Prezident İlham ƏLİYEV: Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin. Bu, olmayacaq!

 

 

 

 

 

 

 

 

 

 


Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar.

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin
yanvarın 23-də Müdafiə Nazirliyinin “N” hərbi hissəsinin
yeni inşa edilmiş hərbi şəhərciyinin açılışındakı çıxışından.


Bu gün həm respublikamızda, həm də dünyanın müxtəlif ölkələrində yaşayan çoxmilyonlu soydaşlarımızın fəxr etdiyi xeyli  yenilik var. Üzərində üçrəngli  bayrağımızın təsviri olan rabitə peykimizin kosmosda, dünyanın ən qüdrətli dövlətlərinin anoloji qurğuları ilə “qonşuluq etməsi”, gənc müstəqil Azərbaycan dövlətinin BMT Təhlükəsizlik Şurası kimi nüfuzlu beynəlxalq təşkilatın toplantılarına sədrlik tarixini yazması  bizim üçün nə qədər qürurvericidirsə, ordumuzun adının dünyanın ən güclü silahlı qüvvələri ilə yanaşı çəkilməsi də bir o qədər iftixar gətirən məqamdır.

Bu gün Azərbaycan Ordusunun, sözün həqiqi mənasında, regionun ən güclü silahlı qüvvəsi olduğu hamı tərəfindən etiraf edilir. Vaxt vardı, ərazilərimizin xeyli hissəsi məhz ordumuzun pərakəndəliyi, maddi -texniki bazanın zəifliyi və hərbi personalın peşəkarlığının aşağı səviyyədə olması üzündən işğal edilmişdi. Ulu öndər  Heydər Əliyevin işləyib hazırladığı siyasi kursun Prezident İlham Əliyev tərəfindən ardıcıl və prinsipiallıqla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin maddi- texniki bazası da, peşəkarlıq səviyyəsi də nəinki ildən-ilə, hətta, aydan-aya da yaxşılaşır, müasirləşir.

İndi  Azərbaycan təkcə silah-sursat alan ölkə deyil, həm də satan ölkəyə çevrilib. Çünki bu sahənin inkişaf etdirilməsi üçün elmi şəkildə işlənilib hazırlanmış dövlət proqramı da mövcuddur, kifayət qədər sərmayə yatırımı da, mükəmməl idarəetmə də. Biz bütün bunların nəticəsini ötən ilin aprelində görmüşdük. Yeni ilin ilk ayında, yanvarın 23-də isə həm dostlarımız, həm də bədxahlarımız Azərbaycan Ordusunun növbəti reallıqları ilə tanış oldular. Həmin gerçəklik nədən ibarət idi?

Kütləvi informasiya vasitələrinin yaydığı məlumatlardan bütün dünyaya məlum oldu ki, Azərbaycan dövləti özünün silahlı qüvvələrini müasirləşdirmək üçün istənilən islahatı həyata keçirməyə hazırdır və bu məqsəd üçün lazım olan heç nəyi əsirgəmir. Məlum oldu ki, Müdafiə Nazirliyimiz cəmi iki il yarıma Abşeron ərazisində ən müasir dünya standartlarına cavab verən hərbi şəhərcik yaratmışdır. Obyektin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məlumat verildi ki, yeni hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Burada tikinti işləri 2014-cü ilin mayında başlanıb, ötən ilin sonunda isə yekunlaşıb. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i isə subay hərbi qulluqçular üçündür. Ərazidə, ümumilikdə, 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib.

Ailəli hərbi qulluqçuların yerləşməsi üçün iki və üçotaqlı mənzillərdən ibarət yaşayış binaları inşa edilib. Mənzillər yumşaq və bərk mebellər, zəruri inventar və televizorla təmin olunub. Bütün binalara su, elektrik, telefon, internet və televiziya kabeli xətləri çəkilib. Bundan başqa, ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş 76 çarpayılıq, ikimərtəbəli tibb məntəqəsi də tikilib.  Burada UZİ, elektrokardioqram, rentgen, diaqnostika, LOR, oftalmoloji, stomatoloji, fizioterapiya kabinetləri, laboratoriya yaradılıb. Bu kabinetlərdə müasir tibb  avadanlığı quraşdırılıb. Bu isə tam imkan verir ki, şəxsi heyətə ixtisaslı tibbi yardım göstərilsin. Tibb məntəqəsinin palataları müasir səviyyədədir. Binada hərbi tibbi hazırlıq sinfi də vardır. Yəni belə hərbi şəhərciklərin inşası bir daha sübut edir ki, ordu quruculuğu sahəsində aparılan islahatlar kompleks şəkildə həyata keçirilir. Bütün bunlar isə Azərbaycan Ordusunun qüdrətini artırır, hərbi sahənin maddi-texniki bazasını möhkəmləndirir.

Əsgər və zabitlər üçün yaradılmış yüksək səviyyəli sosial şəraitlə tanışlıqdan sonra Ali Baş Komandana  hərbi hissədəki texnika barədə də məlumat verildi. Qeyd edildi ki, bu gün ordumuzun balansında dünyanın ən müasir silah-sursatı və hərbi texnikası var. Son illərdə dövlətimizin başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açır. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursat bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Məlumat verildi ki, hərbi hissədə zirehli avtomobil və texnikaların yerləşdirilməsi üçün xüsusi yerlər inşa edilib. Hərbi texnika üçün parkın ərazisində yeni avadanlıqla təchiz edilmiş texniki nəzarət, qulluq, təmir, yanacaqdoldurma və digər məntəqələr tikilib.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əsgər və zabitlər qarşısındakı çıxışı isə kütləvi informasiya vasitələrinin daha çox maraq göstərdiyi məqamlardan biri idi. “Bizim ordumuz güclü ordular sırasındadır. Son illər ərzində ordumuzun maddi-texniki təminatı böyük dərəcədə inkişaf edib” – deyən Ali Baş Komandan qətiyyətlə bildirdi ki, bu gün təminat-təchizat baxımından yüksək səviyyədə olan Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər: “Biz son illər ərzində bir çox ölkələrdən ən müasir texnika, silah-sursat almışıq ki, bu texnika və silahlar bu gün bizim ordu potensialımızı gücləndirir. Bir neçə ölkədən alınmış onlarca döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir”.

Ekspertlər yazırlar ki, Prezident İlham Əliyevin hərtərəfli uğurlarının təməlində əsasən onun iki fərdi keyfiyyəti dayanır. Birincisi, durduğu nöqtədən çox-çox irəlini, gələcəyi görməsi və bunun nəticəsində perspektiv planlar hazırlamasıdır. İkinci keyfiyyəti isə durduğu nöqtədən  geriyə boylanaraq dünəndə və keçmişdə qalanlara lazımi qiymət verməsidir. Dövlət başçımız yanvarın 23-də də öz ənənəsinə sadiq qalaraq, Milli Ordumuzun dünəninə nəzər salmağı zəruri saydı: “Bizim hərbi hissələrimizin vəziyyəti bir neçə il bundan əvvəl tam fərqli idi. Mən xüsusi göstəriş vermişdim ki, bu vəziyyət təhlil edilsin, mənə məruzə olunsun və tədbirlər görülsün. Yadımdadır, bir neçə il bundan əvvəl müxtəlif bölgələrimizdə yerləşən hərbi hissələrin fotoşəkilləri mənə təqdim ediləndə, əlbəttə ki, mənzərə çox acınacaqlı idi. Yarıdağılmış binalar, yararsız vəziyyətdə olan kazarmalar, ordumuzun ərzaq təminatı çox aşağı səviyyədə idi. Ona görə dərhal göstəriş verdim və bu sahədə köklü dəyişikliklər baş verdi. Bu gün Müdafiə Nazirliyinin rəhbərləri bütün bu işləri yüksək səviyyədə təmin edirlər. Yəni, bu gün həm təminat, həm xidmət baxımından Azərbaycan Ordusu dünyada nümunəvi ordular sırasındadır”.

Sevindirici haldır ki, Azərbaycan Ordusu  nələrə qadir olduğunu artıq nəzəri və texniki baxımdan deyil, praktiki şəkildə də dostlarımıza və  bədxahlarımıza nümayiş etdirmək təcrübəsinə malikdir. Həmin arqument barədə ən doğru fikirləri məhz dövlət başçımızın çıxışından eşitdik: “O ki qaldı, ordumuzun döyüş qabiliyyətinə, biz bilirdik və müntəzəm olaraq, bu istiqamətdə işlər aparılırdı. Həm nizam-intizam, həm döyüş qabiliyyəti, həm hazırlıq və bütün bu görülmüş işlər özünü lazım olan vaxtda göstərdi. Keçən ilin aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq, Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. On minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu nəzarət edir. O torpaqlarda təmizlik işləri aparılır və yaxın gələcəkdə məcburi köçkünlər o ərazilərə qayıdacaqlar”.

“Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir”,  – deyən Prezident  əsgərlərimizin ötən yazdakı uğurlarını qəhrəmanlıq adlandırdı: “Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya, bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir”.

Münaqişənin həlli isə çox sadədir,  – deyən dövlət başçımız həmin yolu həm Ermənistan rəhbərliyinə, həm də onların havadarlarına növbəti dəfə göstərir: “Birincisi, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin. Bu, olmayacaq! Dağlıq Qarabağ Azərbaycan torpağıdır, həm tarix, həm bütün dünya birliyi bunu belə qəbul edir. Azərbaycan müstəqilliyə qovuşanda, vahid dövlət kimi BMT-yə üzv olanda Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edilmişdir. Yəni, bu məsələnin həlli bundan ibarətdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində göstərildiyi kimi, işğalçı qüvvələr işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar”.

Yəqin ki, diqqətli oxucunun nəzərindən yayınmadı. Cənab Prezident yanvarın 23-dəki çıxışında  “Azərbaycan vətəndaşları, məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdırlar” – ifadəsini bir neçə dəfə işlətdi. Biz əminik ki, dövlət başçısının qətiyyətli  siyasi-diplomatik fəaliyyəti və Silahlı Qüvvələrimizin  peşəkarlığı nəticəsində tezliklə həmin sözlər həqiqətə çevriləcək.

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında