Cocuq Mərcanlıya qayıdış erməniləri vahiməyə salıb

İşğalçı dövlət böyük dönüşə start verildiyini anlayır

Azərbaycan Ordusu ötən ilin aprel döyüşlərində erməni təxribatına layiqli cavab verərək, böyük əraziləri işğaldan azad etməklə adını şanlı hərb tariximizə qızıl hərflərlə yazdırdı. Erməni işğalından azad edilmiş ərazilərimizdən biri də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndidir. İndi bu kənddə bərpa prosesi gedir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  sərəncam imzalamışdır. Azərbaycanlıların Cocuq Mərcanlı kəndinə qayıtmasını sürətləndirəcək bu sərəncam da ermənilərin canına vəlvələ salmış, yerli sakinlərin Qarabağa böyük qayıdışının başlanğıcına səbəb olacaq sərəncamın yaratdığı xofun əsirinə çevrilmişlər.

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında ölkə başçısının sərəncamı Ermənistanda da müzakirə mövzusudur. Ermənilər də Cocuq Mərcanlıda başlanmış bərpa işlərini geniş müzakirə edərək, prezident Serj Sarkisyanı aprel döyüşləri barədə xalqa yalan məlumat verməkdə ittiham edirlər. Xatırladaq ki, aprel döyüşlərindən sonra Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən qayıdan zaman Serj Sarkisyan təyyarədə bildirmişdi ki, döyüşlərin miqyası və əldə olunan nəticə barədə məlumat Azərbaycan tərəfindən şişirdilmişdi. Azərbaycan tərəfinin cavabı özünü gecikdirməmişdi. Rəsmi Bakı bəyan etdi ki, söhbət dəfələrlə böyük ərazidən gedir. Bu dəfə ermənilərdən təkzib bəyanatları eşidilmədi. Qeyd edək ki, azad olunan ərazilərin bir hissəsi Cəbrayıl rayonuna aid idi. Ən böyük uğurumuz isə həmin rayonun ərazisində olan Lələtəpə yüksəkliyinin düşmənin əlindən alınması oldu.

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi hələ Horadiz əməliyyatı zamanı işğaldan azad olunmuşdu. 1993-cü ilin oktyabrında Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunan kənd 1994-cü il yanvarın 5-də ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 yaşayış məntəqəsi ilə birgə düşmən tapdağından azad edilmişdi. Amma Lələtəpənin ermənilərin nəzarətində olması həmin yaşayış məntəqəsini hər zaman düşmən nişangahına çevirirdi. Ötən ilin 2-4 aprel tarixlərində həyata keçirilən əməliyyatlar zamanı iki yüksəklik, o cümlədən Lələtəpə yüksəkliyi azad edilmiş və 10 minlərlə hektar torpaq Azərbaycan Ordusunun nəzarəti altına keçmişdi. Bundan sonra Cocuq Mərcanlıda yaşayış imkanı yaranmışdır.

Qeyd etmək yerinə düşər ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 4 milyon manat ayrılmışdır. Hazırda Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar hazırlıq işləri intensiv şəkildə həyata keçirilir. Kənddə köhnə əmlakların müəyyənləşdirilməsi və qiymətləndirilməsi, ərazilərin minalardan təmizlənməsi işləri görülür. Cocuq Mərcanlı kəndində yaşamaq istəyən ailələrin sayı da artmaqdadır.

Bu gün hərbi mütəxəssislər bildirirlər ki, Lələtəpənin azad edilməsi ermənilərin böyük hərbi məğlubiyyətidir. Məhz bu məğlubiyyətin fonunda Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncam imzalaması da Ermənistan əhalisi üçün qara xəbərə çevrildi. Ermənistan mətbuatı və sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin növbəti hədəflərinin Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Şuşa, Xankəndi olacağını yazır, Azərbaycan əsgərinin tezliklə bu ərazilərə qayıdacağını vurğulayırlar. Məsələn, “Facebook” sosial istifadəçilərinin əksəriyyəti “Nə vaxta qədər belə davam edəcək? Bu gün Cocuq Mərcanlıya, sabah isə Şuşaya” başlıqlı status paylaşırlar. Belə statuslara digər populyar sosial şəbəkədə “Twitter”də də rast gəlmək mümkündür. Həmin statuslarda erməni istifadəçiləri yazırlar ki, ermənilər İlham Əliyevin fəaliyyətindən niyə Serj Sarkisyanın nəticələr çıxara bilmədiyini anlamırlar. Statuslarda Azərbaycanın torpaqları geri qaytarmasından bəhs olunur, Ermənistanda isə geri qayıdanların əsgər meyitləri olduğu vurğulanır. Henrix Aşotyan adlı birisi “Facebook”da Prezident İlham Əliyevin imzaladığı sərəncamla bağlı paylaşılan statusa belə bir şərh yazmışdır: “Açıq reallıq budur. Aprel döyüşlərində İlham Əliyev Serj Sarkisyana yüksək peşəkarlığın necə olduğunu göstərdi. Bizim prezident bəs nə etdi? Seyrçi mövqeyində qaldı. Azərbaycan Prezidenti bu gün Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalayır. Belə davam etsə, Stepanakert (Xankəndi - red.), Şuşa, Kəlbəcər üçün də belə sərəncamlar gözləniləndir”.

Ermənilər sosial şəbəkələrdə yazırlar ki, ötən il azərbaycanlıların aprel hücumundan sonra qorxu hələ də canlarındadır. Statuslarda Prezident İlham Əliyevin Azərbaycan üçün lazımi addımlar atdığı vurğulanır, ərazilərin qaytarılması ilə bağlı işlər gördüyü bildirilir. Ermənilər buna misal kimi Cocuq Mərcanlı kəndini nümunə göstərir, Serj Sarkisyanı fəaliyyətsizlikdə ittiham edirlər. Rusiyanın “VKontakte” sosial şəbəkəsində də Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndi ilə bağlı sərəncamını ermənilər fəal müzakirə edir, rəsmi İrəvana qarşı etirazını bildirirlər. Müzakirələrdə ölkə başçısı İlham Əliyevin Azərbaycan üçün böyük işlər gördüyü qabardılır və əlavə edilir ki, Ermənistan rəhbərliyi yalnız öz maraqlarını güdür, S.Sarkisyan iqtidarı üçün dövlətin və xalqın mənafeyi  məsələsi yoxdur. “Aprel məğlubiyyətindən sonra Sarkisyan hansı üzlə xalqın qarşısına çıxır? Hələ İlham Əliyevin imzaladığı məlum sərəncamı demirəm. Bəs sabah Azərbaycan əsgəri Yerevana girsə, nə edəcəyik?”. Yuxarıda “Azərbaycan Prezidenti Cocuq Mərcanlını geri qaytarıb, sabah Şuşanı da götürəcək. Biz müharibədən sonra təlaş içərisində yaşayırıq. Sarkisyan iqtidarından təngə gəlmişik” kimi statuslar sosial şəbəkələrdə əsas mövzulardan birinə çevrilmişdir. Erməni xalqının yoxsullaşmasında və gənclərin cəbhədə mənasız ölümündə birbaşa Serj Sarkisyanı təqsirkar görən erməni sosial şəbəkə istifadəçiləri həmyerlilərini rəsmi İrəvanın yürütdüyü yarıtmaz siyasətə qarşı çıxmağa çağırır, erməni gənclərin boş yerə, Serj Sarkisyan rejiminin maraqları naminə qurban getməsinə mane olmağa və etiraz etməyə səsləyirlər.

Siyasi şərhçilər bildirirlər ki, Prezident İlham Əliyev azad edilmiş Lələtəpə yüksəkliyindən beynəlxalq ictimaiyyətə və Ermənistan rəhbəliyinə ciddi mesaj göndərmiş, Azərbaycanın güclü orduya malik olduğunu nümayiş etdirmişdi. Aprel döyüşləri göstərdi ki, istənilən vaxt bizim qüdrətli ordumuz işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. Bu reallığı Ermənistan hakimiyyəti də bilir. Ancaq problemləri hər keçən gün artan Ermənistan prezidenti Serj Sərkisyan konstruktiv mövqe tutmağa tələsmir. Mütəxəssislər deyirlər ki, S.Sarkisyan Ermənistan cəmiyyətinin narahatlığını azaltmağa çalışır və “təhlükəsizlik zolağı” qoyduğu ərazilərimizi hələ uzun müddət işğal altında saxlamaqla Azərbaycandan Dağlıq Qarabağın statusunu qoparmağa can atır. Lakin Ermənistan hakimiyyəti gözəl anlayır ki, Azərbaycan Cocuq Mərcanlı kəndi ilə kifayətlənməyəcək. Prezident İlham Əliyevin ötən ilin noyabr ayının 12-də ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanışlıq zamanı dediyi kimi, əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında