Keçmiş prezidentin etirafları: Ermənistan uçurum qarşısında

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan rəhbərlik etdiyi Milli Konqresin qurultayındakı çıxışında bir sıra geosiyasi məsələlərə toxunub. O, indiki mərhələdə Ermənistanın dövlət və cəmiyyət olaraq ciddi problemlərlə üz-üzə qaldığını söyləyib. Bunun əsas səbəbi isə İrəvanın yeritdiyi yarıtmaz xarici siyasətdir. Onun sözlərinə görə, son 18 ildə ölkə yalnız tənəzzülə doğru gedib. Faktiki olaraq erməni dövlətçiliyi fəlakət qarşısındadır. Onun bu prosesi dayandırmaq gücü isə yoxdur. Burada L.Ter-Petrosyan bir sıra arqumentlər gətirir. Onlardan aydın olur ki, bütövlükdə Ermənistan dövlət quruculuğu strategiyasını düzgün seçə bilməyib. Bunun fonunda isə keçmiş prezident Azərbaycan rəhbərliyinin rasional siyasət apardığını açıq etiraf edir, Bakı ilə kompromis əsasında razılaşmaqdan başqa yolun qalmadığını ifadə edir. Həmin fikirlər kontekstində L.Ter-Petrosyanın çıxışı üzərində dayanmaq olar.

 

Dağıdıcı siyasət: L.Ter-Petrosyan rəsmi İrəvanın siyasətini ciddi tənqid edir

 

Erməni dövlətçiliyi və xalqı Serj Sarkisyan hakimiyyətinin destruktiv siyasətinin bədəlini ödəməkdədir. Artıq erməni alimlər arasında belə qənaətə gələnlər vardır ki, Ermənistan dövlət kimi formalaşa bilməyib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Ermənistan Milli Konqresinin ikinci qurultayındakı çıxışı zamanı bununla bağlı deyib: "Nüfuzlu politoloqlar və iqtisadçılar, o cümlədən bizim həmvətənimiz Taron Açemyan Ermənistanı formalaşmayan dövlətlər sırasına daxil edirlər. Yəni Əfqanıstan, Somali, Liviya, Yəmən, Cənubi Sudan, İraq və digər oxşar ölkələrlə bir sıraya qoyurlar" (bax: "Мир, Примирение, Добрососедство": речь Левона Тер-Петросяна на съезде АНК / "Аравот", 17 dekabr 2016).

Üstəlik, L.Ter-Petrosyan hesab edir ki, Ermənistan üçün "tunelin sonunda işıq görünmür". Təbii ki, bu, erməni siyasətçisi üçün xeyli dərəcədə qeyri-adi bir fikirdir. Lakin keçmiş prezidentin gətirdiyi arqumentlər kifayət qədər tutarlıdır. Əvvəlcədən onu vurğulayaq ki, L.Ter-Petrosyanın Azərbaycan və Türkiyə ilə bağlı dediklərini öz vicdanının öhdəsinə buraxırıq. Çünki bu məsələdə o, digər erməni siyasətçilərdən fərqlənmir. Dediklərində sünilik çoxdur. Bizi daha çox onun Ermənistanla bağlı ifadə etdiyi həqiqətlər maraqlandırır.

L.Ter-Petrosyan bütövlükdə rəsmi İrəvanın bərbad xarici və daxili siyasət yeritdiyini etiraf edir. O, ölkənin bütün sahələrdə tənəzzülə uğradığını, bunun kökündə isə korrupsiyanın dayandığını söyləyib. Konkret olaraq Ermənistanın vəzifəli şəxsləri ölkəni soyur, hər şeyi oğurlayır və günlərini Afrikada vəhşi heyvanlar ovlamaqla keçirirlər.

Deməli, L.Ter-Petrosyanın fikrinə görə, Ermənistanda böhran sistem xarakteri daşıyır. Burada dövlət quruculuğu fəlsəfəsi kökündən yanlış prinsiplər əsasında qurulub. Keçən 18 il müddəti bunu təsdiq edir. Yəni L.Ter-Petrosyan 1998-ci ildə özünün istefasından sonrakı dövrü Ermənistan üçün tam fəlakətli mərhələ adlandırır. Siyasət, iqtisadiyyat, həyat tərzi, demoqrafiya, miqrasiya və başqa sahələrdə yalnız tənəzzül müşahidə edilib.

1998-ci ilə qədər rəsmi İrəvanın hansı müsbət işlər gördüyünü demək çətindir. Ancaq o zaman Ermənistan rəhbərliyi Azərbaycanla sülh sazişi imzalamaq məcburiyyətinə gəlmişdi ki, parlamentdə terror törədildi. Bununla da növbəti dəfə təsdiq olundu ki, münaqişənin həllini istəməyən Ermənistan hakimiyyətidir. L.Ter-Petrosyan bunu siyasi varisliyin pozulması adlandırır. Hər nə isə, aydındır ki, 1998-ci ildən bu yana Ermənistan rəhbərliyi ölkəni uçuruma aparmaqla məşğul olub.

Bunun müxtəlif aspektləri mövcuddur. Məsələn, demoqrafiya sahəsində ermənilər xeyli itkilər veriblər və bu proses davam edir. Keçmiş prezident etiraf edir ki, Ermənistanda əhalinin sayı azalıb. Ölkəni tərk edənlərin sayı ilbəil artır. Bu tendensiyanın dayana biləcəyinə dəlalət edən konkret heç bir fakt yoxdur. Əksinə, vəziyyət daha da ağırlaşır. Diasporun burada xilasedici rol oynaya biləcəyinin də üstündən L.Ter-Petrosyan xətt çəkir. O misal çəkərək göstərir ki, 1990-cı illərdəki üçillik müharibədə də diaspordan cəmi 12 nəfər iştirak edib. Qalanları sözdə hay-küylüdürlər, real olaraq isə bir iş görmək istəmirlər. Deməli, rəsmi İrəvanın diaspor ilə bağlı ifadə etdiyi ümidlər yalnız təbliğat üçündür.

 

Absurd "xalq-ordu" modeli: erməni siyasətçilərin xülyaları

 

Keçən müddətdə ermənilər tarixdən də lazımi ibrət götürə bilməyiblər. L.Ter-Petrosyan misal olaraq 1920-ci ildə Ermənistanın güclə kiçik bir ərazini saxlaya bildiyini göstərir. Müharibədə əsassız iddialarla çıxış etdiyindən, eyni zamanda, Türkiyə, Gürcüstan və Azərbaycana qarşı savaşdığından çox ərazilərdən çəkilməli olub. Təbii, biz yaxşı bilirik ki, həmin ərazilərdə heç zaman erməni dövləti olmayıb, lakin burada maraqlı olanı bir erməni siyasətçinin keçən əsrin başlanğıcından yanlış siyasi strategiya seçdiklərini açıq etiraf etməsidir. Məhz bu səbəbdən Ermənistanın başı fəlakətlərdən açılmır, açılmayacaq da. Ermənistanın dövlət kimi özünü təsdiq edə bilməməsi də bu səhv mövqedən qaynaqlanır. Bunu L.Ter-Petrosyanın özünün nə dərəcədə dərk etdiyini demək çətindir, lakin heç olmasa dilinə gətirir.

Bu kontekstdə onun rəsmi İrəvanın "xalq-ordu" modelindən danışmasının olduqca absurd bir şey olduğunu deməsi də maraqlıdır. Tarixdə bunun 3 nümunəsi olub. Çingiz xan imperiyası, İsveçrə və İsrail "xalq-ordu" modelini reallaşdırıblar. L.Ter-Petrosyan göstərir ki, monqolların imperiyası dağıldı, çünki tutduqları torpaqları saxlaya bilmədilər, İsveçrə son 200 ildə müharibə görmədi və onun bu modeli faktiki olaraq bir işə yaramadı, İsrail isə məcburən onu seçdi (bax: əvvəlki mənbəyə).

Konkret olaraq İsrailin ətrafında onunla müharibə edən dövlətlər vardı və Təl-Əviv özünü müdafiə etməli idi. Ermənistanla bağlı isə situasiya tamamilə fərqlidir. Birincisi, Ermənistanla heç kəs müharibəyə başlamayıb. Azərbaycana qarşı nə qədər haqsızlıq olsa da, o, "blokadadan başqa addım" atmayıb (bunu L.Ter-Petrosyan  da etiraf edir). İkincisi, Ermənistanın bütün xalqı orduya çevirə biləcək resursları yoxdur. O yoxsul və dilənçi bir dövlətdir, istehsalı sıfıra yaxındır və hazırda böhran içindədir. Seçki ərəfəsi verilən pafoslu vədlər isə boş sözlərdən başqa heç nəyi ifadə etmir.

Ermənistan özü işğala başlayıb və bütün problemləri bununla əlaqəli meydana gəlib. Ermənilərin demək istəmədikləri əsas həqiqət bundan ibarətdir. Həmin reallıqdan kənar necə siyasət qurmağa çalışsan da, sonu olmayacaq. Çünki başqasının torpağını zəbt edən Ermənistandır və oranı tərk etməlidir. L.Ter-Petrosyan da bu həqiqətin yarısını etiraf edir.

O çıxışında "Ermənistan və Qarabağın inkişafı" ifadəsini tez-tez işlədir, "Qarabağın ehtiyaclarının tam təmin edilməsi"ndən danışır. Bu həmin Petrosyandır ki, Xocalı soyqırımı ilə bağlı verilən suala Napoleonun sözləri ilə "müharibə müharibədir" deyə, cavab vermişdi. Yəni L.Ter-Petrosyanı qane etməyən Dağlıq Qarabağın işğalını rəsmi İrəvanın hüquqi olaraq dünyaya qəbul etdirə bilməməsidir. Onun iradları da bunun üzərində qurulub.

L.Ter-Petrosyan çıxış yolunu kompromisdə görməklə müəyyən dərəcədə doğru fikirləşir. O, Ermənistanın mümkün qədər az şey əldən verməklə zəbt etdiyi ərazilərin bir qismini özündə saxlamasını müdafiə edir. Başa düşür ki, boş-boşuna hay-küy salıb, özünü qalib kimi qələmə verməklə real heç nə əldə etmək olmaz. Bununla o, Ermənistanın himayədarlarının istədiyi ilə razılaşmağa üstünlük verdiyini dilə gətirir. Bu bağlılıqda Azərbaycan rəhbəri İlham Əliyevlə danışıqlar aparmağa hazır olduğunu nümayiş etdirir (əgər hakimiyyətə gətirilsə, çünki Ermənistan dövlət başçısını müstəqil seçə bilmir).

Bunların fonunda o, İlham Əliyevi rasional düşünən siyasətçi adlandırır. L.Ter-Petrosyan anlayır ki, Azərbaycan Prezidenti maksimum dərəcədə konstruktiv mövqedədir və bunu erməni siyasətçilər düzgün qiymətləndirməlidirlər. Bəli, bununla bir erməni siyasətçi, dolayı da olsa, İlham Əliyevin peşəkar və qətiyyətli siyasətçi kimi tutduğu mövqeyi ilə hesablaşmalı olduqlarını etiraf edir. L.Ter-Petrosyan Ermənistandan fərqli olaraq Azərbaycanda siyasi varisliyin saxlanmasının çox müsbət nəticələr verdiyini dilə gətirir.

Ancaq L.Ter-Petrosyan müharibə başlasa, Azərbaycanın yeni ərazilər itirəcəyini deməklə, böyük yalan danışır. Özünün də etiraf etdiyi kimi, aprel müharibəsindən sonra Ermənistan çox çətin vəziyyətə düşüb. Çünki həmin müharibə göstərib ki, Azərbaycan çox güclü orduya malikdir və istənilən təcavüzü dəf etməyə hazırdır. Ermənistan ordusunu da sürətlə məğlub edə bilər.

Levon Ter-Petrosyanın etirafları Ermənistanın siyasi səhnəsində müəyyən dəyişikliklərin baş verməsi əlaməti sayıla bilər. Görünür, ermənilər tədricən anlayırlar ki, Azərbaycanın sürətli inkişafının qarşısında dayana bilməyəcəklər, buna görə də nəyi isə xilas etməyə çalışırlar. Bacaracaqlarmı?

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında