Cocuq Mərcanlı kəndi bizim möhtəşəm qayıdışımızın ilk qaranquşuna çevrilir

Prezident İlham Əliyev xalqımıza ötən il qələbə sevincini, bu il isə yurda qayıdışın qürur dolu hisslərini yaşatdı

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Ötən ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün olmuşdur. Bununla da, tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yaranmışdır.

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin
 “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun
Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında”
24 yanvar 2017-ci il tarixli sərəncamından 


İndi haqqında söz açmaq istədiyim rəsmi dövlət sənədi barədə informasiyanı oxuyan soydaşlarımızın hər birinin ürəyindən bu addımı alqışlamaq  hissi keçdi.  Sayı 50 milyondan çox olan azərbaycanlılar  bu hissi keçirməkdə haqlıdır. Təbii ki, soydaşlarımızın sayından da çox, deməli, hamısı orijinal olan ilk fikirlər yarandı: “Salam, doğma ocaq!”, “Biz yurdumuza qayıdırıq!”, “Bizsiz qalan ünvanlara sevinc aparacağıq”, “Ölmədik, bu günü də gördük!” və sair. Bu sətirlərin müəllifi isə sərəncamı oxuyan kimi mərhum akademik Budaq Budaqovun narahat ruhuna cavab verdi:
– Bu yaz, Budaq müəllim!

Çünki görkəmli alimlə son söhbətlərimizdən birində onun ağırdan da ağır olan bir sualını eşitmiş və cavab verə bilməmişdim: – Əsrin dörddə biri qədər müddətdə bayquşlar ulaşan yurd yerlərimizdə nə zaman qaranquş yuvası qurulacaq?

İndi isə mərhum ağsaqqalın sualına cavab verə bilərəm:

– Bu yaz, Budaq müəllim! Bu yaz Cocuq Mərcanlıda tikiləcək evlərin də, məktəbin də eyvanlarında qaranquş yuvaları  qurulacaq! Bu il sizin və  bu günü görmədən dünyasını dəyişən minlərlə soydaşımızın  rahatsız ruhunu sevindirəcək addımlar atılacaq. Dövlət başçımızın qətiyyəti və Azərbaycan əsgərinin şücaəti  bizə ötən ilin aprelində işğalçı düşmən üzərindəki şanlı qələbənin  sevincini  daddırmışdı, bu il isə 25 il həsrətini çəkdiyimiz möhtəşəm qayıdışın ilk addımlarını atacağıq.

...Ulu öndər, böyük sərkərdə  Heydər Əliyevin XX  əsrin   90-cı illərinin  Azərbaycanı üçün möcüzə sayılacaq bir uğura – Horadizin erməni işğalından azad edilməsinə nail olmasından və həmin qəsəbənin bərpasından sonra çadır şəhərciyində yaşayan horadizlilərin öz ata-baba yurdlarına köçürülməsi tədbirində  çoxsaylı yerli və beynəlxalq təşkilat rəsmiləri və mətbuat təmsilçiləri də iştirak edirdi. “Xalq qəzeti”ni foto-müxbirimiz Cahangir İbadovla mən təmsil edirdim.  Köç gətirən  maşından bir neçə əsgərin köməyi ilə düşən 80-85 yaşlı qadın  öz evinin bütün pilləkanlarını öpdü (Cahangir müəllimin çəkdiyi həmin şəkli Horadizdən hazırladığımız səhifədə vermişik). Başqa bir evin sahibi olan qadın isə maşın dolusu olan  yükün arasından ən birinci kömür samovarını çıxartdı, su tökdü, od saldı. Onlarca jurnalistin hər anını izlədiyi həmin məqam qadının göylərlə danışması ilə başa çatdı: – Tüstüm evimdən çıxdı, İlahi!.  Allah, eşidirsənmi, mənə bu günü bəxş edənləri qoru!

...Budaq müəllim, bu il Cocuq Mərcanlıda tüstümüz də öz evimizdən çıxacaq, samovarımız da qaynayacaq, analarımız – nənələrimiz pilləkənlərimizi, ev-eyvanlarımızı silib-süpürüb qonaq qəbul edəcəklər. Sonra o tüstü çox uzaqlara gedəcək, işğaldakı bütün yurd yerlərimiz yağıdan təmizlənəcək,  köçkünlük həyatı yaşamağa məcbur olmuş soydaşlarımızın hamısı ata-baba yurduna qayıdacaq.  Ən böyük dahilər də həyata cocuqluqdan başlayırlar. Bəlkə bizim yurda qayıdışımızın Cocuq Mərcanlı ilə başlanmasının da hansısa rəmzi mənası var. Yoxdursa da, biz bunu belə qəbul edəcək, qayıtdığımız məkanların coğrafiyasını sürətlə böyüdəcəyik.

Möhtəşəm qayıdışın təməl sənədi  kimi qəbul  etdiyimiz sərəncamın birinci bəndində deyilir: “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı görüləcək işlər çərçivəsində birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın”.

Həmin sənədin imzalanmasından əvvəlki gün isə Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılış mərasimində çıxış edərkən ötən ilin aprel döyüşlərini yada salaraq demişdi ki, on minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

Bəli, işğalda olan torpaqlarda ikimərhələli təmizlik işləri aparılır – birinci mərhələdə o yerlər ermənidən təmizlənir, ikinci mərhələdə isə  hətta uşaq oyuncaqlarının içərisində partlayıcı maddələr quraşdırıb çay vasitəsilə Azərbaycan tərəfə göndərən erməninin gizlətdiyi mina və mərmilərdən.

 Sayı milyonu adlayan qaçqın – köçkünlərimiz bu ili, bu ayı, bu günü çox gözləmişdilər. Həmişə də inanmışdılar ki, belə bir gün gələcək. Çünki dövlətə, dövlət başçımıza inanırdılar. Yurd həsrətli soydaşlarımız Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın hər yerində, bütün beynəlxalq təşkilatların tribunasından çıxışları zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalmasından nə qədər narahatlıqla danışdığını görmüş, sonda isə onun qətiyyətinin şahidi olmuşdular.  Bu yazıda da həmin qətiyyətin bəzi məqamlarını yada salmağımız yerinə düşərdi.

Məsələn,  keçən il  noyabrın 12-də Füzuli rayonunun Horadiz şəhərində məcburi köçkünlər üçün salınan yeni qəsəbədə yaradılmış şəraitlə tanışlıq zamanı nitq söyləyən dövlət başçımız demişdi: “ İşğal edilmiş Dağlıq Qarabağda və digər torpaqlarımızda məskunlaşan ermənilər bu gün səfalət içində yaşayırlar. O görüntülər bəzən televiziya və internet vasitəsilə yayımlanır – səfalət, yoxsulluq, işsizlik, ümidsizlik. Bizim torpağımızı zəbt ediblər, ancaq o torpaqlarda normal həyat qura bilməyiblər və bilməyəcəklər. Çünki o torpaq onlara məxsus deyil. Bu, bizim dədə-baba torpağımızdır. Biz o torpaqlara qayıdacağıq, necə ki, buraya – Horadizə qayıtdıq, Lələtəpəyə qayıtdıq. Digər torpaqlara da qayıdacağıq”. Ölkə əhalisinə bugünkü sevinci yaşadan bax, həmin inam, əminlik oldu.

Ancaq dövlət başçımız bütün çıxışlarında, daim bəyan edib ki,  biz on minlərlə insanımızı öldürmüş, Xocalı soyqırımı kimi faciəni törətmiş, ərazilərimizin 20 faizini işğal etmiş ermənilərlə sülh danışıqları aparmağa razıyıq. Yəni ordumuz və iqtisadiyyatımız nə qədər qüdrətli olsa da, düşmənlə müharibə aparmaq istəmirik. Biz, sadəcə öz ərazilərimizi geri qaytarmaq, tarixi torpaqlarımızda yaşamaq istəyirik və buna nail olacağıq. Məsələn, ötən il dekabrın 3-də “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibətilə keçirilən tədbirdə nitq söyləyən dövlət başçımız sülh məramını daha aydın şəkildə dilə gətirmişdi: “Bu gün bizim indiki Ermənistan Respublikasının torpağında gözümüz yoxdur. Biz nə İrəvanı, nə Mehrini, nə Gorusu hərbi yolla qaytarmaq fikrində deyilik. Amma mən əminəm ki, vaxt gələcək və biz azərbaycanlılar bütün tarixi torpaqlarımıza qayıdacağıq. Biz bunu ardıcıl siyasətlə, sülh yolu ilə edəcəyik”.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan Prezidenti bu qətiyyəti təkcə ölkə ərazisində deyil, ATƏT, Avropa Birliyi, Avropa Şurası, NATO kimi beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdiyi  tədbirlərdə də cəsarət və qətiyyətlə yada salır. Məsələn,  Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Ukraynadan əlavə – Avropada həll olunmamış münaqişələr” mövzusunda panel müzakirəsində nitq söyləyən Azərbaycan Prezidenti  müzakirə iştirakçılarına xitabən demişdi ki, siz burada Ukraynanın ərazi bütövlüyünün qorunmasını müzakirə edirsiniz: “Əgər Ukraynanın ərazi bütövlüyü möhkəm dəstəklənirsə, Azərbaycan da onun ərazi bütövlüyünü çox güclü şəkildə dəstəkləyir. Ermənistandan fərqli olaraq biz BMT Baş Məclisində Ukraynanın ərazi bütövlüyünün lehinə səs verdik. Ermənistan isə Ukraynanın ərazi bütövlüyünün əleyhinə səs verdi. Ancaq xatırladıram ki, Azərbaycanın ərazi bütövlüyü də Ukraynanın ərazi bütövlüyü kimi eyni dəyərə malikdir”.

Fakt isə ondan ibarətdir ki, 2003-cü ilin payızından etibarən Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə həllinə, ölkəmizin ərazi bütövlüyünün bərpasına, qaçqın-köçkünlərimizin yurd-yuvalarına qayıtmasına çalışan Prezident İlham Əliyev qarşıya qoyduğu məqsədlərə mərhələ-mərhələ nail olur. Ötən ilin aprel döyüşləri də, bu ilki Cocuq Mərcanlıya qayıdış layihəsi də həmin mərhələlərin tərkib hissələridir. Daha böyük sevinclər və daha uğurlu əməliyyatlar isə hələ qabaqdadır.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında