Azərbaycan dövləti bütün dünya azərbaycanlılarının milli qürur mənbəyidir

 

 

 

 

 

 

 

 

 

 


Hazırda Azərbaycan Respublikası öz inkişafının çox məsuliyyətli bir dövrünə qədəm qoymuşdur. Biz Vətənimizin çiçəklənməsi, qüdrətinin artırılması və suverenliyinin möhkəmləndirilməsi məqsədilə qarşımıza böyük vəzifələr qoymuşuq. Həmin vəzifələrin həlli üçün bütün həmvətənlərimiz, o cümlədən xaricdə yaşayan soydaşlarımız sıx birləşməli, harada yaşamalarından asılı olmayaraq, milli maraqlarımızı qətiyyətlə qorumalı, antiazərbaycan dairələrin təxribatçı əməllərinə qarşı prinsipial mübarizə aparmalıdırlar.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti


Dünya azərbaycanlılarının həmrəyliyi, sıx əməkdaşlığı və bir bayraq altında fəaliyyət göstərmələri dövlət siyasətinin prioritetini təşkil edir. Dövlət başçımızın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən davamlı və ardıcıl siyasət diaspor quruculuğunun inkişafını yeni müstəviyə çıxarmışdır. Bu siyasətin nəticəsidir ki, hazırda dünya azərbaycanlılarının həmrəyliyi özünü milli-siyasi birlikdə, əməli addımlarda və konkret nəticələrdə göstərir. Xarici ölkələrdə yaşayan  azərbaycanlılar arasında sıx əməkdaşlığın yaradılması, fəaliyyətlərinin daha da möhkəmləndirilməsi və diaspor qurumlarının təsirli qüvvəyə çevrilməsi prosesi uğurla davam etdirilir. Təbii ki,  Azərbaycan haqqında obyektiv məlumatların yayılmasında və dövlət maraqlarının qorunmasında, azərbaycançılıq ideyasının, həmçinin adət-ənənələrimizin daha geniş  təbliğində  xarici ölkələrdə yaşayan soydaşlarımızın rolu böyükdür.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qarşıya qoyulan əsas vəzifələrdən biri də  diaspor quruculuğunun inkişafı olmuşdu. Lakin müstəqilliyimizin ilk illərində ölkədə yaranmış xaos və anarxiya, dövlət idarəçiliyndəki naşılıq bu sahədə də böhran yaratmışdı. Xalqın təkidi  ilə yenidən respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən biri də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan dövlətinin ətrafında birləşdirilməsi idi.  Ümummilli liderin rəhbərliyi ilə bu istiqamətdə mühüm qərarların qəbul edilməsi və dövlət səviyyəsində məqsədyönlü addımların  atılması dünya azərbaycanlılarının bir araya gətirilməsində böyük rol oynamışdır.

Heydər Əliyev xarici ölkələrdə Azərbaycan diasporunun formalaşdırılmasının vacibliyini, lobbiçilik fəaliyyətinin əsas istiqamətlərini və perspektivlərini bəyan etmişdir. Ulu öndər öz uzaqgörənliyi və müdrikliyi ilə xarici siyasətin strateji hədəflərini müəyyənləşdirərkən müasir dövrdə hər bir dövlətin qüdrətinin yalnız iqtisadi resurslarla deyil, həm də onun xaricdə formalaşdırdığı diaspor və lobbinin gücü ilə ölçüldüyünü nəzərə almışdır. Xaricdə yaşayan azərbaycanlıların birliyi və təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayan ulu öndər  Azərbaycan diaspor cəmiyyətlərinin problem və qayğılarına böyük həssaslıqla yanaşmışdır. Hələ Naxçıvan Ali Məclisinin 1991-ci il tarixli iclasında dünya azərbaycanlılarına müraciət edən Heydər Əliyev  onları birliyə, həmrəyliyə, bir bayraq altında fəaliyyət göstərməyə çağırmışdı: “Biz istərdik ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmin ölkələrin vətəndaşları kimi yaşasınlar. Ancaq heç vaxt öz milli köklərini, milli mənsubiyyətlərini itirməsinlər. Çünki bizi birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir. Vətənini, millətini sevən hər bir azərbaycanlı müstəqilliyimizin dönməzliyi üçün ciddi səy göstərməli, Vətənimizin, respublikamızın taleyi hər bir soydaşımızın taleyi olmalıdır”.

Ulu öndərin bu çağırışı həmvətənlərimizin yaşadığı bütün ölkələrində böyük əks-səda yaratdı. Bundan sonra diaspor qurumlarında əsaslı canlanma müşahidə olundu. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi yeni mərhələyə qədəm qoydu. Diaspor təşkilatlarının  fəaliyyəti tədricən daha effektli oldu və keyfiyyətcə təkmilləşdirildi. Azərbaycanla bağlı erməni lobbisinin və ermənipərəst dairələrin yaydıqları yalan və böhtanla dolu məlumatların qarşısının alınması istiqamətində əməli addımlar atıldı. Respublikamız haqqında reallıqların dünya ictimaiyyətinə olduğu kimi çatdırılması işinin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması, soydaşlarımız arasında ideya birliyinin möhkəmləndirilməsi və onların tarixi  Vətənlə əlaqələrinin genişləndirilməsi istiqamətində qətiyyətli addımlar atıldı.

2001-ci ilin noyabrında doğma Azərbaycanda – Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın bir araya gətirilməsində, diasporlar arasında sıx əməkdaşlıq yaradılmasında, bir-biri ilə yaxından tanış olmalarında pik nöqtə oldu. Həmin vaxtdan başlayaraq, diaspor quruculuğu sahəsində daha inamlı addımlar atıldı. Artıq dünyada yaşayan həmvətənlərimiz hiss edirdilər ki, onların arxasında Azərbaycan dövləti dayanıb. Bundan sonra daha böyük inamla fəaliyyət göstərməyə başladılar.

Xaricdəki soydaşlarımızın yaşadıqları ölkənin ictimai-siyasi proseslərində fəallıq göstərməsi müstəqilliyini yenicə qazanmış ölkəmiz üçün  böyük önəm kəsb edirdi. Bir tərəfdən onlar həmin ölkələrdə nüfuz qazanmış, mövqelərini möhkəmləndirmiş olur, digər tərəfdən isə xalqımız haqqında yayılan böhtan və yalanların qarşısını alır, Azərbaycanın demokratik, hüquqi, suveren dövlət olması barədə yaşadıqları ölkələrdə rəy formalaşdırırdılar. Bütün bunlara baxmayaraq,  diasporlarımızın ictimai-siyasi proseslərə təsir etmək imkanına malik olmaları üçün görüləcək hələ çox iş var idi. Əsas vəzifələrdən biri o idi ki, azərbaycanlılar yaşadıqları cəmiyyətlərdə təkcə fərdi şəkildə deyil, təşkilatlanmış qurum, ictimai institut olaraq ciddi etimad qazanmağa müvəffəq olmalı idi. Buna nail olduqdan sonra biz xarici ölkələrin parlamentlərində, dövlət təşkilatlarında, siyasi partiyaların rəhbərliyində daha çox soydaşımızı görə bilərdik. Eyni zamanda, azərbaycanlıların siyasi proseslərdə, xüsusilə seçkilərdə fəal rol oynaması, yaşadıqları ölkələrin parlamentlərində təmsil olunmaları çox önəmli idi. Bu vəzifələrin həyata keçirilməsi üçün diaspor qurumları fəaliyyətlərini daha da genişləndirməli, bir-biri ilə əlqaləri gücləndirməli idi.

Ulu öndərin yarımçıq qalmış işlərini özünəməxsus strategiya ilə davam etdirən Prezident İlham Əliyev diaspor quruculuğuna xüsusi önəm verdi. Ölkə başçısı bu sahəni daha da inkişaf etdirməyi dövlət siyasətinin prioritetinə çevirdi. Dövlətimizin başçısı bütün dünyada yaşayan soydaşlarımıza azərbaycançılıq ideyası ətrafında birləşməyi təlqin edir və bildirirdi ki, azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək, hər bir insanın inkişafını təmin etməkdən ibarətdir.

Prezident İlham Əliyevin sərəncamı ilə keçirilən Dünya Azərbaycanlılarının II Qurultayı I qurultaydan ötən dövrdə xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması və öz tarixi vətənləri olan Azərbaycanla əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən ən əhəmiyyətli tədbir idi. Xarici ölkələrdə yaşayan soydaşlarımız bir daha şahidi oldular ki, ulu öndər Heydər Əliyevin siyasi kursu layiqincə davam etdirilir. Bu dövr ərzində ölkədə aparılan hüquqi və siyasi islahatlar Azərbaycanın demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu yolu ilə inamla addımladığını təsdiqləmiş, onun beynəlxalq nüfuzunu yüksəltmişdir. Həmvətənlərimiz şahidi olmuşlar ki,  2003-cü ilin prezident və 2005-ci ilin parlament seçkiləri Azərbaycan dövlətinin və onun vətəndaşlarının demokratik ənənələrə sadiqliyini bir daha sübut etmişdir.

Ölkəmizin dünya birliyində mövqeyinin möhkəmlənməsi də təsdiqləyir ki, son illər ərzində milli dövlət quruculuğunun daha da inkişafı sahəsində mühüm nailiyyətlər əldə olunmuş, respublikamız iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyə görə regionun şəksiz lider dövlətinə çevrilmişdir. Dövlət başçısının düşünülmüs strategiyası nəticəsində əldə edilmiş nailiyyətlər ölkə daxilində milli birliyin möhkəmlənməsinə, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə səbəb olmuş, müxtəlif ölkələrdə yaşayan soydaşlarımızı daha da ruhlandırmış, onların milli maraqlar ətrafında sıx birləşmələri üçün zəmin yaratmışdır. Xarici ölkələrdə yaşayan həmvətənlərimizin fəaliyyəti, qarşılaşdıqları problemlər daim diqqət mərkəzində saxlanılır, onların yaşadıqları ölkələrin ictimai-siyasi həyatında fəal iştirakı üçün bütün imkanlardan istifadə olunur. Prezident İlham Əliyev  ötən ilin sonlarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə soydaşlarımıza ünvanladığı təbrikdə də bunu xüsusi vurğulamışdır: “Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının qorunmasına, milli-mənəvi birlik ideyaları ətrafında təşkilatlanması məsələsinə xüsusi əhəmiyyət verir. Təqdirəlayiq haldır ki, xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycan Respublikası ilə əlaqələrini gücləndirir, doğma Vətənə məhəbbət və sədaqət nümayiş etdirirlər. 2016-cı ilin iyununda Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı xaricdə yaşayan həmvətənlərimiz arasında birliyin daha da möhkəmləndirilməsi, diaspor təşkilatlarının fəaliyyətinin genişləndirilməsi yolunda mühüm hadisə oldu. Şübhə yoxdur ki, soydaşlarımız qurultayın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi istiqamətində əzmlə çalışacaq, öz qüvvə və bacarıqlarını əsirgəməyəcəklər”.

Dünya Azərbaycanlılarının IV Qurultayı müxtəlif ölkələrdə fəaliyyət göstərən diasporların yenidən bir araya gəlməsində müstəsna əhəmiyyət kəsb etmişdir. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaqların iştirak etdiyi bu tədbirdə xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılmışdır. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparılmışdır.

Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları prioritet məsələlər kimi gündəmə çıxarılmışdır.

Dövlətimizin başçısı diasporlara dəyərli tövsiyələr verərək demişdir ki, biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir: “Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var. Əlbəttə, mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında