Müasir Azərbaycan dövlətçiliyinin gücləndirilməsində və sosial-iqtisadi inkişafında böyük nailiyyətlərə imza atmış İlham Əliyev bütün dünyada şəxsi keyfiyyətləri, siyasi uzaqgörənliyi və zəngin dünyagörüşü, eləcə də mükəmməl idarəçilik qabiliyyəti sayəsində cəmiyyətin ən geniş zümrələrini ətrafında birləşdirmiş və xalqı arxasınca aparmağı bacaran şəxsiyyət və siyasi lider kimi tanınır. Yaxın tariximiz bir daha təsdiqləyir ki, Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin inkişaf kursunu uğurla davam etdirən İlham Əliyevə etimad göstərməkdə doğru addım atmış və “Odlar yurdu”nun hərtərəfli tərəqqəsində dövlət başçısının misilsiz fəaliyyətinə bundan sonra da dəstək verəcək.
Son 13 ildə Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan siyasi və iqtisadi cəhətdən xeyli inkişaf etmiş, beynəlxalq aləmdə ölkəmizin mövqeləri güclənmişdir. Dövlət başçısının müasir dünya reallıqlarını düzgün qiymətləndirməsi, qlobal proseslərə xalqın mənafeyinə uyğun nüfuz etmək bacarığı və Azərbaycanı qısa zaman ərzində güclü dövlətə çevirməsi onun ciddi siyasi liderlik keyfiyyətlərindən xəbər verir. Bu gün heç kimə sirr deyil ki, İlham Əliyevin prezidentlik dövrü Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə xarakterizə olunur. Dövlət başçısının ötən müddətdə iqtisadi siyasətinin əsas qayəsini qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla həyata keçirilməsi, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, həmçinin, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin yüksəldilməsi, regionların davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi təşkil etmişdir. Demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi-siyasi mühitin, habelə ölkə-də güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və digər mühüm məsələlər də Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzində olmuşdur.
Praqmatik siyasət həyata keçirmək qabiliyyətilə ümumi ideya və məqsəd ətrafında azərbaycanlıları birləşdirməyi bacarmış cənab İlham Əliyev dövlətçilik, vətənpərvərlik, ənənələrə bağlılıq kimi mühüm prinsiplərin əsas təminatçısı kimi çıxış edir. Bu prinsiplərə daim əməl edən Prezident İlham Əliyev fəaliyyəti ilə ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu göstərməklə yanaşı, sürətlə dəyişən geosiyasi reallıqlar şəraitində Azərbaycanın milli maraqlarını təmin etmək bacarığı ilə özünün güclü siyasi lider olduğunu təsdiqləmişdir. Bu bir həqiqətdir ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olmuşdur. 2009-cu il iyulun 12-də Kral Beynəlxalq Münasibətlər İnstitutunda (London) keçirilən görüşdə cənab İlham Əliyev prezidentliyi barədə belə demişdi: “Atamın başladığı bütün işlərin uğurla davam etməsindən qürur hissi keçirirəm. Bu, böyük məsuliyyətdir. Atamın oğlu kimi mən hər zaman bu məsuliyyəti dərk edirəm və 2003-cü ildə mənə etimad göstərən şəxsləri məyus etmərəm”. Ötən illərin nəticəsi isbatladı ki, məhz Prezident İlham Əliyevin liderlik keyfiyyətləri, siyasi iradəsi və uzaqgörənliyi sayəsində ulu öndərin canından çox sevdiyi Azərbaycanda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsinə istiqamətlənmiş uğurlu fəaliyyətin nəticələri səmərəli olmuşdur. Müasir və dinamik inkişaf edən cəmiyyətdə lider obrazının ən vacib keyfiyyətlərini özündə birləşdirməklə cənab İlham Əliyev xarizmatik lider kimi siyasi nüfuzundan və təsir imkanlarından uğurla faydalanaraq, sosial-iqtisadi inkişafın təminatına yönəlmiş fəaliyyəti və bacarıqları, natiqlik və ünsiyyətcillik məharətilə də daim öndədir.
Böyük Britaniyanın görkəmli dövlət xadimi Uinston Çörçill deyirdi ki, böyük insan görüşdüyü hər bir insana unudulmaz təsir bağışlamaq qabiliyyətinə malikdir. Cənab İlham Əliyev belə şəxsiyyətlərdəndir, ünsiyyət saxladığı və görüşdüyü hər bir insanda güclü təəssürat oyadır. Bununla bağlı, akademik Ramiz Mehdiyev yazır: “İlham Əliyevin dövlətlə, dövlətin inkişafı ilə bağlı baxışları məlumdur. Onun bütün başlıca arzu və istəkləri Azərbaycan dövlətini modernləşdirmək və ölkəni dünya miqyaslı mühüm qərarlar qəbul edən say-seçmə ölkələr birliyinə daxil etməkdir. O, fəaliyyətində ardıcıl və praqmatikdir, rasional və səmimidir. Onu fərqləndirən cəhət budur ki, o, fəaliyyət dairəsi məhdud olan məmur deyil, əksinə, geniş baxışlara malik siyasətçidir. Onun üstünlüyü bundadır. Azərbaycana məhz belə siyasətçi gərəkdir”. Rusiya siyasətçisi Sergey Mironov 2007-ci il martın 28-də Azərbaycana səfəri zamanı İlham Əliyevi Prezident, tərəfdaş və insan kimi necə səciyyələndirməsi barədə suala cavabında belə demişdi:
“İlham Heydər oğlu güclü siyasətçi, öz ölkəsinin əsl vətənpərvəridir. Onun dərin biliyi, nüfuzu, çox mürəkkəb vəziyyətlərdən çıxış yolu tapmaq bacarığı yalnız rəğbət və mən deyərdim ki, hətta heyranlıq doğurur”. Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə Azərbaycanın düzgün yolda olduğunu bildirməklə əlavə etmişdi ki, Prezident İlham Əliyev çox savadlı və müdrik adamdır: “Onun qəlbi Azərbaycanın mənafeləri ilə döyünür. Mənim fikrimcə, İlham Əliyev və onun siyasəti Azərbaycanı düzgün istiqamətdə irəli aparır. O, enerjili, təşəbbüskar və uzaqgörən adamdır. Buna görə də düşünürəm ki, həmin keyfiyyətlərin bir şəxsdə cəmləşməsi Azərbaycanın parlaq gələcəyinə təminat verir”.
Azərbaycanın sürətli və ardıcıl inkişafına təkan verən sosial-iqtisadi islahatlar böyük uzaqgörənliklə hazırlanmış inkişaf strategiyasının uğurlu tətbiqinin praktik nəticələridir. Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən islahatlar Azərbaycanın qarşısında böyük imkanlar açır. Bu gün Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması bir daha təsdiqləyir ki, Azərbaycan doğru yoldadır və Prezident İlham Əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir. Ötən illərin nəticələri və yekunları bir daha sübut edir ki, dövlət başçısının rəhbərliyi ilə reallaşdırılan inkişaf strategiyası hər bir sahənin paralel inkişafını ən yüksək səviyyədə təmin etmişdir və bu tendensiya dönməz xarakter almışdır. Sosial siyasətin aktual tələbatlara və müasir reallıqlara adekvat olaraq uğurla həyata keçirilməsi vətəndaşların maddi rifah halının daha da yaxşılaşdırılmasına, sosial müdafiə və təminat sisteminin gücləndirilməsinə, sosialyönümlü iqtisadiyyatın inkişaf etdirilməsinə, məşğulluq səviyyəsinin ardıcıl olaraq yüksəldilməsinə, əhalinin sosial şəraitinin yaxşılaşdırılmasına, sosial tələbatlar və ehtiyacların yüksək səviyyədə ödənilməsinə gətirib çıxarmışdır. Mütəxəssislər vurğulayırlar ki, dövlət başçısının sosial siyasətinin əsas komponenti olan iqtisadi inkişafın təmin ediməsi bütövlükdə sosial-iqtisadi tərəqqinin sürətlənməsini şərtləndirən amil olmuşdur. Belə ki, sərmayə qoyuluşunun daim artırılması, sahibkarlığın və özəl sektorun inkişafına əlverişli şəraitin yaradılması, sənaye istehsalına və qeyri-neft sektoruna xüsusi diqqətin göstərilməsi kimi amillər iqtisadi inkişafa xüsusi təkan vermişdir. Məhz bunun qanunauyğun nəticəsidir ki, yüksək iqtisadi inkişaf digər sahələrin də paralel surətdə tərəqqisini təmin etmişdir.
Cənab İlham Əliyev ədalətli liderdir. O, həyatda bütün proseslərin ədalət əsasında qurulmalı olduğunu bildirir: “Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə, cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda, həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır”. Ədalətli cəmiyyət isə ədalətli məhkəmə-hüquq sisteminin olmasını şərtləndirir. Prezident İlham Əliyev bəyanatlarında Azərbaycanda məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi prosesinin uğurla getdiyini açıqlamışdır. Bu sahədə aparılan islahatların, əldə edilmiş nailiyyətlərin Azərbaycanda məhkəmə-hüquq sisteminin möhkəmlənməsinə, şəffaflığın artırılmasına gətirib çıxartdığını bildirmişdir. Prezident əmindir ki, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir: “Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır”. Görülən tədbirlər və gələcəkdə aparılacaq islahatlar nəticəsində məhkəmə sistemində şəffaflığın maksimum dərəcədə artırılacağına əminlik yüksəkdir. Son vaxtlar hüquqi dövlət quruculuğu sahəsində qəbul edilmiş qərarlar, xüsusilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması şəffaflığın təmin olunmasında, həmçinin bürokratik əngəllərin aradan qaldırılmasında mühüm rol oynayacaq: “Bir sözlə, məhkəmə sistemini daha da müasir və daha da böyük inama malik olan sistemə çevirəcək”.
Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən strateji kurs daxili ictimai-siyasi sabitliyi və tərəqqini də ən yüksək səviyyədə təmin etmişdir. Mütəxəssislər bildirirlər ki, Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyin əsaslarını cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu islahatlar və tətbiq edilən yeniliklər, inkişaf modelləri təşkil edir. Qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaşların siyasi həyatda iştirakına maksimum şəraitin yaradılması, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə təmin edilməsi, sosial-siyasi təsisatların legitimləşdirilməsi kimi mühüm göstəricilər və nəticələr deyilənləri bir daha təsdiqləyir. Bununla yanaşı, demokratik seçki ənənəsinin yeni keyfiyyətdə davam etdirilməsi, siyasi plüralizmin ən yüksək səviyyədə təmin olunması bütövlükdə ictimai-siyasi sabitliyi və inkişafı təmin etmişdir. Bütün bunlar isə insan hüquq və azadlıqlarının əhatə dairəsinin genişlənməsinə, sosial-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına da xüsusi töhfələr vermişdir.
Sosial-iqtisadi və siyasi-hüquqi müstəvidə həyati önəm kəsb edən strateji tədbirlərin uğurla həyata keçirilməsi ümummilli inkişafa xüsusi töhfələr verməklə yanaşı, Azərbaycanın güclü dövlət imicinin güclənməsinə şərait yaratmışdır. Prezident İlham Əliyev də çıxışlarında əsas məqsədinin Azərbaycanı daha da güclü dövlətə çevirməkdən, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaqdan ibarət olduğunu dəfələrlə vurğulamışdır. Buna görə də, respublikamızın son illərdə qazandığı nailiyyətlər, ilk növbədə, hüquqi islahatların düzgün istiqamətləndirilməsi və səmərəli həyata keçirilməsi ilə sıx bağlıdır. Azərbaycan dövləti tərəfindən islahatlar, o cümlədən, hüquqi islahatlar hazırda da davam etdirilir. Ölkə başçısının rəhbərliyi altında son illərdə aparılan məhkəmə-hüquq islahatları, yeni təsisatların yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi vətəndaş cəmiyyətinin inkişafını təmin edən tədbirlərdir. Ümumiyyətlə, vətəndaş cəmiyyətinin daimi və mütərəqqi inkişafını təmin etmək üçün hüquqi islahatlar mütəmadi davam etdirilmişdir. Cənab İlham Əliyev beynəlxalq hüquq normalarının üstünlüyü prinsipini yüksək qiymətləndirərək milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində geniş islahatların həyata keçirilməsinə nail olmuşdur.
Xarici siyasət hər bir dövlətin beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli münasibətlərin gücləndirilməsinə, mövcud problemlərin həllinə yönəlir. Dövlətçiliyin, müstəqilliyin qorunması, milli təhlükəsizliyin təmin olunması xarici siyasətdə mühüm istiqamətlər kimi nəzərdən keçirilir. Azərbaycanın milli və dövlətçilik baxımından maraqlarına yüksək səviyyədə cavab verən xarici siyasət strategiyasının əsas istiqamətlərini ulu öndər Heydər Əliyev müəyyənləşdirmişdir. Bu kursun əsas vəzifəsi dövlət müstəqilliyimizi qorumaq və möhkəmləndirmək, ölkənin təhlükəsizliyini, milli dövlətçilik hüquqlarını təmin etmək və beynəlxalq təhlükəsizlik sistemi ilə bağlamaqdan ibarətdir. Bu prioritetlər bu gün də Azərbaycanın xarici siyasət kursunun əsas vəzifələrindən birini təşkil edir. Cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət məhz bu əsaslar üzərində qurulmuş, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənmiş, bütün bunlar isə diplomatik reallıqlar fonunda respublikamızın imicini xeyli yüksəltmişdir. Prezident İlham Əliyevin praqmatik xarici siyasət strategiyasının qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc dairəsində sürətlə irəliləməkdədir. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilmişdir. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Bunu xatırlatmaq kifayətdir ki, Azərbaycanın iştirakı olmadan regionda hər hansı bir layihə reallaşdırılmır. Bütün həyata keçirilən strateji layihələrin əsas iştirakçıları arasında məhz Azərbaycan xüsusi yer tutur. Bundan başqa, məhz belə layihələr ölkəmizin milli maraqlarına adekvat olmaqla bərabər, Azərbaycanın suverenlik səviyyəsini, birbaşa olaraq hansısa subyektdən asılı olmadığını da təsdiq edir.
Xüsusi olaraq vurğulanmalıdır ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hazırda müstəqil dövlət kimi nüfuzlu beynəlxalq təşkilatlarda özünün maraq və mənafeyini maksimum dərəcədə təmin etmişdir. Azərbaycan tarazlaşdırılmış diplomatiya ilə dünyanın əsas güc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq, ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu tərəfdaşa çevrilmiş və dövlətlərarası əlaqələrdə qarşılıqlı hörmətə əsaslanan münasibətlər formalaşdırmağı bacarmışdır. Azərbaycan dövləti çoxşaxəli, balanslaşdırılmış xarici siyasət kursu həyata keçirərək beynəlxalq aləmə uğurla inteqrasiya olunmuş, region və dünya ölkələri ilə səmimi, qarşılıqlı hörmətə və əməkdaşlığa əsaslanan çoxtərəfli və ikitərəfli əlaqələr qurmuşdur. Güclü potensialımız beynəlxalq arenada tam müstəqil, milli maraqlara hesablanan xarici siyasət yürütməyimizə imkan verir. Azərbaycanın xarici siyasəti müəyyən olunmuş strategiya əsasında həyata keçirilir. Politoloqlar da xüsusilə vurğulayırlar ki, Azərbaycanın Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanan Prezident İlham Əliyev diplomatik fəaliyyəti sayəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirməyi bacarmış və siyasi-iqtisadi sabitliyin möhkəmlənməsinə şərait yaratmışdır. Respublikada hökm sürən sabitliyin möhkəmlənməsini inkişaf üçün başlıca şərt hesab edən dövlət başçısı bu meyarın qorunmasını dövlət siyasətinin əsas prioritetlərindən biri kimi qarşıya məqsəd qoymuşdur. Dövlət başçısının dediyi kimi, “möhkəm təhlükəsizlik sistemi, ictimai-siyasi sabitlik olmadan heç bir ölkədə inkişaf mümkün deyil”. Buna görə də Prezident İlham Əliyev həmişə bu prinsipi tam yetkin formada möhkəmləndirərək Azərbaycanın regionda ən stabil dövlət olmasını isbatlamışdır.
Prezident İlham Əliyev Azərbaycanın hərtərəfli tərəqqisinə nail olmaq üçün tamamilə yeni strategiyanı, makroiqtisadi konsepsiyanı reallaşdırmağa nail olmuşdur. Həmin iqtisadi hədəflər "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda öz əksini tapmışdır. Dövlət başçısı bu proqramı gerçəkləşdirməklə bölgələrin inkişaf etməsinə impuls vermiş və bütün rayonlarda kompleks tədbirlərin həyata keçirilməsinə nail olmuşdur. Qeyd olunan sənədin uğurla icra olunması regionlardakı mövcud əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə və son nəticədə bütün rayonların simasının dəyişməsinə, bölgələr arasında iqtisadi tarazlığın bərpa olunmasına, rayonların sosial həyatında müşahidə olunan fərqin aradan qaldırılmasına, yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə, bütövlükdə isə bütün rayonların sosial həyatında ciddi dəyişikliklərə gətirib çıxarmışdır. Bu proqram regionların sosial-iqtisadi inkişafına yol açmaqla yanaşı, ümumilikdə, Azərbaycanın iqtisadi inkişafına təkan verərək makroiqtisadi sabitliyin möhkəmlənməsinə əsas yaratmışdır. Azərbaycanın müstəqil dövlət kimi beynəlxalq iqtisadi münasibətlər sisteminə qoşulması ilə ölkənin sosial-iqtisadi, siyasi və təhlükəsizlik məsələlərinin tənzimlənməsində də böyük nailiyyətlər əldə edilmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin əfsanədən reallığa çevrilməsi, Bakı-Tbilisi-Qars-Axalkalaki dəmir yolunun inşası, TANAP kimi böyük layihələrin həyata keçirilməsi Azərbaycanı beynəlxalq aləmdə diqqət mərkəzinə çıxarmışdır. Bu gün xarici mütəxəssislər də etiraf edirlər ki, dünyanın qüdrətli dövlətlərinin və iri şirkətlərinin də qoşulduğu bu layihələr ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Bununla yanaşı, ayrı-ayrı dövlətlərlə qarşılıqlı-faydalı əməkdaşlığa, iqtisadi, siyasi, sosial və mədəni həyatın bütün sahələrində əldə edilmiş beynəlxalq təcrübənin mənimsənilməsinə, qarşıya çıxan problemlərin aradan qaldırılması yönündə dövlətlərin səylərinin birləşdirilməsinə təkan verdi.
Rəsmi Bakının xarici siyasətinin əsas istiqamətlərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması ilə bağlıdır. Prezident İlham Əliyevin xarici ölkələrə səfərləri zamanı keçirdiyi görüşlər, Azərbaycana gəlmiş dövlət və hökumət başçıları, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə apardığı danışıqlarda bu məsələ daim diqqət mərkəzində olmuşdur. Bu da təbiidir, çünki cənab İlham Əliyevin dediyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regional təhlükəsizliyə, sabitliyə böyük hədədir. Dövlətimizin başçısının praqmatik, qətiyyətli və hücum xarakterli diplomatik kursu təcavüzkar Ermənistanın beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunmasına, bir sıra beynəlxalq iqtisadi layihələrdən kənarda qalmasına gətirib çıxarmışdır. Bununla yanaşı, Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması xarici siyasətimiz qarşısında duran vəzifə və tapşırıqlar sırasında prioritet yer tutmaqla yanaşı, bu sahədə daim konstruktiv və praqmatik yanaşma nümayiş etdirilir. Ümumiyyətlə, qeyd olunmalıdır ki, Ermənistanın hərbi təcavüzü şəraitində təşəkkül tapan Azərbaycanın ümumi inkişaf və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarmışdır. Məhz Azərbaycan dövlətinin güclənməsi fonunda erməni lobbisinin ölkəmizə qarşı təxribatlarının qarşısının alınmasına və yalanların ifşasına başlanmışdır. Bundan başqa, aprel döyüşləri göstərdi ki, Azərbaycan torpaqlarını kiməsə bağışlamaq fikrində deyil. Prezident İlham Əliyevin dediyi kimi, “aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq”.
Bu gün Azərbaycanın qarşısında bir sıra yeni çağırışlar dayanır. Qlobal müstəvidə cərəyan edən siyasi və iqtisadi proseslər Azərbaycan hökumətinin də diqqət mərkəzindədir. Beynəlxalq aləmdə inkişaf edən mənfi siyasi və iqtisadi proseslərə baxmayaraq, Azərbaycan dövləti xalqın mənafeyinə uyğun qərarlar qəbul edir və davamlı inkişafa yeni nəfəs verəcək konsepsiyalar həyata keçirir. Xalqın mənafeyini həmişə uca tutan Prezident İlham Əliyevin rəhbərliyi altında reallaşdırılan layihə və konsepsiyaların hər bir vətəndaşın həyatına müsbət təsir göstərəcəyi şübhə doğurmur. Cənab Prezidentin Tarif Şurasına son tapşırığını buna misal göstərmək olar. Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş iclasında təbii qaz və elektrik enerjisi tariflərinə baxılmış və ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilmişdir. Şuranın qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə bir kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılmışdır. Cənab İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Şuranın iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak limiti 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının limiti isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılmışdır. Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.
Bu addım bir daha təsdiqləyir ki, dövlət başçısı həmişə xalqın yanındadır və xalqın daha rahat yaşaması haqqında düşünür.
Prezident İlham Əliyevin dediyi kimi, görülən bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin. Xalq əmindir ki, liderinin rəhbərliyi altında Azərbaycan daha da inkişaf edəcək və beynəlxalq aləmdə öz layiqli mövqelərini bundan sonra da gücləndirəcək.
Səbuhi MƏMMƏDOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.