Dövlət Proqramı “elektron hökumət”in inkişafına mühüm stimul yaradıb

Bu gün ölkəmizdə həyata keçirilən  modernləşmə siyasətinin əsas hədəfi hər bir sahədə vətəndaşın maraqlarına xidmət edən mükəmməl sistemin qurulmasıdır. Həmin sistemin  ən vacib  elementlərindən biri “elektron hökumət” xidmətləridir.

İctimai tələbatın yüksək olduğu xidmətlərin elektron formada təşkili üzrə fəaliyyətə Azərbaycan Prezidentinin “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul edilməsi barədə sərəncamı ilə başlanılıb. Elektron xidmətlərdən istifadənin  genişləndirilməsi məqsədilə ölkəmizdə "bir pəncərə" prinsipi üzrə vahid xidmət məkanı olan "Elektron hökumət" portalı formalaşdırılıb. “Elektron hökumət” İKT-dən istifadə etməklə dövlət təşkilatları ilə vətəndaşlar arasında operativ, maneəsiz idarəetmə formasıdır. Başqa sözlə desək, bu onlayn xidmətlər bürokratiyanı tamamilə aradan qaldırmaq imkanları yaradır.

İnformasiya  cəmiyyəti  quruculuğu yolunda inamla  irəliləyən Azərbaycan hökuməti bu cür idarəetmənin inkişafında çox maraqlıdır.  Bunu ölkə Prezidentinin  fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün  Milli Strategiya” və  dövlət  proqramları da  təsdiq edir. Onların  həyata keçirilməsi nəticəsində yaradılmış bu yeni mexanizm həm hökumət, həm vətəndaş, həm də biznes sektoru üçün olduqca  faydalıdır.

 “2014-2016-cı illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “elektron hökumət”in inkişafına dair Dövlət Proqramı”nın yekun ilidir. Proqramın məqsədi “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə bu sahədə aparılmış işlərin davam etdirilməsi, məqsədyönlü addımların atılması ilə müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsi idi. Dövlət Proqramında qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün bir sıra məsələlərin həlli nəzərdə tutulurdu – sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi, dövlət orqanlarının zəruri informasiya sistemləri və ehtiyatlarının müəyyənləşdirilmiş tələb və standartlara uyğun qaydada yaradılması, inteqrasiyası, təhlükəsizliyinin təmin edilməsi və mövcud informasiya sistemləri və ehtiyatlarının təkmilləşdirilməsi, dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi prosesinin təkmilləşdirilməsi (vahid informasiya fəzasının yaradılması).  Eyni zamanda, modern və çevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi və bürokratiyanın aradan qaldırılması ilə “hökumət-vətəndaş” münasibətlərində yeni müstəviyə keçidin təmin edilməsi, vətəndaş məmnunluğunun artırılması,  əhaliyə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin və əlçatan olmasının artırılması, əhatə dairəsinin genişləndirilməsi məsələləri də  proqramın  qarşıya  qoyduğu  vəzifələrdən idi.

Məlumat üçün  bildirək ki, bu günədək dövlət qurumları tərəfindən üç yüzdən çox elektron xidmət "elektron hökumət" portalına inteqrasiya olunub. Təbii ki, onlayn xidmətdən yararlanan vətəndaşların sayı hər gün artmaqdadır.

Azərbaycan sivil ölkədir və dövlətimiz insanların hər bir sahədə yüksək səviyyəli xidmət göstərildiyi bir cəmiyyətin qurulması üçün tədbirlər həyata keçirir. Bu istiqamətdə atılan addımlar zaman-zaman öz bəhrəsini verməkdədir. Ən ucqar bir regiondakı şəxs evində oturaraq internet üzərindən dövlət qurumlarının xidmətindən istifadə edir. Bu, qarşıya  qoyulmuş hədəflərə doğru atılmış ən mühüm addımdır.

Artıq  ölkəmizdə   "elektron hökumət” sistemi  formalaşmaqdadır. Bu sistem İKT-nin tətbiqi ilə dövlət qurumları arasında qarşılıqlı fəaliyyəti, idarəçilik keyfiyyətlərinin artırılmasını təmin etmək üçün vahid dövlət kompüter sistemini, hakim və qanunverici orqanların internet resurslarını, korporativ tipli dövlət idarəetmə sistemini, dövlət informasiya sistemlərini və s. özünə komponent kimi daxil etmişdir. Onun  vasitəsilə vətəndaşların informasiya əldə etməsi üçün resurslardan bərabər qaydada istifadə  edilməsi, elektron qaydada dövlət sifarişlərinin təminatı, nəzarət və maliyyə funksiyalarının məsafədən həyata keçirilməsi, idarəetmə qərarlarının qəbulunda operativliyin və effektivliyin artırılması, korrupsiyaya qarşı  mübarizə və s. kimi məsələlər öz həllini tapmaqdadır. Hazırda hökumət bütün hüquqi və fiziki şəxslər, sadə vətəndaşlar üçün onlayn sənəd mübadiləsi formasında e-xidmətlərin göstərilməsini həyata keçirməkdədir.

Ölkəmizdə elektron hökumət, elektron dövlət, onun ayrı-ayrı komponentləri olan elektron parlament, elektron məhkəmə, elektron vergi və sair – bunlar hamısı ümumilikdə bir məzmun kimi “elektron Azərbaycan”ı gündəmə gətirir. Elektron dövlətin yaradılması təbiidir ki, qısa müddətin işi deyil. Bu, informasiya cəmiyyətinin formalaşması prosesinin bir təzahürüdür. Bu proses get-gedə dərinləşir, yeni texnologiyalar ortaya çıxır, informasiya resurslarının sayı da, həcmi də artır. İnsanlar informasiya texnologiyalarına yaxından bələd olur, onun imkanlarından istifadə edirlər. Mobil telefon texnologiyaları kimi artıq onlar özlərini bu texnologiyalardan kənarda hiss etmirlər. Yəni,  bu o deməkdir ki, bütün sosial təbəqələr artıq bu texnologiyalardan istifadə etməklə hakimiyyət orqanları ilə interaktiv münasibət qurmağa başlayıblar.

Dövlət orqanları tərəfindən  əhali ilə bilavasitə təmasda həyata keçirilən xidmətlərin, o cümlədən fərdi sahibkarların və yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı, daşınmaz əmlaka dair çıxarışların və arayışların verilməsi,  məcburi dövlət sosial sığortası üzrə hesabatların və sığortaolunanlar barədə məlumatların təqdim olunması, ünvanlı sosial yardım və pensiya təyinatı üçün ərizələrin, telefon çəkilişi və internetə qoşulmaq üçün müraciətlərin qəbulu və sair kimi xidmətlərin  elektron formada göstərilməsi təmin edilmişdir. Bu say gündən-günə artır. Bir sıra dövlət orqanlarında göstərilən xidmətlərə görə nəzərdə tutulan rüsumların və digər ödənişlərin real vaxt rejimində elektron formada ödənilməsinə şərait yaradılmışdır.

“ASAN xidmət” mərkəzlərinin yaradılması  bu sahədə ən uğurlu nailiyyətlərdəndir. Bu  mərkəzlər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli  fərmanına əsasən yaradılmışdır. “ASAN xidmət” mərkəzləri dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır.  Bu xidmətin fəaliyyət dairəsi artmaqda davam edir.

“Elektron hökumət” şlüzü dövlət orqanlarında mövcud olan informasiya sistemlərindən səmərəli istifadəni təşkil etməyə, onlar arasında təhlükəsiz əlaqələrin yaradılması, sorğuların verilməsi, cavablandırılması və elektron xidmətlərin göstərilməsi zamanı informasiya sistemlərində mövcud olan sənədlərin vətəndaşlardan istənilməməsinə imkan verir.

"Elektron hökumət"  portalı dünya azərbaycanlılarının vahid informasiya məkanına çevrilir. Bu  portal nəinki respublikamızda, hətta xarici ölkələrdən olan istifadəçilər üçün də böyük maraq doğurub. Hazırda portalın istifadəçi auditoriyası yüksələn xətlə daha da genişlənməkdədir. Dünyanın bütün ölkələrindən, o cümlədən ABŞ, Rusiya, İngiltərə, Türkiyə, Almaniya, Rumıniya, Ukrayna, Danimarka və s. ölkələrdə yaşayan istifadəçilərin portala müraciət etməsi bizə bu işin  əhəmiyyətindən xəbər verir.

İnformasiya cəmiyyəti yaradılması yolunda  “elektron hökumət”in  daha da təkmilləşdirilməsi vacib  məsələdir və hazırda  bu sahədə  qazanılan nailiyyətlərin daha da inkişaf etdirilməsi  vacibdir.

Ancaq onu da  bildirmək lazımdır ki, “elektron hökumət”in yaradılması yolunda  hələ də müəyyən problemlər  qalmaqdadır. Ekspertlərin fikrinə görə,  bu sahədə ölkəmizin əsas problemi bəzi məmurların məqsədli şəkildə elektron xidmətlərə keçidə maraq göstərməməsi, hətta bu prosesə əngəl törətməsi, bilərəkdən və ya bilməyərəkdən prosesi gecikdirməsidir. Əhali arasında elektron xidmətlər barədə maarifləndirmə hələ də zəif aparılır.  Bunun üçün  xüsusi maarifləndirmə proqramları hazırlanmalıdır. Bülletenlər  nəşr olunub  kütləvi şəkildə yayılmalı, televiziya və radio vasitəsilə  xüsusi verilişlər hazırlanmalıdır. Kadr hazırlığına  xüsusi diqqət yetirilməsi vacib məsələdir. Artıq bu sahədə müəyyən irəliləyiş hiss olunmaqdadır.

Bu gün Azərbaycan hökumətinin elektronlaşması üçün hər cür  imkan  var. Elektron xidmətlər təklif etmək üçün portal hazırdır, maliyyə var, ixtisaslaşmış kadr hazırlamaq imkanları da. O, cümlədən “elektron hökumət”in işini tənzimləyən qanunlar da qəbul edilib.

"Elektron hökumət”in  inkişaf etdirilməsi ilə bağlı  dövlət proqramının  reallaşması bu yaxınlarda  Prezident İlham Əliyevin  fərmanı ilə təsdiq olunmuş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində  nəzərdə tutulan telekommunikasiya  və informasiya texnologiyaları sahəsinin  gələcək  inkişafına  əsaslı təminat yaradır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında