Azərbaycan xalqına qarşı aparılan soyqırım cinayətinə beynəlxalq hüquqi-siyasi qiymətin verilməsi zamanın hökmüdür

(Məqalə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi, Azərbaycan Respublikası Milli Məclisinin tərəfdaşlığı ilə Qüdrətli Azərbaycan Naminə İB tərəfindən həyata keçirilən  “Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsi çərçivəsində hazırlanmışdır).

Yaşadığımız XXI əsrdə Yaxın Şərqdə və bir qayda olaraq İslam ölkələrində baş verən hərbi münaqəşələr və  döyüşlər hər gün çoxsaylı insani tələfatı ilə nəticələnir. Bu, azmış kimi, dünyanı bürüyən iqtisadi böhran ksenofobiya və ayrı-seçkiliyin digər təhlükəli formalarına yol açmaqla, milyonlarla insanı etnik zəmində terrorizmə və zorakılığa məruz qoyur. Qeyd olunan halların qarşısının alınması yalnız döyüşən tərəfləri ayırmaqdan və gərginliyi aradan qaldırmaqdan ibarət deyil. Münaqişə və zorakılığın, beynəlxalq terrorizm və dözümsüzlüyün köklərinin əsaslı surətdə aradan qaldırılması qeyri-zorakılığa və sülh mədəniyyətinə şərait yaradılmasından bilavasitə asılıdır.

Reallıq isə bundan ibarətdir ki, bütün çağırışlara, müraciətlərə, aparılan sülhməramlı kampaniyalara baxmayaraq indiyədək sadalananların heç biri gerçəkləşməyib, dünyada zorakılıq baş alıb gedir. Sülhün qorunması, insanların əmin-amanlıq şəraitində yaşaması, hər cür zorakılığın qarşısının alınması  arzusu bütün zamanlarda bəşəriyyəti düşündürsə də, mübarizə bəşəri qaydada  deyil, birtərəfli və ikili standartlarla aparılıb.

Məhz qeyd olunan problemi kompleks şəkildə araşdırmaq üçün, ilk növbədə zorakılığın təməl prinsiplərinin daşıyıcısı olan və təhlükəlilik əmsalına görə onun fövqündə yer alan soyqırım cinayətini konkret olaraq siyasi-hüquqi  prizmadan təhlil etmək zərurəti yaranır:

Soyqırım cinayəti beynəlxalq hüquq dövriyyəsinə yalnız keçən əsrin ortalarında daxil olmuşdur. 1941-ci ilin dekabr ayında Böyük Britaniyanın Baş naziri Uinston Çörçillin radiodakı çıxışında “adı olmayan cinayət” adlandırdığı  soyqırımı 1948-ci ildə müvafiq konvensiyanın qəbul edilməsindən sonra beynəlxalq hüquq leksikonunda vətəndaşlıq statusu əldə etmişdir.

1944-cü ilə qədər “soyqırım” anlayışı ictimaiyyətə bəlli olmamışdır. Bu xüsusi termin hər hansı insan qrupuna qarşı onların məhv edilməsi məqsədilə törədilən cinayət əməllərini ifadə edir. İlk dəfə 1944-cü ildə ABŞ-ın Müdafiə Nazirliyində müşavir vəzifəsində çalışan yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin Vaşinqtonda nəşr etdiyi “İşğal olunmuş Avropada faşist idarəetməsi” kitabında yəhudilərin faşistlər tərəfindən kütləvi məhv edilməsi siyasətini ifadə edən yeni termin işlətdi. O, yunan dilində genos – «nəsil, kök, soy» sözü ilə latın dilindən caedo – «öldürürəm» sözlərinin birləşməsindən «genosid» (soyqırımı) terminini təklif etdi. Hüquqi konsepsiya olaraq “soyqırımı” termini təklif edən Lemkin onu belə əsaslandırırdı ki, soyqırımı – müəyyən insan qruplarının mövcudluğunun vacib əsaslarını məhv etməyə yönəlmiş müxtəlif cinayətkar hərəkətlərin koordinasiya olunmuş, planlı şəkildə həyata keçirilməsidir.

Bir ildən sonra Nürnberq beynəlxalq hərbi tribunalı faşist liderlərini «bəşəriyyət əleyhinə cinayətlərdə» ittiham etdi. Nürnberq beynəlxalq hərbi tribunalının ittiham aktında “soyqırım” anlayışı hüquqi termin kimi deyil, təsviri ifadə kimi işlədilmiş, nəticədə  tribunalın nizamnaməsində soyqırım öz əksini  tapmamışdır. Həmin Nizamnaməyə uyğun olaraq sülh və insanlıq əleyhinə cinayətlərin təqibi nəzərdə tutulurdu. Ancaq həm 6 oktyabr 1945-ci il tarixli ittihamnamədə, həm də Amerika Birləşmiş Ştatlarını, Böyük Britaniyanı və Fransanı təmsil edən ittihamçıların çıxışlarında “soyqırım” ifadəsi istifadə edilirdi. Məsələn, Böyük Britaniyadan olan əsas ittihamçı Xartli Şoukross 5 dəfə soyqırım termininə müraciət etmişdir. İttihamnaməyə gəldikdə isə, bu sənəddə göstərilirdi ki, canilər “qəsdən, şüurlu surətdə sistematik soyqırım həyata keçirilməsi vasitəsi ilə irqi və milli qrupları məhv edirdilər”.

İkinci dünya müharibəsinin ağır nəticələri tez bir zamanda soyqırım cinayətinin beynəlxalq hüquqi kodifikasiyasını sürətləndirmişdir. Artıq BMT-nin 11 noyabr 1946-cı il tarixli ilk sessiyasında Kuba, Panama və Hindistanın təqdim etdikləri layihə əsasında “Soyqırım cinayəti” adli qətnamə qəbul edilmiş, bu əməl sivil dünyanın pislədiyi və beynəlxalq hüquq nöqteyi-nəzərindən cinayət  sayılmasını bəyan edərək, konvensiya layihəsinin hazırlanması haqqında BMT-nin İqtisadi və sosial şurasına müvafiq tapşırıq verilmişdir.

Konvensiyanın hazırlıq mərhələsi olduqca maraqlı faktlarla zəngindir. Məhz bu mərhələdə hər bir dövlətin həqiqi mövqeyi özünü büruzə vermişdir. Bu gün özünü qondarma “erməni soyqırımının” müdafiəçisi kimi göstərən bəzi ölkələr konvensiya hazırlanan dövrdə tamamilə başqa mövqe sərgiləmişlər. Məsələn, Fransa ümumiyyətlə Konvensiyanın qəbul edilməsinə qarşı çıxaraq “soyqırım” ifadəsini “mənasız” və “təhlükəli” neologizm adlandırmışdır. Böyük Britaniyanın nümayəndəsi öz növbəsində soyqırım konvensiyası layihəsinin qəbul edilməsinə şübhə ilə yanaşmışdır və belə sənəddə bütün dövlətlərin iştirakını real hesab etməyərək konvensiyanin qarşısında duran məqsədlərə nail olmasını mümkün hesab etməmişdir. Məlumat üçün bildirmək istərdik ki, 17 fevral 2016-cı il, yəni konvensiyanın ratifikasiya statusuna aid bu günə olan rəsmi məlumata əsasən, 147 dövlət bu beynəlxalq müqavilənin iştirakçısıdır. Bütün şübhələrə baxmayaraq, “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiya 9 dekabr 1948-ci il tarixdə qəbul edilmişdir. Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Milli Məclisi bu mühüm sənədi 1996-cı il 31 may tarixdə ratifikasiya etmişdir.                

Konvensiyanin 2-ci maddəsinə əsasən “soyqırım” dedikdə, hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə törədilən aşağıdakı əməllər başa düşülür:

a) bu cür qrup üzvlərinin öldürülməsi;

b) bu cür qrup üzvlərinə ağır bədən xəsarətlərinin və yaxud əqli qabiliyyətinə ciddi zərər yetirilməsi;

c) qəsdən hər hansı bir qrupun tam və ya qismən fiziki məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;

d) bu cür qrup daxilində doğumun qarşısını almağa yönəlmiş tədbirlərin həyata keçirilməsi;

e) bir insan qrupuna mənsub olan uşaqların zorla başqa qrupa verilməsi.

Konvensiyanın 3-cü maddəsinə görə aşağıdakı əməllər cəzalandırılandır:

a) soyqırım;

b) soyqırım törətməyə yönəlmiş gizli sövdələşmə;

c) soyqırım törətməyə birbaşa
və açıq təhrik;

d) soyqırım törətməyə
yönəlmiş qəsd;

e) soyqırımda iştirak.

Konvensiyanın müddəalarının icra edilməsi üzrə ölkəmizin öz üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi istiqamətində görülən tədbir kimi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə «Soyqırım» (Maddə 103) və «Soyqırımın törədilməsinə təhrik etmə» (Maddə 104) maddələri daxil edilmişdir.

Soyqırımla tanışlıq onun müasir beynəlxalq hüquqda unikal cinayət olmasını sübut edir. Bu cür unikallıq onun təqibetmə rejimində və mexanizmlərində özünü büruzə verir. İlk növbədə vurğulamaq lazımdır ki, soyqırıma münasibətdə heç bir müddət tətbiq edilmir, yəni törədilməsi vaxtından asılı olmayaraq bu cinayəti törədən şəxslər daim təqib etmə obyektidir. Qeyd etməliyik ki, Azərbaycan Respublikasının da 1996-cı il 31 may tarixində ratifikasiya etdiyi BMT-nin 26 noyabr 1968-ci il tarixli “Hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərə münasibətdə cinayət məsuliyyətinə cəlbetmə müddətlərinin tətbiq edilməməsi haqqında” Konvensiyada bu qayda öz əksini tapmışdır.

İkinci mühüm məsələ, soyqırım cinayətinə münasibətdə cinayət qanunun retroaktiv qüvvəsinin tətbiq olunmasıdır. Ümumiyyətlə, cinayət qanunvericiliyinin təməl prinsiplərindən birinə əsasən, törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı əmələ görə heç kəs cinayət törətməkdə təqsirli hesab edilə bilməz. Bu müddəa “İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyasının 7-ci və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq paktın 15-ci maddələrində öz əksini tapmışdır. Ancaq həmin maddələrin hər birinin 2-ci hissəsində nəzərdə tutulur ki, bu maddə sivil ölkələrin tanıdığı ümumi hüquq prinsiplərinə müvafiq olaraq, törədildiyi zaman cinayət hesab edilən hər hansı hərəkət və ya hərəkətsizliyə görə istənilən şəxsin mühakimə edilməsinə və ya cəzalandırılmasına mane olmur.

Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında 12 may 2006-cı il tarixli Konstitusiya Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz. Belə bir hüquqi yanaşma, mövcud olan və gələcəkdə formalaşa bilən beynəlxalq cinayətə görə ittiham olunan şəxsin məsuliyyətə cəlb olunmasına imkan yaradır. 

Soyqırımı səciyyələndirən elementlərdən biri də, bu cinayətə münasibətdə  universal yurisdiksiyanın tətbiq olunmasıdır. Soyqırıma görə ittiham edilən şəxs cinayətin törədildiyi ərazidən, cinayətkarın vətəndaşlığından asılı olmayaraq istənilən dövlət tərəfindən məsuliyyətə cəlb edilib cəzalandırıla bilər. Burada hüquqi cəhətdən nəzərə alınan əsas amil cinayətin xarakteridir. Soyqırım, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, təcavüz hansısa ayrı bir dövlətin maraqlarına deyil, ümumilikdə bütün dövlətlərin maraqlarına qarşı törədilən əməllərdir. İkinci dünya müharibəsi dövründə faşist Almaniyasının İmperiyanın Təhlükəsizliyi Baş İdarəsinin IV-B-4 sektorunun rəhbəri olmuş və yüz minlərlə insanın məhv edilməsinə görə birbaşa məsuliyyət daşıyan Adolf  Eyxmanın işində İsrailin Ali Məhkəməsi qeyd etmişdir ki, soyqırım və hərbi cinayətlər törətmiş şəxslər bütövlükdə bəşəriyyətin düşmənləridir.       

Müasir şəraitdə soyqırım törədən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bir sira mexanizmlər mövcuddur. Bir çox hallarda bu prosesi      dövlətdaxili cinayət təqibi orqanları həyata keçirir.

Digər tərəfdən, milli hüquq-mühafizə orqanları bu və ya digər səbəblərdən caniləri təqib etmək iqtidarında olmayanda beynəlxalq məhkəmə mexanizmləri işə düşür. Burada Xocalı soyqırımı ilə bağlı bir mühüm məsələyə toxunmaq zərurəti yaranır. Müəyyən vaxtlarda belə fikirlər səslənir ki, bu əməli törədən şəxsləri cinayət məsuliyyətinə cəlb etmək üçün Azərbaycan Haaqa məhkəməsinə müraciət etməlidir.

Lakin, bir mühüm məsələni vurğulamaq lazımdır ki, Niderland Krallığının Haaqa şəhərində bir sıra beynəlxalq məhkəmə instansiyaları yerləşsə də, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən məsələni həll edəcək orqan yoxdur. Belə instansiyalardan biri, BMT-nin Beynəlxalq Məhkəməsidir və onun səlahiyyətlərinə dövlətlərarası mübahisələrə baxılması aiddir, başqa sözlə desək, bu orqan beynəlxalq cinayətlərə görə fərdi məsuliyyət məsələlərini həll etmir.

Digər bir məhkəmə orqanı keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalıdır və onun səlahiyyətlərinə Yuqoslaviya ərazisində 1991-ci ildən başlayaraq törədilmiş beynəlxalq humanitar hüquq pozuntularında ittiham edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi daxildir. Tam aydındır ki, bu orqanın qeyd olunan ən ağrılı problemimizlə heç bir əlaqəsi yoxdur.

Haaqada yerləşən  növbəti beynəlxalq məhkəmə orqanı 1998-ci ilin iyun ayında Romada keçirilən Diplomatik Konfransda təsis edilmiş Beynəlxalq Cinayət Məhkəməsidir. Onun yurisdiksiyasına təcavüz, soyqırım, hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlər daxildir. Lakin təəssüflə qeyd etməliyik ki, bu məhkəmə orqanı yalnız onun nizamnaməsi qüvvəyə mindikdən etibarən, yəni, 1 iyul 2002-ci il tarixdən sonra törədilən cinayətlərə şamil edilir. Bu isə qeyd etdiyimiz müddətə qədər Azərbaycan Respublikası ərazisində törədilən beynəlxalq cinayətləri ehtiva etmir.

Haaqada həmçinin Livan üzrə xüsusi tribunal yerləşir. Bu tribunal 2007-ci ildə BMT və Livan Respublikası arasında bağlanmış müqaviləyə əsasən fəaliyyət göstərir və onun əsas təyinaı 14 fevral 2005-ci il tarixdə Livanın sabiq Baş naziri Rafiq Həririni qətlə yetirən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını təmin etməkdir. Əlbəttə ki,  bu orqanın da  Xocalı soyqırımına heç bir aidiyyəti yoxdur. Lakin diqqəti bir fakta cəlb etmək istərdik. Azərbaycan heç bir halda hansısa beynəlxalq məhkəmə orqanının əleyhinə deyil və qətiyyətlə törədilmiş cinayəti pisləyir. Ancaq bu məsələdə hüquqi cəhətdən anlaşılmayan bir problem var. Axı necə ola bilər ki, bir neçə nəfərin terror aktı nəticəsində ölümü ilə əlaqədar beynəlxalq tribunal yaradılır, ancaq  613 günahsız insanın amansızcasına məhv edilməsinə beynəlxalq aləm heç bir hüquqi cavab vermir. Fikrimizcə, burada artıq şərhə ehtiyac yoxdur.

Maraqlı bir fakt da ondan ibarətdir ki, dünyanın başqa regionlarında törədilən cinayətlərlə bağlı beynəlxalq birlik çox böyük həvəslə xüsusi tribunallar təsis etmişdir: keçmiş Yuqoslaviya (1993, may), Ruanda (1994), Sierra Leone (16 yanvar 2002), Şərqi Timor (6 iyun 2000), Kamboca məhkəmələrində fövqəladə  palatalar (2003) və s.

Məhz bu baxımdan Xocalı soyqırımı və ümumiyyətlə Azərbaycanın işğal edilmiş ərazilərində törədilmiş hərbi cinayətlər və insanlıq əleyhinə cinayətlərlə bağlı yeni bir beynəlxalq cinayət – etnik təmizləmə son dərəcə aktual bir problemdir.        

Etnik təmizləmə yeni bir fenomen olmasa da, bu anlamda yalnız XX əsrdə fundamental insan hüquqlarının pozuntusu kimi qiymətləndirilmişdir. İlk dəfə olaraq etnik təmizləmə BMT-nin Təhlükəsizlik Şurasının 771 saylı 13 avqust 1992-ci il tarixli qətnaməsində öz əksini tapmışdır. Həmin qətnamədə, etnik təmizləmə praktikası beynəlxalq humanitar hüququn kobud pozuntusu olaraq pislənmışdir. Etnik təmizləmənin beynəlxalq humanitar hüququn kobud pozuntusu olması BMT-nin həm Təhlükəsizlik Şurasının, həm də Baş Assambleyasının bir sıra qətnamələrində də öz əksini tapmışdır. Bu sırada Baş Assambleyanın 16 dekabr 1992-ci il tarixli “Etnik təmizləmə və irqi dözümsüzlük” adlı qətnaməsi xüsusi yer tutur. Bu qətnamədə qeyd olunmuş üç məsələ Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir:

 1) etnik təmizləmə hamılıqla tanınan insan hüquqları və əsas azadlıqları ilə uyğun gəlmir;

2) etnik təmizləməni törədən və ya buna əmr verən şəxslər fərdi cinayət məsuliyyəti daşıyırlar və ədalət mühakiməsi qarşısında cavab verməlidirlər;

3) bütün dövlətlər etnik təmizləmənin istənilən formasının aradan qaldırılması istiqamətində əməkdaşlıq etməlidir.

BMT tərəfindən keçmiş Yuqoslaviya ərazisində beynəlxalq humanitar hüququn ciddi pozuntuları haqqında məlumatların yoxlanılması və analizi üçün yaradılan Ekspert komissiyası öz məruzəsində qeyd etmişdir ki, etnik təmizləmə siyasətinin vasitəsi kimi qəsdən adam öldürmə, qanunsuz həbslər, cinsi zorakılıq, işgəncələr, əhalinin deportasiyası, heç bir zərurət olmadan əmlakın məhv edilməsindən istifadə olunmuşdur. Eyni yanaşma həm BMT-nin Beynəlxalq məhkəməsi, həm də keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalının təcrübəsində müşayiət edilmişdir.

Bu gün böyük təəssüf hissi və ürək ağrısı ilə qeyd edirik ki, dünyanın soyqırıma məruz qalan az sayda xalqları sırasında Azərbaycan xalqı da var. XIX əsrdən başlayaraq, şovinist imperiyaların himayəçiliyi ilə ermənilər tərəfindən azərbaycanlılara və Azərbaycana qarşı törədilən hərəkətlər məhz soyqırım kimi qiymətləndirilməlidir.  XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Ötən yüzilliyin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı amansızlığına görə ötən əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada yer alır.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına hüquqi-siyasi qiymət vermişdir.

Azərbaycanın və azərbaycanlıların üzləşdiyi bu faciələr ilk dəfə Heydər Əliyev tərəfindən imzalanmış 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə siyasi qiymətini aldı. Fərmanda qeyd olunur: “...Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir...”

Beləliklə, ilk dəfə Heydər Əliyevin Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ulu öndərimiz Heydər Əliyevin bu tarixi addımının Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğuna qiymət vermək üçün, son iki əsrlik tarixi keçmişimizin soyqırıma məruz qalmasının xronoloji ardıcıllıqla təhlil edilməsi, fikrimizcə, faydalı olardı:

1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Soyqırımı Azərbaycan torpaqlarının işğalının ayrılmaz bir hissəsinə çevrildi.

İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində, azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu. «Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı və  erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş geniş miqyaslı proqramlar reallaşdırıldı. Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edirdi.

1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı aksiyalar həyata keçirən ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Bu hadisələrin təşkilatçıları məsələnin mahiyyətinin açılmasına, ona düzgün hüquqi-siyasi qiymət verilməsinə maneçilik törədərək azərbaycanlıların mənfi obrazını yaratmış, özlərinin avantürist torpaq iddialarını pərdələmişlər.

Birinci dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən əksinqilabçı ünsürlərlə mübarizə şüarı altında Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başlandı.

Həmin günlərdə ermənilərin törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuşdur. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtmış, Bakının böyük bir hissəsini xarabalığa çevirmişlər.

Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. 1919 və 1920-ci ilin mart ayının 31-də iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.

Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzuru və Azərbaycanın bir sıra digər torpaqlarını Ermənistan SSR-in ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki azərbaycanlıların deportasiya edilməsi siyasətini daha da genişləndirmək məqsədi ilə yeni vasitələrə əl atdılar. Bunun üçün onlar SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında» xüsusi qərarına və 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyasına dövlət səviyyəsində nail oldular. 

 Erməni millətçiləri 50-ci illərdən etibarən Azərbaycan xalqına qarşı kəskin mənəvi təcavüz kampaniyasına başladılar. Keçmiş sovet məkanında müntəzəm şəkildə yayılan kitab, jurnal və qəzetlərdə milli mədəniyyətimizin, klassik irsimizin, memarlıq abidələrimizin ən nəfis nümunələrinin erməni xalqına mənsub olduğunu sübut etməyə çalışırdılar. Eyni zamanda onlar tərəfindən bütün dünyada azərbaycanlıların mənfi obrazını formalaşdırmaq cəhdləri də güclənirdi. «Yazıq, məzlum erməni xalqı»nın surətini yaradaraq əsrin əvvəllərində regionda baş verən hadisələr şüurlu surətdə təhrif olunur, azərbaycanlılara qarşı soyqırım törədənlər soyqırım qurbanları kimi qələmə verilirdi.

Azərbaycan xalqının mənəviyyatına, milli qüruruna və mənliyinə yönəlmiş böhtanlar siyasi və hərbi təcavüz üçün ideoloji zəmin yaradırdı. Xalqımıza qarşı aparılan soyqırım siyasəti özünün siyasi-hüquqi qiymətini tapmadığı üçün tarixi faktlar sovet mətbuatında ermənilər tərəfindən təhrif olunur və ictimai fikir çaşdırılırdı. Ermənilərin Sovet rejimindən bəhrələnərək həyata keçirdikləri və 80-ci illərin ortalarında daha da güclənən antiazərbaycan təbliğatına Azərbaycan Respublikasının rəhbərliyi vaxtında lazımi qiymət vermədi. 

1988-ci ildən başlayan əsassız Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərində tüğyan edən erməni irticası və bu irticanın qurbanı olan günahsız Azərbaycan əhalisinin acı iztirabları təəssüf ki, keçmiş SSRİ rəhbərliyinin və sivil dünyanın biganə sükutu ilə qarşılandı. Belə vəziyyətdən ruhlanan və istifadə edən ermənilər azərbaycanlılara qarşı soyqırımı siyasətini və misli görünməmiş tarixi cinayətlərini bir-birinin ardınca həyata keçirməyə müvəffəq oldular. Azərbaycan ərazisinin 20 faizi, o cümlədən Dağlıq Qarabağdan kənarda yerləşən daha 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. 1 milyondan artıq azərbaycanlı öz dədə-baba ocaqlarından vəhşicəsinə qovuldu, on minlərlə adam qətlə yetirildi, şikəst edildi, girov götürüldü. Yüzlərlə yaşayış məskəni, minlərlə mədəniyyət, təhsil və səhiyyə müəssisəsi, tarix-mədəniyyət abidələri, məscidlər, müqəddəs sitayiş yerləri, qəbiristanlıqlar yerlə-yeksan edilərək misli görünməmiş erməni vandalizminə məruz qaldı.

Münaqişənin ilk illərində Qarabağın azərbaycanlılar yaşayan Kərkicahan, Meşəli, Quşçular, Qaradağlı, Ağdaban və digər kəndlərində erməni silahlı quldurlarının törətdikləri faciələr, nəhayət, Xocalı soyqırımı "məzlum və əzabkeş erməni" vicdanında əbədi qara ləkə kimi yaşayacaq tarixi cinayətlərdir.

1992-ci ilin əvvəllərindən başlayaraq Ermənistan ordusu bir-birinin ardınca yuxarı Qarabağda azərbaycanlılar yaşayan sonuncu yaşayış məntəqələrini də işğal etdilər. Belə ki, fevral ayının 12-də Şuşanın Malıbəyli və Quşçular kəndləri Ermənistan silahlı qüvvələri tərəfindən zəbt olundu. Fevralın 13-dən 17-dək Xocavənd rayonunun Qaradağlı kəndinə silahlı hücum zamanı 118 nəfər (uşaq, qadın, qoca) ermənilər tərəfindən əsir götürülmüş, 33 nəfər güllələnmiş, eyni zamanda, öldürülmüş və yaralanmış sakinləri bir yerdə təsərrüfat quyusuna tökərək basdırmışlar. Əsir götürülənlərdən 68 nəfəri amansızlıqla öldürülmüş, 50 nəfəri isə böyük çətinliklə əsirlikdən azad edilmişdir. Azad olunanların 18 nəfəri aldıqları sağalmaz yaralardan sonra vəfat etmişdir.

Xüsusi qəddarlıqla həyata keçirilən Xocalı soyqırımının törədilməsi zamanı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoymuşdular. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid ərazilərdən biri kimi tarix və mədəniyyət abidələri ilə seçilirdi. Azərbaycanlılardan ibarət 7 min nəfərdən çox əhalisi olan Xocalı ermənilər yaşayan kəndlərin əhatəsində ən böyük və qədim yaşayış məskəni olmuşdur. Burada qədim tarixi abidələr müasir dövrə qədər qalmaqda idi. Məlumdur ki, Xocalı yaxınlığında bizim eradan əvvəl XIV-VII əsrə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin nümunələri mövcud idi. 1992-ci ilin fevralında erməni silahlı qüvvələri 366-cı sovet alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qırarkən, soyqırımın ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl  atmış və Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıtmışlar.

Bu soyqırım nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. 8 ailə tamamilə məhv edilmişdi. 487 nəfər şikəst olmuşdu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfər itkin düşmüşdür.

Beləliklə, Xocalı soyqırımı Azərbaycan xalqı üçün qəddarlıq və cəzasızlıq  rəmzinə çevrilmişdir. Yuxarıda qeyd olunan faktlar, daha dəqiq desək  dinc əhalinin vəhşicəsinə kütləvi qırğını bütün insanlığa qarşı ən ağır cinayətlərdən biri olmaqla, işğalçı Ermənistanın təcavüzkar siyasətini bir daha ifşa edir.

2002-ci il fevralın 25-də ulu öndər Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərmişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Azərbaycan Prezidenti İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü haqqında imzaladığı sərəncamda deyilir ki, “Azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında həqiqətlər dünya ictimaiyyətinə, xarici ölkələrin parlamentlərinə çatdırılmalı, Azərbaycan xalqının və ümumən insanlığın əleyhinə yönəldilmiş bu son dərəcə ağır hərbi cinayət beynəlxalq miqyasda öz hüquqi-siyasi qiymətini almalıdır”.

Hazırda bu soyqırımımı törədənlərin ifşa olunması və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində artıq bir sıra beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərdə Ermənistan işğalçı dövlət kimi göstərilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

Bu baxımdan Heydər Əliyev Fondu, xüsusilə onun prezidenti, millət vəkili  Mehriban xanım Əliyevanın gördüyü işlər olduqca təqdirəlayiqdir. Belə ki, fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində çox sistemli və ardıcıl fəaliyyət göstərir.

Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin ildönümü artıq dünyanın 100-dən çox yerində qeyd olunmuşdur. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun hazırladığı təbliğat materialları əsasında həyata keçirilir. Hazırda Heydər Əliyev Fondunun ayrı-ayrı ölkələrdə geniş miqyasda təşkil etdiyi və faciənin həqiqətlərinin yayılmasına yönəldilmiş anım tədbirləri Leyla xanım Əliyevanın rəhbərlik etdiyi Rusiya Federasiyasındakı nümayəndəlik tərəfındən İslam Əməkdaşlıq Təşkilatının Əməkdaşlıq və Dialoq Uğrunda Gənclər Forumu çərçivəsində uğurla davam edir.

Azərbaycan Parlamenti də bu sahədə mühüm addımlar atmışdır. Belə ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı hüquqi görüşlərini müxtəlif vəsilələrlə ifadə etmiş və bu gün də etməkdədir. Bu bir həqiqətdir ki, ölkə parlamentində Xocalı soyqırımının tanınması və Xocalıda baş vermiş erməni vandalizminin mahiyyəti barədə indiyədək kifayət qədər normativ-hüquqi sənədlər, müraciət və bəyanatlar qəbul edilmiş, eyni zamanda soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması üçün çoxsaylı təbliğat tədbirləri həyata keçirilmişdir.

Xalqımız ermənilərin azərbaycanlılara qarşı əsrlər boyu davam etdirdiyi soyqırımı unutmur. Bu mənada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azərbaycan¬lıların soyqırımının dünyada tanıdılmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir azərbaycanlı üçün nümunə olmalıdır. Hesab edirik ki, soyqırıma qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquq ictimaiyyəti tərəfindən araşdırılmalı və  ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə daim səsləndirilməlidir. Bu baxımdan, dövlət və qeyri-hökumət təşkilatlarının bu istiqamətdə razılaşdırılmış fəaliyyət planının hazırlanması və həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır.

Nizami  SƏFƏROV,
Milli Məclis Aparatının
inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri, 
BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Terrorçuluğun qarşısının
alınması üzrə eksperti

ADİL  VƏLİYEV,
Milli Məclis Aparatının
sosial qanunvericilik
şöbəsinin sektor müdiri,
siyasi elmlər üzrə
fəlsəfə doktoru, dosent


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında