Azərbaycan ictimaiyyəti işğalçı Ermənistana dəstək verən dövlətin siyasətinə etirazını bildirməlidir

Obama administrasiyasının regional siyasətində son vaxtlar baş vermiş dəyişikliklərin Azərbaycanda haqlı narazılıqlara səbəb olması barədə artıq ictimaiyyətin məlumatı var. Bir daha qeyd edək ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın işğalçı dövlətin regiondakı maraqlarının müdafiəçisi kimi çıxış etməsi problemin aradan qaldırılmasında obyektiv və neytral olacağına şübhələr yaradır.
Regionlarda sülh və demokratiya yaratmaq istəyində olduğunu iddia edən Obama administrasiyasının işğalçı dövlətə dəstək verməsi, işğala məruz qalan dövlətə qarşı isə ayrı-seçkilik etməsi verilən vədlərlə əməli fəaliyyətdə vəhdət təşkil etmir. Bu da Azərbaycan ictimaiyyətində haqlı narazılıqlar doğurmuş, iki yüz illik demokratiya tarixi olan ABŞ kimi bir dövlətin xarici siyasətinə qarşı inamsızlıq yaratmışdır.
Bütün bu proseslərə münasibət bildirmək üçün Milli Məclisin deputatı, YAP icra katibinin müavini Siyavuş Novruzova müraciət etdik. O dedi:
- Son illər Azərbaycanın sürətli inkişaf yoluna qədəm qoyması, beynəlxalq aləmdə nüfuzunun artması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında qardaş Türkiyə tərəfindən yüksək səviyyədə dəstəklənməsi bəzi qurumları, dövlətləri və qüvvələri çox narahat etməyə başlayıb.
Son vaxtlar bəzi dövlətlərin xarici siyasətində Azərbaycana qərəzli mövqeyi göz qabağındadır. İşğalçı Ermənistanın dəstəklənməsinə bu və ya digər şəkildə hərtərəfli yardım göstərilməsinə təkcə biz yox, bütün dünya şahiddir. Bundan əlavə, ayrı-ayrı dövlətlərə təzyiq göstərilməklə işğalçı dövlətə dəstək vermək, düşdüyü ağır iqtisadi böhrandan xilas etmək üçün canfəşanlıq göstərilməsi diqqətdən yayınmır. Hər bir azərbaycanlı, Milli Məclisin üzvləri, ziyalılar bu məsələyə kəskin mövqeyini bildirməlidir. Həmvətənlərimizi, ayrı-ayrı qurumları da çağırmalıyıq ki, millət, xalq, Vətən marağı ortada olanda hər hansı bir qruplaşmaya son qoysunlar. Çünki dövlətimizin maraqlarının müdafiəsi hər şeydən üstündür.
ABŞ-ın Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa dəfələrlə birbaşa yardımlar göstərməsinin şahidi olmuşuq. Söz yox ki, buna öz etirazımızı bildirmişik. BMT Təhlükəsizlik Şurasında Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə olunanda həmsədr dövlət olan Amerika Birləşmiş Ştatları, heç olmasa, bitərəf qaldığını nümayiş etdirəydi. ABŞ-ın bu məsələnin əleyhinə səs verməsi hələ o vaxt Azərbaycanda haqlı narazılıq yaratmışdır. Biz şahidiyik ki, işğalçı Ermənistan Amerikada keçirilən tədbirə dəvət olunur, bu dövlətin prezidenti ilə görüş keçirilir və üstəlik, Türkiyəyə təzyiq olunur ki, Ermənistana sərhədlərin açılmasında güzəştlər etsin.
Bununla yanaşı, Türkiyənin Ermənistana digər sahələrdə də güzəştlərə getməsinə cəhd göstərilir. Bundan ötrü bir sıra təzyiq vasitələrinə əl atılır. Bu halları görən bəzi qüvvələrin Azərbaycanda mitinq, yürüş və ya hər hansı bir aksiya keçirməyə cəhd göstərmələri bir daha təsdiqləyir ki, onlara ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaqda maraqlı olan qüvvələr dəstək verirlər. Bunlar eyni dəyirmandan götürülən suyun nəticəsidir.
Biz belə qənaətə gəlirik ki, işğalçı Ermənistanı dəstəkləyən dövlətlər Azərbaycandakı bəzi qüvvələrə tapşırıq veriblər ki, icazəli və icazəsiz mitinqlər, yürüşlər, piketlər keçirsinlər. Təki, ictimai asayiş pozulsun, beynəlxalq aləmin diqqəti Azərbaycana yönəlsin. Bu yaxınlarda icazəsiz aksiya keçirilməsinə cəhd göstərilməsi zamanı da biz bunun şahidi olduq.
Mən həmin qüvvələrə xatırlatmaq istərdim ki, mitinq, küçə yürüşü və ya hər hansı bir aksiyanın keçirilməsini tənzimləyən "Sərbəst toplaşmaq azadlığı haqqında" qanun var. Hər şey bu qanun çərçivəsində həll olunmalıdır. Lakin həmin qüvvələrə elə tapşırıq verilmişdi ki, onlar istər-istəməz bu yola getməli idilər. Mən bir daha qeyd edirəm ki, Azərbaycan dövlətinin, xalqın maraqları hər şeydən üstün tutulmalıdır. Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında beynəlxalq hüququn norma və prinsipləri, ölkələrin ərazi bütövlüyü vacib şərtlərdəndir. Hər bir azərbaycanlı bu prinsipi qorumalı, münaqişənin nizamlanmasında vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrlərindən olan ABŞ-ın işğalçı dövlətə dəstək verməsinə öz etirazını bildirməlidir.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında