərlə iş, bu sahənin inkişaf etdirilməsi birbaşa dövlətin nəzarətində olan məsələdir. Hər bir Azərbaycan gənci ildən - ilə artan bu qayğını və dövlət dəstəyini öz üzərində hiss edir və inkişafa doğru daha inamla irəliləyir.

Məzahir Əfəndiyev,
BMT-nin İnkişaf Proqramının
Azərbaycan Respublikasındakı strateji əməkdaşlıq üzrə müşaviri,
Beynəlxalq Təşkilatlarda İşləyən Azərbaycanlılar Assosiasiyasının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında