Prezident İlham Əliyev: Bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır

 

 

 

 

 

 

 

 

 


25 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik. Ona görə də bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Heydər Əliyev Mərkəzində keçirilən “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyev ölkəmizin taleyüklü məsələləri, uğurları, problemləri və gələcək perspektivləri barədə mühüm açıqlamalarla zəngin olan geniş nitq söylədi.

Ölkə rəhbəri tərəfindən qeyd olundu ki,  bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmişdir və bütün əsas vəzifələr icra olunmuşdur. İqtisadiyyatın əsas göstəriciləri müsbətdir. Kənd təsərrüfatı 2,6 faiz, ölkəmizin qeyri-neft sənayesi isə 5 faiz artmışdır. Dünyada neftin qiymətinin üç-dörd dəfə aşağı düşməsinə baxmayaraq, əvvəlki illərdə görülmüş işlər və keçən il apardığımız dərin islahatlar nəticəsində biz bu inkişafı təmin edə bilmişik.

Prezident dünyadakı iqtisadi böhran fonunda Azərbaycanın qarşılaşdığı çətinlikləri də qeyd edərək, həmin böhranın bizim işimizə də öz mənfi təsirini göstərdiyini qeyd etdi. Lakin, eyni zamanda, Azərbaycanın digər ölkələrlə müqayisədə bu ağır vəziyyətdən minimum itkilərlə çıxa bilməsi də ötən ilin reallığı kimi Prezident tərəfindən vurğulandı.

        Dövlət başçısı bizim Neft Fondunun valyuta ehtiyatlarını qoruya bilməyimizlə bağlı bildirdi ki, neftlə zəngin olan ölkələrin böyük əksəriyyəti öz valyuta ehtiyatlarının bir hissəsini xərcləmişdir. Biz isə çalışdıq və buna nail olduq ki, valyuta ehtiyatlarımızı qoruyaq. Çünki valyuta ehtiyatlarımız həm bu gün, həm də sabah üçün lazım olacaq və bütövlükdə bu, bizim iqtisadi imkanlarımızı, iqtisadi müstəqilliyimizi möhkəmləndirən amildir.

 Ümumiyyətlə, 2016-cı ildə gördüyümüz işlərə nəzər saldıqda, aydın olur ki, dünyanın mötəbər beynəlxalq iqtisadi qurumları da ölkəmizin iqtisadi durumu barədə yüksək qiymət vermişlər. Onların arasında dünyanın ən böyük qeyri-hökumət iqtisadi qurumunun -- dünyanın siyasi-iqtisadi elitasını birləşdirən Davos Dünya İqtisadi Forumunun Azərbaycan ilə bağlı verdiyi hesabatda müsbət rəy bildirməsi ötən ilin reallığıdır. Prezident ölkələrin rəqabətqabiliyyətliliyinə görə Azərbaycanın üç pillə irəliləyərək, 37-ci yerdə qərarlaşmasını, ölkələr arasında inkişafına görə isə (bu hesablama təxminən 80-ə yaxın inkişaf edən ölkəni cəmləşdirir) və bu barədə Azərbaycan birinci-ikinci yerləri bölüşdürdüyünü qeyd etdi.

Prezident İlham Əliyev çıxışında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına xüsusi toxunaraq bunun bölgələrimizin simasını dəyişdirdiyini qeyd etdi: “ Bugünkü konfrans sayca 14-cüdür. On dörd ildir ki, biz hər il ilin əvvəlində görülən işlərə qiymət veririk, nöqsanları aşkar edirik və gələcək üçün fəaliyyət planımızı tuturuq. Bu il də bu ənənəyə sadiq qalaraq bu konfransı keçiririk. Burada mərkəzi, yerli icra orqanlarının rəhbərləri, aparıcı biznes qurumlarının nümayəndələri iştirak edirlər. Konfransın birinci hissəsindən sonra tədbir işinə davam edəcək. Əminəm ki, aparılacaq diskussiyalar və müzakirələr bu il ərzində görüləcək əlavə işlər haqqında fikir formalaşdırmağa imkan verəcək.”

Prezident onu da əlavə etdi ki, 2004-cü ildən bu günə qədər təxminən 11 min kilometr avtomobil yolu tikilmişdir. Bu, həm magistral yollara, həm də şəhərlərarası və kənd yollarına aiddir. Bu yol infrastrukturu həm insanlara rahatlıq verir, eyni zamanda, iqtisadi inkişaf üçün də mühüm amildir. Yol olmayan yerdə nə investisiya, nə iş yeri, nə də bir inkişaf olacaq. Ona görə yol infrastrukturuna çox böyük diqqət verilmişdir. Bununla bərabər, yol tikintisində kifayət qədər çox işçi qüvvəsi iştirak edir və beləliklə, biz məşğulluğu təmin edə bilmişik. Müasir yol infrastrukturu yaradılır, bu proses davam etdirilir.

Prezident kənd təsərrüfatını stimullaşdırmaq üçün böyük meliorativ tədbirlər görüldüyünü də qeyd edərək, yüz minlərlə hektar torpağın meliorativ vəziyyətinin yaxşılaşdırıldığını və ya yeni suvarılan sahələrin dövriyyəyə buraxıldığını əlavə etdi. Bildirdi ki,  bu, ölkəmizin inkişafı, gələcəyimiz üçün zəruridir. Bu infrastruktur bundan sonra onilliklər ərzində xalqımıza, dövlətimizə xidmət edəcək. İnvestisiya ancaq o yerə qoyulur ki, orada artıq baza infrastrukturu var. Əgər iş görmək istəyən hansısa investor görsə ki, işıq, qaz, su yoxdur, heç vaxt investisiya qoymaz. Yaxud da heç bir investor öz hesabına infrastruktur layihələrinə pul qoymaz. Bu, dövlətin işidir. Biz bunu daxili və xarici investorlar üçün görmüşük.

Prezident nitqində Azərbaycandakı biznes mühitinə toxunaraq vurğuladı ki, Azərbaycanda güclü və fəal milli biznes sinfi formalaşmışdır: “Əlbəttə, dövlət də bu sahədə öz dəstəyini əsirgəməmişdir. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi və maddi dəstək verilir. Çünki mən yaxşı başa düşürdüm ki, ilkin kapital olmadan heç bir işi görmək mümkün deyil. Bir də ki, heç bir biznesmen, iş adamı riskli yerlərə, ölkələrə heç vaxt pul qoymaz. Ona görə təhlükəsizlik, sabitlik, gözəl ictimai ab-hava, biznesə dövlət dəstəyi və maddi dəstək, - bax, hesab edirəm ki, bu amillər milli biznes sinfini formalaşdırıb.”

Konfransda son illər ərzində -- 2004-cü ildən bu günə qədər Azərbaycan sahibkarlarına təxminən 2 milyard manat dəyərində güzəştli şərtlərlə kreditlər verilməsi və bu kreditlərin ölkə iqtisadiyyatının inkişafına böyük dəstək olması qeyd olundu. 

Dövlət başçısı çıxışında məxsusi olaraq bir daha vurğuladı ki, bizim siyasətimizin məqsədi ölkəmizi gücləndirməkdir, müstəqilliyimizi möhkəmləndirməkdir və dayanıqlı inkişafa nail olmaqdır: “Əlbəttə, məqsədimiz ondan ibarətdir ki, Azərbaycan vətəndaşı daha da yaxşı yaşasın. Yəni, biz bütün bu işləri onun üçün edirik ki, xalqımız daha da yaxşı yaşasın. Ona görə sosial məsələlərin həlli bütün proqramlarda nəzərdə tutulmuşdur, həm maaşların, pensiyaların, sosial müavinətlərin, ünvanlı sosial yardımın artırılması və eyni zamanda, sosial infrastrukturun yaradılması qarşımıza məqsəd kimi qoyulmuşdur.

Bu baxımdan həm ölkəmiz, həm də region üçün son dərəcə əhəmiyyətli olan  yeni bir qlobal layihəni – “Cənub” qaz dəhlizini icra etdiyimizi diqqətə çatdıran ölkə rəhbəri bu layihənin də uğurla icra edildiyini dedi. Qeyd etdi ki, əgər Azərbaycan yenə də bax bu layihənin icrası ilə bağlı liderlik keyfiyyətlərini ortaya qoymasaydı, bu layihə heç vaxt icra olunmazdı. Mən şəxsən bu layihə ilə bağlı ona yaxın beynəlxalq konfransda, tədbirdə iştirak etmişəm. Bu tədbirlərdə, əlbəttə ki, öz sözümü demişdim, təkliflərimi irəli sürmüşdüm. Yəni, konkret danışmışdım, sadəcə olaraq formal yox, konkret nə kimi işlər görülməlidir. Qərar qəbul etdik ki, biz bunu özümüz öz gücümüzə, dost, qonşu ölkələrlə birlikdə edəcəyik və bunu edirik. Demək istəyirəm ki, “Cənub” qaz dəhlizi bu gün ancaq Azərbaycanın liderliyi hesabına icra edilir. Bu layihə, əlbəttə ki, uzunmüddətli maraqlarımızı təmin edəcək. Bu layihənin icrasından sonra həm maliyyə imkanlarımız böyük dərəcədə artacaq, eyni zamanda, Azərbaycan regional əməkdaşlıq, enerji təhlükəsizliyi baxımından indikindən daha çox, daha böyük önəm daşıyan ölkə olacaq.

Prezident İlham Əliyev müstəqilliyimizin 25 illiyində dayandığımız inkişaf pilləsi barədə dedi ki, müstəqil ölkə kimi yaşayırıq. Şəhərlərimizi qurmuşuq, özümüz üçün gözəl həyat yaratmışıq. Gələcəkdə daha da böyük işlər görüləcək. Əlbəttə ki, bütün bu işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əgər xalq bizə dəstək verməsə idi, biz bütün bu işləri görə bilməzdik. Ona görə də bizim bütün uğurlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xalq, ictimaiyyət tərəfindən verilmiş və verilən dəstək əlbəttə ki, bizi həm gücləndirir, həm də ruhlandırır.

Dövlət başçımız proqramda 2018-ci ilə qədər nəzərdə tutulmuş bütün məsələlərin nəticədə öz həllini tapacağını və əlavə məsələlərin də proqrama daxil ediləcəyinin anonsunu verdi. Geniş və məzmunlu nitqdə əsasən bildirildi ki, bütün təkliflər dövlət orqanları tərəfindən təhlil ediləcək. Bu gün və bundan sonrakı görüşlər əsnasında bütün bu məsələlər öz həllini tapacaq və beləliklə, ixracımız və yerli istehsalımız üçün yeni imkanlar yaranacaq.

 Dövlət başçısı “Azərişıq” tərəfindən bütün bölgələrdə elektrik təsərrüfatının təkmilləşdirilməsi, yeni xətlərin çəkilməsi, bütün regionların dayanıqlı enerji ilə təmin edilməsi, “Azəriqaz”ın yeni qaz xətləri çəkməli olduğunu, ilin sonuna qədər qazlaşdırmanın 94 faizə çatdırılmasının vacibliyini bildirdi. Bundan əlavə, “Azəravtoyol”un bu il şəhərlərarası yollarla, eyni zamanda, magistral yollarla bağlı öz layihələrini icra edəcəyini, yüzlərlə kəndin yol təsərrüfatının yaxşılaşdırılmasının, nəqliyyatla bağlı  Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisinin davam etdirilməsini, “Azərsu” ASC-nin qarşısına  bir neçə il ərzində bütün şəhərlərimizin içməli su və kanalizasiya layihələrinin  tam icra ediləcəyini, əhaliyə 24 saat fasiləsiz, Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilməsinin təmin olunması da Prezidentin tapşırıqları sırasında idi. Dövlət başçısı qeyd etdi ki, meliorasiya ilə bağlı çox böyük işlər görüləcək: “Bu sahənin inkişafı bizim həm ərzaq təhlükəsizliyimizin təmin olunmasına, həm də ixrac potensialımızın artırılmasına xidmət göstərir.

Sosial məsələlərin həlli istiqamətində bütün proqramların icra ediləcəyini qeyd edən dövlət başçısı 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı önəmli addımlar atılmasının zəruri olduğunu bildirdi.

Prezidentin nitqində yaddaqalan xüsusi məqamlardan biri də məmurlara sərt xəbərdarlıq etməsi oldu. Bu layihələrin icrasının insanlarımızın daha da yaxşı yaşaması üçün edildiyini diqqətə çatdıran Prezident insanların yaxşı yaşamasının təkcə maddi tərəflə ölçülmədiyini də qeyd etdi: “Burada, əlbəttə ki, məmur-vətəndaş münasibətləri xüsusi yer tutur. Mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə demişəm, bu gün də deyirəm, bunu hər kəs bilsin, eşitsin və nəticə çıxarsın. Məmurlar xalq üçün yaşayırlar, əksinə deyil. Məmur xalqın xidmətçisidir, vətəndaşa xidmət, kömək göstərməlidir, yekəxanalıq etməməlidir. Hansısa qanunsuz tələb irəli sürməməlidir. Özünü təvazökar aparmalıdır. Özü və ailə üzvləri nümunə olmalıdır. Rüşvətxorluqla, soyğunçuluqla məşğul olmamalıdır. Məmur, bax, belə olmalıdır, dediyim kimi. Mən hər bir dövlət məmurunu ya icra başçısı, ya başqa vəzifəyə təyin edəndə göstəriş verirəm ki, get insanlara qulluq et, xidmət göstər, dövlətə xidmət et, təmiz işlə. Amma əfsuslar olsun ki, bəziləri nəticə çıxarmırlar. Onların da cəzası verilir və veriləcək.”

 Ölkə rəhbəri Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə bağlı müvafiq sərəncamı haqqında da danışaraq qeyd etdi ki, bu layihənin icra edilməsi çox böyük rəmzi məna daşıyır. Bu, tarixi hadisədir. Biz işğaldan azad edilmiş kəndə sakinləri qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, böyük maraqla yanaşırlar, o günü səbirsizliklə gözləyirlər. Əminəm ki, biz Cocuq Mərcanlı kəndini qısa müddət ərzində yenidən quracağıq. İndi orada təmizlik və minalardan təmizləmə işləri aparılır. O kəndin görüntüləri televiziyada da göstərilir.

Prezident ərzaq təhlükəsizliyi və ərzaq məhsulları ilə özümüzü təmin etmək barədə mühüm mətləblərə toxunaraq tapşırıqlarını verdi. Sənayenin, turizmin, sahibkarlığın inkişafı barədə statistik göstəriciləri qeyd edən Prezident bu sahələrin gələcək perspektivləri və görüləcək işlər barədə mühüm tapşırıqlar verdi.  Sonda verdiyi bütün tapşırıqların yerinə yetirilməli olduğunu və vaxtaşırı məlumatların Prezident Administrasiyasına göndərilməsini tapşıran dövlət başçısı 2017-ci ili də uğurla başa vurmağımız üçün  hökumət strukturlarının səfərbər edilməli olduğunu vurğuladı.

Anar TURAN,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında