Azərbaycan Prezidentinin Cocuq Mərcanlının bərpası ilə bağlı qərarı bu kənd sakinlərinin öz doğma yurd-yuvalarına qayıdıb əmin-amanlıq şəraitində yaşamalarına stimul yaradır

Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə ­dinamik inkişaf edir. Qarşıya qoyulan strateji hədəflərə çatmaq üçün Azərbaycanın sosial-iqtisadi sahələrində ardıcıl islahatlar həyata keçirilir. Bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması istiqamətində müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində ardıcıl danışıqlar aparılır, sülhün əldə olunmasına, bu yolla Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə çalışılır. Əlbəttə, münaqişə belə təqdirdə nəticələnməsə, Azərbaycan Respublikası BMT Nizamnaməsinin müvafiq maddələrinə uyğun olaraq öz suveren hüquqlarından istifadə edə bilmək səlahiyyətini özündə saxlayır. Təəssüf ki, işğalçı Ermənistanın rəhbərliyi və havadarları bunu başa düşmək, qeyri-konstruktiv mövqelərinə son qoymaq istəmədiyindən münaqişənin həllində hələ də ciddi irəliləyiş əldə edilməyib. Bu yaxınlarda dövlətimizin başçısının bəzi dairələrə münaqişənin həlli ilə bağlı BMT-nin müvafiq qətnamələrini xatırlatması da təsadüfi deyildi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bir neçə gün bundan əvvəl Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışı zamanı deyib: “Münaqişənin həlli isə çox sadədir. Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar.

O ki qaldı, Dağlıq Qarabağın gələcək statusuna, bu status ancaq vahid Azərbaycan dövləti çərçivəsində mümkün ola bilər. Münaqişənin həlli bundan ibarətdir və Ermənistan rəhbərliyi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olacaq. Ərazi bütövlüyünün təmin olunması, işğala son qoyulması bu münaqişənin həlli üçün əsas amillərdir. Bu məqsədlərə nail olmaq üçün bir daha demək istəyirəm, daha da güclü olmalıyıq və biz bu gün dünya miqyasında böyük təqdirlə qarşılanan güclü Azərbaycan dövləti yaradırıq. Biz öz azad gələcəyimizi qururuq, müstəqil həyatımızı qurmuşuq. Biz 25 ildir ki, müstəqil dövlətik və bir daha demək istəyirəm, heç kimdən heç bir yardım almadan, bəzi başqa ölkələr kimi heç kimin ətəyindən yapışmadan bunu əldə etmişik. Bu gün açığını deməliyik, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur. Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır”.

Bu gün Ermənistan qorxu, təlaş içərisindədir. Bu, bir tərəfdən Azərbaycan Ordusunun gündən-günə güclənməsi, qüdrətlənməsi ilə,    digər tərəfdən isə Prezident İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamı ilə bağlıdır. Hazırda işğalçı ölkədə adıçəkilən sərəncam çox geniş səs-küy yaradıb. Açıq və qəzəbli şəkildə qeyd olunur ki, Serj Sarkisyanın cəfəng fikirləri, rəsmi Yerevanın uydurduğu yalanlar daha erməni xalqı tərəfindən qəbul olunmur.

Bəli, bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncamdan sonra Ermənistanda pessimist ovqat hökm sürür. İşğalçı dövlətin vətəndaşları Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanmasından, bununla bağlı Ermənistanın üzləşdiyi çoxsaylı problemlərdən daha çox narazılıq bildirirlər. Onlar, eyni zamanda, həm hərbi, həm də diplomatiya cəbhəsində Azərbaycana daha böyük fərqlə uduzmağın gerçəkliyini dərk etməyə başlayıblar.

Ermənilərin narahatlığını daha da artıran və onları dərindən düşünməyə vadar edən həm də Azərbaycan Prezidenti cənab İlham Əliyevin bir neçə gün bundan əvvəl Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni hərbi şəhərciyinin açılışı zamanı dediyi sözlər olub. Möhtərəm dövlət başçımız Azərbaycan xalqı və dövlətinin bu işğal, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq”.

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin yenidən qurulması və sakinlərin doğma yurd-yuvalarına qayıtmaları əslində Azərbaycanda böyük qayıdış proqramının başlanğıcıdır. Bununla yanaşı, Prezident İlham Əliyevin 24 yanvar 2017-ci ildə imzaladığı müvafiq sərəncam bütün məcburi köçkünlərimizdə öz doğma torpaqlarına qayıdacağı günün uzaqda olmaması ilə bağlı inam hissini daha da gücləndirib. Həmin sərəncamda deyilir: “Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da tarixən burada yaşamış dinc əhalinin öz doğma yurduna qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır”.

Bu məqsədlə dövlət başçısı Prezidentin Ehtiyat Fondundan ilkin olaraq dörd milyon manat ayırmış, zəruri tapşırıq və göstərişlərini vermişdir.

Xatırladaq ki, Cocuq Mərcanlı kəndi 1994-cü ilin yanvar ayında ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin başlatdığı uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad edilib. Lakin ətraf yüksəkliklərdə Ermənistan ordusunun mövqe tutması kəndin ərazisini faktiki olaraq təhlükə altında saxlayırdı. 2016-cı il aprelin 2-də Azərbaycan Silahlı Qüvvələrinin əks həmləsi ilə Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Ermənistan ordusunun kəndə, oradakı mövqelərimizə yaratdığı təhlükə aradan qalxdı. Bu gün artıq Cocuq Mərcanlıda sakinlərin asayiş içində yaşaması üçün şərait var. İşğaldan azad edilmiş yüksəkliklərdən düşmənin işğal altında saxladığı ərazilərdəki mövqeləri tam olaraq nəzarət altındadır, təxribat imkanları vaxtında aşkarlanaraq zərərsizləşdirilir. Öz növbəsində, aprel döyüşlərinin nəticələri və Azərbaycan Ordusunun qüdrəti insanlara öz doğma yurdlarına qayıdıb əmin-amanlıq şəraitində yaşamalarına stimul yaradır. Prezident İlham Əliyevin ötən ilin noyabr ayında Füzuli rayonuna səfəri zamanı Lələtəpə yüksəkliyində və işğaldan azad edilmiş digər ərazilərdə hərbçilərlə, sakinlərlə görüşü də onlarda olan inamı    artırıb.

Onu da deyək ki, 2016-cı il noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yaradılan şəraitlə tanışlıq zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev Lələtəpə əməliyyatını şanlı tariximiz adlandırıb: “Aprel döyüşləri Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun gücünü göstərdi. Düşmənə döyüş meydanında sübut etdik ki, biz güclüyük. Biz ermənilərin uzun illər ərzində yaratdıqları mifi, yalanı dağıtdıq ki, guya onların belə güclü ordusu var. Bu gün döyüş meydanında biz sübut etdik ki, kimin ordusu güclüdür, kimin ordusu nəyə qadirdir”.

Bununla yanaşı, dövlətimizin başçısı qeyd edib ki, biz həm Füzuli və Cəbrayıl rayonlarında, eyni zamanda, Ağdərə rayonunda bir çox strateji yerləri işğalçılardan azad etdik. Biz keçmiş Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi olan yerləri də qaytarmışıq.

Yeri gəlmişkən, Lələtəpə döyüşü 1994-cü ilin yanvar ayında baş vermiş Horadiz əməliyyatından sonra düşmənin eyni istiqamətdə aldığı ən ağır zərbə oldu. Növbəti əməliyyatlar başladığı təqdirdə, Silahlı Qüvvələrimiz qısa müddətdə digər əraziləri azad edərək Ermənistan-Azərbaycan dövlət sərhədinə çıxacaq. Azərbaycan Ordusunun arsenalında olan müasir silah sistemləri və texnikalar cəbhənin yüz kilometrlərlə dərinliyindəki düşmən hədəflərini yüksək dəqiqliklə məhv etməyə, döyüş əməliyyatlarını qısa müddətdə başa çatdırmağa imkan verir. Bu silahların böyük hissəsi heç aprel döyüşlərində istifadə olunmayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd edib ki, aprel döyüşlərindən sonra silahlanma məsələsində çox önəmli addımlar atılıb. Ən müasir silahlar ölkəmizə gətirilib və bu il də bu proses davam edəcək. Ən müasir silahlarımızın bir hissəsi nümayiş etdirilib, bir hissəsi isə lazım olan vaxtda, lazım olan yerdə nümayiş etdiriləcək.

Azərbaycan Prezidentinin 24 yanvar 2017-ci ildə imzaladığı müvafiq sərəncamdan sonra ermənilər arasında vahimə daha da güclənib. Artıq onlar güclü ordumuzun Ermənistan silahlı qüvvələrinə verdiyi aprel dərslərinin təkrarlanacağından ciddi narahatlıq hissi keçirməkdədirlər. Elə bu səbəbdəndir ki, xarici himayədarlarına əvvəlkindən daha çox sığınan ermənilərin əsas istəyi Azərbaycanla yeni mümkün hərbi toqquşmaların qarşısının alınmasıdır. Amma bu da çətin ki, düşmənə uzun müddət kömək etsin. Çünki Azərbaycan işğal altındakı ərazilərini, lazım gələrsə, güc yolu ilə azad edilməsi hüququndan istənilən vaxt istifadə edə biləcəyini ən yüksək səviyyədə bildirib.

Ailəsi ilə yaşamaq üçün ABŞ-a gedən Ermənistanın keçmiş maliyyə naziri Qaqik Xaçatryan Yerevanın “Meridian” İnformasiya Agentliyinin müxbirinə verdiyi müsahibədə bildirib ki, xalqın hakimiyyətə inamı artıq tamam tükənib və atdığı bütün addımlar vətəndaşlar tərəfindən birmənalı şəkildə rədd edilir: “İlham Əliyev bir kəndin bərpası üçün xüsusi sərəncam imzalayır, cəbhə bölgəsinə səfərlər edərək Ali Baş Komandan olduğunu nümayiş etdirir. Bəs Serj Sarkiysan Ermənistan üçün nə edib? Bu adam xalqın yoxsullaşmasında və gənclərin cəbhədə səbəbsiz ölümündə birbaşa təqsirkardır. Buradan əsgər valideynlərinə üz tutub xahiş edirəm ki, Serj Sarkiysan hakimiyyətinin yeritdiyi yarıtmaz siyasətə qarşı çıxsınlar, övladlarının Serj Sarkisyan kimi caninin maraqları naminə qurban getməsinə imkan verməsinlər”.

Göründüyü kimi, artıq Ermənistanda ermənilər öz aqibətlərindən narahat olmağa başlayıblar. Bu ölkənin cinayətkar rəhbərliyi isə, təəssüf ki, son dövrlərdə cərəyan edən siyasi, hərbi, iqtisadi proseslərdən nəticə çıxarmır. Azərbaycan işğal altında olan bütün torpaqlarını azad edəcək. Azərbaycan Ordusu buna qadirdir və buna heç bir qüvvə mane ola bilməz. Prezident İlham Əliyev də bütün çıxışlarında qətiyyətlə bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, məcburi köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar.

Artıq Cocuq mərcanlılıların yurd həsrətinə son qoyulub. Azərbaycan Prezidentinin imzaladığı sərəncama əsasən, onların doğma yurd yerləri abadlaşdırılacaq, bu yaşayış məntəqəsinin infrastrukturu yaradılacaq və sakinlər öz dədə-baba torpaqlarında rahat və təhlükəsiz yaşayacaqlar.

Böyük qayıdışın başlanğıcı olan bu sərəncam, eyni zamanda, xalqımız, xüsusən də məcburi köçkünlər üçün olduqca xoş xəbərdir. Gün gələcək Azərbaycan Ordusu işğal altındakı digər torpaqlarımızı da azad edəcək və dövlətimizin başçısı həmin yaşayış məntəqələrinin bərpası və vətəndaşlarımızın dədə-baba torpaqlarına qayıtmaları ilə bağlı yenə belə sərəncamlar imzalayacaq.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında