Dünya azərbaycanlılarının Azərbaycan Respublikası ilə, xalqımızın yeganə milli dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, bu əlaqələrin hüquqi və mədəni-mənəvi əsaslarının gücləndirilməsi qarşımızda duran mühüm vəzifələrdən biridir. Hər bir azərbaycanlı dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, Azərbaycan dövlətinin, xalqının problemləri ilə yaşamalı, onların həlli üçün əlindən gələni etməlidir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Yola salmağa hazırlaşdığımız 2016-cı il dünya miqyasında yaddaşlarda ağır illərdən biri kimi qalacaq. Qlobal iqtisadi böhranın davam etdiyi bu ildə dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar çoxalmış, müharibələr bir az da alovlanmış, təhdidlər artmış, miqrant böhranı daha da dərinləşmişdir. Bütün bunların fonunda Azərbaycan beynəlxalq aləmdə ictimai-siyasi sabitliyin davamlılığı və inkişaf dinamikasını qoruyub saxlaması ilə fərqlənmişdir. Ötən illərlə müqayisədə ölkəmizdə baş verən reallıqlar haqqında dünya birliyi daha mükəmməl məlumatlandırılmışdır. Bu işdə dövlət başçımızın rəhbərliyi altında həyata keçirilən strategiya mühüm rol oynamışdır. Bununla yanaşı, dünyada yaşayan soydaşlarımızın sıx həmrəyliyi, diaspor təşkilatlarının əlaqəli fəaliyyəti və bu istiqamətdə atılan qətiyyətli addımlar da xüsusi qeyd olunmalıdır.
Dünya azərbaycanlılarının həmrəyliyi, diasporla iş sahəsində dövlət siyasətinin prioriteti, həmçinin Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi, ölkəmiz haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırılması erməni lobbisinin antiazərbaycan siyasətini alt-üst etmişdir.Bu istiqamətdə həyata keçirilən siyasi xəttin əsas qayəsini Azərbaycan dövlətçiliyi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmət, Azərbaycan xalqına mənsubluq, Vətənə bağlılıq hissi və ideyaları təşkil edir.
Son illər baş verən hadisələr də təsdiqləyir ki, diaspor quruculuğu daimi fəallıq və zəhmət tələb edən uzunmüddətli prosesdir. Bu istiqamətdə real və düşünülmüş addım ulu öndər Heydər Əliyevin yenidən respublikaya rəhbərlik etdiyi dövrə düşür. Dünyada yaşayan azərbaycanlılar arasında azərbaycançılıq ideyasının yayılması, ana dilinin, zəngin mədəniyyətimizin, milliliyi ilə seçilən adət-ənənələrimizin, qədim tariximizin yaşadılması və inkişaf etdirilməsi ümummilli lider Heydər Əliyevin qarşıya qoyduğu əsas vəzifələrdən idi. Bu, bir faktdır ki, dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin sıx vəhdəti ulu öndərin rəhbərliyi ilə müstəqil dövlət quruculuğu dövründə mümkün olmuşdur. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olarkən, dekabrın 31-ni dünya azərbaycanlılarının həmrəylik və milli birlik bayramı elan edilmişdir. Sonra isə həmin gün bütün Azərbaycan xalqının, dünya azərbaycanlılarının milli bayramına çevrilmişdir. Məhz ulu öndərin müstəqil Azərbaycana rəhbərliyə qayıdışından sonra dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın milli birlik və həmrəyliyi daha da gücləndirilmiş, onların azərbaycançılıq ideyası, milli dövlətçilik ətrafında sıx birləşməsi, Azərbaycan həqiqətlərinin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması üçün ardıcıl və məqsədyönlü fəaliyyət göstərilmişdir.
Artıq 1993-cü ilin ortalarından başlayaraq, Azərbaycan rəhbərliyi xarici ölkələrdə yaşayan azərbaycanlıların həyatına və fəaliyyətinə böyük diqqət və qayğı ilə yanaşmış, diaspor nümayəndələrinə öz fəaliyyətini genişləndirmək və əlaqələrini möhkəmləndirmək üçün hər cür dəstək göstərilmiş, yaşadıqları ölkələrdə onların təşkilatlanması, özlərini inamlı hiss etmələri, cəmiyyətdə müvafiq mövqelər tutması, habelə tarixi Vətənin maraqlarına xidmət etməyi unutmaması üçün müvafiq addımlar atılmışdır. Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı orada yaşayan və fəaliyyət göstərən soydaşlarımızla, diaspor nümayəndələri ilə görüşməyi vacib vəzifə kimi qarşıya qoymuşdur.
Ulu öndər diaspor quruculuğu istiqamətində fəaliyyətini ildən-ilə daha da gücləndirmiş, xarici ölkələrdə yaşayan həmvətənlərimizin bir-birlərini yaxından tanımaları, bir bayraq altında fəaliyyət göstərmələri üçün bütün imkanlardan istifadə etmişdir. Bütün bunlar 2001-ci ildə özünü daha açıq şəkildə büruzə vermişdir. Bu, həm də Azərbaycan diasporunun təşkili işində növbəti mühüm mərhələ kimi də dəyərləndirilir. Həmin il müasir müstəqil Azərbaycanın banisi Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Ulu öndərin qurultaydakı nitqi diaspor təşkilatlarının fəaliyyət proqramını, habelə Azərbaycanın ictimai və dövlət təsisatlarının diasporla sıx əlaqələrinin qurulmasına dair vəzifələrini müəyyən etmişdir. Ümummilli lider demişdir: “Hər bir millət, hər bir xalq yalnız öz doğma torpağı çərçivəsində, milli məhdudiyyət şəraitində yaşaya bilməz. Bizim hamımızı, azərbaycanlıları birləşdirən milli mənsubiyyətimizdir, tarixi köklərimizdir, milli-mənəvi dəyərlərimizdir, milli mədəniyyətimizdir – ədəbiyyatımız, incəsənətimiz, musiqimiz, şeirlərimiz, mahnılarımızdır, xalqımıza mənsub olan adət-ənənələrdir. İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq, gərək öz milliliyini qoruyub saxlasın”.
Heydər Əliyevin təşəbbüsü və sərəncamı ilə Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I Qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultay nümayəndələrinin çoxsaylı təkliflərini nəzərə alan ümummilli lider 2002-ci il iyulun 5-də diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini , dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təşkil etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması haqqında fərman imzalamışdır. Bununla da diaspor təşkilatlarının təşəkkülü və formalaşdırılması prosesi daha geniş vüsət almışdır.
Azərbaycan Prezidenti İlham Əliyev ulu öndər tərəfindən müəyyənləşdirilmiş siyasi xəttə sadiq qalaraq, dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi, güclü Azərbaycan diasporunun və lobbisinin yaradılması məsələlərinə xüsusi diqqət yetirmiş və bu sahəni dövlət siyasətinin prioritetinə çevirmişdir. Respublikamızın rəhbərinin 8 fevral 2006-cı il tarixli sərəncamı ilə martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinə yeni nəfəs verməklə ölkəmizin siyasi həyatında ən əlamətdar hadisələrdən biri kimi mühüm aktuallıq kəsb etmişdir. Bu prosesin daha da təkmilləşdirilməsi və inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlərin keçirilməsi bu gün də uğurla davam etdirilir. Dövlətimizin başçısının xarici ölkələrə səfərləri zamanı disporlarımızın nümayəndələri ilə keçirdiyi çoxsaylı görüşlərdə, həmçinin azərbaycanlı icmaların təşkil etdikləri forum və konfranslara ünvanladığı təbrik məktublarında öz əksini tapan fikirlər azərbaycançılıq ideyalarının davam etdirildiyini və uğurla həyata keçirildiyini təsdiq edir.
Son illər Azərbaycan dövlətinin diaspor quruculuğu sahəsində apardığı ardıcıl və məqəsədyönlü siyasətin nəticəsi olaraq dünyanın ayrı-ayrı ölkələrində yeni azərbaycanlı icmaları yaradılmışdır. Bunun nəticəsində xarici ölkələrdəki soydaşlarımızı birləşdirən qurumların sayı 462-yə çatmışdır. Halbuki, bir vaxtlar dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız fəaliyyət göstərirdi. Onların da əksəriyyəti bir-birini tanımır, əlaqələri çox zəif idi. İndi isə bütün diaspor təşkilatları bir-biri ilə sıx əlaqədədir. Hazırda müxtəlif ölkələrdə Azərbaycan dilində 160-dan çox həftəsonu məktəb fəaliyyət göstərir.
Dünyanı qlobal maliyyə böhranı ağuşuna aldığı bir dönəmdə Azərbaycanın inamla irəliləyərək iqtisadi artım tempinə görə fərqlənməsi, Cənubi Qafqazda əsas söz və nüfuz sahibi kimi çıxış etməsi dünyanın müxtəlif ölkələrinə səpələnmiş həmvətənlərimizi daha da ruhlandırmış, onların müstəqil dövlətimizin xoşbəxt sabahına inamını, ümidlərini artırmış, milli maraqlar ətrafında daha sıx birləşməsinə rəvac vermişdir.
Göründüyü kimi, son 15 ildə Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçmiş və güclənmişdir. Son illər ölkəmizin səsinin yüksək tribunalardan eşidilməsi, Azərbaycanın nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirildiyi məkana çevrilməsi, respublikamızın mötəbər qurumlara, xüsusilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi və iki dəfə bu quruma sədrlik etməsi təsdiqləyir ki, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar. Bunu reallıqlar da təsdiqləyir. Bu sahədə qazanılan uğurlar xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunmasından, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsindən xəbər verir. Dövlətimizin başçısının bu sahəyə xüsusi önəm verməsi, ardıcıl və məqsədyönlü siyasəti yaxın illərdə Azərbaycan diasporunun mövqelərinin daha da güclənməsindən və ölkənin taleyüklü problemlərinin həllində yaxından iştirak edəcəyinə əminlik ifadə edir.
Azərbaycan Prezidenti İlham Əliyev xarici ölkələrə səfərləri zamanı azərbaycanlı diaspor nümayəndələri ilə görüşündə diplomatik səylərin artırılması ilə yanaşı, güclü diaspora da ehtiyac olduğunu xüsusi olaraq diqqətə çatdırır, onun imkanlarından səmərəli istifadə etməyin zəruriliyini vurğulayır. Dövlətimizin başçısı bildirir ki, Azərbaycanın dünyadakı mövqeyinin artması hamımız üçün fəxrdir. Əsas diqqətin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldiyini, bu istiqamətdə birgə fəaliyyətin gücləndirilməsinin zəruriliyini vurğulayan ölkəmizin rəhbəri diasporla işin daha da təkmilləşdirilməsi üçün bütün imkanlardan istifadə edildiyini diqqətə çatdırır, dövlətimizin diasporun daha da formalaşdırılmasını və möhkəmləndirilməsini prioritet vəzifə hesab etdiyini bildirir. Ermənilərin uydurma soyqırımı, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaydıqları yalan məlumatların qarşısını almaq üçün informasiya mübarizəsinin gücləndirməsinin vacibliyini qeyd edən ölkə başçısı Azərbaycan haqqında əsl həqiqətlərin dünya birliyinə çatdırılması sahəsində işlərin mütəmadi davam etdirilməsini diasporlar qarşısında bir vəzifə olaraq qoyur.
Ölkə başçısı xaricdəki Azərbaycan icmaları, dərnəkləri arasında əlaqələndirmə işlərinin gücləndirilməsini və onların düşünülmüş konkret plan əsasında fəaliyyət göstərməsinin vacibliyini də diaspor nümayəndələrinin diqqətinə çatdırır. Bütün bunlar diasporların birgə fəaliyyətinə böyük zəmin yaradır. Bu gün artıq biz bu uğurların şahidiyik. Respublikamızın rəhbəri müxtəlif ölkələrdə fəaliyyət göstərən diasporların bir bayraq altında fəaliyyətinin vacibliyindən söhbət açarkən demişdir: “Bizim – Azərbaycan dövlətinin, dünyada yaşayan azərbaycanlıların məqsədimiz birdir: dövlətimiz inkişaf etsin, müstəqilliyimiz möhkəmlənsin, əbədi, dönməz olsun, biz heç kimdən asılı olmayaq. Bu gün Azərbaycanın siyasəti məhz bu amillər üzərində qurulubdur. Biz bütün ölkələrlə gözəl münasibətlər yaratmağa çalışırıq. Ancaq o şərtlə ki, bu münasibətlər qarşılıqlı hörmət, ehtiram əsasında qurulsun və Azərbaycanın milli maraqları təmin olunsun”.
Bu ilin yayında keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı xarici ölkələrdə yaşayan azərbaycanlıların yenidən bir araya gəlməsində tarixi hadisə kimi yaddaşlara həkk olunub. Bu tədbir çox önəmli idi. Çünki xaricdə yaşayan həmvətənlərimizin bir yerə toplanması adi hal deyil. Burada yığışmaq, görülən işlərlə bağlı hesabat xarakterli məruzələr etmək, eyni zamanda, qarşıya çıxan problemlərin aradan qaldırılması yollarını müzakirə etmək, diaspor sahəsində olan boşluqların aradan qaldırılmasını araşdırmaq çox vacib məsələdir. Digər tərəfdən, müxtəlif ölkələrdə yaşayan soydaşlarımız bir-biri ilə yaxından tanış olur, əlaqələr yaradır və birgə fəaliyyət göstərmək barədə razılığa gəlirlər. Burada yaranan əlaqələr bir çox hallarda əhəmiyyətli tədbirlərə imza atılmasına vasitə olur. Bu qurultayın yüksək səviyyədə keçirilməsi ölkə başçısının diasporların birgə fəaliyyəti istiqamətində atılmış daha bir qətiyyətli addımı oldu.
Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.