Dövlət müstəqilliyimizin bərpasının 25-ci ildönümü ölkəmizdə təntənə ilə qeyd olundu. Ulu öndər Heydər Əliyevin müqəddəs amalları bu gün əzm və qətiyyətlə reallaşdırılır. Doğma Azərbaycana sonsuz məsuliyyətdən yaranan bu qətiyyət müstəqilliyimizi gündən-günə möhkəmləndirir, ölkəmizi addım-addım irəliyə, böyük iqtisadi, siyasi, mənəvi qələbələrə aparır. Azərbaycan nəinki regionda, eləcə də bütün dünyada sayılıb-seçilən, öz inkişaf yolu, öz mövqeyi, öz sözü, öz səsi olan bir dövlətə çevrilir. Dünyada gedən mürəkkəb siyasi və iqtisadi proseslərə, böhranlara və sarsıntılara rəğmən respublikamız sabit inkişafını davam etdirir, müdafiə qüdrətini daim artırır, öz qapılarını müasir texnologiyalara geniş açmaqla yüksəliş mərhələsini yaşayır.
Bu gün Azərbaycanın nailiyyətləri bütün dünyada tanınırsa, onun uğurları dünyanın nüfuzlu araşdırma mərkəzləri və siyasətçiləri tərəfindən etiraf edilirsə, bunun üçün dünya siyasətçiləri arasında özünü güclü, müasir dünyagörüşlü rəhbər kimi təsdiq etmiş, hadisələrə yeni geosiyasi yanaşma ortaya qoymuş möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdar olmalıyıq.
Bütün dünya ölkələri ilə Azərbaycanın maraqlarına uyğun əməkdaşlıq edən, özünü heç bir beynəlxalq qurumdan, təşkilatdan təcrid etməyən, ölkəmizin davamlı inkişafına səbəb olan, bu inkişafa təkan verən amillərdən söhbət açarkən, ilk növbədə, dövlətimizin başçısı İlham Əliyevə xalqın böyük inamını və məhəbbətini, xalqla iqtidarın monolit birliyini qeyd etməliyik.
Azərbaycan cəmiyyətinin müasir durumunu çox sərrast xarakterizə edən Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümündə demişdir: “Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb. Cəmiyyət vahid amal uğrunda birləşib. Azərbaycanın gələcək inkişafı ilə bağlı, inkişafa gedən yollarla bağlı cəmiyyətdə heç bir fikir ayrılığı yoxdur. Xalq-iqtidar birliyi bu gün bizim inkişafımızın əsas şərtidir, sabitliyimizin əsas amilidir. İctimai-siyasi sabitlik göydən düşmür. Buna nail olmaq üçün düşünülmüş siyasət aparılmalıdır. O siyasət ki, xalqın tələblərinə, ümidlərinə cavab verir.”
Ulu öndərin əsasını qoyduğu yüksəliş və tərəqqi xətti son 13 ildə Azərbaycan Prezidenti tərəfindən böyük bacarıq və səylə davam etdirilir, milli həmrəylik daha da güclənir. Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, xalq-iqtidar birliyi, sağlam mənəvi iqlim və demokratik proseslər ölkəmizi gücləndirmiş, Azərbaycanda sabitlik maksimum dərəcədə təmin edilmişdir. Çünki iqtidarın apardığı siyasət xalqın maraqlarını tam ehtiva edir və bu siyasətin əsas qayəsini xalqa sədaqətlə xidmət təşkil edir.
Dövlət başçısı görülən işlərin təməl prinsiplərini səciyyələndirərək deyir: “Təhlükəsizlik, daxili sabitlik, iqtisadi inkişaf, sosial ədalət, demokratiya, azadlıqlar, müstəqil xarici siyasət – bizim əsas prinsiplərimiz bunlardan ibarətdir və hər istiqamət üzrə biz çox uğurlu mənzərənin uğurlu nəticələrini görürük”. Müdrik və uzaqgörən dövlət rəhbəri kimi ölkəsinin, xalqının gələcəyini aydın təsəvvür edən Azərbaycan Prezidenti hüquqi dövlət quruculuğuna, idarəetmə sisteminin və onun qanunvericilik bazasının təkmilləşdirilməsinə, ölkədə hər bir məsələnin qanun əsasında, ədalətlə həll olunmasına xüsusi diqqət yetirir.
Azərbaycan Prezidentinin müstəqillik illərində yenidən formalaşmış ədliyyə sisteminin dünya standartları səviyyəsinə çatdırılması üçün gördüyü böyük işləri xüsusi qeyd etmək lazımdır. Hüquqi dövlət quruculuğunda ədliyyə orqanlarının roluna böyük əhəmiyyət verən dövlət başçısının səyləri ilə bu orqanların vətəndaşlara daha yaxşı xidmət göstərməsini təmin etmək üçün Bakıda və respublikanın regionlarında məhkəmə kompleksləri və binaları, yeni penitensiar xidmət müəssisələri tikilmiş, vətəndaş vəziyyəti aktlarının qeydiyyatı şöbələrinin 50-dən çox binası təmir olunmuş, bir neçə yeni bina inşa edilərək istifadəyə verilmişdir.
Azərbaycanın inkişaf səviyyəsini və ölkədə mövcud vəziyyəti, yaranmış iqtisadi, siyasi və mənəvi potensialı təhlil edən ölkə Prezidenti haqlı olaraq qeyd edir ki, bu gün Azərbaycan sözün tam mənasında müstəqil, özünü təmin edən, milli köklərə əsaslanan, eyni zamanda, dünyəvi, çoxmillətli, çoxkonfessiyalı, uğurla inkişaf edən, yalnız öz gücünə arxalanan, qonşuları ilə yaxşı, mehriban münasibətlərə malik, dünya birliyinin etibarlı və layiqli üzvü olan dövlətdir.
Azərbaycan Prezidenti İlham Əliyev xalqın rifahının daha da yaxşılaşdırılmasını bütün dövlət orqanları üçün vacib vəzifə hesab edir. Artıq neçə ildir ki, ölkəmizin iqtisadiyyatı qlobal rəqabətlilik reytinqinə görə dünyada 37-ci yeri tutur. Prezidentimizin səyləri sayəsində həyatın bütün sahələrində aparılan islahatlar Azərbaycanı ən islahatçı ölkələr sırasına çıxarmış, istər sənaye, istər aqrar, istərsə də elm və innovasiya tutumlu sahələrdə böyük yüksəliş və artım əldə edilmişdir.
Hər bir ölkənin inkişafını və həyat səviyyəsini göstərən cəhətlərdən biri də demoqrafik göstəricilərdir. Sevindirici haldır və ölkə Prezidenti də qürur, iftixar hissi ilə deyir ki, Azərbaycan əhalisinin sayı sürətlə artır, bu da bilavasitə ölkə əhalisinin həyat səviyyəsinin yüksəlişindən xəbər verir. 2003-cü ildən sonrakı dövrdə əhalinin sayının 1 milyon 300 min nəfərdən çox artması, cənab Prezidentin dediyi kimi, yüksək nailiyyətdir. Təkcə bu ilin 9 ayında Azərbaycan əhalisinin sayı 0,8 faiz artaraq 9 milyon 784 min nəfəri ötüb keçmişdir. Yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri tərəfindən ölkədə 119,7 min uşağın anadan olduğu qeydə alınıb. Bu isə hər gün orta hesabla 437 körpənin dünyaya gəlməsi deməkdir. İl ərzində respublikamızın 86 rayon və şəhər qeydiyyat şöbəsində ümumən 240 mindən çox vətəndaşlıq vəziyyəti aktı, o cümlədən 49 min nikah aktı qeydiyyatdan keçirilmişdir.
Göstərilən artım, ilk növbədə, əhalinin sabaha olan inamının nəticəsidir. Demoqrafik inkişafın bir səbəbini də cəmiyyətimizdə uşaqlara göstərilən qayğı və diqqətdə axtarmaq lazımdır. Möhtərəm Prezidentimizlə çiyin-çiyinə çalışaraq müstəqilliyimizin möhkəmləndirilməsinə böyük töhfələr verən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bu sahədə misilsiz işlər görülür. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən “Uşaq evləri və internat məktəblərinin inkişaf proqramı”, “Yeniləşən Azərbaycana yeni məktəb” layihələri çərçivəsində respublikada son illərdə görülən işləri xüsusi qeyd etmək lazımdır.
Hər bir Azərbaycan vətəndaşı bilir ki, möhtərəm Prezidentimiz İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı gündən əhalinin sosial müdafiəsinə, xüsusilə aztəminatlı ailələrin rifahının, onların həyat və mənzil şəraitinin yaxşılaşdırılmasına, ailənin varlığı üçün əsas şərt olan mənzil probleminin həllinə də çox ciddi əhəmiyyət verir. Son illərdə bu sahədə görülən böyük işlər xalq tərəfindən sonsuz razılıqla qarşılanmışdır.
Azərbaycan Prezidentinin öz sözündə son dərəcə qətiyyətli olması, verdiyi bütün vədləri tam yerinə yetirməsi artıq xalqımıza bəllidir. Vaxtilə Azərbaycanda bircə dənə də olsa çadır şəhərciyinin qalmayacağını deyən Prezidentimiz sübut etdi ki, bu, mümkündür və hazırda ərəb ölkələrindəki qırğınlardan canını qurtaran qaçqınların pənah gətirdiyi Avropa ölkələrindən fərqli olaraq Prezident İlham Əliyevin səyləri ilə Azərbaycan 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzün problemlərini ancaq öz daxili imkanlarımız hesabına həll etmişdir. Ona görə xalqımız inanır ki, Azərbaycanda evsiz insan da qalmayacaqdır, dövlətin köməyi ilə hər bir vətəndaş, hər bir yeni qurulan ailə tezliklə özünün mənzil hüququnu tam reallaşdıra biləcəkdir. Hazırda sosial evlərin tikintisi üçün görülən işlər də bu sahədə daha müsbət dəyişikliklərin əldə olunmasına xidmət edəcəkdir.
Ölkə Prezidenti idarəetmə sisteminin müasirləşdirilməsi üçün internet resurslarından, elektron xidmətlərdən geniş istifadə olunmasını hər vasitə ilə təşviq edir və bütün dövlət strukturlarında bu texnologiyaların tətbiqi üçün geniş imkanlar yaradılır. Hazırda hər bir qurumda yaradılan və uğurla tətbiq edilən elektron xidmətlər buna əyani sübutdur. Təkcə ədliyyə fəaliyyəti üzrə 25 elektron xidmət göstərilir və nazirlikdə 10 internet saytı interaktiv rejimdə fəaliyyətdədir. Bütövlükdə nazirliyin elektron xidmətlərindən daha yaxşı faydalanmaq üçün onun rəsmi internet saytı və “Elektron hökumət” portalı yaradılmış və istifadəyə verilmişdir. Ümumiyyətlə, Azərbaycan Prezidenti ölkə vətəndaşlarını narahat edən problemləri köklü surətdə həll etməyə, ilk növbədə, mənfi hallara yol verilməsinə şərait yaradan səbəblərin aradan qaldırılmasına çalışır və buna nail olur.
Azərbaycanda xalqın İlham Əliyev siyasətini, iqtidarın yeritdiyi xətti tam dəstəkləməsi müstəqillik illərində keçirilən seçkilərdə və ümumxalq referendumlarında daha aydın nümayiş etdirilmişdir. 2016-cı ildə Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar keçirilən referendumun nəticələri buna misal ola bilər. Ölkədə demokratik dövlət quruculuğu prosesinə yeni məzmun verən bu referendumun nəticələri beynəlxalq qurumlar və dünya dövlətləri tərəfindən tanınaraq Azərbaycanın islahatlar yolunda atdığı addımlar yüksək qiymətləndirmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin müstəqil xarici siyasət yürütməsi və bu sahədə qazanılan uğurlar xüsusi qeyd edilməlidir. Son illərdə Azərbaycanın dünya ölkələri ilə diplomatik əlaqələri daha da güclənmiş, bir çox ölkələrdə Azərbaycanın səfirlik və nümayəndəlikləri, həmçinin beynəlxalq təşkilatlar yanında missiyaları təsis edilmişdir. Son 25 ildə dünyanın 177 ölkəsi ilə qurulmuş diplomatik münasibətlərin daha da genişlənməsində və dərinləşməsində sözsüz ki, ölkə Prezidentinin xidmətləri əvəzsizdir. Azərbaycanda isə xarici ölkələrin diplomatik missiyalarının sayının getdikcə artması Azərbaycanın beynəlxalq nüfuzunun təzahürüdür.
Azərbaycanda hər il keçirilən çox müxtəlif beynəlxalq tədbirlər – “Bakutel” rabitə və informasiya texnologiyaları və digər sərgilər, iqtisadi, humanitar forumlar, beynəlxalq idman yarışları, dünya musiqisinin və incəsənətinin təmsil olunduğu festivallar bütövlükdə İlham Əliyev siyasətinin aydın nəzərə çarpan müsbət nəticələridir. Məhz İlham Əliyevin gördüyü işlərin sayəsində indi regionda heç bir ciddi iqtisadi layihə Azərbaycanın fəal iştirakı olmadan həyata keçirilə bilmir.
Azərbaycan Prezidenti İlham Əliyev ictimaiyyətlə keçirdiyi görüşlərdə bu cəhətləri xüsusi qeyd edərək Azərbaycanın müstəqil siyasət yeritdiyini və bundan sonra da bunu davam etdirəcəyini bildirmişdir: “Bu gün istənilən beynəlxalq forumda Azərbaycan öz sözünü deyir, öz yolu ilə gedir, müstəqillik, ləyaqət yolu ilə gedir, heç kimin qarşısında gözü kölgəli deyil, heç kimin diktəsi ilə oturub-duran deyil. Bu siyasət xalq tərəfindən dəstəklənir, bəyənilir və beynəlxalq aləmdə bizə çox böyük şöhrət qazandırır”.
Azərbaycan Prezidenti bu yaxınlarda “Россия сегодня” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində demişdir: “...Dövlətçiliyin inkişafı, təşəkkülü, möhkəmləndirilməsi üzrə başlıca vəzifələr əsasən yerinə yetirilib və qarşımızda gələcək inkişaf üçün çox yaxşı perspektivlər açılıb, ona görə ki, həm iqtisadi sahədə, həm də sosial məsələlərin həlli istiqamətində artıq həyata keçirilmiş və hələ həyata keçiriləcək proqramlar çoxdur”.
Bəli, heç bir şübhə yoxdur ki, möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Vətənimiz Azərbaycan bundan sonra daha böyük uğurlara imza atacaq, bütün maneələrə, təzyiqlərə baxmayaraq öz ərazi bütövlüyünü tam bərpa edəcək, nəinki regionun, dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcəkdir.
Səadət İsmayılova,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin
Nərimanov Rayon Qeydiyyat Şöbəsinin rəisi,
hüquq elmləri üzrə fəlsəfə doktoru
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.