Tarixə baxış
Azərbaycan və İsrail arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri yalnız iqtisadi-strateji faydaya deyil, həm də ənənəvi tarixi-mədəni köklərə əsaslanır. Azərbaycan və İsrail xalqları daim tarixin çətin dönəmlərində qarşılıqlı anlaşmaya, tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir. Avropa yəhudilərinin (aşkenazilərin) Azərbaycanda məskunlaşma tarixi 1810-cu illərə gedib çıxır. 1832-ci ildə isə yəhudilərin Bakıda ilk ibadət evləri inşa olunub. 1870-ci ildə Bakıda neft çıxarılmağa başladıqdan sonra Azərbaycana yəhudi biznesinin nümayəndələri (Q.Polyak, A.Dembo, X.Kaqan, baron Q.Qinzburq, A.Feyqel və b.) axın etməyə başlayıblar.
Ölkəmiz daim müxtəlif din və millətlərin qarşılıqlı anlaşma şəraitində yaşadığı bir dövlət modelini sərgiləmişdir. Azərbaycan torpağında heç zaman milli-etnik dözümsüzlüyə və ya bəzi postsovet ölkələrində müşahidə olunan antisemitizm təzahürlərinə yer olmamışdır. Bu səbəbdəndir ki, yəhudilərin ən çox uyğunlaşdığı ölkələrdən biri məhz Azərbaycandır. Əsrlər boyudur ki, Azərbaycanda yaşayan yəhudi icması özünü bu xalqın, cəmiyyətin ayrılmaz tərkib hissəsi hesab edir, ölkə həyatının bütün sahələrində fəal iştirak edir. Keçmiş Sovet İttifaqı ərazisində yəhudilərin kompakt yaşamaqda olduğu yeganə yer Quba rayonunda dağ yəhudilərinin iri icmasının məskunlaşdığı Qırmızı Qəsəbədir.
Hazırda Bakı şəhərində yəhudilərin üç sinaqoqu mövcuddur. 2003-cü ildə açılmış məbəd Avropada ən böyük sinaqoqlardan biri hesab olunur. Hər iki ölkəni yaxınlaşdıran digər bir mühüm amil isə Azərbaycanda yəhudi diasporunun və İsraildə Azərbaycandan getmiş 70 mindən artıq yəhudinin yaşamasıdır. Buna görə də İsrail dövlətinin Azərbaycanla əməkdaşlıqda maraqlı olmasını təkcə bu ölkənin zəngin enerji resursları, strateji geosiyasi vəziyyəti, sırf iqtisadi-siyasi amillərlə səciyyələndirmək düzgün deyil. İki ölkə arasında əməkdaşlıq, tarixən, mövcud olmuş, bu əlaqələrin kökündə insani dəyərlər, milli-dini tolerantlıq, qarşılıqlı anlaşma olmuşdur.
Təsadüfi deyildir ki, Qarabağ müharibəsində şəhid olan ilk qəhrəmanlar sırasında yəhudi əsilli milli qəhrəmanımız Albert Aqarunovun adı xüsusi çəkilir. O, ermənilərin xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv etmişdir. Jurnalistin “Yəhudiləri Azərbaycan torpağını qorumağa nə vadar edir?” sualına o belə cavab vermişdir: “Mən bu torpağın övladıyam, burada doğulmuşam, burada yaşayıram, daha heç nə məcbur eləmir”. Bu cavab, əslində, Azərbaycanda yaşayan yəhudilərin torpağımıza, millətimizə bağlılılığının bariz sübutudur.
2008-ci ildə Los-Anceles şəhərinin ən böyük ispandilli "La Opinion" qəzetinin redaktoru Qabriel Lerner Azərbaycana səfər etdikdən sonra "Los-Angeles Jewish Journal"-da "Azərbaycan yəhudiləri: əsrlərlə bir yerdə yaşamağın nümunəsi" adlı məqalə dərc etdirmişdi. Məqalədə digər ölkələrdən fərqli olaraq yəhudilərin Azərbaycanda yüksək səviyyədə təmsil olunduğu, Azərbaycanı dini tolerantlığa görə dünyanın ən liberal ölkəsi kimi göstərmişdi.
2015-ci ildə Amerikan-yəhudi nəşri olan "The Jewish Press”də müəllifi Mayan Kaffenin olduğu Azərbaycan-İsrail əlaqələrinə həsr olunan məqalə yayımlanmışdı. Məqalədə Azərbaycan və İsrailin təkcə iqtisadi sahədə deyil, strateji baxımdan da müttəfiq olduqlarından bəhs edilirdi. "The Jewish Press”in 2016-cı il 10 oktyabr tarixli digər bir məqaləsində respublikamızda yaşayan 30 min yəhudiyə böyük hörmətin olduğundan, əsrlər boyu Azərbaycan xalqı ilə bu ölkədə yaşayan yəhudilər arasında dərin əlaqələrin mövcudluğundan bəhs olunurdu. Məqalədə xüsusi qeyd olunurdu ki, Azərbaycan indi də, Holokost zamanı da yəhudilərin sığınacağı olub.
Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev 2016-cı il 17 fevral tarixində Gəncə “İmamzadə” dini kompleksində əsaslı təmir və bərpa işlərindən sonra təşkil olunan açılış mərasimində çıxışında vurğulamışdı ki, “Biz Fransada sinaqoqa girmək üçün avtomatlıların dəhlizindən keçməli olduq. Onlar isə bizdə olanda ağızları açıq qaldı ki, sinaqoqun qapıları 24 saat taybatay açıqdır”.
Bütün bu faktlar Azərbaycan və yəhudi xalqlarının tarixi bağlılığının, qarşılıqlı hörmətinin bariz nümunəsidir.
Dövlətlər səviyyəsində əlaqələr
1990-cı ildə “Azərbaycan-İsrail” Mədəni Əlaqələr Cəmiyyəti təsis edilmiş və bu cəmiyyət “Az-İz” abreviaturalı qəzet nəşr etməyə başlamışdır. Azərbaycanın müstəqiliyini tanıyan ilk dövlətlərdən biri İsrail olmuşdur. 25 dekabr 1991-ci ildə İsrail Azərbaycanın müstəqilliyini tanıdı, iki ölkə arasında diplomatik əlaqə isə 6 aprel 1992-ci ildə quruldu. 1993-cü ilin avqustundan İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. İki ölkə arasında münasibətlərin inkişafına İsrail və Azərbaycan dövlət başçılarının görüşləri təkan verib. 29 avqust 1997-ci ildə İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana qısamüddətli səfəri və Prezident Heydər Əliyevlə görüşü Azərbaycan–İsrail əlaqələrinin inkişaf tarixinin əsasını qoydu.
2009-cu ilin may ayında paytaxt Təl-Əvivdə qarşılıqlı münasibətlərin tarixində ilk dəfə olaraq Azərbaycan-İsrail biznes forumu keçirilmişdi. 2009-cu il 28-29 iyun tarixlərində İsrail Prezidenti Şımon Peresin Azərbaycana səfəri dövlətlərarası əlaqələrin inkişafında yeni bir mərhələyə start vermişdir. Belə ki, İsrail-Azərbaycan münasibətlərinin tarixində ilk dəfə olaraq dövlət başçıları səviyyəsində səfər baş tutmuşdu. Səfər çərçivəsində kommunikasiya , təhsil, elm və texnologiya sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilələr imzalanmışdır. 2010-cu il 15 fevral tarixində isə İsrailin Baş naziri Ehud Olmert ölkəmizə səfər etmişdir.
Bu gün yəhudi icmaları Azərbaycan Respublikasının ən fəal dini icmalarından sayılır. Respublikada Azərbaycan–İsrail Dostluğu Mərkəzi, “Soxnut” yəhudi agentliyi, “Coynt” və “Vaad-L-Xatzola” adlı yəhudi ənənəsinin qorunması və mühafizəsi ilə məşğul olan komitələr, dini məktəblər – iyeşivalar, yəhudi icmalarının mədəniyyət mərkəzləri, “Yeva” adlı qadın cəmiyyəti və digər qeyri-hökumət təşkilatları fəaliyyət göstərir. Bundan başqa, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ivrit dili tədris edilir. Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində “Or-Avner” Beynəlxalq Fondu tərəfindən inşa edilən, Bakıda yaşayan yəhudi uşaqları üçün nəzərdə tutulan “Xabad-Or-Avner”dir. 2010-cu il oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, MDB Yəhudi İcmaları Federasiyasının və “Or-Avner” Beynəlxalq Fondunun prezidenti Lev Levayevin iştirakı ilə Təhsil Mərkəzinin açılışı olmuşdur. Həmçinin Cənubi Qafqazda ilk olacaq yəhudi muzeyinin yaradılması da Azərbaycanda planlaşdırılır.
2016-cı il 13 dekabr tarixində İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri isə Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinin möhkəmlənməsi üçün uğurlu oldu. Səfər çərçivəsində “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” saziş, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” konvensiya, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında” anlaşma memorandumu imzalandı. Baş nazir səfəri çərçivəsində Bakıdakı “Xabad-Or-Avner” Təhsil Mərkəzində də oldu.
Hayların qısqanclığı
Benyamin Netanyahunun səfərindən ən çox narahat olan dövlət, şübhəsiz ki, işğalçı Ermənistan oldu. Bunu səfərlə bağlı erməni mediasında gedən müxtəlif yazılar əyani sübut edir.
İsrailin Azərbaycanla sıx, yaxın və tarixi əlaqələri mövcuddur. Bu İsrailin Ermənistanla olan əlaqələri ilə müqayisəolunmaz həddədir. İsrail Azərbaycanda ilk səfirlik açan dövlətlər siyahısındadır, Ermənistanda isə İsrail səfiri akkreditə olunmamışdır. Təkcə bu fakt İsrailin Azərbaycana olan münasibətinin dəyərləndirilməsinə imkan verir. Azərbaycan Prezidentinin sərəncamı ilə İsrail vətəndaşlarına viza ölkəmizin hava limanlarında verilir. Azərbaycan çox az ölkələrə belə şərait yaradıb ki, İsrail də həmin ölkələrdən biridir. İki ölkə arasında təkcə təhlükəsizlik sahəsində deyil, həm də enerji, kənd təsərrüfatı, telekommunikasiya, kibertexnologiyalar, tikinti, suvarma, tibb və turizm sahələrində əlaqələr genişlənib və inkişaf edib. Son 10 ildə İsrail Azərbaycanın dünyada beşinci ən böyük ticarət tərəfdaşına çevrilib. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,5 milyard dollara yaxındır. Hazırda İsrailin neftə olan tələbatının təxminən 50 faizini Azərbaycan təmin edir. Həmçinin Azərbaycan İsrailin hərbi müdafiə texnologiyalarına ciddi maraq göstərir və təhlükəsizliyini təmin etmək üçün onları alır.
2014-cü il 30 oktyabrda “Haaretz” qəzetində “İsrail Azərbaycana silah satmamalıdır” adlı məqaləyə cavab olaraq yazılan İsrail tarixçisi Yair Auronun müəllifi olduğu “Ermənistan yox, Azərbaycan İsrailin əsl müttəfiqidir” adlı yazıda qeyd olunurdu ki, hazırda İsrailin neft istehlakının 40 faizi Azərbaycan vasitəsilə təmin olunur və həmçinin bu ölkə İsrailin sənaye məhsullarının alıcısıdır... Azərbaycan və İsrail münasibətləri inkişaf etdiyi halda, Ermənistanın daxili və diaspor nəşrlərində yəhudilər pislənilir, tənqid olunur. Bu ölkədə təhlükəli millətçilik günü-gündən inkişaf edir və o, rasizmin sərhədindədir. Faktiki olaraq bu gün Ermənistan mono-etnik ölkəyə çevrilib. 1970 və 1980-ci illərdə ASALA terrorçu təşkilatının üzvləri Livanda, Bekaa vadisində 1972-ci ildə Münxen Olimpiya Oyunları zamanı İsrail nümayəndə heyətinə hücum təşkil edən “Black September” (“Qara Sentyabr”) qrupu ilə birlikdə təlim keçib.
Yazıda Azərbaycanda bütün xalqların, etnik azlıqların eyni hüquqları olduğu qeyd olunur, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi Azərbaycan torpaqlarının beynəlxalq hüququn prinsipləri əsasında geri qaytarılması vurğulanırdı.
Ermənistanı narahat edən vacib amillərdən biri də yəhudi lobbisi ilə bağlıdır. Belə ki, səfər çərçivəsində bir daha yəhudi lobbisinin rəğbətinin Azərbaycan tərəfə olması təsdiqləndi. Bu isə təbii ki, Ermənistan üçün arzuolunan deyil. Azərbaycan rəhbərliyi İsrailə Azərbaycandan gedən yəhudiləri təsadüfən "Azərbaycan diasporu” adlandırmır. Bunun obyektiv səbəbləri mövcuddur. Çünki Azərbaycanla bağlı hər şey onlar üçün doğmadır. Məlum "907-ci düzəliş”in dondurulmasında Amerikanın yəhudi lobbisi də mühüm rol oynamışdır. Belə ki, 1998-ci ilin 16-21 noyabrında Azərbaycanda fəaliyyət göstərən yəhudi dini icmalarının rəhbərləri ABŞ-da səfərdə olaraq Azərbaycan reallıqlarını, “907-ci düzəliş”in səhv qərar olduğunu Amerika ictimaiyyyətinə çatdırmış, həmçinin Amerikada nüfuzlu mövqeyə malik yerli yəhudi milli təşkilatlarının Azərbaycanın maraqlarını müdafiə etmələrinə nail olmuşdur. Bu istiqamətdə daha fəal movqe tutmaq da hər iki ölkənin qarşılıqlı səylərindən asılıdır.
Ermənistanı narahat edən digər bir mühüm amil məhz Azərbaycanla İsrailin hərbi-texniki sahədə əməkdaşlığıdır. İsrail Azərbaycanın ən iri silah təchizatçısıdır. 2012-ci ildə İsrail hərbi dairələri Azərbaycanın bu ölkədən 1,6 milyard dollar məbləğində müdafiə sistemləri aldığını təsdiqləyib. İsraildən alındığı güman edilən sonuncu nəsil dronlar aprel döyüşlərində istifadə olundu, düşməndə qorxu və həyəcan yaratdı. Azərbaycan İsrail vasitəsilə bu texnologiyanı inkişaf etdirmək istəyir. Baş nazir Benyamin Netanyahunun səfərinin ən diqqətçəkici məqamlarından biri də ilk dəfə olaraq Prezident İlham Əliyevin iki dövlət arasındakı hərbi əməkdaşlığın miqyasını açıqlamasıdır. Dövlət başçısı vurğuladı ki, Azərbaycan bugünə qədər İsraildən 4 milyard 850 milyon dollar civarında hərbi texnika alıb. İmzalanmış müqavilələrin ümumi dəyəri isə 5 milyard dollardır. Prezidentin bu bəyanatı erməni mətbuatında xüsusi vurğulandı.
İsrail dövləti Azərbaycanın ədalətli mövqeyini müdafiə edir – bu ölkənin ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistan–Azərbaycan münaqişəsini Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll etməyə çağırır.
Həmçinin, İsrail ilk dəfə olaraq, öz qazını Avropaya Azərbaycana məxsus kəmər vasitəsilə nəql etməkdə maraqlı olduğunu açıqladı. Netanyahu bildirdi ki, İsrail öz qazını Azərbaycanla Türkiyə arasında inşa edilən boru xətləri ilə Avropaya nəql etmək istəyir. İsrailin TANAP layihəsindən istifadə etməsi iki dövlət arasındakı enerji əməkdaşlığını yüksək səviyyəyə qaldıracaq. Həmçinin enerji əməkdaşlığı sayəsində Türkiyə-Azərbaycan-İsrail üçbucağı güclənəcək. Bu da, əlbəttə ki, əzəli düşmənlərimiz üçün heç də ürəkaçan deyil.
Səfər dünya mediasında
İsrail hökumət başçısının Azəbaycana səfəri dünya mediasında geniş şəkildə işıqlandırıldı. Azərbaycanlı tədqiqatçı, Fransanın Montenskyö Universitetinin məzunu Səid Musayev və beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut İsraildə ingilis dilində çıxan ən nüfuzlu nəşr – “Jerusalem Post” qəzetinin 13 dekabrda çıxan sayında “İsrail–Azərbaycan tərəfdaşlığı: “aysberq”in görünməyən hissələri” adlı məqalə dərc etdilər.
Məqalənin müəllifləri qeyd etdilər: “İsrail dövləti və Azərbaycan – əhalisinin əksəriyyəti müsəlmanlar olan dünyəvi ölkə arasında qarşılıqlı etimada əsaslanan möhkəm əməkdaşlıq və tərəfdaşlıq telləri təkcə ərəb–müsəlman dünyası üçün deyil, dünya ölkələrinin əksəriyyəti üçün də həqiqi modeldir. Möhkəm tərəfdaşlığın mühüm səbəblərindən biri – Azərbaycanda yaşayan yəhudilərlə azərbaycanlılar arasında qədim və sıx dostluq, qardaşlıq münasibətləridir. Bir sıra müasir cəmiyyətlərin xalqlarından fərqli olaraq azərbaycanlılar yəhudiləri heç vaxt əcnəbi hesab etməyib və onlara yadlar kimi yanaşmayıblar. Beləliklə, iki dövlət arasında iqtisadi və hətta siyasi əməkdaşlıq möhkəmlənir və çiçəklənir.”
“The New York Times” qəzetinin 13 dekabr tarixli nömrəsində də İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri barədə material dərc edildi. 15 dekabr tarixində İsrailin 9-cu telekanalının “Günün qəhrəmanı” proqramında İsrail–Azərbaycan əlaqələrinə həsr olunmuş “Dost Bakıda” adlı süjet yayımlandı.
Azərbaycan tolerantlığın və qarşılıqlı hörmətin ən parlaq nümunəsidir. Ölkəmizdə yəhudilərə illər boyu göstərilən gözəl münasibət və qarşılıqlı hörmət yəhudilərin Azərbaycana rəğbətini və heyranlığını daha da gücləndirir, dövlətlər səviyyəsində əlaqələrin daha da möhkəmlənməsinə təsir edir. Çünki xalq – xalqın iradəsi, rifahı dövlətin əsas atributudur. Azərbaycanda yaşayan yəhudilərin razılığı, rahatlığı iki dövlət arasında münasibətlərin inkişafına təkan verir.
B.Netanyahunun Bakıya səfəri iki ölkənin qarşılıqlı münasibətlərinin daha da dərinlənməsində tarixi əhəmiyyət daşıyır. Həmçinin bu səfər İsrail və müsəlman ölkələri arasında uğurlu əməkdaşlığın nümunəsidir.
Nailə Məmmədova,
“Azerbaijan Realities”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.