Prezident İlham ƏLİYEV: Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır

Müstəqilliyimizin bərpasından sonra baş verən hadisələr, düşünülmüş müstəqil xarici siyasət, dünyanın nüfuzlu qurumlarına üzv olmaq və həmin təşkilatlarla fəal əməkdaşlıq etmək ölkəmizi mötəbər beynəlxalq qurumların keçirildiyi məkana  çevirmiş, eyni zamanda,  Azərbaycanı  dünya birliyində etibarlı, ləyaqətli tərəfdaş kimi tanıtmışdır. Xüsusilə, son illər ərzində dünyada böhranların, müharibələrin, qeyri-sabit vəziyyətin genişləndiyi bir şəraitdə ölkəmizdə yaradılmış davamlı ictimai-siyasi sabitliyin qorunub saxlanılması, insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində atılan addımlar, iri infrastruktur layihələrinin reallaşdırılmasının davam etdirilməsi  daha çox diqqət  mərkəzində olmuşdur. Artıq Azərbaycan dünya birliyində söz sahibinə çevrilmiş, beynəlxalq aləmdə yüksək reytinq qazanmış müstəqil dövlətdir.

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında  respublikamızın rəhbəri giriş nitqində bu barədə ətraflı məlumat vermişdir. Ölkəmizin beynəlxalq aləmdə qazandığı nailiyyətləri, reytinqinin ildən-ilə yüksəlməsini diqqətə çatdıran Prezident İlham Əliyev bunu həyata keçirilən siyasi kursun nailiyyəti kimi dəyərləndirmişdir: “Azərbaycan çox böyük müsbət beynəlxalq imicə malikdir. Beynəlxalq təşkilatlarda bizim sözümüz keçir və təsirimiz artır. Biz beynəlxalq əlaqələrimizi bu il də genişləndirəcəyik. Keçən il ölkəmizə 20-yə yaxın dövlət və hökumət başçısı rəsmi və işgüzar səfərlər etmişdir. Bu da bir göstəricidir. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal işləmişik. İslam Əməkdaşlıq Təşkilatı Zirvə görüşündə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və aprel ayında Azərbaycana Ermənistan tərəfindən edilən təcavüzlə bağlı kontakt qrupu yaratdı. Bu qrup artıq fəaliyyətə başlayır. Bu, bizim böyük uğurumuzdur. Son illər ərzində bizim fəaliyyətimiz nəticəsində Qoşulmama Hərəkatı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması ilə bağlı qətnamələr qəbul etmişdir”.

Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yolu hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində saxladığı prioritet vəzifədir. Bu sahədə uzun illər aparılan danışıqların və ATƏT-in həmsədr dövlətlərinin rəhbərlərinin iştirakı ilə keçirilən görüşlərin nəticələri də təsdiqləyir ki, Azərbaycan həmişə münaqişənin tənzimlənməsində sülh variantına üstünlük verib və bu gün də həmin mövqedədir. Ötən ilin may və iyun aylarında Vyanada və Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşlərin nəticələri də bundan xəbər verirdi. Xatırladaq ki, Vyana görüşü  Azərbaycanın cəbhə xəttində üstünlük qazandığı  2016-cı ildə dördgünlük aprel döyüşündən  sonra Azərbaycan və Ermənistan prezidentlərinin ilk görüşü idi. Aprel döyüşlərinə qədər həmişə müxtəlif bəhanələrlə görüşdən yayınan Ermənistan prezidenti Serj Sarkisyan bu dəfə dərhal razılıq vermişdi. Bunun əsas səbəblərindən biri “dördgünlük” müharibədə Ermənistan silahlı qüvvələrinin 20 ildən artıq işğal altında saxladıqları Azərbaycan ərazilərindən böyük itkilər verərək qaçmaları, ordumuzun gücü qarşısında aciz qalmaları idi. Digər tərəfdən, bu görüş atəşkəsi saxlamaq problemini də həll edirdi. Bu da zəif və gücsüz Ermənistan tərəfinə sərf edirdi. Artıq ermənilər də başa düşmüşdülər ki, Dağlıq Qarabağ probleminin həllində sülh yolundan başqa alternativ yoxdur. Əsas məqamlardan biri də o idi ki, sülh danışıqlarına Ermənistan tərəfindən də razılıq  yaranmışdı. Bu görüşdə Azərbaycanın qazancı ondan ibarət olmuşdur ki, aprel döyüşlərindən sonra ilk dəfə olaraq, Rusiya Qarabağ münaqişəsində bizi dəstəklədi. Yəni Azərbaycanın  ilk mərhələdə 7 rayonu qaytarmaq tələbi müzakirəyə çıxarıldı.

Aprel döyüşləri Ermənistanın idarəçilik sisteminə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından çox böyük zərbə oldu. Ermənistan hakimiyyətinin  20 il ərzində formalaşdırdığı “məğlubedilməzlik” sindromu darmadağın oldu. Azərbaycanın gücü qarşısında çətin duruma düşən Ermənistan prezidenti həmin il, hadisələrdən bir ay sonra Sankt--Peterburqda keçirilən görüşə heç bir etiraz etmədən gəldi. Bu görüşdə artıq Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin birgə bəyanatı qəbul olundu. Bəyanatda ən çox diqqət çəkən məqamlardan biri də  münaqişənin həlli prosesinə münbit şəraiti təmin etmək məqsədilə bir sıra məsələlərdə razılaşma əldə edilməsi olmuşdur. Burada bəzi məsələlərdə daha çox Azərbaycanın mənafeyi nəzərə alınmış və danışıqlar aprel döyüşlərindən sonra yaranmış şəraitin diktəsi altında aparılmışdır.

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına münasibət bildirərkən dövlətimizin mövqeyini bir daha bəyan etmişdir: “Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Keçən il ATƏT də bu məsələ ilə bağlı öz ciddi sözünü demişdir--status-kvo qəbuledilməzdir. Bu, aksiomdur və bu, dəyişdirilməlidir. Status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Budur, münaqişənin həlli yolları. Bunun başqa yolu ola bilməz. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.

Ermənistan tərəfi artıq dərk edir ki, Azərbaycan Ordusu qarşısında davam gətirmək gücündə deyil. 2016-cı ilin aprel ayında dörd gün ərzində davam edən müharibədə  Azərbaycan Ordusu işğalçılara elə zərbələr vurmuşdur ki, bu gün də Ermənistan qorxu içərisindədir. Minlərlə hektar torpağın işğaldan azad edilməsi və düşmənin böyük itkilər verməsi işğalçı dövlətdə çaşqınlıq yaratmışdır. Əslində, aprel döyüşləri Ermənistanın hərbi-siyasi gücünün çox zəif olduğunu təsdiqlədi. Ermənistan prezidentinin aprel döyüşlərindən sonra hərbi elitanın kifayət qədər tanınmış generallarını istefaya göndərməsi, daha sonra isə Baş naziri  başqa birisi ilə əvəz etməsi göstərdi ki, aprel döyüşləri Ermənistan siyasi elitasında böyük bir uçurumun  yaranmasına səbəb olub. Bu döyüşlərdən sonra Serj Sarkisyanın Ermənistan ordusunun rəhbərlərinə qarşı ünvanladığı ittihamlar onu göstərdi ki,  işğalçı orduda heç də deyildiyi kimi, islahatlar aparılmamışdır və ordunun təchizatı məsələsində kifayət qədər problemlər var imiş. Əslində, bu döyüş Azərbaycanın düşmən üzərində əzəmətli qələbəsi idi. Bunu dövlətimizin başçısı Nazirlər Kabinetinin iclasındakı nitqində də bəyan etmişdi: “Bu, bizim şanlı tarixi qələbəmizdir. Bu, bir daha dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərir. Bir daha onu göstərir ki, biz istənilən vaxtda məsələni hərbi yolla həll edə bilərik. Minlərlə hektar torpaq işğalçılardan boşaldıldı. İndi orada təmizlik işləri, bütün mənalarda təmizlik işləri aparılır. Azərbaycan Ordusu indi on minlərlə hektar torpağa nəzarət edir. İndi o ərazilərdə işğalçıların izi-tozu qalmayıb. Biz o bölgələrdə lazımi tədbirləri görəcəyik ki, vətəndaşlarımız oraya qayıtsınlar və artıq bu proses başlayır”.

Göründüyü kimi, artıq hərbi potensialımız kifayət qədər gücləndirilib. Bütün böhranlara, neftin qiymətinin kəskin ucuzlaşmasına baxmayaraq, ordumuz ən müasir silah-sursat, texnika ilə təmin edilir. Ötən il də bu istiqamətdə çox önəmli addımlar atılmışdır. Ölkəmizə ən müasir silah-sursat gətirilmişdir. Bu gün Azərbaycan Ordusu həm döyüş qabiliyyəti, həm də təminat-təchizat baxımından dünya miqyasında güclü ordular sırasındadır. Artıq düşmən tərəfinə də bəllidir ki, Azərbaycan Ordusu yüksək dəqiqliyə, dağıdıcı qüvvəyə malik olan ən müasir silahlara malikdir.

Son illər ölkədə həyata keçirilən düşünülmüş daxili və xarici siyasət nəticəsində dünyanı maliyyə və iqtisadi böhran, qarşıdurmalar, getdikcə alovlanan münaqişələr bürüdüyü bir vaxtda Azərbaycanda davamlı ictimai-siyasi sabitliyin hökm sürməsi, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində qətiyyətli addımların atılması xalqın gələcəyə olan inamını daha da artırıb. Eyni zamanda, nüfuzlu qurumların öz tədbirlərini Azərbaycanda keçirmələri dünya birliyində ölkəmizə olan inam və etibarın təzahürüdür. “Cənub” Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısının, “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumunun, BMT-nin Sivilizasiyalar Alyansının “İnklüziv cəmiyyətlərdə birgəyaşayış: çağırış və məqsəd” adı altında VII Qlobal Forumunun, Bakı Sərgi Mərkəzində XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin, Azərbaycan-Rusiya-İran prezidentlərinin Zirvə görüşünun, “Formula-1” Avropa Qran-pri yarışlarının keçirilməsi üçün Azərbaycana üstünlük verilməsi dünya birliyində bizə olan etimadın bariz nümunəsidir. Roma Papasının Azərbaycana səfəri və səfər zamanı verdiyi bəyanatlar da xüsusi qeyd olunmalıdır.

Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, bütün bunlar dövlət başçısının uzaqgörən siyasi xəttinin nəticəsidir. Məhz bu baxımdan xalq Prezidentin ətrafında sıx birləşib. Ötən ilin sentyabrında “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərin edilməsi haqqında” Referendum Aktının layihəsi ilə əlaqədar keçirilən referendumun nəticələri də bunu təsdiqlədi. Xalqa bir daha aydın oldu ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin atdığı hər bir addım Azərbaycanın və xalqımızın uğurlu gələcəyinə istiqamətlənib. Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər də bunu təsdiqlədi. Əlavə və dəyişikliklərdə nəzərdə tutulan bütün maddələr dövlətimizin mənafeyini, eləcə də xalqımızın daha yaxşı və firavan yaşamasını təmin etmək məqsədi daşıyırdı.

Azərbaycan xalqı ötən il keçirilmiş referendumda bir daha öz iradəsini ifadə etdi, dövlət başçısının  siyasi xəttinə böyük dəstəyini göstərdi. Referendumun nəticəsi ölkəmizdə hökm sürən ab-havanı  xalqımıza, eyni zamanda, dünyaya göstərdi. Səsvermənin gedişini müşahidə edən beynəlxalq təşkilatların nümayəndələri heç bir pozuntu aşkar etmədilər. Beynəlxalq təşkilatlar tərəfindən təşkil olunmuş “exit-poll”ların nəticələri rəsmi nəticələrlə üst-üstə düşmüşdü. Beynəlxalq təşkilatlar, xüsusilə Avropa Şurası referendumun keçirilməsinə çox müsbət qiymət vermiş və  bunu Strasburqda öz qərarı ilə təsdiqləmişdir. Referendumun şəffaf, ədalətli, azad şəkildə keçirilməsi həm ölkəmizin demokratik prinsiplərə sadiqliyini, həm də Azərbaycanda seçki prosesinin yüksək səviyyədə təkmilləşdirildiyini təsdiqlədi. Bu, ölkəmizdə “Prezident-xalq” vəhdətinin sarsılmaz olduğunu bir daha nümayiş etdirdi.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında