Atalar və oğullar
Tarixdə dahi ataların qurduğu dövləti davam və inkişaf etdirən, daha da möhkəmləndirən, yüksəldən qüdrətli oğullar olub. Amma etiraf edək ki, belələri çox azdır. İlham Əliyev isə böyük düha sahibi Heydər Əliyevin elə özünə layiq övladıdır, Azərbaycan və xalqımız üçün son dərəcə misilsiz, heç bir tarixi şəxsiyyətlə müqayisəyəgəlməz dərəcədə böyük işlər görən Heydər Əliyevin Azərbaycana bəxş etdiyi ən qiymətli əsəridir, ulu öndərin əvəzolunmaz yadigarlarından biridir. Heydər Əliyevin həyat, hakimiyyət, siyasət, diplomatiya məktəbinin məzunu, Heydər Əliyev ideyalarının xilaskarlıq qüdrətiylə, tükənməz Azərbaycan sevgisiylə, azərbaycançılıq missiyasıyla silahlanan İlham Əliyevin bugünkü genişmiqyaslı və uğurlu fəaliyyəti göstərir ki, o, dahi Heydər Əliyevin bütünlüklə Azərbaycana, onun sabahına həsr edilən hakimiyyət yolunu, zəfər yolunu, şərəf yolunu ləyaqətlə davam etdirir, xalqına, Vətəninə Heydər Əliyev zirvəsindən xidmət edir.
Cənab İlham Əliyevin vaxtilə dediyi bu fikir çox yaddaqalandır: “Mənim xoşbəxtliyim bundadır ki, mən Heydər Əliyev adlı dahi şəxsiyyətin yanındayam və məndə öyrənmə imkanları daha çoxdur, nəinki başqa adamlarda”. Buna görə də tam səmimiyyətlə, qəti əminliklə demək olar ki, İlham Əliyev təkcə atasının – Heydər Əliyevin yox, bütövlükdə Heydər Əliyev kursunun, azərbaycançılıq ideologiyası ilə tam səsləşən, üst-üstə düşən Heydər Əliyevçiliyin varisi, daşıyıcısı və davamçısıdır. Azərbaycan istiqlalının, azərbaycançılıq məfkurəsinin, milli müstəqilliyimizin dayaq nöqtəsi, enerji mənbəyi, hərəkətverici qüvvəsi olan xilaskar Heydər Əliyev ideyaları bütün soydaşlarımızı, bütün dünya azərbaycanlılarını birliyə, bütövlüyə, Vətən və xalq naminə fədakarlığa çağırır.
Xalqın inamı və sevgisi
Ümummilli liderimizin çox böyük uzaqgörənliklə və əminliklə dediyi “…Azərbaycanın gələcəyi etibarlı əllərdədir”, “Mən seçici olsaydım, İlham Əliyevə səs verərdim” fikri yada düşür. Müdrik və qədirbilən xalqımız ulu öndərin bu fikrini 2003-cü il prezident seçkilərində təsdiqlədi, Heydər Əliyevin siyasətinə böyük inamının, məhəbbətinin nəticəsi olaraq onun varisinə – İlham Əliyevə səs verdi, onu özünə yeni rəhbər seçdi. Bu, qanunauyğunluq idi. İlham Əliyevin seçkilər ərəfəsində xalqla görüşlərində, bəlkə də, yaşına uyğun olmayan müdrikliyi, xalqla səmimiliyi, hədsiz təvazökarlığı, alicənablığı, insanlara təmənnasız münasibəti, xalqına, millətinə, Vətəninə, sələfinə, üstəlik, öz şəxsiyyətinə hörmət və ehtiramı onun yüksək, ali tərbiyəsindən, ziyalılığından, zəngin mənəviyyatından, siyasi yetkinliyindən xəbər verirdi. İlham Əliyev həm də bu səbəblərdən qalib gəldi. Və Prezident kimi fəaliyyətə başladığı ilk aylarda ulu öndər Heydər Əliyevlə bağlı ölkəmizdə yaşanan narahatlıq, sonra isə ümumxalq hüznü olmasına baxmayaraq, fəal siyasətçi kimi nəhəng siyasət ümmanının bütün istiqamətlərinə nüfuz edə bildi. O, bütün sahələrdə Heydər Əliyev strategiyasının layiqli davamçısı olduğunu əməli fəaliyyəti ilə nümayiş etdirdi.
İlham Əliyev intellekti, istedadı və şəxsiyyəti bütöv vəhdət təşkil edən liderdir. İntellektlə istedadın, elmlə istehsalatın, ənənə ilə novatorluğun üzvi vəhdətinə, yaradıcı sintezinə nail olmaq qabiliyyəti, Azərbaycanın dünəni, bu günü və sabahına sonsuz, sarsılmaz sədaqət – bunlar İlham Əliyevi hər kəsə sevdirən keyfiyyətlərdir. Onun qabiliyyəti, enerjisi, Azərbaycanın azadlığı, müstəqilliyi yolunda böyük fədakarlığı Prezident olduğu müddətdə daha qabarıq üzə çıxdı. O, hər zaman, hər bir fəaliyyət sahəsində yalnız milli maraqlarımızı, Azərbaycanın çağdaş və perspektiv mənafelərini düşünüb, bu istiqamətdə hərəkət edib.
İqtisadi inkişafın qarantı
İlham Əliyevin seçkiqabağı platformasının uğurla həyata keçirildiyi, bütün istiqamətlərdə konkret nəticələr əldə olunduğu indi heç kimə sirr deyil. Qazanılan nailiyyətlər göz önündədir və danılmazdır. İqtisadiyyatımız gündən-günə inkişaf edir. Beynəlxalq əlaqələrin gücləndirilməsi sahəsində qazanılan uğurlar danılmaz faktdır. Artıq ölkədə yeni iş yerləri açılıb, ailələrin həyatında müsbət dəyişikliklər baş verib. Bu baxımdan, heç şübhəsiz, Prezident İlham Əliyevin zəkasının məhsulu olan regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramının qəbul edilməsi xüsusi mərhələ təşkil edir. Həmin proqramın icrasına dövlət başçısının bilavasitə özünün nəzarət etməsi, bu proqramın icrasının bir illik fəaliyyət dövrünü əhatə edən ümumrespublika toplantısı keçirməsi əsl dövlətçilik missiyası, vətəndaş fədakarlığı, öz sözünün, öz xəttinin əsl sahibi kimi fəaliyyət göstərən dövlət rəhbərinin müdrikliyi kimi qiymətləndirilməlidir. Cənab İlham Əliyevin 600 min nəfərlik yeni iş yerinin açılacağı barədə seçkiqabağı vədinin cəmi bir ildə təxminən 30 faizinin yerinə yetirilməsi, yəni 170 min yeni iş yerinin açılması dinamik inkişafın bəhrəsi kimi qeyd olunmalıdır. Bu iş yerlərinin əhəmiyyətli hissəsinin məhz ölkəmizin regionlarında yaradılması xüsusi razılıq doğurur. 2004-cü ildə Azərbaycanın adının dünyanın kasıb ölkələri sırasından çıxarılması isə daxili iqtisadi uğurlarımızın beynəlxalq aləm tərəfindən də təsdiqinin mühüm nümunəsi sayıla bilər.
Bəli, möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanda dövlət quruculuğunun, müstəqilliyimizin, iqtisadiyyatımızın dinamik inkişafının təminatçısıdır.
Dövlətçilik və müstəqillik ideyalarına sədaqət
Mən bir ziyalı, ictimai-siyasi proseslərin iştirakçısı, həm də ölkə rəhbərinin siyasətinin əsas konturlarını ictimaiyyətə çatdıran bir YAP üzvü kimi hörmətli Prezidentimiz İlham Əliyevin fəaliyyətini fəxrlə izləyirəm. Dəfələrlə şahidi olduğum hadisələrdən gəldiyim qənaət budur ki, İlham Əliyev həm ölkədə, həm beynəlxalq aləmdə yetkin lider kimi qəbul olunur. Bu müşahidələrim həm də dövlətimizin başçısının xarici ölkələrə rəsmi səfərləri zamanı vaxtilə hökumət nümayəndə heyətinin tərkibində olarkən şahidi olduğum məqamlara əsaslanır.
İndi xalq İlham Əliyevi həm də siyasi sabitliyin, əmin-amanlığın və sülhün qarantı hesab edir.
Artıq ölkəmiz nüfuzlu beynəlxalq təşkilatların, demək olar ki, hamısında təmsil olunur. Müstəqillik yolu ilə inamla addımlayan respublikamız dünyada baş verən demokratikləşmə və əməkdaşlıq prosesində yaxından iştirak edən dövlət kimi dünya birliyinin tərkib hissəsinə çevrilib. Demokratiya və müstəqillik ideyalarına sadiq olan İlham Əliyev indi milli mənafelərimizi yüksək səviyyədə qoruyur.
Heydər Əliyev öz dühası, istedadı, siyasi təfəkkürü, tükənməz enerjisi, bir sözlə, Tanrının ona bəxş etdiyi qeyri-adi müsbət keyfiyyətləri ilə bütün dünyanı fəth etdi, Azərbaycanı dünyaya tanıtdı, dünyanı Azərbaycana gətirdi. Bu gün isə Prezident İlham Əliyev eyni bacarıqla dünya siyasətinin diqqət mərkəzindədir, regionda isə əsl liderlik nümayiş etdirir. ABŞ Konqresinin silahlı qüvvələr komitəsinin sədri Kurt Ueldonun Prezidentimiz haqqında dediyi sözləri yada salmaq istəyirəm: “İlham Əliyev təkcə Azərbaycanda deyil, bütün regionda əsl liderlik nümayiş etdirir, ölkəni irəli aparır, bu, bizim üçün çox sevindiricidir. Dünyada çox az sayda lider tapılar ki, dünyanın hansı səmtə doğru irəlilədiyini, onun gələcək perspektivlərini əvvəlcədən görə bilsin. Eyni zamanda, dünyada İlham Əliyev kimi çox az lider tapılar ki, xarici dilləri mükəmməl bilsin və bu dərəcədə liderlik nümayiş etdirsin. Regionda onun nümayiş etdirdiyi liderliyə, həqiqətən, valeh olmuşuq…”
Bəli, indi Prezident İlham Əliyevin fəaliyyəti nüfuzlu diplomatik dairələrin, görkəmli siyasətçilərin, dövlət xadimlərinin, siyasi analitiklərin nəzərini cəlb edir. Fenomenal intellekt və istedadı ilə seçilən İlham Əliyev artıq müasir Azərbaycan və dünya siyasətinin danılmaz faktıdır, reallığıdır.
Prezident İlham Əliyevin çoxsaylı rəsmi səfərlərinin hər biri əsl tarixi hadisəyə çevrilir. Fransa, Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyası (bir neçə dəfə), Türkiyə, Ukrayna, Gürcüstan, Rumıniya, Almaniya, Qətər, Böyük Britaniya, İtaliya, Çin Xalq Respublikasına və s. ölkələrə rəsmi səfərləri ikitərəfli münasibətlərdə yeni mərhələdir. Azərbaycan Prezidentinin Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının, Avropa Birliyinin və digər nüfuzlu beynəlxalq qurumların toplantılarında müntəzəm iştirakı, sanballı çıxışları, diplomatik gedişləri siyasət nəhəngləri tərəfindən yüksək qiymətləndirilir. Xarici ölkələrə səfərləri zamanı ona göstərilən yüksək ehtiram, onun ən nüfuzlu beynəlxalq mükafatlara layiq görülməsi dünya siyasət arenasında İlham Əliyevin reytinqinin çox yüksək olduğunu təsdiq edir.
Yeri gəlmişkən, bir məsələ ilə bağlı fikirlərimi də bölüşmək istəyirəm. Və bunu, heç şübhəsiz ki, tərəddüd etmədən Azərbaycanın ümummilli məsələləri, nailiyyətləri sırasına daxil etmək olar. Bu, Azərbaycan Prezidentinin xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın UNESCO və ISESCO-nun xoşməramlı səfiri seçilməsidir. Mehriban xanım Əliyevanın bu şərəfli adlara layiq görülən ilk azərbaycanlı olması, onun intellektual səviyyəsi, yüksək mədəni parametrləri ilə seçilməsi, ən başlıcası, öz Vətənini, onun zəngin irsini, mədəniyyətini böyük fədakarlıqla təbliğ etməsi, böyük işlər görməsi sevindirici faktdır və millətini sevən hər kəsdə minnətdarlıq hissi doğurur.
Bütün bunlar, bütövlükdə, ulu öndərimiz Heydər Əliyevin Azərbaycana ərməğan etdiyi xarici siyasət strategiyasının ardıcıl və yaradıcı inkişafıdır.
Mən hər dəfə ölkə rəhbərini xarici ölkələrə səfərləri zamanı müşayiət edən nümayəndə heyətinin tərkibində olarkən Prezident İlham Əliyevə, onun şəxsində Azərbaycanımıza çox böyük hörməti görəndə iftixar hissi keçirmişəm.
Prezident İlham Əliyevin bir neçə xarici dildə sərbəst danışması ona ölkəmizin problemlərini birbaşa qarşı tərəfə çatdırmağa imkan verib. Bəli, biliyi, bacarığı yüksək qiymətləndirən müasir dünyada zəngin erudisiyaya malik, iradəli dövlət başçısına malik olmaq istənilən millətin fəxri, onun tarixi sərvətidir. Gördüklərim, müşahidə etdiklərim bir fikri də söyləməyə əsas verir ki, məhz Prezident İlham Əliyevin zəkası, iradəsi xalqımızın zorən düçar edildiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə səbəb olacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.
Prezident İlham Əliyevin Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində, Avropa Şurası Parlament Assambleyasında tarixi çıxışları ilə Ermənistanı ifşa etməsi, həqiqətləri yüksək diplomatik məharətlə, böyük cəsarətlə həm təcavüzkara, həm beynəlxalq aləmə çatdırması sabaha ümidləri artırır. Öz çıxışlarında Ali Baş Komandan, Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ölkəmizin ədalətli mövqeyini, tutduğumuz prinsipial xətdə israrlı olmağımızı dəfələrlə qeyd etmişdir.
Hər zaman xalqla birgə
Cənab İlham Əliyev Azərbaycan rəhbərliyinə gələn kimi milli-mənəvi dəyərlərimiz, ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz, tariximiz haqqında da çox ciddi sənədlər imzaladı. Onun elmimizə, elm adamlarına, təhsilimizə, mədəniyyətimizə, gəncliyə qayğısı ictimaiyyət tərəfindən böyük razılıqla qarşılandı.
Ulu öndərimiz Heydər Əliyev: “Mən həmişə xalqa arxalanmışam, xalqa bel bağlamışam… Mənim həyatım həmişə xalqla bir yerdə olub, bu gün də bir yerdədir, sabah da bir yerdə olacaqdır” – deyirdi və əməlləri ilə də bunu sübut edirdi. Xalqla birlik, xalqa arxalanmaq və xalqa xidmət etmək – bunlar İlham Əliyevin də həyat və fəaliyyətinin əsas özəyini təşkil edir.
Heydər Əliyevin sadə vətəndaşlarla ünsiyyəti, onların könlünü alması, onlara qarşı səmimiliyi hamının yaddaşına həkk olunub. O, qızıl kimi qiymətli vaxtından camaatla görüşlərə də ayırırdı, onlarla təmasda olmağa da imkan tapırdı və buna üstünlük verirdi. Xalqın arzu və istəklərini, qayğı və problemlərini, dərdlərini özlərindən eşitməyə, öyrənməyə çalışırdı. Və ömrünün sonuna qədər də belə etdi. Onun səmimiliyi, müdrikliyi, insanlarla ünsiyyəti hər kəsi öz sehrinə salırdı. Bu, Heydər Əliyevin böyüklüyü, sadəliyi idi, həqiqi liderə xas olan bir keyfiyyət idi. Məhz xalqla, onun ən sadə nümayəndələri ilə bu cür ünsiyyət, onları duymaq onu hamının sevimlisinə çevirmişdi. Ona görə də xalq öz ürəyində Heydər Əliyevə bir abidə ucaltdı.
Bu gün həmin prinsiplərə sadiq olan Prezident İlham Əliyev əsgərlərin görüşünə gedir, onlarla bir süfrə arxasında nahar edir, qaçqın-köçkünlərə baş çəkir, onların yaşayış şəraiti ilə tanış olur, şəhər gəzintisinə çıxır, insanlarla birbaşa ünsiyyətdə olur, metro stansiyasında qatara minərək sərnişinlərlə söhbət edir, şəxsən özü maşının sükanı arxasında əyləşərək Bakı kəndlərinə gedir, yolların vəziyyəti ilə maraqlanır, elin ən əziz bayramında camaatla birlikdə şənlikdə iştirak edir, hər kəsin könlünü alır və s. Bu sıranı çox uzatmaq olar və bu, ölkə başçısının xalqla birbaşa ünsiyyətinin, əlaqəsinin bariz nümunəsidir.
Çox ibrətamiz bir fikir var: Ənənələrə hörmət etməyən xalq irəli gedə bilməz. Prezident İlham Əliyevə xas olan ən gözəl keyfiyyətlərdən biri, məhz onun ənənələrə sadiqliyidir. Bu sadiqlik Prezidentin fəaliyyətindən qırmızı xətt kimi keçir və onu xalqa daha da yaxınlaşdırır.
İnsan amili və şəxsiyyət azadlığı
Cəmiyyətdə şəxsiyyətin azadlığı, onun hüquq və azadlıqlarının toxunulmazlığı çox vacib məsələdir və Azərbaycanda vətəndaşların təhlükəsiz yaşamaq hüququnun qorunması dövlətin ali məqsədidir. Prezident İlham Əliyev ölkədə insan haqlarının ən böyük müdafiəçisidir.
Heç bir qüvvə Azərbaycanı zəiflətmək iqtidarında deyil. Çünki bu dövlətin təməli, bünövrəsi möhkəm qoyulub. Hər bir vətəndaşın qanun qarşısında bərabərliyi prinsiplərini özünün idarəçilik kredosuna çevirmiş ümummilli liderimiz Heydər Əliyev insan hüquq və azadlıqlarının təminatı məsələlərinə daim diqqətlə yanaşırdı, bu məqsədlə hüquq-mühafizə orqanlarında müasir dövrün tələblərinə uyğun mütərəqqi islahatların aparılmasına normal şərait, qanunverici baza yaratmışdı. Alternativi olmayan bu siyasət təkcə ümummilli deyil, həm də fərdi maraqları özündə əks etdirir. Ümummilli liderimiz müdrikliklə bəyan etmişdi: Dövlət iki şeydən sarsıla bilər: cinayətkar cəzasız qalanda və günahsız cəzalandırılanda. Bu tezis Heydər Əliyevin insan hüquqlarına necə böyük önəm verdiyinin təzahürüdür. Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər isə göstərir ki, demokratik siyasi sistemin formalaşdığı Azərbaycanda heç bir cinayət cəzasız qalmır və qalmayacaq.
Azərbaycana xidmət edən amallar
İndi, həqiqətən də, Azərbaycan etibarlı, qabiliyyətli əllərdədir. Prezident İlham Əliyevin ölkəmizə böyük istedad və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu, onun Azərbaycan naminə amallarını böyük ustalıqla davam etdirməsi hər birimizin qəlbini iftixarla döyündürür. Onun bir fikri də çox diqqətçəkəndir: “Mən Heydər Əliyevdən öyrənmişəm və bundan sonra da öyrənəcəm. Bütün qərarları qəbul etməzdən əvvəl fikirləşirəm ki, Heydər Əliyev bu vəziyyətdə hansı addımı atardı”.
Bəli, İlham Əliyev uzun illər bənzərsiz lider Heydər Əliyevin məktəbinin tələbəsi olub, onun məktəbinin vacib sirlərinə yiyələnib, dövlət idarəçiliyi sahəsində böyük təcrübə qazanıb, beynəlxalq əlaqələrin qurulmasında və möhkəmlənməsində uğurlar əldə edib, dünyanın siyasi mühitində yüksək liderlik reytinqinə çatıb.
Hörmətli Prezidentin bir fikrini sitat gətirmək istəyirəm: “Mən çalışacağam ki, bundan sonra da elə işləyim ki, xalq həmişə məni dəstəkləsin”.
Bəli, xalq onu dəstəkləyir. İlham Əliyev Prezident kimi elə ilk addımlarında sübut etdi ki, ona inanmaq, ona arxalanmaq, ona güvənmək olar! İnam isə böyük qüvvədir. İnanırıq ki, o, “Bizim yolumuz Azərbaycanda demokratik, hüquqi, sivilizasiyalı dövlət qurmaqdan, demokratik prinsipləri gündən-günə inkişaf etdirməkdən, dünyanın əldə etdiyi bütün demokratik nailiyyətləri Azərbaycanda yaymaqdan, onlardan bəhrələnməkdən ibarətdir” – deyən Heydər Əliyevin amallarına bundan sonra da sadiq qalacaq. Vətənimiz Heydər Əliyev dühasından bəhrələnən, lakin daha yeni, müasir şəraitə uyğun siyasi intellektə və potensiala malik bir siyasətçinin – İlham Əliyevin rəhbərliyi altında işıqlı gələcəyə gedəcək.
Bu işdə hər birimiz, hər bir Azərbaycan vətəndaşı möhtərəm Prezidentimizə yardımçı olmalı, bununla da dövlətçiliyimizin, müstəqilliyimizin, ərazi bütövlüyümüzün qorunmasına öz töhfəmizi verməliyik…
Qələbə sevinci
Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu fəaliyyəti həmişə məni bu qənaətə gətirir: Heydər Əliyev ölməyib! O, bizim sıralarımızdadır. Əgər ulu öndərin böyük ideyaları, amalları bizimlədirsə, deməli, bu, belədir. Əgər onun siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyev bu gün xalqın, millətin ürəyindən xəbər verən işlər görürsə, üstəlik, bütün dünya onu qəbul edirsə, deməli, Heydər Əliyev sağdır, öz böyüklüyü, müdrikliyi, dühası və əməlləri ilə onu sevən hər kəsin qəlbində yaşayır! Azərbaycan isə ilhamla, inamla irəliləyir. Bu yolun önündə Heydər Əliyev dühasından nur alan İlham Əliyev gedir. Sözümün bu yerində ulu öndərimizin İlham Əliyevi xarakterizə edərkən dediyi sözləri xatırlayıram: “İlham Əliyev yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir siyasətçidir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirəcək, Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Biz ona inanırıq. İnanırıq ki, Azərbaycan tarixinə ən möhtəşəm qələbə sözünü möhtərəm Prezidentimiz cənab İlham Əliyev yazacaq. Xalqın böyük inamla, intizarla, səbirsizliklə gözlədiyi qələbə sözünü! Qüdrətli liderimiz, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin xalqımıza bəxş edəcəyi QƏLƏBƏ sevinci Azərbaycanımızın zəfər tacı olacaq! O gün isə uzaqda deyil!...
Nizami Xudiyev,
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü,
filologiya üzrə elmlər doktoru,
professor, Əməkdar elm xadimi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.