Yola saldığımız il Azərbaycanın xarici siyasəti üçün uğurlu olmuşdur

2016-cı il başa çatır. Bu il də Azərbaycan Respublikası fəal xarici siyasət yürütmüşdür. Milli maraqlar və ölkəmizin qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında xarici siyasət fəaliyyəti səmərəli olmuşdur. Cari ildə rəsmi Bakı istər regional, istərsə də qlobal əhəmiyyətli layihələrin reallaşdırılmasında faydalı əməkdaşlıq etmiş, xarici siyasətdə dostluq və etibarlılıq məsələlərini dövlətlərarası münasibətlərin inkişafının çox mühüm şərti olduğunu əməli addımlarla təsdiq etmişdir. 2017-ci ildə də xarici siyasətimizin Azərbaycan xalqının milli mənafelərinə uyğun və beynəlxalq hüquq normaları əsasında həyata keçiriləcəyi şübhə doğurmur.

Ümumiyyətlə, Azərbaycan Respublikası çoxaspektli xarici siyasət yürüdür və bu siyasət bir sıra mühüm istiqamətləri əhatə edir. Belə ki, xarici siyasət fəaliyyətinin əsas istiqamətlərini suverenliyimizin, ərazi bütövlüyümüzün və beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi və qorunması, ölkənin davamlı inkişafı üçün əlverişli xarici mühitin yaradılması, dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığın və iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, enerji və nəqliyyat strategiyamızın inkişafının dəstəklənməsi, ölkəmiz haqqında həqiqətlərin dünya birliyinə çatdırılması və beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan xalqının zəngin maddi-mədəni irsinin dünya miqyasında tanıdılması, xaricdə yaşayan həmvətənlərlə əlaqələr, beynəlxalq səviyyədə Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının təmin edilməsi, beynəlxalq sülh və təhlükəsizliyə, regional inkişafa və tərəqqiyə, mədəniyyətlər və sivilizasiyalararası dialoq prosesinə töhfə verilməsi və beynəlxalq humanitar layihələrin dəstəklənməsi təşkil etmişdir. Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun 2016-cı ilin yekunları ilə əlaqədar müsahibəsində bu istiqamətlər barədə ətraflı danışılmış, əldə olunmuş nailiyyətlər və gələn il görüləcək işlər haqqında məlumat verilmişdir.

Elmar Məmmədyarov müsahibəsində Azərbaycanın ikitərəfli inkişafı və qarşılıqlı səfərlərin intensivliyi barədə danışarkən bildirmişdir ki, bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində tanınmış və hesablaşılan güclü ölkədir, regionun lider dövləti kimi bu coğrafiyada baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Azərbaycan nəinki regional layihələrin iştirakçısı, həmçinin təşəbbüskarı və lokomotivi rolunda çıxış edir. Bütün uğurların əsasını ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyini və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğulayan E.Məmmədyarov əlavə etmişdir ki, 2016-cı il Azərbaycanın ikitərəfli əlaqələrinin inkişafı baxımından məhsuldar və faydalı olmuşdur. Xarici işlər naziri ikitərəfli əlaqələrimizin inkişafında qonşu dövlətlər olan Türkiyə, Rusiya Federasiyası, İran və Gürcüstan ilə qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığımızın genişlənməsini də xüsusi qeyd etmişdir. Bundan başqa, Elmar Məmmədyarov bildirmişdir ki, Prezident İlham Əliyevin, Baş nazir Artur Rasizadənin, Milli Məclisin sədri Oqtay Əsədovun, həmçinin xarici işlər naziri kimi özünün və digər hökumət nümayəndələrinin xarici ölkələrə çoxsaylı səfərləri, o cümlədən dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və digər səviyyədə olan nümayəndə heyətlərinin Azərbaycana səfərləri ikitərəfli əlaqələrimizi daha da möhkəmləndirmişdir. Xarici işlər naziri demişdir ki, cari ildə Azərbaycana bir sıra dövlət və hökumət başçıları səfər etmiş, Bakıda çoxsaylı beynəlxalq tədbirlər keçirilmişdir. Belə tədbir və səfərlərin əlaqələrimizin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdirilməsi, ölkəmizin qlobal siyasi, iqtisadi, təhlükəsizlik və humanitar məsələlərə dair mövqeyinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyi də nəzərə çatdırılmışdır.

İl ərzində xarici işlər naziri olaraq, özünün Gürcüstan, İsveçrə, Lixtenşteyn, Misir və Portuqaliyaya rəsmi, Rusiya (iki dəfə), Çin, Almaniya və Fransaya (iki dəfə) işgüzar səfər etdiyini xatırladan xarici işlər naziri əlavə etmişdir ki, iyirmiyə yaxın beynəlxalq tədbirə qatılaraq müxtəlif məsələlər üzrə Azərbaycanın mövqeyini səsləndirmiş və beynəlxalq tədbirlər zamanı mövcud olan imkanlardan yararlanaraq digər ölkələrdən olan həmkarlarla çoxsaylı görüşlər keçirmişdir. Digər ölkələrlə ikitərəfli müqavilə – hüquq bazamızın genişləndirilməsi məqsədilə müxtəlif sahələri əhatə edən onlarca müqavilə imzalandığını diqqətə çatdıran nazir  xüsusilə qeyd etmişdir ki, beynəlxalq tədbirlərdə Azərbaycanın fəal iştirakı və ikitərəfli qarşılıqlı səfərlər ölkəmizin regionda və dünyada önəmini göstərir və ölkəmiz üçün yeni imkanlar açır. İkitərəfli səviyyədə olan əlaqələrimizin üçtərəfli formatda regional əməkdaşlıq mexanizmləri vasitəsilə daha da inkişaf etdiyini deyən xarici işlər naziri vurğulamışdır ki, 2016-cı ildə Azərbaycan-Rusiya-İran prezidentlərinin, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Rusiya-İran xarici işlər nazirlərinin üçtərəfli formatda görüşləri keçirilmiş və bu üçtərəfli görüşlərin keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilmiş Azərbaycan, Rusiya və İran dövlət başçılarının üçtərəfli görüşü və yekunda qəbul edilmiş Birgə Bəyannamə siyasi, iqtisadi, ticarət, nəqliyyat və digər sahələrdə əməkdaşlığın inkişafı üçün mühüm zəmin yaratmışdır. Bu formatda əməkdaşlıq, eləcə də Cənub və Cənub-Şərqi Asiyadan Şimali Avropaya qədər uzanan xətt üzrə transregional əməkdaşlığı təşviq edən strateji əhəmiyyətə malikdir.

Xarici işlər naziri müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılmış xarici siyasət və münaqişə ətrafında yaranmış son vəziyyətlə bağlı ətraflı məlumat vermişdir. Ermənistanın xoşniyyətli danışıqlar aparmaq əvəzinə, münaqişənin sülh yolu ilə həllinə yönəlmiş bütün cəhdləri açıq şəkildə pozduğunu vurğulayan baş  diplomatımız demişdir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə məhəl qoymayan və beynəlxalq hüququ kobud şəkildə pozan Ermənistan öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmaqdan imtina edir, qanlı etnik təmizləmə nəticəsində məcburi köçkünə çevrilmiş yüz minlərlə azərbaycanlının öz doğma yurd-yuvasına geri qayıtmasının qarşısını alır və işğal olunmuş ərazilərin fiziki, demoqrafik və mədəni xarakterini dəyişdirməklə mövcud status-kvonu daha da gücləndirməyə çalışır.

Xarici işlər naziri cari ildə Ermənistan silahlı qüvvələrinin təxribatlarının nəticəsi olaraq, baş vermiş Aprel döyüşlərində düşmən tərəfinin layiqli cavab aldığını da bildirmişdir. Əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqelərin işğaldan azad edildiyini deyən cənab Elmar Məmmədyarov əlavə etmişdir ki, Aprel hadisələri zamanı Azərbaycan həm hərbi-diplomatik üstünlüyünü ortaya qoydu, həm də informasiya müharibəsində bu vaxta kimi apardığı davamlı fəaliyyətin nəticəsini gördü. Xarici işlər naziri demişdir ki, Azərbaycan hazırkı status-kvonun dəyişməsində ən maraqlı tərəfdir: “Bu xüsusda, biz Vyana və Sankt-Peterburqdakı yüksək səviyyəli substantiv müzakirələri doğru istiqamətdə atılmış müsbət addımlar kimi qiymətləndiririk. Biz bu fürsəti davam etdirməli və həmin görüşlərdə əldə olunmuş razılaşmaları gecikdirmədən konkret tədbirlərə çevirməliyik”.

Xarici işlər naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin Azərbaycan diplomatiyasının səyləri nəticəsində il ərzində digər beynəlxalq təşkilatların da gündəliyinə salındığını da nəzərə çatdırmışdır. BMT Baş Assambleyasının 71-ci sessiyasının gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət və GUAM ərazisində həlli uzadılmış münaqişələr kimi gündəlik maddələri saxlanılır. Bu əsasda Azərbaycan BMT Baş Assambleyasının tribunasından istifadə edərək münaqişənin müxtəlif aspektlərini gündəmə gətirir və müzakirələrə çıxarır. Cənab nazir BMT sistemi ilə bərabər, digər beynəlxalq təşkilatlarla da fəal iş aparıldığını xatırlatmışdır. Belə ki, İslam Əməkdaşlıq Təşkilatının aprelin 10-15-də İstanbulda dövlətimizin başçısının iştirakı ilə keçirilmiş 13-cü sessiyası ölkəmizin maraqlarına cavab verən bir sıra qərarların qəbul edilməsi ilə yadda qalmışdır. Bundan başqa, İyulun 8-9-da NATO-nun Varşavada keçirilmiş Zirvə toplantısında üzv dövlətlərin qəbul etdikləri Yekun Kommunikenin 24-cü paraqrafında dövlət və hökumət başçıları Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini dəstəkləməyə sadiq olduqlarını bir daha vurğuladılar, Cənubi Qafqazda mövcud olan münaqişələrin məhz beynəlxalq hüququn bu prinsipləri və normaları, BMT Nizamnaməsi və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiklərini ifadə etdilər. Əvvəlki zirvə toplantılarında da üzv dövlətlər tərəfindən eyni mövqe ifadə olunmuşdu. Qoşulmama Hərəkatına üzv ölkələrin sentyabrın 13-18-də Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin yekun sənədində isə dövlət və hökumət başçıları Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması, beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etmiş və münaqişəni Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırmışdılar. Elmar Məmmədyarov, həmçinin xatırlatmışdır ki, cari il oktyabrın 18-19-da İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən 43-cü sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş Azərbaycan ərazilərində İslam tarixinə və mədəniyyətinə aid abidələrin dağıdılmasına dair qətnamələr qəbul edilmişdir.

Xarici işlər naziri müsahibəsində Azərbaycanın Avropa İttifaqı ilə indiki vəziyyəti və perspektivləri barədə fikirlərini açıqlamış, ölkəmizin beynəlxalq səviyyədə multikulturalizmin təşviqində rolunu qiymətləndirmişdir. O demişdir ki, Azərbaycan Avropa İttifaqı ilə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır və bununla əlaqədar olaraq 2015-ci ilin may ayında Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı”na üzv ölkələrin Sammitində Avropa İttifaqına “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında strateji tərəfdaşlıq haqqında Saziş” layihəsini təqdim etmişdir. Avropa İttifaqı Şurasının artıq Azərbaycan ilə Avropa İttifaqı arasında sözügedən saziş layihəsinə dair rəsmi danışıqlara başlamaq üçün mandat verdiyini diqqətə çatdıran xarici işlər naziri əlavə etmişdir ki, yeni sənəd təşkilatla ikitərəfli əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qaldırmaq və əməkdaşlığın hərtərəfli inkişafını təmin etmək üçün hüquqi baza yaradacaqdır. Onun sözlərinə görə, hazırda sazişin hazırlanması üzrə tərəflərin nümayəndə heyətlərinin tərkibi formalaşdırılır. 2017-ci ilin əvvəlindən etibarən intensiv danışıqlar başlanılacaq.

Avropa ilə Asiyanın sərhədində yerləşən Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu qeyd edən Elmar Məmmədyarov vurğulamışdır ki, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir və Şərq ilə Qərb arasında həm də mədəniyyət körpüsüdür. Əsrlər boyu müxtəlif din və mədəniyyət nümayəndələrinin Azərbaycanda sülh şəraitində və ləyaqətlə bir ailə kimi yaşadıqlarını və bunun respublikamızın siyasəti və həyat tərzi olduğunu xatırladan xarici işlər naziri demişdir ki, dini dözümlülük və multikulturalizm Azərbaycanda hər zaman mövcud olmuş və rəsmi Bakı bu istiqamətdə müxtəlif beynəlxalq tədbirləri ölkəmizdə keçirməklə multikulturalizmin inkişafına öz töhfəsini verir və humanitar sahədə dinlərarası, mədəniyyətlərarası dialoqun güclənməsində fəal rol oynayır. Multikulturalizmin çoxmillətli dövlətlərdə siyasi sabitlik yaradılması üçün ən səmərəli vasitə olduğunu diqqətə çatdıran Elmar Məmmədyarov xatırlatmışdır ki, cari ilin oktyabr ayında Roma Papası Fransisk Azərbaycana səfəri zamanı ölkəmizdəki dini dözümlülüyü və multikultural dəyərləri yüksək qiymətləndirmişdir.

Bir sözlə, yekunlaşmaqda olan 2016-cı ildə də milli maraqlarımız yüksək səviyyədə qorunmuş və Azərbaycanın qoşulduğu beynəlxalq hüquqi sənədlər əsasında xarici siyasət fəaliyyəti uğurla həyata keçirilmişdir. 2017-ci il ərzində də ikitərəfli və çoxtərəfli əsasda Azərbaycan Respublikasının uğurlu xarici siyasətinin davam etdiriləcəyinə heç bir şübhə yoxdur.

Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında