Şəhidlik və qəhrəmanlıq zirvəsi

 

 

 

 

 

 

 

 

 

 

 


1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.

Heydər ƏLİYEV
Ümummilli lider


Azərbaycan xalqının istiqlal mücadiləsinin şanlı səhifəsinə çevrilmiş 1990-cı ilin 20 Yanvar hadisələrindən 27 il ötür. Lakin həmin o müdhiş gecə, sanki, dünən baş vermiş kimi tankların, zirehli maşınların qorxunc səsi, pulemyotların uğultusu  hələ də qulaqlarda səslənir. Müstəqillik tariximizin şərəfli səhifələrindən biri olan 20 Yanvar xalqımızın ərazi bütövlüyü, azadlıq uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. Dünya ictimaiyyətinə bəlli oldu ki, Azərbaycan xalqı canından keçər, lakin Vətəndən kiməsə pay verməz. Bunu 20 Yanvar hadisələri də təsdiqlədi.

1988-ci ilin sonlarında ölkədə keçirilən ümumxalq mitinqləri, 1989-cu il dekabrın 31-də Naxçıvanda Azərbaycan – İran sərhədinin sökülməsi SSRİ rəhbərliyini təşvişə saldı. Bundan əvvəl, digər respublikalarda əlləri günahsız insanların qanına bulaşmış Mixail Qorbaçov  Azərbaycanda xalq hərəkatının boğulmasına göstəriş verdi. Bundan sonra, Bakıda, Sumqayıtda, Lənkəranda, Cəlilabadda, Neftçalada və digər yerlərdə təxribatlar törətməyə rəvac verildi. Özləri tərəfindən təşkil olunmuş kütləvi iğtişaşların qarşısını almaq bəhanəsi ilə 1990-cı ilin yanvar ayında Bakıya qoşun hissələri yeridildi.

1990-cı ilin 20 Yanvar qətliamı  keçmiş SSRİ rəhbərliyinin əvvəlcədən hazırlanmış xüsusi planı əsasında Azərbaycan Televiziyasının enerji bloku partladılmış, respublikada televiziya və radio verilişləri dayandırılmışdı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil olaraq, əhaliyə divan tutmuşdu. M.Qorbaçovun fərmanı qüvvəyə minənədək, artıq xeyli dinc sakin öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də, səhər saat 7-də respublika radiosu ilə çatdırılmışdı. Həmin vaxt öldürülənlərin sayı artıq 100 nəfərə çatırdı.

Dinc, əliyalın əhaliyə qarşı həyata keçirilən cəza tədbirləri zamanı 1949-cu ilin Cenevrə Konvensiyasının, Beynəlxalq Hərbi Tribunalın Əsasnaməsinin, Beynəlxalq İnsan Haqları Bəyannaməsinin, insan haqlarına dair digər beynəlxalq aktların çoxsaylı müddəaları pozulmuşdu. Bu məqamlar 20 Yanvar hadisələri ilə bağlı aparılmış ən səthi təhqiqatlarda da təsdiqlənir. Bu hadisə bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən  hesab olunur.

20 Yanvar faciəsi Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Həmin faciənin baş verdiyi günü, bir qayda olaraq, yalnız kədər, hüzn, matəm  kimi qeyd etmək  düzgün olmazdı. Bir şeyi unutmamalıyıq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində yalnız hüzn günü kimi xatırlanmamalıdır. Bu gün həm də xalqımızın qəhrəmanlıq və şərəf günüdür. Həmin gecə Azərbaycan xalqı özünün yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya göstərdi.

Xalqımıza qarşı törədilən bu dəhşətli faciənin ertəsi gün –Yanvarın 21-də o zaman Moskvada ciddi nəzarət altında yaşayan tarixi şəxsiyyət Heydər Əliyev heç bir təhlükəyə baxmayaraq, qorxmadan, çəkinmədən Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmişdi. O, baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı vermiş, mətbuat konfransı keçirmiş, bu dəhşətli faciədə əli olan hər kəsi, başda  Mixail Qorbaçov olmaqla, Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən bəşəri cinayət adlandırmış, hadisənin səbəbkarlarına kəskin etirazını bildirmiş, onlara cinayət işi qaldırılması tələbini irəli sürmüşdü. 

Ümummilli lider çox keçmədən kommunist rejiminin, Sovet İttifaqı rəhbərliyinin bu vəhşiliyinə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan etmişdi. Baş verən hadisələri demokratiyaya, hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etmişdi: “Azərbaycanda baş vermiş hadisələrə gəlincə, mən onları hüquqa, demokratiyaya yabançı, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.

Təəssüf  ki, Azərbaycanın o vaxtkı rəhbərliyi bu dəhşətli hadisəyə biganə qalmış, faciəyə hüquqi-siyasi qiymət verilməsi yolunda heç bir təşəbbüs göstərməmişdi. Beynəlxalq birlik 1956-cı ilin Budapeşt, 1968-ci ilin Praqa, o cümlədən, 1989-cu ilin Tbilisi, 1991-ci ilin Riqa və Vilnüs hadisələrinə müvafiq hüquqi qiymət verdiyi halda, 1990-cı ilin yanvar hadisələri Moskvanın hanısısa ekstremist qüvvələri zərərsizləşdirmək və guya, dinc əhalini qırğınlardan, xaosdan qorumaq üçün atdığı məcburi addım kimi tanıdıldı. O vaxtkı Azərbaycan rəhbərliyinin yarıtmaz və qorxaq siyasəti üzündən 20 Yanvar nəinki beynəlxalq, hətta İttifaq miqyasında da layiq olduğu hüquqi-siyasi qiymətini almadı. Ölkənin o vaxtkı rəhbərliyi, sanki, 20 Yanvar hadisələrinin xalqımızın milli azadlıq ruhuna qarşı təcavüz olduğunu bilmirdi. Həmin dövrdə bir-birini əvəz edən hakimiyyət rəhbərliyi bu faciəyə siyasi-hüquqi qiymət verilməsi istiqamətində heç bir tədbir görməmişdi. AXC – Müsavat cütlüyünün hakimiyyəti dövründə də qanlı Yanvar faciəsi öz həqiqi qiymətini ala bilmədi. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra  20 Yanvar faciəsini törədənlərin və təşkilatçıların müəyyənləşdirilərək, ədalət məhkəməsi qarşısında cavab verməsi üçün əlindən gələni etmiş, hadisənin beynəlxalq ictimaiyyət tərəfindən tanınması üçün vacib olan bütün prosedurların yerinə yetirilməsinə çalışmışdır.

Ümummilli liderimizin təşəbbüsü ilə  hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiyasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul olunmuşdu. Bu qərarda 20 Yanvar hadisələrinə siyasi qiymət verilmiş, törədilən qətliamın təşkilatçılarının məsuliyyətə cəlb olunması tələb edilmişdi. Həmin vaxt qəbul edilmiş və böyük əhəmiyyət kəsb edən bu sənəddə qeyd olunurdu ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri M.S.Qorbaçov, Sov.İKP. MK katibi A.Girenko, SSRİ daxili işlər naziri V.Bakatin, Sov.İKP MK-nın məsul işçisi A.Mixaylov, Azərbaycan KP MK-nın birinci katibi Ə.Vəzirov, Azərbaycan KP MK-nın büro üzvləri V.Polyaniçko, M.Məmmədov, V.Hüseynov xalqımıza qarşı törədilən bu siyasi və hərbi qəsd üçün birbaşa məsuliyyət daşıyır və cavabdehdirlər. Qərarda 20 Yanvar gününün hər il Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunması da öz əksini tapmışdı.

Həmin vaxt Azərbaycan Xalq Cəbhəsinin bəzi fəalları da Bakıda qan töküləcəyi barədə məlumatlı olublar. Onların yaranmış bu fürsətdən istifadə edərək, hakimiyyəti ələ keçirmək məqsədləri olduğundan, gözlənilən faciə barəsində əhalini xəbərdar etməmişdilər.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdandan sonra isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi. 1994-cü ilin fevralında Milli Məclisin xüsusi sessiyasında Azərbaycana qoşun yeridilməsi xalqımıza qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi. Təsadüfi deyil ki, 1994-cü il mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etmişdi. Sənəddə 20 Yanvar faciəsi qabaqcadan şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmiş cinayət aktı kimi qiymətləndirilmişdi. Qeyd olunurdu ki, Bakıya qoşun yeridilməsində məqsəd xalq hərəkatına zərbə vurmaq, istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək, xalqın azadlıq və istiqlaliyyət istəyini boğmaq idi. Həmin gün tariximizə faciə kimi daxil olsa da, ulu öndərimizin sözləri ilə desək, həm də xalqımızın həyatında dönüş nöqtəsi oldu. Məhz ulu öndər Heydər Əliyevin müdrik siyasəti, xalqına, millətinə,Vətəninə olan sonsuz məhəbbəti nəticəsində 20 Yanvar ölkəmizdə Ümumxalq Hüzn Günü elan edildi. Bundan sonra  Şəhidlər xiyabanında “Əbədi məşəl” möhtəşəm abidə kompleksi ucaldıldı.

Heydər Əliyev şəhidləri və şəhid ailələrini daim diqqət mərkəzində saxlayırdı. 20 Yanvar faciəsinin bütün ildönümlərində şəxsən Şəhidlər xiyabanını ziyarət edən ulu öndər, şəhid ailələrinə müraciət edərək, Azərbaycan xalqı adından onlara başsağlığı verir, problemləri ilə yaxından maraqlanırdı. Müdrik şəxsiyyət bu faciəni böyük bir tarixi hadisə kimi qiymətləndirmiş və qəhrəman övladlarımızın canlarını qurban verərək, Azərbaycan xalqının milli azadlığı üçün, Azərbaycanın müstəqilliyi üçün yol açdıqlarını bəyan etmişdir. Ulu öndər bu məkanın Azərbaycan xalqı üçün ən müqəddəs yer və ən qiymətli abidə olduğunu bildirmişdir.

20 Yanvar hadisəsinin böyük əhəmiyyət kəsb etdiyinə xüsusi önəm verən ulu öndər, demək olar ki, keçirdiyi hər görüşdə bu hadisənin tarixi dərslərindən bəhs etmişdir: “Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır...Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir”.

Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev şəhidlərin xatirəsinin ehtiramla yad edilməsinə, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına,  mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına  daim diqqət göstərir. Dövlətimizin başçısı 2004-cü ildə 20 Yanvar faciəsinin 14-cü ildönümünün keçirilməsi ilə bağlı sərəncamında bildirirdi ki, Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar: “Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar".

Azərbaycan Prezidentinin “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 19 yanvar 2006-cı il tarixli fərmanı bu baxımdan müstəsna əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsinin dövlət səviyyəsində böyük ehtiramla yad edilməsi üçün müvafiq qərarlar qəbul edib. Məhz dövlətimizin başçısının  təşəbbüsü ilə Şəhidlər xiyabanında əsaslı təmir və yenidənqurma işləri aparılmış, Bakının “20 Yanvar” dairəsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır.

1990-cı ilin Qanlı yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün Azərbaycan xalqı özünün milli mənliyini qorumaq üçün canlarından keçən övladları ilə fəxr edir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında