Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətinin əsas istiqamətlərindən biri olan diaspor siyasəti cari ildə də uğurla həyata keçirilmişdir.
Bunu Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Nazim İbrahimov dekabrın 17-də Yeni Azərbaycan Partiyasının qərargahında başa çatmaqda olan 2010-cu ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında demişdir.
N.İbrahimov bildirmişdir ki, DİDK 2010-cu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, tarixi Vətənlə əlaqələrinin genişləndirilməsi, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirmişdir.
Azərbaycan diaspor təşkilatlarının nəzdində yeni kütləvi informasiya vasitələri təsis edilmiş, eyni zamanda, ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən KİV-lərdə Azərbaycanla bağlı məqalə və materialların işıqlandırılması istiqamətində tədbirlər görülmüşdür. İl ərzində 20 Yanvar faciəsinin 20-ci, Xocalı soyqırımının 18-ci ildönümü və 31 Mart azərbaycanlıların soyqırımı günü ilə əlaqədar İsveç, İsveçrə, Finlandiya, Norveç, Niderland, Böyük Britaniya, Belçika, Latviya, Litva, Estoniya, Rusiya, Ukrayna, Belarus, Bolqarıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, ABŞ, Kanada, Yaponiya, Yeni Zelandiya, Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Koreya Respublikası, Almaniya, Fransa, Çexiya, Macarıstan, Rumıniya və digər ölkələrdə müxtəlif formatlı tədbirlər təşkil edilmişdir.
Ölkəmizin taleyüklü problemlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində mühüm işlər görən Heydər Əliyev Fondu Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar xarici ölkələrdəki Azərbaycan icma və birliklərini müvafiq məlumatlar və sənədlərlə təmin etmişdir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ilin may ayında elan edilmiş "Xocalıya ədalət" (Justice for Khodjaly) beynəlxalq məlumat və təşviqat kampaniyası çərçivəsində 2010-cu il ərzində dünyanın bir çox ölkələrində etiraz aksiyaları, elmi-praktik konfranslar və digər tədbirlər keçirilmişdir. Kampaniyada Azərbaycan diaspor təşkilatları da fəal şəkildə iştirak edirlər.
Bundan başqa, 2010-cu ilin fevralında Çexiyanın Lidise İcra Hakimiyyəti Lidise qəsəbəsində küçələrin birinə Xocalı adı vermək qərarı qəbul etmişdir.
İl ərzində azərbaycanlıların hüquq və azadlıqlarının, ictimai-siyasi fəallığının artırılması işinə də xüsusi önəm verilmişdir.
Xaricdə yaşayan azərbaycanlı gənclərin milli-mənəvi dəyərlərimizə sədaqətinin qorunub saxlanılması, onların ölkəmizin maraqlarının qorunmasında fəal iştirakının təmin edilməsi dövlət gənclər siyasətinin prioritet istiqamətlərindəndir.
Diaspor quruculuğunda və Azərbaycan lobbisinin yaradılmasında gənclərin fəal iştirakı daha ciddi nailiyyətlər qazanmağa imkan yaradır.
Dövlət Komitəsinin sədri demişdir: "Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) artıq 3 ildir ki, "Qanın milləti yoxdur" şüarı altında geniş xeyriyyə aksiyası keçirir. Aksiyanın təşəbbüskarı RAGT-nin sədri, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevadır. Xeyriyyə aksiyasından məqsəd onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərməkdir. RAGT Moskvada mütəşəkkil qanvermə aksiyası keçirən ilk təşkilatdır. Bu aksiya müntəzəm olaraq hər ay keçiriləcəkdir.
DİDK rəhbərinin sözlərinə görə, 2010-cu ilin fevralında Diasporla İş üzrə Dövlət Komitəsi ilə Şimali Kipr Yaxın Doğu Universiteti (YDU) arasında əldə olunmuş anlaşmaya uyğun olaraq yeni tədris ilindən etibarən hər il 20 azərbaycanlı gəncin Yaxın Doğu Universitetində ödənişsiz əsaslarla təhsil almasına şərait yaradılmışdır.
Nazim İbrahimov demişdir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə 2008-2010-cu illərdə Gürcüstanda fəaliyyət göstərən 124 azərbaycandilli məktəbin 84-ündə "Gürcü dili" kursları açılmışdır. Kurslara ümumilikdə 1700 şagird cəlb olunmuşdur ki, bunların da 510 nəfəri orta məktəb məzunlarıdır.
2010-cu il ərzində xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bu dövrdə dünyanın bir neçə ölkəsində, o cümlədən Almaniya, İsveç, Polşa, Ukrayna, Rusiya, Türkiyə, Qazaxıstan, Koreya Respublikası və Gürcüstanda ümumilikdə 15 yeni diaspor təşkilatı təsis edilmişdir. Ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində 370-dən çox diaspor təşkilatı fəaliyyət göstərir.
Nazim İbrahimov əlavə etmişdir ki, Diasporla İş üzrə Dövlət Komitəsi xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ilə türk və yəhudi diasporu arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm tədbirlər görmüşdür.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri jurnalistlərin suallarını da cavablandırmışdır.{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.