Prezident İlham Əliyev: Sosial siyasət bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir

Son illər dünyada baş verən hadisələr, qlobal maliyyə böhranı, neftin qiymətinin kəskin aşağı düşməsi  iqtisadi sferada gərginlik yaratmış, bir sıra dövlətləri maliyyə çətinlikləri ilə üz-üzə qoymuşdur. Təbii ki, dünya iqtisadiyyatında baş verən proseslər bizim ölkəmizdən də yan keçmir. Ancaq buna baxmayaraq, insan amilinə böyük üstünlük verildiyi Azərbaycanda əhali üçün yaradılmış əlverişli  sosial ab-hava  qorunub saxlanılır, insanların məşğulluğunun təmin olunması istiqamətində nəzərdə tutulan layihələrin icrası davam etdirilir. Dövlətin sosial siyasətinin uğurlu davamı bütün sahələrdə özünü büruzə verir.

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın  rəhbərliyinə qayıdışından  sonra  insana göstərilən qayğı,  bütün cəmiyyətin ümumi rifahının yüksəldilməsinə xidmət  prioritet vəzifə olmuşdur. Respublikamızda həyata keçirilən daxili və xarici siyasətin qayəsini ilk növbədə insanların həyatını yaxşılaşdırmağa yönəlmiş müsbət sosial  siyasət təşkil etmişdir. Ölkə miqyasında istehsalatın artımının sürətlənməsi, yeni iş yerlərinin açılması və əhalinin həyat səviyyəsinin yüksəldilməsi, əhalinin gəlirlərinin artırılması dövlətin sosial siyasətinin birbaşa məqsədlərindən biri olmuşdur.

Ümummilli liderin ənənələrinə sadiqliyini öz əməli işi ilə təsdiqləyən və bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyev sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirmiş və demişdir ki, layiqli sosial siyasət qarşıdakı illərdə də Azərbaycan hökumətinin fəaliyyətinin prioriteti olaraq qalacaq.

İqtisadi islahatlarla yanaşı, sosial sahədə də islahatların aparılması zəruri vəzifə kimi qarşıya qoyulmuşdur. Ümumiyyətlə, bu sahə, əhalinin sosial problemlərinin aradan qaldırılması, həyat səviyyəsinin yüksəldilməsi daim dövlətin diqqət mərkəzində olmuşdur. Bazar iqtisadiyyatına keçid və keyfiyyətcə yeni iqtisadi münasibətlərin formalaşması sosial müdafiə sistemində zəruri islahatların aparılmasını, müasir tələblərə cavab verən  tam əhatəli hüquqi və sosial təminatlar sisteminin yaradılmasını tələb etmişdir. Bu məqsədlərə nail olmaq üçün dövlətimizin başçısı beynəlxalq normalara əsaslanan qanunverici bazanın yaradılmasını həyata keçirdiyi siyasətin əsas prioriteti kimi qarşıya qoymuşdur. Məhz bütün bunlara görə qanunvericiliyin daim təkmilləşdirilməsi və beynəlxalq standartlara cavab verən yeni qanunların yaradılması istiqamətində zəruri işlər görülmüşdür. Bunun nəticəsi olaraq “Əməyin mühafizəsi haqqında”, “Vətəndaşların pensiya təminatı haqqında”, “Əlillərin sosial müdafiəsi haqqında”, “Minimum istehlak büdcəsi haqqında”, “Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında”, “Məzuniyyətlər haqqında”, “Kollektiv müqavilələr və sazişlər haqqında” və digər sosialyönümlü qanunlar hazırlanmış və qəbul edilmişdir.

Aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi dövlət siyasətinin əsasını təşkil edən faktorlardandır. Bu qəbildən olan insanların ünvanlı dövlət sosial yardımı ilə təmin olunması 2006-cı il yanvarın 1-dən qüvvəyə minmiş və iyulun 1-dən fəaliyyətə başlamış "Ünvanlı dövlət sosial yardımı haqqında" Azərbaycan Respublikası Qanununa əsasən həyata keçirilir. Ünvanlı sosial yardımın verilməsində əsas məqsəd aztəminatlı ailələrin maddi şəraitinin yaxşılaşdırıması, həyat səviyyəsinin yüksəldilməsidir. Ünvanlı sosial yardımın təyin olunması üçün hər il ehtiyac meyarı haqqında qanun qəbul edilir. Ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri olduqda, həmin ailəyə ünvanlı sosial yardım təyin olunur. Hazırda  mühüm sosial proqramlardan biri olan ünvanlı dövlət sosial yardımı proqramının icrası işləri uğurla davam etdirilir. Ölkə rəhbəri bu sahəyə diqqətin artırılmasını əhəmiyyətli hesab edərək demişdir: “Biz uzun illər insanlara ünvanlı sosial yardım veririk. Bu da çox ciddi sosial təşəbbüsdür. Yüz mindən çox ailəyə dövlət tərəfindən ünvanlı sosial yardım verilir. Biz bunu ona görə edirik ki, bu insanların maddi təminatı lazımi səviyyədə deyil”.

Xatırladaq ki, ünvanlı sosial yardımların verilməsi qaydaları getdikcə daha da  təkmilləşdirilir və bu sahədə neqativ halların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. Bu məqsədlə yardımların verilməsində məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi üçün  artıq elektron sistemin tətbiqinə başlanılıb.

Son illər dünya iqtisadiyyatında böhranın kəskinləşməsi səbəbindən bir çox ölkələrdə sosial proqramlarla bağlı sərt qənaət mexanizmləri işə salınsa da, bu hal özünü Azərbaycanda qabarıq şəkildə büruzə verməmişdir. Bunun əksinə olaraq, respublikamızda  sosialyönümlü siyasət daha da gücləndirilmiş, insanların rifah halının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Bunun əyani nümunəsi kimi, hər il qəbul olunan dövlət büdcəsinin sosialyönümlü xarakter daşımasıdır. Dövlətimizin başçısı regionlara səfərləri zamanı ictimaiyyətin nümayəndələri ilə görüşlərdə onları əmin edir ki,  sosial məsələlərin həlli bundan sonra da prioritet olacaq və sosial proqramlar hər il  artıqlaması ilə icra ediləcək.

Azərbaycanda sosialyönümlü siyasət aparılması və ölkədə sosial təminatın, sosial infrastrukturun yaxşılaşdırılmasına yönələn ardıcıl proqramların həyata keçirilməsi  2004-cü ildən regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının qəbul olunması ilə yeni mərhələyə qədəm qoydu. Həmin vaxtdan başlayaraq, bu proses bu gün də davam etdirlir. Artıq bu proqramların üçüncü mərhələsi icra olunmaqdadır.  Proqramların icrası nəticəsində bölgələrimizin siması əhəmiyyətli dərəcədə dəyişmiş, beynəlxalq standartlara cavab verən yeni  istehsal və sənaye müəssisələri yaradılmış, işsizliyin sayı tamamilə azaldılmış, yoxsulluğun səviyyəsi 5 faizə endirilmişdir.

Regionların inkişafı ilə bağlı dövlət proqramları ölkəmizin sosial-iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilmiş, insanların sosial həyatının dəyişməsində müstəsna rol oynamışdır. Sosial xarakterli proqramların uğurlu icrası  ölkəmizin ümumi iqtisadi gücünü artırmaqla yanaşı, istehsal müəssisələrinin fəaliyyətinin bərpasına,  regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların növbəti mərhələsinin sürətləndirilməsinə geniş yol açmışdır. Dövlətimizin bütün sahələr üzrə inkişafı və zənginləşməsi vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə, rifah halının yaxşılaşdırılmasına  səbəb olmuş, yüz minlərlə yeni iş yeri yaradılmışdır. Təbii ki, yoxsulluğa qarşı mübarizənin vacib şərtlərindən biri bölgələrdə yaşayış şəraitini yaxşılaşdırmaq və çoxlu sayda yeni iş yerləri yaratmaqdır.Yoxsulluq səviyyəsinin  təqribən 50 faizdən 5 faizə düşməsinə, işsizliyin demək olar ki, aradan qaldırılmasına və sosialyönümlü infrasturktur layihələrin reallaşdırılmasına görə  Azərbaycan hətta bir sıra inkişaf etmiş ölkələri  geridə qoymuşdur.

Son 13 ildə Azərbaycanın sürətli inkişafı sosial sahədə irimiqyaslı islahatların reallaşdırılmasına  imkan yaradıb. İqtisadi islahatlardan əldə edilən gəlirlər hesabına sosial proqramlar daha  da genişləndirilib. Bunu dövlət başçısının son  illər imzaladığı fərman və sərəncamlar, həmçinin xüsusi dövlət proqramlarının qəbul olunması da təsdiqləyir. Bütün bunların əsas məqəsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə və Azərbaycan vətəndaşının rifahına hesablanıb. Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Bu siyasətin prioritetini sosial istiqamət təşkil edir. Dünyada baş verən maliyyə böhranının, həmçinin,  iqtisadi tənəzzülün Azərbaycan əhalisinin rifahına ciddi təsir etməməsi üçün zəruri  önləyici addımların atılması özünü hər il əmək haqlarının, pensiyaların, təqaüdlərin, sosial müavinətlərin artırılmasında da göstərdi.

Ümumiyyətlə, mütərəqqi sosial siyasət həyata keçirilən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Vətəndaşlara qayğı, onun maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Azərbaycan dövlətinin apardığı siyasətin mühüm prinsiplərindəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs çərçivəsində sosial məsələlərin həlli, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi hər zaman diqqət mərkəzindədir. Eyni zamanda, insanların yaşayış səviyyəsinin yaxşılaşdırılması, maaşların, pensiyaların artırılması, yeni sosial obyektlərin tikintisi dövlətimizin sosial siyasətinin prioritet istiqamətlərindəndir.

Dövlətimizin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı qətiyyətli addımlardan biri də Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasıdır. Həmin agentliyin fəaliyyəti nəticəsində yaxın illərdə aztəminatlı ailələrin mənzillə təminatı istiqamətində problemlər tədricən aradan qaldırılacaq. Artıq bu agentliyin birinci layihəsi olan Yasamal Yaşayış Kompleksində inşa ediləcək ilk doqquzmərtəbəli binanın və məktəb binasının təməlqoyma mərasimi  də keçirilib. Agentliyin ilk layihəsi olan bu kompleksin ümumi sahəsi 11,6 hektar təşkil edir. Bu ərazi şəhərin ekoloji cəhətdən təmiz və əlverişli hissəsində yerləşir. Ərazinin yaxınlığında 5 hektara yaxın yaşıllıq zonasının olması isə onun ekoloji durumunu daha da yaxşılaşdırır.

Yaradılacaq ilk şəhərcik 29 çoxmənzilli yaşayış binasından ibarət olacaq. Bu binalarda ümumilikdə  1854 mənzil inşa olunacaq. Bütün mənzillər tam təmirli vəziyyətdə və mətbəx mebeli ilə birlikdə vətəndaşlara təklif olunacaq. Kompleksin tikintisi üçün seçilmiş məkanın üstünlüklərindən biri də onun paytaxtın əsas iş yeri mərkəzlərinə yaxın yerləşməsidir.

Burada inşa olunacaq mənzillərin vətəndaşlar tərəfindən alınması prosesində səffaflığın təmin edilməsinə xüsusi diqqət göstəriləcək. Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” elektron sistemi yaradılacaq. Kompleksdə mənzillərlə yanaşı, bir sıra sosial obyektlərin də tikilməsi nəzərdə tutulub. Onların arasında 240 yerlik uşaq bağçası və 960 şagird yerlik orta  məktəb binası  da var. Ərazidə müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsi nəzərdə tutulur.

Bu  sosial layihəni yüksək dəyərləndirən dövlətimizin başçısı demişdir ki, layihənin icra edilməsi bir daha onu göstərir ki, sosial məsələlərin həlli bizim üçün həmişə prioritet olmuşdur: “Bu, yeni sosial təşəbbüsdür, yeni sosial layihədir. Sosial binaların tikintisi mənzilə ehtiyacı olan ailələr üçün böyük dəstək olacaqdır. Ümumiyyətlə, son illər ərzində biz ciddi iqtisadi islahatlarla yanaşı, həmişə sosial məsələlərin həllinə də böyük diqqət vermişik. Son 10 il ərzində pensiyalar 7 dəfə, maaşlar 5 dəfə artmışdır. Ölkəmizdə bir çox sosial infrastruktur obyektləri tikilmişdir. Üç mindən çox məktəb, 600-dən çox xəstəxana tikilib təmir edilmişdir. Doxsandan çox məcburi köçkün qəsəbəsi salınmışdır və bu proses davam edir. Ünvanlı sosial yardımın məbləği artırılır və bu proqram üzrə yardım alanların sayı da lazım gələndə artırılır. Bir sözlə, sosial siyasət bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Əlbəttə ki, bu siyasəti daha da uğurla aparmaq üçün bizim güclü iqtisadi imkanlarımız olmalıdır. Bu imkanları biz yaradırıq, hətta böhranlı vaxtlarda da ciddi islahatlar aparılır və bu islahatlar öz nəticələrini verməkdədir”.

Respublikamızda baş verən proseslər də təsdiqləyir ki, Azərbaycanın  dövlət  müstəqilliyini bərpa etməsindən keçən  25 il müddətində mürəkkəb və eyni zamanda, çox uğurlu bir yol keçmişdir. Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan  uğurlu daxili və xarici siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi və  son illər  aparılan genişmiqyaslı islahatlar ölkəmizdə digər sahələrlə yanaşı, sosial-iqtisadi vəziyyətin getdikcə yaxşılaşdırılmasına, əhalinin maddi rifahının yüksəldilməsinə xidmət etmişdir. Dövlətimizin başçısının təhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasət sayəsində bir çox sosial məsələlər öz həllini tapmışdır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində bundan sonra da əhəmiyyətli addımlar atılacaq.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında