Gəncliyin inkişafı Azərbaycanda dövlət siyasətinin mühüm tərkib hissəsidir

Hər bir ölkənin ictimai-siyasi,  sosial-iqtisadi həyatında gənclər potensial qüvvə kimi önəmli yer tutur. İstər dövlətçiliyin inkişaf etdirilməsi, istərsə də müstəqilliyin daha da möhkəmləndirilməsi intellektual gənc kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Azərbaycanda gənclər siyasəti, gənclərə dövlət qayğısı və gəncliyin inkişafı daim dövlətin diqqət mərkəzində saxladığı prioritet sahələrdən olub. Bu baxımdan qəbul olunan qanunlar, həyata keçirilən tədbirlər Azərbaycan gəncliyinin inkişafına daha da təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində başlıca rol oynayır.

Gəncliyin inkişafı dövlətin sosial siyasətinin tərkib hissələrindən biridir. Gənclər siyasəti gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksidir.  Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə yaranmış anarxiya, xaos və özbaşınalıq digər sahələr kimi, gənclərin də vətənpərvərlik ruhunda yetişmələrində müəyyən problemlər yaratdı. Ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin əksəriyyəti gənclərdən ibarət idi. Onlar hərbi xidmətə gedib Vətən qarşısında borclarını vermək əvəzinə, qeyri-qanuni işlərə cəlb edilir, bununla da fərarilərin sayı çoxalırdı. 

1993-cü ilin iyun ayında Azərbaycanda siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin respublikanı  ağır böhrandan çıxarmaq üçün gördüyü təxirəsalınmaz tədbirlər sırasında yetişən gənc nəslə diqqət və qayğı mühüm yerlərdən birini tuturdu. Baxmayaraq ki, müstəqilliyimizin ilk illərində ökəyə rəhbərlik edənlərin yarıtmaz fəaliyyəti gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə mənfi təsir etmişdi. Lakin gənclərimiz ruhdan düşməmiş, dövlət müstəqilliyinin möhkəmləndirilməsində bütün qüvvələrindən istifadə etmişdilər.

Ümumiyyətlə, gənclərə diqqət və qayğı Heydər Əliyevin həyata keçirdiyi siyasi kursun prioritetini təşkil edib. Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində mövcud vəziyyət, gəncliyin inkişafına etibarlı zəmin hələ XX əsrin 70-ci illərində yaranmışdı.  1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edərkən Heydər Əliyev gənclərə  xüsusi diqqət və qayğı göstərmiş, onların fiziki və mənəvi cəhətdən sağlam, gümrah və savadlı yetişmələri üçün bütün imkanlardan istifadə etmişdir. Təsadüfi deyildir ki, həmin illər Azərbaycan gəncliyinin qızıl dövrü olmuşdur. Ümummilli lider Heydər Əliyevin gərgin səyləri  nəticəsində gənclərin təhsil, mədəni tələbatının ödənilməsi və hərtərəfli biliyə yiyələnmələri istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülmüşdür. Təkcə onu qeyd etmək kifayətdir ki, hər il yüzlərlə gənc SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrində oxumağa göndərilmiş, oradan yüksək ixtisaslı mütəxəssislər kimi qayıdaraq, ölkəmizin inkişafına öz töhfəsini vermişdir. Həmin dövrdə gənclərin asudə vaxtının səmərəli təşkili də diqqət mərkəzində olmuşdur. Bunun üçün hər bir yaşayış məntəqəsində əlverişli şərait yaradılmış, idman meydançaları salınmış, və gənclərin hərtərəfli inkişafının təmin olunmasına xidmət edən zəruri maddi-texniki baza formalaşdırılmışdır. Bunlarla yanaşı, gənc nəslin  ictimai-siyasi həyatda fəallığını stimullaşdıran müxtəlif tədbirlər də görülmüşdür.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə dövlətçiliyin möhkəmləndirilməsində gənclərin aparıcı qüvvəyə çevrilərək, cəmiyyətin bütün sferalarında  fəal iştirakı üçün hər cür şərait yaradılmışdır. Bu dövrdə gənclər malik olduqları qabiliyyət və bacarıqla maksimum şəkildə dövlətin inkişafına töhfə vermək üçün bütün potensialını ortaya qoyan, ölkənin daxili və xarici siyasətində özünəməxsus rol oynayan qüvvə kimi hər zaman diqqət mərkəzində olmuşdur. Gənclər siyasətini tənzimləyən normativ hüquqi baza yaradılmış, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuş və onun həyata keçirilməsi üçün cavabdeh olan mərkəzi icra hakimiyyəti orqanı–Gənclər və İdman Nazirliyi təşkil edilmişdir. Bundan sonra gənclərin problemlərinin həlli üçün müxtəlif dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlığın yaradılması və gənclərin beynəlxalq aləmə inteqrasiyası istiqamətində əsaslı işlərə start verilmişdir. Gənclərin sağlamlığı, təhsili, məşğulluğu, sosial müdafiəsi və digər sahələrdə dövlət tərəfindən genişmiqyaslı tədbirlərin həyata keçirilməsi yeni mərhələyə qədəm qoymuşdur.

Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə böyük əhəmiyyət  verildiyinin, ona diqqət və qayğı ilə yanaşmasının  ən bariz nümunəsi 1996-cı ildə özünü bir daha göstərdi. Həmin il fevralın 2-də Bakıda Azərbaycan gənclərinin Birinci forumu keçirildi və tədbirdə başda ulu öndər olmaqla, ölkəmizin  bütün rayon və şəhərlərini təmsil edən  2 minədək nümayəndə, hökumət üzvləri və Milli Məclisin deputatları iştirak etdilər. Forumda gənclərin problemləri dinlənilmiş, onların aradan qaldırılması üçün konkret təkliflər irəli sürülmüşdü. Forumun əhəmiyyətini nəzərə alan ulu öndər 1997-ci ildə sərəncam imzalayaraq.  tədbirin keçirildiyi günü–2 fevralı “Azərbaycan Gənclər Günü” elan etmişdir. Həmin vaxtdan başlayaraq hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü böyük təntənə ilə qeyd edilir. Sonradan digər region dövlətlərində də bu ənənənin əsası qoyulsa da, Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunub. Dünyada isə yalnız 1999-cu ildə BMT-nin qərarı ilə avqustun 12-si Gənclər Günü elan edilib.

Göründüyü kimi, məhz ulu öndərin düşünülmüş siyasi kursu nəticəsində müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti formalaşdırılmış və və uğurla həyata keçirilmişdir.

Ulu öndərin daxili və xarici siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev  gəncliyə və gənclərə diqqət və qayğını daha da artırmış, gəncliyin inkişafı mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Dövlətimizin başçısının məntiqli siyasi kursu nəticəsində Azərbaycan gəncliyinin sağlamlığı, təhsili, bilik və peşəkarlığının artırılması, onların sosial problemlərinin həlli istiqamətində geniş işlər görülür. Beynəlxalq təşkilatların keçirdikləri tədbirlərdə gənclərin uğurla təmsil olunmaları, ölkəmiz haqqında reallıqları dünya ictimaiyyətinə olduğu kimi çatdırmaları gənclər siyasətinin nailiyyətlərindən xəbər verir.  Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları, imzaladığı sərəncamlarla  təsdiqləmişdir. Dövlət başçısı tərəfindən 2007-ci ilin “ Gənclər ili ” elan edilməsi gənclərə ölkə Prezidenti tərəfindən böyük önəm veilməsinin növbəti sübutudur. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəsinin möhkəmləndirilməsi, qarşılaşdıqları problemlərin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşdırılması və inkişafı üçün yaradılan şərait yüksək diqqətin təcəssümüdür.

Azərbaycan Prezidentinin gənclərin xaricdə təhsil almasına dəstək verən “ 2007-2015-ci illərdə gənclərimizin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı ” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkan yaratmışdır. Hazırda bu proqram çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur.

Gəncliyin inkişafında növbəti mərhələ kimi 2011-ci ildə dövlət başçısının sərəncamı ilə  “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə ” Dövlət Proqramının təsdiq olunmasını və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmasını qeyd etmək olar. 2012-ci ildə Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında gənclərin potensialının yüksəldilməsi ayrıca nəzərdə tutulub. Konsepsiyada da göstərildiyi kimi, Azərbaycan gənclərinin sağlam və fəal həyat tərzini təşviq etmək və onların cəmiyyətə inteqrasiyasını təmin etmək məqsədi ilə 2013-2023-cü illəri əhatə edən Azərbaycan gənclərinin İnkişaf Strategiyası və 2016-2020-ci illər üçün Dövlət Proqramı, bədən tərbiyəsi və idmanın inkişafı üzrə 2012-2020-ci illəri əhatə edən Milli Strategiya və 2013-2016-cı illər üçün Dövlət Proqramı hazırlanaraq həyata keçirilib və bu davam edir.

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 yanvar tarixli sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi dövlətimizin gənclər siyasətinə  göstərdiyi diqqətin xüsusi ifadəsi kimi qeyd olunmalıdır.

Gənclərin inkişafı üçün yaradılan şərait və imkanların nəticəsidir ki, bu gün onlar dövlət orqanlarında rəhbər vəzifələrdə təmsil olunurlar. Hazırda ölkəmizdə çoxlu sayda gənclər təşkilatı fəaliyyət göstərir. Azərbaycan Gənclər Təşkilatı Milli Şurası Avropa miqyasında, beynəlxalq qurumlarda təmsil olunur. Onlar beynəlxalq tribunalardan xalqımızın haqq səsini dünyaya yayır, beynəlxalq ictimaiyyətin əsl həqiqəti bilməsi üçün var gücü ilə fəaliyyət göstərirlər. Bununla yanaşı, gənclərimiz dünyanın hər yerində mədəniyyət, incəsənət, idman, elm və digər sahələrdə parlaq qələbələr qazanır, Azərbaycanın adını daha yüksəkliklərə qaldırırlar.

İlahə ƏLƏSGƏROVA,
Yasamal Rayon Qeydiyyat Şöbəsinin rəisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında