Netanyahu Azərbaycanda: perspektivli əməkdaşlıq və narahat olan dairələr

İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana ikinci səfəri geniş rezonans doğurub. Bunu iki istiqamətdə müşahidə etdik. Birincisi, ölkələr arasında əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlir. İqtisadi əlaqələrin genişləndirilməsi ilə bağlı xüsusi komissiya yaradılır. Bundan başqa, müxtəlif sferalarda əməkdaşlığın inkişaf etdirilməsinə dair konkret sənədlər imzalanıb. İkincisi, bəzi dairələr bu yaxınlaşmadan narahatlıqlarını gizlətmədilər. Xüsusilə Ermənistan özünə qarşı təhlükələrin meydana gələ biləcəyini ifadə etdi. Bütün bunların fonunda İsrail-Azərbaycan münasibətlərinin gələcəyi ilə bağlı müəyyən analitik fikirlər söyləməyə ehtiyacın olduğunu düşünürük.

 

Sivil və demokratik münasibətlər: Bakı–Təl-Əviv xəttinin əsas qayəsi

 

İsrailin Baş naziri Benyamin Netanyahu ikinci dəfə Bakıda səfərdə olub. O, Azərbaycandan sonra Qazaxıstana yola düşüb. Prezident İlham Əliyev tərəfindən qəbul edilən İsrail hökumətinin başçısı Azərbaycana gəlişindən razılığını ifadə edib. Ölkəmizin sürətlə inkişaf etməsindən heyranlıqla danışıb. B.Netanyahu Azərbaycanda müxtəlif dini konfessiyaların dinc yanaşı yaşamasının böyük dəyəri olduğunu bildirib.

O, yəhudilərin burada özünü çox rahat hiss etməsini xüsusi vurğulayıb. Baş nazir həmin kontekstdə deyib: “İkinci dəfə burada olmağıma şadam. Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var. Siz tolerantlıq, inklüzivlik ənənəsini qoruyub saxlamısınız. Yəhudilər özlərini burada çox rahat hiss edirlər. Sizinlə bizim aramızda ortaq dəyərlər var. Azərbaycanda yaşayan minlərlə yəhudi xalqlarımız arasında körpü rolunu oynayır. Ona görə də bizim müzakirə ediləsi çox məsələlərimiz var”.

Azərbaycan Prezidenti İlham Əliyev də yəhudilərin vətəndaş kimi fəal olduqlarını xüsusi qeyd edib. Dövlət başçısı yəhudi icmasının Azərbaycanın inkişafına çox töhfə verdiyini ifadə edib. Ölkə rəhbəri vurğulayıb: “Azərbaycandakı yəhudi icması cəmiyyətimizin çox fəal hissəsidir. Onlar müasir Azərbaycanın inkişafına çox töhfələr verirlər. Xalqlarımız arasındakı sıx əlaqələr ikitərəfli əlaqələrimizdə çox mühüm amildir”.

Azərbaycan Prezidenti ilə birlikdə mətbuata verdikləri bəyanatda B.Netanyahu maraqlı bir müqayisə də aparıb. Baş nazir bəyan edib: “İsraildə Azərbaycandan olan 70 min yəhudi, “insan körpüsü” yaşayır. Bundan başqa, dünyaya göstərə biləcəyimiz başqa bir şey var. Dünya çoxlu dözülməzlik, çoxlu zülmət görür. Burada isə müsəlmanlar ilə yəhudilərin arasında əlaqələrin necə ola biləcəyinin, necə qurulmasının bir nümunəsi var”.

Bu sitatları verməkdə məqsədimiz iki ölkə arasındakı əməkdaşlığın tam sivil, müasir və demokratik dəyərlər üzərində qurulduğunu göstərməkdir. İsrail dünyanın ziddiyyətlərlə dolu inkişaf mərhələsində Azərbaycanı müxtəlif xalqların dinc birgə yaşamasının nümunəsi kimi qəbul edirsə, bu, əhəmiyyətli bir məqamdır. İsraillə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələr bu prinsip əsasında inkişaf etdirilir. Bu, o deməkdir ki, iki ölkənin əməkdaşlığı üçüncü bir tərəfə qarşı özündə heç bir element ehtiva edə bilməz. Burada söhbət yalnız hər iki xalqın və dövlətin maraqlarına uyğun olan əməkdaşlıq formatının yaradılmasından gedə bilər.

B.Netanyahunun Azərbaycanda imzaladığı əməkdaşlıq sənədlərinin məzmununa həmin prizmadan baxdıqda, söhbətin ilk növbədə iqtisadiyyat, ekologiya, texnologiyalar və başqa vacib sferalarda əlaqələrin inkişafından getdiyini görə bilərik. Tərəflər konkret olaraq, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində əməkdaşlıq haqqında”, “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında” sazişləri imzalayıblar.

 

Əsassız narahatlıqlar: qeyri-obyektiv olanların qorxuları

 

Bunlardan başqa, İsraillə Azərbaycan arasında “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” və “Azərbaycan Respublikasının hökuməti ilə İsrail Dövlətinin hökuməti arasında Birgə Komissiyanın yaradılması haqqında” da sazişlər bağlanıb.

Ekspertlər sonuncu sənədin iki dövlət arasında iqtisadi əməkdaşlığı keyfiyyətcə yeni səviyyəyə yüksəltmək üçün əlavə imkanlar yaradacağını söyləyirlər.

Sirr deyil ki, Azərbaycanla İsrail arasında müdafiə sahəsində də sıx əlaqələr mövcuddur. Azərbaycan Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə vurğulayıb ki, bu sferada əməkdaşlıq 4 milyard 850 milyon ABŞ dolları həcmindədir.

Yuxarıda vurğulanan məqamlar Azərbaycan-İsrail münasibətlərinin konstruktiv əməkdaşlıq prinsipinə uyğunluğunu təsdiqləyir. Lakin qəribədir ki, B.Netanyahunun Azərbaycana səfəri bir sıra dairələri narahat edib. Onlar hesab edirlər ki, iki ölkə arasında əməkdaşlıq başqaları üçün təhlükə siqnalıdır. Konkret desək, narazılıq səsləri əsasən  Ermənistandan eşidilib. Məsələyə ciddi siyasi səviyyədə yanaşdıqda, belə etirazların ciddi əhəmiyyətinin olmadığı dərhal aydınlaşar. Lakin təcrübə göstərir ki, əsassız neqativ reaksiyalara cavab verməyəndə sadə insanlarda ölkəmiz haqqında yanlış təsəvvürlər formalaşır.

Müasir dünyada kim kiminlə əməkdaşlıq etmir? Hətta təcavüzkar Ermənistanla sıx əlaqələri olan, bir zamanlar “Ermənistanın həyat yolu” adlandırılan müsəlman dövləti də var.

Hələ 2001-ci ildə ulu öndər Heydər Əliyev İran İslam Respublikası Ali Təhlükəsizlik Şurasının katibi Həsən Ruhani ilə görüşündə demişdi: “Mən bilirəm ki, Ermənistanın iqtisadiyyatı İrandan asılıdır. Bir neçə il bundan öncə Ermənistanın keçmiş prezidenti Ter-Petrosyan bəyan etmişdi ki, əgər İran ilə iqtisadi əlaqələrimiz iki gün dayansa, Ermənistan boğulacaqdır”.

Bu faktı unutmaq olarmı? Bizcə, mümkün deyil. Azərbaycan isə İsraillə yanaşı, Fələstin muxtar qurumu ilə də sıx əlaqələr qurub. Ulu öndər Heydər Əliyev 22 oktyabr 1995-ci il tarixində Nyu Yorkda Fələstin Azadlıq Təşkilatının başçısı Yasir Ərəfatla görüşüb. 2011-ci il iyunun 28-də isə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas Bakıya səfər edib. Beynəlxalq təşkilatlarda aparılan müzakirələrdə Azərbaycan Fələstini birmənalı olaraq dəstəkləyib. İslam Əməkdaşlıq Təşkilatında, BMT-də Qoşulmama Hərəkatında və başqa nüfuzlu təşkilatlarda dəfələrlə bunun şahidi olmuşuq. Təkcə 2016-cı ildə Azərbaycan Fələstinin mövqeyini dəstəkləyən 20-dən artıq qətnamənin lehinə səs verib. Bunlar onu göstərir ki, rəsmi Bakı müstəqil siyasət yeridir və qarşılıqlı faydalı əməkdaşlıqla yanaşı, ədalətli mövqeyə də üstünlük verir.

Ermənistan rəhbərliyinin İsrail-Azərbaycan əməkdaşlığından narahat olması, əslində, aydındır. Çünki bu, birincisi, Azərbaycanın müstəqil xarici siyasət yeritdiyini, ikincisi, ölkəmizin hərbi-müdafiə qüdrətinin daim yüksəldiyini ifadə edir, üçüncü isə, Ermənistanın ədalətsiz mövqedə qaldığını bir daha təsdiqləyir.

Belə görünür ki, Azərbaycan rəhbərliyinin heç kəsdən asılı olmayan siyasəti nəticəsində müxtəlif ölkələrlə əməkdaşlığa yeni dinamika verməsi regionun qara qüvvələrini qorxuya salıb. Kimliyindən asılı olmayaraq, gec, yaxud tez onlar səhv etdiklərini anlayacaqlar. Azərbaycan isə öz haqlı yoluna davam etməkdədir. İsrail-Azərbaycan münasibətləri bunun fonunda yeni zirvələr fəth edəcəkdir.

Newtimes.az


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında