Böyük qayıdışın zəfər yolu Cocuq Mərcanlıdan keçir

 

 

 

 

 

 

 

 

 

 

 

 


Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbirsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq.

Azərbaycan Prezidenti İlham Əliyevin
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının
üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı çıxışından

Bakı, 30  yanvar 2017-ci il


… Mərhum Xalq şairimiz Vaqif Səmədoğlunun  9 May – Qələbə Günü  mövzulu şeirinin çox maraqlı adı var idi. “Günün baxtı”. Yazırdı ki, günün baxtına bir bax, düz 20 əsr ilin, ayın adi günlərindən biri olasan, amma tarixdə 1945-ci ilin 9 May günü kimi qalasan. İndi – Azərbaycan Prezidentinin qətiyyəti və ordumuzun şücaəti nəticəsində öz övladlarını qucağına almağa hazırlaşan Cocuq Mərcanlı kəndi haqqında yazı qələmə almaq istəyəndə  həmin şeirin yada düşməsi  təsadüfi deyil. Çünki yağı əlində olan torpaqlarımızda yüzlərlə kənd qalıb. Təkcə Cəbrayıl rayonunda 1 şəhər, 4 qəsəbə və 92 kənd var. Bu qədər kəndin – şəhərin,  elin - elatın arasında Cocuq Mərcanlının adının hamıdan tez dillərə düşməsi qürur doğuran faktdır.

Bizim fikrimizcə, Cocuq Mərcanlının adının  həm ulu öndər Heydər Əliyev tərəfindən düşmən tapdağından azad edilən yaşayış məntəqələri  arasında olmasına, həm də Prezident İlham Əliyevin yurda qayıdış layihəsinin qaranquşuna çevrilməsinə görə  bu kəndin  baxtından söz aça bilərik.

 

Yeri gəlmişkən…

 

Cəbrayıl rayonunun Çaxırlı inzibati ərazi vahidində yerləşən  Cocuq Mərcanlı kəndi   XIX əsrdə Cavad ağa Cavanşirə məxsus ərazidə salınmışdır. Etnotoponimdir. Mərcanlı tayfa adını özündə əks etdirir. Burada  “cocuq” sözü yaşayış məntəqəsini Böyük Mərcanlı kəndindən fərqləndirməyə xidmət edir. Oykonim "kicik Mərcanlı kəndi" mənasındadır. 1993-cü ildə Ermənistan  silahlı qüvvələri  tərəfindən işğal edilmişdi. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı  bu kənd  də erməni işğalından azad olunub. 2016-cı il aprelin 2-də  Cocuq Mərcanlı kəndində yerləşən Lələtəpə yüksəkliyi  Azərbaycan Ordusu  tərəfindən işğaldan azad edilib. Bu ilin yanvarında isə dövlət başçımızın  məlum sərəncamı ilə həmin kəndin bərpasına və köçkün sakinlərin öz ata-baba ocaqlarına qaytarılmasına start verilib.

Adıçəkilən sərəncamın icrası Azərbaycan Prezidentinin daimi nəzarətində və Qafqazda marağı olan dövlətlərin  diqqət mərkəzindədir. Çünki Azərbaycan ərazilərinin erməni işğalından azad edilməsinin regionun inkişafı üçün nə qədər əhəmiyyətli olacağını hamı çox yaxşı bilir. Bu  qayıdışın  ölkəmiz və dövlətimiz üçün kəsb etdiyi əhəmiyyətin miqyasını hamıdan yaxşı bilən Prezident İlham Əliyev  yanvarın 30-da  “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransdakı  çıxışı zamanı məsələyə yenidən münasibət bildirib:  "Biz kənd sakinlərini işğaldan azad edilmiş kəndə qaytarırıq. Mən çox şadam ki, Cocuq Mərcanlı kəndinin sakinləri buna çox böyük həvəslə, maraqla yanaşırlar. Əminəm ki, onlar indi səbirsizliklə o günü gözləyirlər. Əminəm ki, qısa müddət ərzində Cocuq Mərcanlı kəndini yenidən quracağıq".

Bu sərəncamın icrası prosesində mətbuatın da böyük rol oynadığına işarə edən dövlət başçımız deyib:  "Televiziyada kəndin görüntüləri göstərilib. Bir neçə ay o kənd işğal altında olub. Ondan sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı keçirilmişdi və işğalçılar, düşmənlər o kənddən qovulmuşdular. Bir neçə ay ərzində onlar o kəndi yerlə-yeksan ediblər. Əlbəttə ki, indi orada minalardan təmizləmə işləri, sonra isə infrastruktur layihələrinin icrası olmalıdır. Mən göstəriş vermişəm , beynəlxalq təşkilatlara da müraciət olunsun ki, onlar da öz nümayəndələrini kəndə göndərsinlər. Görsünlər ki, erməni vəhşiliyi nədən ibarətdir".

 

Prezident əsaslı yanaşmalar tələb etdi

 

Ermənilərin cəmi bir neçə ay ərzində Cocuq Mərcanlını tamamilə viran etdiyini söyləyən Prezident işğal altında olan digər yaşayış məntəqələrimizin taleyindən böyük narahatlıq keçirdiyini söyləyib:  "Ağdamın, Füzulinin və digər şəhərlərimizin dağıntılarını beynəlxalq mətbuatda az-az görə bilirik. Nəyə görə? Çünki buraxmırlar. Amma Cocuq Mərcanlı erməni vəhşiliyinin, vandalizminin canlı şahididir. Gəlsinlər görsünlər ki, özlərini mədəni xalq kimi təqdim etməyə çalışanlar hansı vəhşiliklər törədirlər. Ona görə orada bu işlər görülməlidir. Sonra isə bütün sənədləşmə işləri aparılmalıdır, pasportlaşdırma, erməni vəhşiliklərinin sənədləşdirilməsi aparılmalı, video, foto, bütün dağılmış binaların ölçüləri, dəymiş ziyan hesablanmalıdır. Yəni, bu işlərə çox əsaslı yanaşmalıyıq və orada ilk növbədə qeyd etdiyim kimi, infrastruktur – yollar, qaz, su, işıq xətləri çəkilməli, ondan sonra isə mütləq məktəb, uşaq bağçası, tibb məntəqəsi və fərdi evlər tikilməlidir. İlkin mərhələdə 50 ev tikiləcək, amma göstəriş vermişəm ki, kəndin master planı hazırlansın. Mən əminəm ki, burada gələcəkdə 200 ev tikiləcək. Əlbəttə ki, burada yaşayacaq insanlar üçün iş yerləri açılmalıdır. Əkin sahələri və digər iş yerlərinin təmin edilməsi üçün tədbirlər görüləcək və beləliklə, biz vətəndaşlarımızı uzun fasilədən sonra öz doğma ata-baba yurdlarına qaytaracağıq".

Prezidentin  Cocuq Mərcanlıya qayıdış  barədə imzaladığı sərəncamın ümumxalq əhəmiyyəti  kəsb etdiyinə görədir ki, bu sənədin icrasına dəxli olan və olmayan bütün qurumlar, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, elm-təhsil ocaqları, yaradıcı birliklər, xarici ölkələrdəki diaspor təşkilatlarımız – ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyünün bərpasını öz taleyi üçün zəruri sayan hər kəs səfərbər olunub. Hamı bu sənədin icrası üçün nə isə bir iş görmək, töhfə vermək istəyir. Təbii ki, öndə məcburi köçkün taleyini yaşayan rayonlarımızın, xüsusən, Cəbrayılın sakinləri.

 

19 yaşlı Sovet İttifaqı Qəhrəmanının vətəni

 

Yeri gəlmişkən, Cəbrayıl milli tariximizə əhalisinin sayına görə faiz etibarilə ən çox ziyalı  bəxş etmiş rayondur. Bu rayonun sakini Cəmil Əhmədov 1941-1945-ci illər Böyük Vətən müharibəsində Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görüləndə cəmi  19 yaşı var idi. 2 Fevral – Gənclər Günü münasibətilə Azərbaycan gənclərinə xatırladılmalı ən dəyərli  nümunələrdən  biri də budur.  Uzun illər Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifəsində işləmiş Teymur Quliyev, Azərbaycan KP MK-nın katibi vəzifəsində işləmiş Həsən Həsənov, Azərbaycan Respublikasının maarif naziri olmuş akademik Mehdi Mehdizadə, rəhbər partiya və sovet orqanlarında mühüm vəzifələrdə çalışmış Yəhya Ağakişiyev, Svetlana Qasımova, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti olmuş akademik Əşrəf Hüseynov, keçmiş SSRİ hökumətinin Türkiyə səfirliyinin əməkdaşı olmuş Qaryağdı Həsənov və başqaları bu torpağın yetirmələridir.

Bu rayon haqqında olan internet məlumatlarında oxuyuruq ki, əməyə bağlılıq, halal zəhmət cəbrayıllıların həyat tərzi olmuşdur. Sosialist Əməyi Qəhrəmanları Bəyaz Həsənova, Şahnaz Əhmədova, Məhəmməd Əhmədov, Köçəri Babayev, Yusif Fərzəliyev, Qaçay Səfərov, Sərdar İmrəliyev və başqa əmək qəhrəmanlarının adı  daim ensiklopediyalarda olub. 2017-ci ilin yanvarından sonra isə həmin ensiklopediyaları “Cocuq Mərcanlıya qayıdış” ifadəsi və dövlət başçımızın məlum sərəncamından sonra icra edilmiş layihələrin siyahısı bəzəyəcək.

 

Əks-səda

 

Cəbrayıl Rayon İcra Hakimiyyətinin internet saytının xəbərlər blokunda qeyd edilir ki,  yanvarın 26-da rayon ziyalılarının, ağsaqqalların, gənclərin iştirakı ilə Biləsuvar rayonu ərazisində cəbrayıllı məcburi köçkünlər üçün salınmış qəsəbələrdə rayon ictimaiyyətının toplantısı keçirilib. Toplantıda cənab Prezidentin “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” 2017-ci il 23 yanvar tarixli fərmanı və Cəbrayıl rayonunun “Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” 24 yanvar tarixli sərəncamı Cəbrayıl rayon əhalisində, eləcə də bütün köçkünlərdə nikbin əhval-ruhiyyə yaratmış, onların öz doğma torpaqlarımıza qayıtmağa olan inamını daha da artırmışdır. Toplantı iştirakçıları işğaldan azad olunmuş  Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı ölkə başçısının bu sərəncamını Qarabağa qayıdışın başlanğıcı kimi qiymətləndirmiş, cənab Prezidentə minnətdarlıqlarını ifadə edən müraciət ünvanlanmışlar.

Daha böyük qayıdışlar və daha böyük minnətdarlıqlar isə hələ qarşıdadır.

İttifaq MİRZƏBƏYLİ,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında