Prezident İlham ƏLİYEV: Azərbaycan bundan sonra da bütün səylərini torpaqlarının erməni işğalından azad olunmasına, həmin ərazilərdə əhalisinin məskunlaşmasına və vətəndaşlarının təhlükəsizliyinin təmininə yönəldəcək

Azərbaycanda aparılan davamlı dövlət quruculuğu prosesində iqtisadi, siyasi, mədəni islahatların və inkişafın mahiyyət etibarı ilə yeni  Azərbaycan modeli formalaşıb. Bu model artıq beynəlxalq birlik tərəfindən də qəbul edilir. Ölkə rəhbərinin həyata keçirdiyi strategiyanın prioritetlərindən birini də humanitar siyasət təşkil edir. Bu siyasi xətt bütün dünyaya bəyan edir ki, Azərbaycanda  insan amili birinci dərəcəli əhəmiyyət kəsb edir.
      Torpaqlarının 20 faizdən çoxu Ermənistan silahlı qüvvələrinin işğalı altında olan və bu fakta böyük dövlətlərin göz yumduğu bir vaxtda humanizmi əsas fəaliyyət istiqaməti seçən ölkə bu sahədə güclü ənənəyə sahib olmalıdır. Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən islahatlar və qəbul olunan qərarlar  məhz bu faktları dünyaya nümayiş etdirir. Bir məqamı da vurğulamaq vacibdir ki, Azərbaycanın həyata keçirdiyi  balanslaşdırılmış, milli maraqlara əsaslanan xarici və daxili siyasətin mərkəzində ölkə vətəndaşı dayanır.

Son 14 ildə ölkəmizdə əhalinin həyat səviyyəsinin yüksəldilməsi, rifah halının yaxşılaşdırılması və yoxsulluğun səviyyəsinin aşağı salınması ilə əlaqədar qəbul olunan qanunlar artıq öz bəhrəsini verir. Dünya birliyi maliyyə və iqtisadi böhranın, habelə münaqişələrin, qarşıdurmaların və miqrant axınının əsirinə çevrildiyi bir zamanda, Azərbaycanda əmək haqları, sosial müavinətlər, pensiyalar artırılır, aztəminatlı ailələrin, habelə doğma yurdlarından didərgin salınmış qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində bir-birinin ardınca əhəmiyyətli tədbirlər həyata keçirilir, fərman və sərəncamlar imzalanır. Bu il yanvarın 23-də Azərbaycan Prezidentinin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman və səhərisi günü imzalanmış “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncam sosialyönümlü siyasətin məntiqi davamıdır.

Bu il yanvarın 10-da  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da ata-baba yurdlarından didərgin salınmış soydaşlarımızın qarşılaşdıqları problemlərin həlli müzakirə mövzusu olmuş və qeyd edilmişdir ki, 2016-cı ildə məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. Bu siyasətin 2017-ci ildə davam etdiriləcəyini vurğulayan ölkə Prezidenti qeyd etmişdir ki, onlar üçün yeni mənzillərin tikintisi reallaşdırılacaq. Hazırda ölkəmizdə məcburi köçkünlər üçün 95 şəhərcik salınıb. 50 min məcburi köçkün ailəsi hər cür infrastruktura malik mənzillərlə təmin edilib. Bu fakt bir daha onu göstərir ki, ölkə Prezidenti bu kateqoriyalı insanlara xüsüsi diqqətlə yanaşır.

Xatırladaq ki, dövlət başçısının yanvarın 23-də və 24-də imzaladığı fərman və sərəncamlarla dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizmi sadələşdirilmiş, ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində bir sıra  əsas strateji yüksəkliklər ələ keçirilmiş, bundan sonra  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşamasına əlverişli şərait yaradılmışdır. Bununla da əhalinin öz doğma yurdlarına qayıtması üçün həmin ərazilərdə əsaslı yenidənqurma işlərinə başlanmışdır.

Ümumiyyətlə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından  didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilən soydaşlarımızın həyat səviyyəsinin yüksəldilməsi ulu öndər Heydər Əliyevin daimi diqqət mərkəzində olub. İsti ocaqlarından didərgin salınmış soydaşlarımızın sosial problemləri ümummilli lideri ən çox düşündürən məsələ idi. Ulu öndər dəfələrlə məcburi köçkünlərin məskunlaşdıqları çadır şəhərciklərində olmuş, onların yaşayış şəraiti ilə tanış olmuş, toy şənliklərində iştirak etmiş, hətta onlara qoşulub rəqs etmişdir. Müdrik şəxsiyyətin bu şəhərciklərə hər gəlişi əsl toy-bayram olardı. Həmin illərdə qaçqın və məcburi köçkünlərin məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət səviyyəsində tədbirlər həyata keçirilmiş, müxtəlif qanunlar qəbul olunmuşdu.

Bu qəbildən olan insanların həyat şəraitinin yaxşılaşdırılmasını vacib vəzifə kimi qarşıya qoyan ulu öndər demişdir: “Bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edirik. Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir”.

Məhz ulu öndərin düşünülmüş strategiyası nəticəsində doğma yurdlarından didərgin salınmış bir milyondan artıq soydaşımız dövlət qayğısı ilə əhatə olundu, onların üzləşdiyi sosial problemlər tədricən öz həllini tapmağa başladı. Bu insanların səsi dünya ictimaiyyətinə çatdırıldı. Heydər Əliyev müxtəlif ölkələrin dövlət başçıları və hökumət nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərində, beynəlxalq və yerli qurumlarda etdiyi çıxışlarında, ilk növbədə, qaçqın və məcburi köçkünlər məsələsinə toxunur, bunu ölkənin bir nömrəli problemi kimi beynəlxalq ictimiyyətin diqqətinə çatdırırdı. Həyata keçirilən tədbirlər sayəsində 1993-2004-cü illərdə ayrı-ayrı dövlətlər, maliyyə qurumları, beynəlxalq humanitar və inkişaf təşkilatları tərəfindən qaçqın, məcburi köçkün və aztəminatlı əhaliyə müxtəlif layihələr üzrə 640 milyon ABŞ dollarından çox həcmdə humanitar yardım göstərilmişdir.

1999-cu ildə ümummilli liderin BMT-nin "Ümumdünya Ərzaq Proqramı" təşkilatının baş qərargahına müraciətinə əsasən həmin təşkilatın Azərbaycanda fəaliyyət müddəti müstəsna hal kimi 2005-ci ilin sonuna qədər uzadıldı. Ulu öndərin xarici səfərlərində də bu məsələ daim ön planda yer alırdı və qaçqınların, məcburi köçkünlərin problemlərinin həlli istiqamətində konkret nəticələrə nail olunurdu.

Ümummilli lider Heydər Əliyevin uğurlu xarici siyasəti sayəsində beynəlxalq ictimaiyyətdə qaçqın  və məcburi köçkünlərə olan münasibət Azərbaycan həqiqətlərinə uyğun olaraq dəyişdi. Bundan sonra tədricən problemin əsl mahiyyəti düzgün dərk edilməyə başlandı və Azərbaycan getdikcə öz mövqeyini möhkəmləndirdi. Bununla bir daha dünya ictimaiyyətinə sübut olundu ki, bu, Azərbaycan dövlətinin və xalqının bir nömrəli problemidir və buna da uyğun diqqət olmalıdır.

Ulu öndər Heydər Əliyevin diplomatiyası sayəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyəti dünya ictimaiyyətinə çatdırılmış, BMT-in Təhlükəsizlik Şurası tərəfindən münaqişənin sülh yolu ilə həlli, işğal olunmuş ərazilərin Ermənistan silahlı qüvvələrindən azad edilməsi, qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması haqqında BMT Təhlükəsizlik Şurası 1993-cü ildə 4 qətnamə (1993-cü il 30 aprel tarixli  822 nömrəli, 29 iyul tarixli  853 nömrəli, 14 oktyabr tarixli  874 nömrəli, 11 noyabr tarixli 884 nömrəli) qəbul etmişdir. Təəssüf ki, həmin qətnamələr bu gün də kağız üzərində qalmaqdadır.

Ulu öndərin fəaliyyəti nəticəsində 1994-cü ilin may ayında atəşkəsə nail olunmuş və Azərbaycanın iqtisadi cəhətdən möhkəmləndirilməsinə, müdafiə qabiliyyətinin artırılmasına imkan yaranmışdır. ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində tədbirlər görülmüş, həmçinin doğma yurdlarından didərgin salınmış soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.

Heydər Əliyevin ideyalarını davam etdirən Prezident İlham Əliyev Ermənistanın hərbi təcavüzü nəticəsində ata-baba yurdlarından didərgin salınmış məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsini, onlar üçün hər cür infrastruktura malik evlərin tikintisini  mühüm vəzifə kimi qarşıya qoydu. 2003-cü ildə  ölkədə keçirilən prezident seçkiləri ərəfəsində “Bir dənə də olsun çadır düşərgəsi qalmayacaq”, – deyən Baş nazir, prezidentliyə namizəd İlham Əliyev dövlət başçısı seçildikdən sonra bu sahəyə xüsusi diqqət yetirmiş, verdiyi vədə bir neçə il ərzində  əməl etmişdir. 2007-ci ilin dekabrında ölkədəki sonuncu çadır şəhərciyi də ləğv edilərək, məcburi köçkünlər üçün hər cür şəraiti olan yeni qəsəbələr salınmışdır. Ev-eşiklərindən didərgin düşənlərin məşğulluğunun artırılması istiqamətində bütün imkanlardan istifadə olunmuşdur.

İşğal altında olan ərazilərimizin azad edilməsi üçün ilk növbədə ordunu möhkəmləndirməyi, ən müasir silah-sursatla təchiz etməyi prioritet vəzifə kimi qarşıya qoyan dövlətimizin başçısının bu istiqamətdə həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verdi. Azərbaycan xalqı, həmçinin beynəlxalq ictimaiyyət ötən ilin aprelində Ermənistan ordusu ilə baş vermiş dördgünlük müharibədə Azərbaycan Silahlı Qüvvələrinin gücünün, qüdrətinin şahidi oldu. Dörd gün ərzində ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilmiş, düşmənin 320 döyüşçüsü öldürülmüş və 500-dən artıq əsgəri yaralanmışdır.

Biz, demək olar ki, hər gün atışmalar müşahidə edir, düşmən tərəfinin kəndlərimizi atəşə tutmasının şahidi olurduq. Ancaq bu dəfə səbrimiz aşıb-daşdı və  atəşkəs elan olunandan 22 il sonra ilk dəfə irihəcmli döyüşlər baş verdi. Nəhayət, Ermənistan Azərbaycan Ordusu tərəfindən layiqli cavabını aldı, 20 ildən artıq işğal altında saxladıqları ərazilərdən qovuldu. Həmin döyüşlərdə minlərlə hektar ərazinin  işğaldan azad edilməsi, bir neçə strateji yüksəklik və yaşayış məntəqəsi üzərində nəzarətin ordumuz tərəfindən ələ keçirilməsi bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində fərdi evlərin və digər zəruri tikintilərin başlanılmasına rəvac verdi. Prezident İlham Əliyev  tərəfindən Ermənistanın silahlı qüvvələrinin işğalından azad edilmiş ərazilərimizin bərpa edilməsi və orada yaşamış əhalinin kəndə köçürülməsi barədə sərəncam imzalaması bir daha təsdiqlədi ki, Azərbaycan dövləti işğal altında olan  torpaqlarını azad etmək və məcburi köçkünləri öz yurd-yuvalarında yerləşdirmək əzmindədir.

Hazırda dünyada tüğyan edən maliyyə və iqtisadi böhran şəraitində  işğaldan azad edilmiş ərazilərdə fərdi yaşayış evlərinin, məktəb binasının və digər zəruri obyektlərin tikintisi üçün vəsait ayrılması və bu işlərə başlanılması, ilk növbədə, Azərbaycan dövlətinin inkişafının, iqtisadi gücünün, düzgün müəyyənləşdirilmiş strategiyasının, ölkə rəhbərliyinin xalq qarşısında götürdüyü öhdəlikləri məsuliyyətlə yerinə yetirməsinin bariz nümunəsidir.

Dövlətimizin başçısının tapşırığına əsasən, bu kənddəki hər bir ev təcili şəkildə araşdırılmalı, sənədləri təcili tərtib olunmalıdır. Həmin torpaqlarda ANAMA tərəfindən mina axtarışları davam etdirilir. Bundan əlavə, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələrinin də Cocuq Mərcanlıya səfərləri təşkil olunacaq.

Xatırladaq ki, dövlət başçısının imzaladığı sərəncamda Cocuq Mərcanlı kəndində ilkin mərhələdə 50 fərdi yaşayış evinin və məktəb binasının tikintisi nəzərdə tutulur. Buna baxmayaraq, Prezident İlham Əliyevin tapşırığına əsasən ərazidə 150-200 ailə yerləşdirmək mümkündür. Eyni zamanda, oraya köçürüləcək ailələr üçün lazım olan bütün şərait yaradılacaq.

Cocuq Mərcanlı kəndinin bərpası, kənd sakinlərinin normal yaşayışının təmin edilməsi Ermənistana çox ciddi  mesajdır. İşğalçı dövlətə açıq şəkildə bəyan edilir ki, Azərbaycan işğal altında olan torpaqlarının azad edilməsi mövqeyindən heç bir zaman geri çəkilməyəcək, düşmən tapdağında olan digər ərazilərimizin də azad olunması üçün erməni silahlı qüvvələrinə aprel döyüşlərindən də ciddi dərs verəcək.

Biz bu tarixi qələbəyə, işğal altında olan ərazilərimizin azad edilməsinə və oraya böyük qayıdışın təməlinin qoyulmasına Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasi xətti və gündən-günə mətinləşən ordumuzun gücü sayəsində nail olduq. Artıq beynəlxalq birliyə də məlumdur ki, ölkəmizin hərbi potensialı gündən-günə güclənir.

Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır.  Dövlətimizin başçısı da bu məsələyə münasibət bildirərkən demişdir: “Ordumuzun gücü, ilk növbədə, ordumuzda hökm sürən vətənpərvərlik ruhundadır. Döyüş qabiliyyətimiz də, Vətən sevgisi də buna bağlıdır. Hər bir Azərbaycan gənci, hər bir vətəndaş vətənpərvər olmalıdır, Vətəni hər şeydən çox sevməlidir və Vətən uğrunda öz qəhrəmanlığını göstərməlidir. Bizim ordumuz belə ordudur, bizim hərbçilərimiz belə hərbçilərdir. Biz ordumuzla, hərbçilərimizlə fəxr edirik”.

Əliqismət BƏDƏLOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında