Bu il Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü qeyd olunur. Ötən iyirmi beş ildə Azərbaycan dövləti möhkəm, demokratik əsaslar üzərində təşəkkül tapıb. Milli dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib, ölkə iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrilib. Bu illər ərzində Azərbaycan milli-mənəvi dəyərlərini qorumaqla beynəlxalq aləmə sürətlə inteqrasiya edib, ölkədə sabit iqtisadi, siyasi və mədəni inkişaf tendensiyası bərqərar olub.
Əlbəttə ki, Azərbaycan tarixinin bu şərəfli və qürurlu mərhələsi ümummilli lider Heydər Əliyevin adı və misilsiz fəaliyyəti ilə birbaşa bağlıdır. Məhz ulu öndər keşməkeşli bir dövrdə Azərbaycanı qorudu, soydaşlarımızı birləşdirdi. Müstəqilliyimizin ötən dövrü diasporumuzun fəaliyyətinin güclənərək öz inkişafının yeni mərhələsinə qədəm qoyması ilə də əlamətdardır.
AZƏRTAC müstəqillik illərində Azərbaycan diasporunun formalaşması, təşkilatlanması və inkişafı ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun qeydlərini təqdim edir:
– Dövlət müstəqilliyimizin bərpasının ilk illəri iqtisadi tənəzzül, erməni işğalı, digər daxili və xarici təsirlərlə müşayiət olunurdu, ölkə xaos içərisində idi, erməni işğalına qarşı mütəşəkkil mübarizə aparılmırdı. Faktiki olaraq işğala məruz qalan Azərbaycan haqq səsini beynəlxalq arenaya çıxara bilmirdi, ermənilərin yaratdığı informasiya blokadası həlqəsində sıxılaraq çıxılmaz vəziyyətdə qalmışdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkədə bütün sahələrdə ciddi dönüş baş verdi.
İqtisadi-sosial islahatların uzunmüddətli proqramı hazırlandı və mərhələli olaraq həyata keçirilməyə başlanıldı. Azərbaycanın müstəqilliyinin qorunmasına hədəflənən neft strategiyası quruldu və az bir vaxtda bu strategiya ölkəyə beynəlxalq nüfuz gətirən inkişafa şərait yaratdı. Uzaqgörən xarici siyasət kursu ölkənin haqq səsinin də eşidilməsinə imkanı verən beynəlxalq auditoriyanın qazanılmasına səbəb oldu. Bir sözlə, ümummilli liderin apardığı məqsədyönlü siyasət nəticəsində siyasi və iqtisadi tərəqqi başladı, ölkə tənəzzüldən çıxaraq inkişafa qədəm qoydu.
Bu inkişaf həm də Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə şərait yaratdı. Əldə edilmiş nailiyyətlər, eyni zamanda, dünya azərbaycanlıları arasında həmrəyliyin güclənməsinə, ölkəmizin milli maraqları ətrafında sıx birləşmələrinə təkan verdi.
Soydaşlarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində ümummilli liderin atdığı mühüm addımlar tədricən nəticəsini verməyə başladı və 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi kimi tarixi hadisə baş verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəldi, qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yolları birgə müzakirə edildi. Ulu öndər Heydər Əliyevin diaspor quruculuğu sahəsində ardıcıl olaraq həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan diasporunun tarixində yeni bir mərhələ başladı.
Növbəti qurultay Prezident İlham Əliyevin sərəncamı ilə 2006-cı ilin martında keçirildi. Bu qurultay da mühüm hadisəyə çevrildi və diasporumuz qarşısında yeni vəzifələr müəyyən etdi. Qeyd etmək lazımdır ki, cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin siyasi xəttini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında əhalinin sosial rifahının yüksəldilməsinə, ölkənin davamlı inkişaf modelinin hazırlanmasına nail olundu, insan hüquq və azadlıqlarının qorunması, vətəndaş həmrəyliyinin yaradılması, milli təhlükəsizlik və sabitliyin təmin olunması, dünya birliyinə inteqrasiya sahəsində inanılmaz nailiyyətlərə imza atıldı. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrildi. Bu gün bütün dünya ölkəmizi mədəniyyətlərarası və sivilizasiyalararası dialoq mərkəzlərindən biri kimi tanıyır. Bütün bunlar xaricdə yaşayan soydaşlarımızın fəallaşması və təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsi müşayiət olunur.
2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilib, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma erməni soyqırımı iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapıb.
Bu dövr ərzində Azərbaycanın strateji müttəfiqi olan Türkiyə ilə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi də xüsusi diqqət mərkəzində olub. 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və Türk Diaspor Təşkilatlarının I Forumunun keçirilməsi, noyabr ayında türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarının təşkili birgə əməkdaşlıq sahəsində yeni imkanlar açıb. Qeyd edək ki, I Forum Azərbaycan ilə Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafı, diaspor quruculuğu sahəsində əməkdaşlığın dərinləşdirilməsi, türkdilli xalqların tarixi, diaspor təşkilatlarının fəaliyyətinin səmərəliliyinin artırılması baxımından mühüm əhəmiyyət kəsb edib. Forumda aparılan müzakirələrin nəticəsi olaraq “Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyət strategiyası” qəbul olunub.
2013-cü ilin yanvarında Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin diaspor məsələlərinə cavabdeh dövlət qurumlarının rəhbərlərinin I toplantısı, iyun ayında isə şuraya üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci forumu keçirilib. Bir neçə ölkədə türkdilli ölkələrin koordinasiya mərkəzlərinin açılması bu sahədə görülən işlər sırasındadır. Hazırda belə koordinasiya mərkəzlərinin sayının artırılması istiqamətində işlər davam etdirilir.
Qazanılmış uğurlar sırasında lobbiçilik fəaliyyətində əldə olunan nailiyyətləri xüsusi qeyd etmək lazımdır. Artıq dörd ildir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin yaxından dəstəyi ilə Azərbaycanın dahi şairi Nizami Gəncəvinin irsinin qorunmasında və təbliğində mühüm rol oynamaqla yanaşı, ölkəmizin beynəlxalq aləmdə tanınmasına öz töhfələrini verən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı forumları keçirilir. Qlobal Bakı Forumu regionda keçirilən ən əhəmiyyətli beynəlxalq tədbirlərdən biridir və Azərbaycanın ictimai-siyasi həyatında çox əhəmiyyətli hadisədir. Forumun işində bir çox nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər və onların əksəriyyəti müasir dünya siyasətinin yönləndirilməsində, bir çox regional proseslərin qiymətləndirilməsində rolu olan şəxslərdir. Bu insanlar öz nüfuzundan istifadə edərək beynəlxalq dairələrdə Azərbaycanın mənafeyini qoruyan, Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilən ictimai-siyasi xadimlərdir. Bu mənada hesab etmək olar ki, bu Forum Azərbaycanın təbliği və ölkəmizə yeni dostlar qazandırmaqda, lobbi quruculuğunda əhəmiyyətli rola malikdir.
Bu ilin iyun ayında keçirilmiş Dünya Azərbaycanlılarının IV Qurultayı bu birlik və həmrəyliyin parlaq ifadəsi olmaqla yanaşı, həm də milli həmrəyliyimizin banisi ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarının uğurla gerçəkləşdirildiyinin bariz nümunəsidir. Qurultay azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini təsdiqləməklə bərabər, diaspor və lobbi quruculuğu siyasətinin ardıcıl xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini nümayiş etdirdi.
Bu qurultay tarixi məzmunu və ictimai əhəmiyyətinə görə bir çox cəhətləri ilə seçilir. Qurultayda çıxış edən dövlətimizin başçısı İlham Əliyev müasir dünyanın informasiya məkanına çıxmaq kimi yeni strateji xətt müəyyənləşdirdi. Qarşıya qoyulan hədəflər sırasında Azərbaycan diasporunun azərbaycançılıq ideyalarını unutmadan yaşadığı ölkələrdə mövqelərinin gücləndirilməsi, həmin ölkələrin ictimai, siyasi, iqtisadi həyatındakı rolunun daha da artırılması, müxtəlif dövlət və qanunvericilik orqanlarında təmsil olunması, xüsusilə də xarici kütləvi informasiya vasitələrinə çıxışı lazımi səviyyədə təmin etməsi kimi vacib məsələlər var.
Digər bir əsas məqam dünyada yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin kəsilməməsi, müstəqil Azərbaycan Respublikasının ətrafında daha sıx birləşməsidir ki, biz bu birliyin son illər daha da gücləndiyinin şahidi oluruq. Artıq cəsarətlə demək olar ki, Prezident İlham Əliyevin Azərbaycan dövlətini inkişafına nail olmaq, onun müstəqilliyini qorumaq naminə böyük güclərin qarşısına çıxdığını görən dünya azərbaycanlıları Azərbaycan dövləti və bu dövlətin başçısı ilə fəxr edirlər.
Dünya Azərbaycanlılarının IV Qurultayında ənənəvi olaraq Azərbaycan Respublikasının Prezidentinə müraciət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara, xarici ölkələrin hökumət rəhbərlərinə və parlamentlərinə, həmçinin dünya azərbaycanlılarına müraciətlər qəbul edildi. Bundan başqa, Dünya Azərbaycanlılarının IV Qurultayının Ermənistanda yerləşən “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin qlobal təhlükə mənbəyi olması ilə bağlı BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə, Avropa İttifaqına və dünya ictimaiyyətinə də müraciəti qəbul olundu.
Azərbaycan diasporunun məqsəd və vəzifələrinin əsas hədəfi əlbəttə ki, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsinə və azərbaycanlıların tarix boyunca erməni təcavüzünə məruz qalmasına ədalətli beynəlxalq qiymətin verilməsinə hesablanıb. Hədəflərimizə çatmaq üçün isə ardıcıl olaraq ermənilərin Qarabağ müharibəsində törətdiyi vəhşiliklərin, xüsusən Xocalı soyqırımının və əsrlərdir erməni millətçilərinin apardığı etnik təmizləmə siyasətinin mahiyyətini dünya ictimaiyyətinə çatdırmağa çalışırıq. Bu baxımdan Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoş-məramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, ilk növbədə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər örnək sayıla bilər. Müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günlərində ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti və adət-ənənələrimiz haqqında ətraflı məlumat verilir. Mehriban Əliyevanın təşəbbüsü ilə dünyada Azərbaycanın müsbət imicinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət kəsb edir. Qarabağın tarixi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri soyqırımı mövzusunda kitablar demək olar ki, dünyanın bir çox dillərinə tərcümə olunub. Bundan başqa, Xocalı soyqırımına həsr olunmuş film bir neçə dildə səsləndirilib. Dünyanın bir çox ölkələrində fondun dəstəyi ilə Xocalı soyqırımının ildönümündə böyük tədbirlər keçirilir. Xocalı soyqırımını əks etdirə foto və “Xocalı uşaqların gözü ilə” adlı rəsm sərgiləri təşkil olunur.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu sahədə görülən işlərin miqyasını daha da genişləndirib. Bunun nəticəsi olaraq Xocalı soyqırımını tanıyan ölkələrin, nüfuzlu beynəlxalq təşkilatların sayı da artır.
Qarşımızda duran mühüm vəzifələrdən biri də Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyətinə nail olmaqdır. Artıq bu istiqamətdə geniş iş aparılır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Milli Elmlər Akademiyasının akademiki Ramiz Mehdiyevin “Azərbaycan diasporu: Müasir çağırışlar və sistemli fəaliyyətin təşkili” adlı məqaləsində qeyd olunduğu kimi: “Türkiyə diasporu ictimai-siyasi aksiyaların, mədəniyyət və matəm tədbirlərinin, məsələn, Xocalıda azərbaycanlıların soyqırımına həsr olunmuş tədbirlərin keçirilməsində bizimlə daim birlik nümayiş etdirir, bizə dəstək göstərir və iştirak edir, bizim diasporumuz isə onları Türkiyə hökumətinə siyasi təzyiq vasitəsi kimi istifadə olunan qondarma “erməni soyqırımı”nın süni şişirdilməsinə qarşı mübarizədə dəstəkləyir”.
Bu gün Azərbaycan dövləti düşünülmüş strategiyaya əsaslanan vahid bir xətt üzrə idarə olunur. Xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin genişləndirilməsi, onların işinin koordinasiya olunması və ümumən diaspor işinin təşkili də dövlət siyasətinin tərkib hissəsidir və bu istiqamətdə bütün işlər xüsusi fəaliyyət planlarına və proqramlara əsaslanır. Bu gün istər xarici ölkələrdə yaşayan, istərsə də Azərbaycandakı soydaşlarımızın qarşısında dəqiq müəyyən edilmiş vəzifələr var. Bu baxımdan, tam əminliklə söyləmək olar ki, Dünya Azərbaycanlılarının IV Qurultayının müəyyən etdiyi hədəflərə də qısa müddətdə çata biləcəyik.
İnanırıq ki, yaşadığı yerdən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin və Prezidentimizin müəyyən etdiyi yolda inamla addımlayacaq və Azərbaycan diasporunun fəaliyyəti daha sürətlə canlanacaq. Bunu zaman tələb edir, xalqımızın və dövlətimizin maraqları tələb edir. Bu, eyni zamanda, dövlətimizin başçısının, sayı 50 milyona çatan dünya azərbaycanlılarının liderinin tövsiyəsidir.
Nazim İBRAHİMOV,
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.