Azərbaycan dövlətinin humanist siyasəti bundan sonra da davam edəcək

Hesablamalara görə, dünyada hər dəqiqə təqribən 24 nəfər yaşadığı ölkəni və ya şəhəri tərk etmək məcburiyyətində qalır. Buna görə də, doğma yurdundan didərgin düşənlərin sayının hazırda təxminən 65 milyon nəfər olduğu güman edilir. Azərbaycan da qaçqın və məcburi köçkün problemi ilə üz-üzədir. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti qaçqın və məcburi köçkün vətəndaşlarının problemlərini həmişə diqqət mərkəzində saxlamış, beynəlxalq humanitar yardımların kəsilməsi fonunda belə, onların yaşayış şəraitinin daim yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz addımlar atmışdır.

Başqa xalqların əzəli torpaqlarında gözü olan Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində tarixən bu ərazidə yaşamış 250 min  azərbaycanlı  öz doğma yurdlarından zorla qovularaq Azərbaycana pənah gətirmiş, erməni silahlı qüvvələri tərəfindən torpaqlarımızın 20 faizi-- Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunmuş, 700 min nəfərədək azərbaycanlı  öz doğma yurdunda məcburi köçkünə çevrilmişdir. Hazırda Azərbaycanda son 20 ildəki təbii artımla 1 milyon 200 min nəfərə  yaxın qaçqın, məcburi köçkün və qaçqın statusu almaq niyyətində  olan şəxs vardır. Bu gün bütün bu insanların qayğıları, problemləri Azərbaycan dövlətinin gündəlik qayğısına çevrilmişdir. Ötən müddət ərzində doğma yurdlarından didərgin salınmış soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri hüquqi baza yaradılmış və  “Azərbaycan Respublikasının vətəndaşları haqqında”,  “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Məcburi köçkünlərin və  onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlar qəbul edilmişdir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman da cəmiyyətin bütün zümrələri tərəfindən alqışlanmış və bu kateqoriyadan olan soydaşlarımızın həyat şəraitinə müsbət təsir göstərəcəyinə əminlik nümayiş etdirilmişdir.

Fərmanda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinətin müəyyən edilməsi öz əksini tapmışdır. Prezidentin bu fərmanına münasibətini açıqlayan mütəxəssislər bildirirlər ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi həmin kateqoriyadan olan ailələr üçün dövlət tərəfindən yaxşı maddi dəstəkdir. Fərmanın vaxtında atılmış addım və həyata keçirilən iqtisadi islahatların tərkib hissəsi olduğunu vurğulayan mütəxəssislər əlavə edirlər ki, yemək xərci kart vasitəsilə məcburi köçkünlərə göndərilir, kommunal və digər xidmətlər üzrə ödənişlər isə müvafiq xidmət göstərən qurumların hesabına köçürülürdü. Bundan sonra isə bu vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək. Bu isə məcburi köçkünlərə edilən ödənişləri xeyli asanlaşdıracaq. Müxtəlif ünvanlarda, o cümlədən kirayədə yaşayan köçkünlər və onlara bərabər tutulan şəxslər üçün ödənişlərdə müəyyən problemlər yaranırdısa, bundan sonra artıq belə problemlər olmayacaq. Artıq bütün vəsait birbaşa məcburi köçkünlərin özlərinə veriləcək. Bundan başqa, məcburi köçkünlər həmin ödənişlərdən istifadə etmək üçün müvafiq sənədləşmə aparmalı, müvafiq qurumlardan arayış almalı idi. Ancaq bundan sonra heç bir sənəd və ya arayış almağa ehtiyac qalmayacaq. Vəsait birbaşa məcburi köçkünlərin özlərinə ödəniləcək və onlar bu puldan necə istifadə edəcəklərini özləri müəyyən edəcəklər. Nəzərə alsaq ki, bir ailənin bir neçə üzvü olur, bu, ailə üçün yaxşı bir maddi dəstəkdir. Bundan başqa, belə ödəniş mexanizminin tətbiqi məcburi köçkünlərə ailə büdcəsini daha səmərəli formalaşdırmağa və qalan vəsaitdən istədikləri kimi yararlanmağa da  imkan verəcək.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da dövlət televiziyasına açıqlamasında demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı bu qəbildən olan insanların sosial müdafiəsini daha da gücləndirəcək. Ə.Həsənov qeyd etmişdir ki, fərman, eyni zamanda, ünvanlılığı artıracaq, aylıq müavinətin çatdırılmasını asanlaşdırılacaq. Tutaq ki, orta hesabla 1 ailənin 4 üzvü varsa, onlar ümumilikdə 144 manat müavinət alacaq. Bu vəsaitin təqribən 1/3-ni kommunal xərclər üçün ayırıb, qalan hissəsi ilə digər zəruri ehtiyaclarını ödəyə biləcəklər. Baş nazirin müavini bildirmişdir ki, fərmana əsasən bundan əvvəlki bəzi güzəşt və ödənişlər vahid müavinət şəklində birləşdirilir, yəni burada heç bir şey ləğv edilmir. Ə.Həsənov, həmçinin bir çox bürokratik əngəllərin aradan qalxacağını da açıqlamışdır. Onun sözlərinə görə, artıq siyahıya düşmək üçün müxtəlif dövlət qurumlarına getməyə, arayışlar toplamağa ehtiyac olmayacaq. “Vahid pəncərə” sistemi ilə bir siyahı tutulacaq və hər ay o vəsait həmin siyahı əsasında plastik kartlara köçürüləcək. Beləliklə, şəffaflıq təmin olunacaq, müavinətin verilməsi zamanı insan təması aradan götürüləcək.

Əli Həsənov xüsusi olaraq vurğulamışdır ki, öz ailələrini maddi baxımdan təmin edən məcburi köçkün iş adamları var və bu insanların müavinət alması, güzəştlərdən istifadə etməsi düzgün deyil. Dövlət Komitəsinin sədri deyib ki, bu sahədə qənaət edilən vəsait ehtiyacı olan məcburi köçkünlər üçün yeni mənzillərin tikintisinə, yaxud mənzillərin alınmasına yönəldiləcək: “Bəzi məcburi köçkünlər var ki, böyük vəzifədədirlər. Onlar nə üçün bu imtiyazlardan istifadə etməlidirlər? Dövlət təminatında, yəni əsgərlikdə, həbsdə olanlar üçün də bu güzəştlər ləğv ediləcək. Hüquq-mühafizə orqanlarında olan zabitlər də bu kateqoriyadan çıxarılacaq”.

Məcburi köçkünlər üçün salınmış qəsəbələrdə yaşayan məcburi köçkünlər üçün güzəştlərin saxlanılacağını qeyd edən Ə. Həsənov bağ, ev alıb özəlləşdirən məcburi köçkünlər üçün isə imtiyazların ləğv olunacağını da açıqlamışdır: “Bu məcburi köçkünlərin bir qismi artıq siyahıdan çıxarılıb, bir qismi də çıxarılacaq. Ancaq biz çox istərdik ki, işğal altında olan rayonların icra hakimiyyətləri onları siyahılardan çıxarmamışdan əvvəl o insanlar özləri müraciət etsinlər. Hökumət, dövlət də o insanları kifayət qədər qiymətləndirə bilər”.

Ə. Həsənov bu həftə müvafiq kriteriyalara cavab verən məcburi köçkünlərin əksəriyyətinin vahid aylıq müavinəti alacaqlarını da açıqlamışdır. Dövlət Komitəsinin sədri dövlət ali məktəblərində ödənişli ixtisaslar üzrə təhsil alan qaçqın və məcburi köçkün tələbələrin ödənişdən azad edilməsinin qüvvədə qaldığını qeyd etmişdir: “Məcburi köçkünlər üçün şəxsiyyət vəsiqələrinin rüsumsuz alınması qüvvədədir. Onlar həm də gəlir vergisinin bir hissəsindən azaddırlar. 1992-1998-ci illərdə yaşadıqları mənzillərdən mənzillə təmin olunana qədər çıxarılmaması da qüvvədədir”.

Prezident İlham Əliyev daim məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılmasını, onların problemlərinin həllini diqqətdə saxlamışdır. Bu problemlərin həlli istiqamətində addımlar indi də atılır.  Məcburi köçkünlər də Prezident İlham Əliyevin məlum fərmanını rifahlarının yaxşılaşdırılması istiqamətində həyata keçirilən ən uğurlu addımlardan biri hesab edirlər. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydasının da Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi və həyata keçirilməsi dövlətin bu statuslu soydaşlarımızın problemlərinə necə həssaslıqla və diqqətlə yanaşdığının bariz nümunəsidir. Bu Qayda məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi qaydalarını müəyyən edir və aylıq müavinətin ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə, hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara, habelə “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara, məcburi köçkünlüyü yaradan hallardan əvvəl ərazisi işğal olunmuş rayon sakininə (məcburi köçkünə) ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), uşaqları olmuş, lakin işğal zamanı əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan, sonradan ərazisi işğal olunmuş rayonda ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara veriləcəyi təsbit olunur.

Bundan başqa, Qaydada məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları da təsdiqini tapmışdır. Belə ki, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edəcək, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Maliyyə Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edəcəklər. Qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin etmələri də təsbit olunmuşdur. Bundan başqa, qaydalarda əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin iki iş günü müddətində daxil olmuş vəsaitin müvəkkil bankın filiallarına köçürülməsini təmin etmələri və bu barədə komitəyə rəsmi məlumat vermələri tapşırılmışdır.  Məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə verilən aylıq müavinətin ödənilməsi üçün müvəkkil bankın komitə tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilməsi də göstərilmişdir. Qaydada məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə ödəniş kartlarının sifarişi və ödəniş kartları vasitəsilə aylıq müavinətlərin ödənilməsi komitə ilə müvəkkil bank arasında bağlanmış müqavilənin şərtlərinə əsasən tənzimlənəcəyi də qeyd olunmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, “bizim əsas məqsədimiz məcburi köçkün soydaşlarımızı doğma yurd-yuvalarına qaytarmaq və orada onların əvvəlkindən də yaxşı şəraitini təmin etməkdir”. Ölkə başçısının imzaladığı “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” fərman da ölkədə aparılan genişmiqyaslı sosial-iqtisadi islahatların bir hissəsi olmaqla yanaşı, belə statuslu soydaşlarımızın yaşayış şəraitinin yaxşılaşdırılmasına və müavinətlərin ödənilməsində şəffaflığa şərait yaradacaq. Ən əsası, Azərbaycanın sosial müdafiə siyasətində ünvanlılıq və səmərəlilik prinsipi həmişə ön planda olmuşdur və bu mənada qaçqın və məcburi köçkünlərə edilən bu güzəştlər bir sıra müsbət cəhətləri özündə birləşdirir. Qeyd etmək lazımdır ki, Ermənistanla müharibə vəziyyətində yaşayan və kənardan heç bir yardım almayan Azərbaycan dövləti əhalisinin 1/8-i qədər qaçqın və məcburi köçkünü 20 il öz hesabına saxlamışdır. Bu mənada Azərbaycan dövlətinin humanist siyasət yürütdüyünü hər bir vətəndaş görür. Belə siyasətin bundan sonra da davam etdiriləcəyinə heç bir şübhə yoxdur.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında